Kütləvi teatr və ya teatral kütlə – İlqar Fəhmi

7 Baxış

author_49

“Şərq arxetipləri” kitabından

Qan və qurbanlar…

Aşura mərasimləri barədə düşünərkən, nədənsə ilk olaraq, məşhur “Əli və Nino” əsərində Taziyə mərasimini müşahidə edən və zəncir vuraraq baş yaranları görüb şok keçirdən Ninonun reaksiyasını xatırlayıram…

-Əli xan, sən barbarsan…

Bəli, düzünü etiraf edim ki, oxşar reaksiya ilə uşaqlığımda mən də rastlaşmışam. Bizim küçəmiz köhnə Bakının mikromühitini saxlayan yuxarı məhəllələrlə, müasirləşmiş aşağı məhəllələrin sərhədindəydi. Və hər Məhərrəm ayında bizim uşaqlar yaxınlıqdakı məsçiddə mərsiyə deyib zəncir vuranda, aşağı məhəllənin ziyalı oğlanları və qızları bizə eyni cür yanaşırdı – Səfeh barbarlar… Normal adam da səbəbsiz qan tökər?

Ümumən bizimkilərin həyat tərzinə, gündəlik davranışlarına da eyni cür reaksiya olurdu – Normal adam da kiminləsə dava eləyər? Normal adam da kiminsə üstünə bıçaq çəkər? Normal adam da kimisə güllələyər?

Əgər onlarçün bütün mübahisələr yalnız milisin köməyiylə həll edilirdisə, bizimkilərçün bu hərəkət ayıb sayılırdı. Narazılıqların və mübahisələrin həlli isə “dədə-baba qaydası” ilə həyata keçirilirdi və əlbətə ki əksər hallarda, qansız ötüşmürdü…

Bəli, bizimkilər cahil, mürtəce zəncirvuranlar, adambıçaqlayanlar, onlarsa ziyalı mütərəqqi rep oxuyanlar. Ancaq bir neçə il sonra Qarabağ müharibəsi başlananda, aşağı məhəlləyə bircə şəhid tabutu da gəlmədi. Çünki “humanist” həmyaşlarımızın hərəsi bir yana qaçıb gizlənmişdi. Bizim məhəllədə isə şəhid verməyən ailə demək olar ki, olmadı. Əksəriyyəti də cəbhəyə könüllü getmişdilər. Niyə? Çünki “aşağıdakılar”dan fərqli olaraq, QANdan qorxmurdular…

Yenə də uşaqlığımdan yadımda qalan bir detalı xatırlatmaq istəyirəm. Hələ Qarabağ müaribəsindən çox-çox əvvəlki vaxtlarda, biz kiçik olarkən, ya yıxılıb eləyəndə, ya dava-dalaş vaxtı kimsə bir yeri qanayanda ağlayıb eləyirdisə, həmin adama ilk reaksiyamız tənəylə “erməni qan görüb” ifadəsini işlətməyimiz olurdu.

Bu sözü hardan öyrənmişdik, xatırlamıram. Hərçənd ki, nə mən, nə də küçə qonşularım ermənilərin qan görərkən hansı reaksiya verməyindən bixəbər idik, lakin altşüurumuzdan gələn hiss və ordan-burdan eşitdiyimiz bu ifadə bizə belə bir fikri təlqin eləyirdi – Qandan qorxmaq ayıbdı. Kişiyə yaraşmaz.

Hətta qorxsan da, bunu gərək hiss elətdirməyəsən.

Və budur, son onilliklərin müasir hümanist təfəkkür tərzi bizi də yavaş-yavaş “qandan qorxan” bir kütləyə çevirir. Bu yaxşıdırmı, ya pisdirmi, deyə bilmərəm. Heç yazımızın mövzusu da bu deyil. Ancaq bircə bunu bilirəm ki, bu gün Aşura tipli mərasimlərdə bir-iki damcı qanın tökülməsini az qala ümummilli faciə kimi qarşılayan  və sosial şəbəkələrdə özünə əl qatıb müsəlmanlığa olmazın lənətləri yağdıran müasir ziyalı həmvətənlərimiz sabah Qarabağ müharibəsi başlarsa, vətən uğrunda da yalnız virtual meydanda döyüşəcək, Feysbukda ermənilərə lənətlər yağdıracaq, İnstaqramda üçrəngli bayrağımızın fotolarını vuracaq, hətta əskər paltarında şəkillər də çəkdirəcək, amma özü gedib vətən uğrunda qan tökməyəcək. Çünki qan qorxusu bütün varlığına sahib olub…

