Kütləvi teatr və ya teatral kütlə – İlqar Fəhmi

23 Baxış

author_49

“Şərq arxetipləri” kitabından

Əvvəlki yazılarımızda Şərq, ələlxüsus da türk düşüncə tərzində dəqiq rasional sistem və irrassional improvizasiya məsələlərini müqayisə etmişdik. Sonda da bu nəticəyə gəlmişdik ki, bütün Şərq xalqlarında olduğu kimi bizim xalqımız da incəsənətin sistemli, dəqiq, rasional istiqamətlərinə o qədər də meyilli deyil. Tarixən, daha çox kütləvi interaktiv teatr, interaktiv fəaliyyət növlərinə həvəslidir.

İndi isə ümumiyyətlə, dünya mədəniyyətinə qısa nəzər salıb dediyimiz sənət istiqamətinin tarixçəsindəki bəzi maraqlı məqamlara toxunmaq istərdik.

Dünyada elə bir xalq, elə bir etnos yoxdur ki, özünün kütləvi interaktiv tamaşaları olmasın. Bunların etnik adət-ənənə kimi, xalq tamaşaları, kütləvi oyunlar və sair kimi səciyyələndirsələr də, fəlsəfi psixoloji baxımdan mahiyyət dəyişmir – kollektiv oyun…

Deməli toplumun kollektiv oyuna ehtiyacı var.

Əvvəlcə istərdim sözün mahiyyətinə fikir verək – həm Azərbaycan, həm fars, həm rus, həm də yanılmıramsa, ingilis dilində oyun termini bir neçə məna kəsb edir – nəyəsə (kiməsə) bənzər hərəkətlər nümayiş etdirmək (şərti olaraq, aktyorluq); əyləncəli yarışma məzmunlu oyunlar (şərti olaraq nərd, şahmat və ya bugünkü kompüter oyunları); idman yarışmaları; uşaq oyunları; bizim dildə bunların sırasına üstəlik rəqs mənası da əlavə olunur…

Zahirən bir-birindən fərqlənsə də, mahiyyət etibariylə bu oyunların hər biri bənzəmə üzərində qurulub – reallığa bənzəyən quruluş.

İdman yarışları döyüşlərə bənzəyib; uşaq oyunları böyüklərin həyatına bənzəyib və sair və ilaxır. Deməli, yunan dilində olan Mimessis (bənzəmə) termini oyun fəlsəfəsini açmaq üçün ilk açar ola bilər.

(Şərqdə də bu termin şəbih kimi anlaşılıb. Düzdü, biz bu gün şəbih adı çəkərkən konkret Aşura-taziyə mərasimlərini xatırlayırıq. Əslində isə ərəb dilindən gələn Şəbih kəlməsi təqribən, bənzəyən mənasını kəsb edir. Lakin bu barədə bir qədər sonra…)

Həm fərdlərin, həm də toplumların həyatındakı bu oyunları analiz edən çoxsaylı müasir alimlər, sosioloqlar sonda təqribən eyni nəticəyə gəliblər – toplumların kütləvi oyunlara çox böyük, qarşısıalınmaz tələbatı var və bu tələbat şüurdan daha çox altşüur səviyyəsində olan tələbatdır (Baxtinin “karnaval” nəzəriyyəsi də oxşar fikirləri təsdiq edir).

Başqa sözlə desək, fərd olaraq insanın yeməyə, içməyə, havaya ehtiyacı olduğu kimi, toplumun da kolletkiv tamaşaya, kütləvi interaktiv oyunlara ehtiyacı var.

Və hətta bəzi alimlər müxtəlif dünya xalqlarının qədim kütləvi tamaşalarını, dini misteriyalarını, sakral ayinlərini müqayisəli şəkildə analiz edəndən sonra belə qərara gəliblər ki, toplumun, kütlənin nəinki sadəcə kütləvi tamaşaya (oyuna) , hətta konkret atributlara, konkret obrazlar sisteminə malik kütləvi tamaşalara ehtiyacı var.

Əvvəlki yazımızda qeyd etmişdik ki, kütləvi mərasimlər tarixən  daha çox doğuluş və ölümlə bağlı olub.

Bəli, məhz bu baxımdan burada mütləq gözəl doğuluşları və faciəvi ölümləri (ali qurbanları) simvolizə edən elementlər olmalıdır. Kütlə qurban tələb edir – bu məşhur ifadənin də kökü gedib çox-çox qədim, mifik görüşlərə çıxır.

Bəli, şəxsən mən də belə düşünürəm ki, bu cür kollektiv tamaşalar kütlənin, toplumun çörəyidir. İnsana qida, hava, su verməklə idarə etmək mümkün olduğu kimi, toplumu da bu cür kollektiv tamaşalar vasitəsilə tam idarə etmək mümkündür. Məhz bu səbəbdən minilliklər boyu dünyanın əksər xalqlarında bu cür kollektiv tamaşalar müəyyən sakral formada çıxış edərək, məhz dini-ruhani zümrənin – şamanların, kahinlərin nəzarəti altında olub. Çünki toplumun bu zəif damarından şər qüvvələrin istifadə edə biləcəyindən çox qorxublar.

Eyni zamanda, bu cür kütləvi interaktiv tamaşalar toplumun aqressiv energetikasının oyun müstəvisində sərf olunmasına xidmət edib. (Tarixə diqqət etsək, görərik ki, müharibə dönəmlərində bu cür kütləvi oyunlara, idman yarışlarına və sairlərinə o qədər də ehtiyac olmayıb, çünki toplumun aqressiv energetikası real mübarizəyə, döyüşə sərf olunub.)

Lakin Avropa tarixində İntibah dönəmi adlandırdığımız dövrdən başlayaraq, Dini zümrənin təsiri məqsədli şəkildə yavaş-yavaş zəiflədilməyə başladı. Yeni yaranan ticarət burjuaziyası bunu öz maddi maraqları xətrinə edirdi və get-gedə hakim dairələr də bu səylərdə onları dəstəkləyirdilər.

Əfsus ki, nə yeni burjuaziya , nə də hakim təbəqənin nümayəndələri toplumun hansı mənfi aqressiv energetikasını açıb buraxmaq üzrə olduqlarının fərqində deyildilər.

Bəli, əsrlər boyu dünyanın bir çox xalqlarında olduğu kimi, xristian Avropasında də ruhani zümrə kollektiv tamaşaların, kütləvi oyunların iplərini əllərində saxlamaqla və onları sakral-ilahi müstəviyə yönəltməklə toplumun daxilindəki aqressiv energetikanın dağıdıcı təsir verməsini əngəlləyirdi. Lakin yüzilliklər ərzində rühani zümrə zəiflədildiyinə görə, bu kütləvi tamaşalar heç kim tərəfindən idarə olunmayan, sürreal xaos halını almış oldu.

Xaotik tamaşalar

Avropadakı bütün sosial inqilabları bu kontekstdən analiz edəndə, görürük ki, əslində toplum üçün bütün bu “tarixi əhəmiyyətli hadisələr” sadəcə sakral qurbanlarla dolu faciəvi qanlı “kütləvi interaktiv tamaşa-oyun”dan başqa bir şey deyil.

Hamısını bir-bir sadalamağa ehtiyac yoxdur, elə bütün Avropa inqilablarının ən çox “dəbdəbəlisi və qanlısı” olan Böyük Fransa Burjua inqilabının Napoleona qədərki onillik tarixçəsinə diqqət etsək, dediklərimin təsdiqini görərik. Amma bunu görməkçün gərək onilliklər boyu təsiri altında olduğumuz marksist tarix fəlsəfəsini unudaq. Axı bizə bütün tarix kitablarımızdan belə təlqin olunub ki, maarifçilik hərəkatının təsiri altında zəhmətkeş kütlələr cəhalət yuxusundan oyanmağa başladılar və öz hüquqları uğrunda döyüşə qalxdılar, cəhalət dolu köhnə mürtəce cəmiyyəti yıxıb yeni və gözəl mütərəqqi cəmiyyət yaratmaqçün mübarizəyə başladılar, sosial-hüquqi ideyaları reallaşdırmaq yolu tutdular və sair və ilaxır. Bəli bizə belə təlqin olunub.

Əfsus ki, heç kim bizə normal şəkildə izah edə bilmirdi ki, dünən zadəganları, dövlət məmurlarını küçələrdə parça-parça edən kütlə, niyə özünün hakimiyyətə gətirdiyi inqilab qəhrəmanlarını da eyni vəhşiliklə öldürürdü… Hətta məşhur ifadə də yaranmışdı – inqilab öz övladlarını yeyir… Axı niyə? Bu inqilablar əgər həqiqətən də mütərəqqi, müsbət və yaradıcı enerjiyə söykənirdisə, niyə belə olurdu?