Mövzudan yayınmayaq… Yenə Aşura mərasimlərinə qayıdaq…

Qurbangah

Kütləvi tamaşaların ssenarisini heç kim yazmır. Bunların hamısı yüzilliklər boyu sanki toplumun özü tərəfindən formalaşaraq cilalanır və məhz toplumun kollektiv təhtəlşüurunun tələblərinə uyğun formaya düşür. Eyni sözü Aşura mərasimləri barədə də demək olar. Əlbəttə, bu mərasimin arxasında real tarixi hadisə durur. Lakin bu faciənin hansı formada qeyd olunması, mərasimlərin quruluşu məhz toplumun ruhunun tələbinə yaxın formadadır.

Başqa cür anlatmağa çalışaq – toplumun kollektiv təhtəlşüurunun daxili tələbatı sanki müəyyən qəliblər formasındadır. O qəliblərə istənilən hadisələri yerləşdirmək olar. Sadəcə həmin hadisələr bu qəliblərin tələblərinə uyğun olanda, daha rahat yerləşir. Qəliblər isə öz obrazlarını və süjetlərini tələb edir.

Bəs bu “obrazlar və süjetlər”  deyəndə, nəyi nəzərlə tuturuq?

İlk olaraq, mərasimin (kollektiv tamaşanın) möhtəşəm bir baş qəhrəmanı olmalıdır. Daha sonra bu möhtəşəm qəhrəman özündən daha güclü rəqiblərlə rəşadətlə döyüşməli, qan tökməli və faciəvi surətdə həlak olmalıdır (Qədim yunan teatrında tanrılarla mübarizəyə qalxıb qəhrəmancasına həlak olan Titanlar barədə göstərilən faciələri xatırlayaq).

Bu əsas süjet xəttidir. Ətrafında çoxsaylı köməkçi süjet xətləri də mövcud olmalıdır ki, baş qəhrəmanın şücaətləri çılpaq fonda olmasın. Köməkçi süjet xətlərində isə mütləq sevən nakam qadınlar; baş qəhrəman yolunda canından keçməyə hazır olan kiçik qəhrəmanlar; baş qəhrəmanı satan xainlər; həlak olan baş qəhrəmanın qisasını almağa gələn başqa qəhrəmanlar… Və əlbəttə ki, tökülən çoxlu qanlar, sonsuz iztirablar, əzablar, ağrı-acılar… Bütün süjetin ana xətti, fəlsəfəsi  – öz şücaətli ölümüylə ölümə də qalib gəlməyin, əbədiyyət qazanmağın mümkünlüyü…

Dünya xalqlarının kütləvi teatr tarixlərinə diqqət verəndə görərik ki, bir çox xalqlarda oxşar süjetli xalq tamaşaları, kütləvi teatrlar olub – Hindistandan tutmuş, əski Amerika xalqlarına qədər…

Əlbəttə, ruhanilərimiz, dindarlarımız mənimlə razılaşmayacaq və bildirəcəklər ki insanları bu mərasimlərə İmam Hüseyn eşqi gətirir.

Təbii ki, xalqımızın içində İmam Hüseyn eşqinin olmasına heç kim etiraz edə bilməz. Lakin mən belə düşünürəm ki, onun da, başqa islam müqəddəslərinin də həyat və fəaliyyəti barədə məlumat almaq, ibrət götürmək üçün evdə oturub kitablar oxumaq da kifayət edir. Belə mərasimlərə getmək ehtirası isə məncə kütləvi sakral mərasimlərdə iştirak etmək tələbatından doğur ki, bu daxili tələbatın psixoloji mənşəyi barədə danışmışdıq.

Bəli, Kərbəla faciəsi bütün bu tələblərə cavab verən süjet və hadisələrlə zəngindir. Orda qan var, ağrı-acı var, iztirab var, nakam eşq var və bütün bu hadisələr ilahi-sakral auraya bürünüb.  Buna görə də, əsrlər boyu xalqımız bu kütləvi mərasimlərdə aktiv şəkildə iştirak edib…  İştirakçıların və tamaşaçıların hər biri bu mistik auranın içinə düşmək ehtiyacı duyub, qısa müddətə də olsa, zaman səddini qırıb qədim dövrlərə getmək, özlərini bu sakral hadisələrin iştirakçısı hiss etmək istəyib…

Və xatırlamaq faktoru. Kollektiv təhtəlşüurun ən gizli qatlarındakı informasiyaları xatırlamaq…

Niyə? Çünki daxili hiss sanki pıçıldayır ki, həmin qədim sakral dövrlərdə insanlar indiki kimi deyildi…  Qədim qəhrəmanlar ölümdən qorxmurdular, ölümə qalib gələ bilirdilər….