Ona görə belə olurdu ki, qiyama, inqilaba qalxan kütlə, əslində heç bir mütərəqqi ideya, sosial quruculuq barədə düşünmürdü. Həmin məqamda toplum özünü kollektiv bir tamaşanın – oyunun iştirakçısı hesab edirdi. Bu oyun-tamaşa isə əski sakral ayinlərdə, kollektiv oyunlarda olduğu kimi qanlar və qurbanlar tələb edirdi…

Yoxsa həqiqətən elə düşünürük ki, kral Lüdovikin, Mariya Antuanettanın edam mərasiminə az qala bayrama gəlirmiş kimi gələn və beş gün sonra onları edam edən Dantonların, Robespyerlərin də gilyotin qarşısında dayanmasına eyni həvəs və şövqlə tamaşa edib alqışlayan toplum həmin məqamda hansısa sosial quruculuğu, mütərəqqi ideyaları fikirləşirdi? Axı bu toplum zatən avam kütlə olaraq qalırdı. Nə qədər maariflənmiş kimi görünsə də, yenə də kütlə idi və kollektiv altşüurun qanunlarıyla idarə olunurdu.

Kollektiv altşüur qanunları isə toplumun hansı savad və maarif yiyəsi olduğuna qətiyyən fikir vermir. Kollektiv altşüur (və ya kolletktiv təhtəlşüur)  toplumun vahid ruhunun (şüurunun) çox dərin qatlarında gizlənən elə bir energetika mənbəydir ki, bundan sonra bəşəriyyət yüz dəfə artıq savad və maarif sahibi olsa da, o dərin qatlarda yenə də heç nə dəyişməyəcək… Toplum yenə də kütləvi tamaşalar, kollektiv oyunlar, təntənəli mərasimlər, bu günün diliylə desək, kəskin süjetli, dəbdəbəli dekorasiyalı tok-şoular istəyəcək. Və bu kütləvi oyunları yaradaların iradəsinə tabe olacaq…  Çünki bu tələb kütlənin özündən asılı deyil, bəşərin fitrətindən gəlir.

Fransa inqilabı barədə dediklərimizi son iki yüz ildəki əksər qanlı inqilablara, dağıdıcı qiyamlara şamil eləmək olar. Elə faşist Almaniyası və ya Sovet İttifaqında da eyni hadisələri müşahidə etmək olar. Hitler Almaniyasındakı kütləvi marşlar, təntənəli mərasimlər, qanlı qətliamlar, yaxud Sovet İttifaqındakı çoxminlik nümayişlər, paradlar, qanlı repressiyalar da oxşar kütləvi tamaşaların müxtəlif növləri idi….

Bəli, bütün bu dediklərimizdən belə nəticə hasil olur – xristian dininin zəifləməsiylə paralel, Avropada, Amerikada, Rusiyada il ərzində mütəmadi keçirilən mifik, dini, sakral mənşəli kollektiv ayinlər, interaktiv kütləvi tamaşalar yavaş-yavaş aradan qalxdığına görə, toplumun “kollektiv təhtəlşüuru”nun altqatlarında onilliklər boyu sıxılıb qalan aqressiv energetika dağıdıcı inqilablar və qanlı qiyamlar formasında təzahür edib, toplumun nəzarətsiz “kütləvi tamaşaları”nın hansı xaos yarada biləcəyini bizə bariz şəkildə nümayiş elətdirdi. Məhz bu zaman hər bir toplum öz yaratdığı xaosdan vahiməyə düşərək, yeni nizam yarada biləcək “qüvvətli əl”ə ehtiyac hiss elədi. Napoleon, Bismark, Stalin və b. bu cür diktatorların hakimiyyətə gəlməyi, əslidə toplumun “özbaşına” yaratdığı qanlı kütləvi oyunlar qarşısında vahiməyə düşməsiylə bağlı idi…

Ancaq diktat rejimləri də Qərbdə uzun müddətli və effektiv olmadı. Bunların ardıyca Qərbin “düşünən başları”  yenə fikirləşməyə başladılar – Budur,  “kütləvi oyunları”nı dini-ruhani zümrənin əlindən alıb toplumu sərbəst buraxdıq, nəticədə yüz il ərzində böyük inqilablarla, qiyamlarla üz-üzə qaldıq. Nəticədə qanlı diktatorlar kütlənin bu tələbatını ödədiklərinə görə, xalqı öz ardıyca apara bildilər. Beləcə daha ağır faciələr yaşandı. Deməli mütləq şəkildə topluma öz “kollektiv tamaşalar”ını qaytarmaq lazımdır, lakin bu tamaşalar zahirən interaktiv , daxilən isə idarəedilən olmalıdır.

Müasir dövrümüzdə mənşəyi Amerikaya, Avropaya gedib çıxan müxtəlif interaktiv tele-layihələr realiti-şoular, tok-şoular və yaxud TV-dən kənardakı müxtəlif kütləvi proyektlər, son illərdə dəbə minən rəngarəng “Flaş-mob”lar əslində eyni “kütləvi tamaşalar”ın müasir formasından başqa bir şey deyil…

Qərbdə baş verən tarixi prosesləri kənara qoyub yenə də öz mövzumuza, öz ölkəmizə qayıdaq…

Şəbih-təşbeh

Əvvəlki yazımızda da, qeyd etdiyimiz kimi, bu gün xalqımızın kütləvi interaktiv tamaşalarının müasir formalarına cəhalət damğası vuraraq tənqid edirik və bu halların aradan qaldırılmasına çalışırıq…

Bəli, toylarımızın təntənəsini bəyənmirik, matəm məclislərimizin dəbdəbəsini tənqid edirik, məhərrəmlik mərasimlərini lağa qoyuruq və sair və ilaxır… Ancaq, göz qabağındadır ki, bu tənqidlərin heç bir nəticəsi olmur, çünki toplum öz kütləvi tamaşalarının qalıqlarını qeyri-şüuri şəkildə, göz bəbəyi kimi qoruyur, əlində bərk-bərk saxlayır…

Axı bunlara hava-su kimi ehtiyacı var…

İndi isə gəlin düşünək. Bir insanın əlində çörək var. Biz çörəyini əlindən almaq istəyirik. Əgər əvəzində başqa qida təklif etmiriksə, deməli o, öz çörəyini az qala canı bahasına da olsa, qorumağa çalışacaq.

Haqqında danışdığımız mərasimlərə bir qədər də diqqət etməyimizi istərdim.

Toylar barədə ötən yazımızda bir qədər geniş danışmışdıq. İndi isə matəm-taziyə məclislərimizə diqqət etmək istərdim.

Bu gün Azərbaycanda haqqında ən çox danışılan və eyni zamanda ən çox tənqid olunan mərasim Məhərrəmlikdəki Aşura mərasimləridir. Qəzetlərdə-saytlarda müasir “intellektuallar”ın yazdığı kor-koranə tənqidləri hələlik bir kənara qoyub, müşahidə elədiyimiz halı daha dərindən araşdırmağa çalışaq.

Ən əvvəl onu qeyd edək ki, şəbih ifadəsi, ərəb dilindən tərcümədə bənzəyən mənası verir ki, bu barədə yuxarıda qeyd etmişdik. Poetikada işlətdiyimiz təşbeh sözü də eyni kökdəndir. Şübhə sözü də eyni mənşəyə malikdir.

Və tarixən bu termin ümumən xalq tamaşalarına aid edilib. Yalnız son yüzilliklərdə Kərbəla hadisələrinin mütəmadi qeyd olunması milli adət ənənənin bir hissəsinə çevrildikdən sonra, bu termin sırf Aşura mərasimlərində göstərilən tamaşalara aid edilməyə başladı. Bununla belə, Kərbəla mövzusuna aid olmayan başqa şəbihlərin də adları müasir dövrümüzə qədər gəlib çatıb ki, mövzuyla maraqlananlar Şərqin teatr tarixinə aid həm Azərbaycanda, həm Rusiyada, həm də Avropada yazılmış əsərlərdə dediklərimin təsdiqini tapa bilərlər. Mənim məqsədim isə ümumilikdə şəbih teatrının tarixini araşdırmaq deyil. Məqsəd bu tamaşalara, bu mərasimlərə həm tarixən, həm də bugünkü gündə olan marağın psixoloji səbəblərini düşünməkdir.

Ardı var

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10