Həmin dövrlər ki, ölüm insanlara hakim deyildi, insanlar ölümə hakim idilər. O zamanlar ki, insanlar əzabdan iztirabdan və ağrıdan qorxmurdular. O zamanlar ki, insanlar Tanrıya yaxın idilər və məhz buna görə də dünyaya məxsus olan heç nə onları vahiməyə sala bilmirdi. Qorxuya qalib gələ bilirdilər.

Qorxuya, vahiməyə qalib gəlmək – bütün dövrlərin Aşura tipli “qanlı qurbangaha” bənzəyən kütləvi tamaşalarının, xalq teatrlarının əsas psixoloji, şüuraltı səbəbi məhz bu olub.

Qandan qorxmamaq və ölümü üstələmək…

(Dediyimiz kimi, digər müsəlman və ya qeyri-müsəlman xalqlarının da oxşar mərasimləri var, sadəcə bəziləri deformasiyaya uğrayıb, bəziləri olduğu kimi saxlanılıb, bəziləri də müasirləşdirilib.)

Yenə də qan barədə

Bir çox müasir Avropa alimləri qədim mifləri araşdırarkən, yazırlar ki, torlum üçün “qanlı qurbangah” ideyası ən önəmli və aparıcı ideyadır, Freydin kəşf etdiyi “tonatos” (ölüm ehtirası) energetikası minillər boyu bu cür qanlı qurbangahlarda təzahür edib. Bu mifik təfəkkürün mənşəyi barədə çoxsaylı elmi əsərlər yazılıb və bir çox alimlər qeyd edir ki, müasir dövrümüzün əksər sosial hadisələri məhz bu energetikadan qidalanır, hətta az qala bütün idman yarışlarını da məhz bu faktorla bağlayırlar.

Yazılanlar həqiqətən də inandırıcı görünür. Axı həqiqətən də, heç bir rasioal humanist məntiqlə izah etmək olmaz ki, niyə görə ildə on minlərlə müasir insan İspaniyaya axışır ki, “Korida” arenasında qəddar “öküz döyüşləri”nə tamaşa eləsin; niyə indiyə qədər “qaydasız döyüş” yarışları ən çox reytinq gətirənlərdən biri olaraq qalır; niyə görə boks, karate və sair qəddar döyüş idman növləri ən hörmətli Olimpiya oyunları sırasındadır… Və nəhayət, ən çox populyar olub milyonlarla gəlir gətirən kinofilmlər məhz “qanı dizə çıxan” ekşn filmləridir…

Bəli, bütün bunlar “cahil Şərq”də, “nadan Afrikada” yox, mütərəqqi humanist Qərbdə reallaşır… Müasir rasional məntiqlə götürsək, onda gərək humanist, insanpərvər, mərhəmətli Qərb cəmiyyətləri bütün bu dediklərimizdən çoxdan imtina edəydi və cəhalət dövrünün qalıqları kimi üstündən xətt çəkəydi…

Amma bunu müşahidə eləmirik. Niyə? Çünki dediyimiz kimi, toplumun sakral “qanlı qurbangah”lara ehtiyacı var. Bu ehtiyac onun özündən asılı deyil. Altşüurunun ən dərin qatlarından gəlir və qarşısını almaq mümkün deyil… (Damarlarda qaynayan adrenalin kimi). Sadəcə, bu enerjini müəyyən qədər nəzarətdə saxlamaq və dağıdıcı tərəfə yönəlməsinin qarşısını almaq mümkündür və lazımdır… Məhz bu zaman “qanlı və qəddar oyunlar”ın hər dövrdə nə qədər lazımlı olduğu üzə çıxır. Hümanist təfəkkürümüz bu faktı  bəyənməsə də, fakt faktlığında qalır -  “qan qoxusu” ən məstedici bir qoxudur…

İndi isə, nə qədər qəribə görünsə də, Aşura mərasimlərindən Novruz bayramına keçmək istərdim.

Niyə? Axı Novruz bayramının “qanlı qurbangahlar”la heç bir əlaqəsi yoxdur.

Bəlkə də var? Sadəcə, biz əhəmiyyət verməmişik?

Ardı var…