Ləyaqət borcu – Təhsin Mütəllimov

13 Baxış

photo_966

Elçinin “Cəhənnəm sakinləri” tamaşası haqqında düşüncələr

Tarix bu gün üçün  ən kamil və ən etibarlı ibrət  nümunəsi olmaqla həm də gələcəyə istiqamətlənmiş  ən müdrik məsləhətçidir. Mədəniyyətimizin və elmimizin  təkamül tarixində ən ağır faciə mərhələsi olan otuzuncu illərin siyasi repressiyaları isə eyni zamanda mənəviyyatlarda, psixologiyalarda sağalmaz  izlər buraxdı; mürəkkəb sınaqlardakı dözümsüzlük, hətta satqınlıq faciələrinin də əyani nümayişinə  çevrildi…

Ədəbiyyatımızda və incəsənətimizdə o vaxta qədər görünməmiş vüsətli inkişafa amansızcasına  son qoyuldu. Ən dəhşətli imtahan isə mənəviyyat və şəxsiyyət  anlayışlarındakı   ciddi sarsıntılarda  və ümidsizliklərdə baş verdi. Bu illər əsl şəxsiyyət və ləyaqət imtahanına çevrildi…

Bir dəfə böyük ədibimiz Mir Cəlal müəllimlə filarmoniyanın  qarşısından keçirdik. Birdən Mir Cəlal müəllim ayaq saxladı  və o biri səkidəki yaraşıqlı, şəbəkə eyvanlı  binanı göstərib dedi ki, otuzuncu illərdə Mərkəzi Komitə orada yerləşirmiş  və gecələr bir sıra tanınmış ziyalıları da buraya siyasi mühakiməyə çağırarmışlar. Ora gedənlərin də çoxu  bir daha evinə qayıtmazmış. Ertəsi günü də ziyalılar arasında nigaran söhbətlər davam edərmiş ki, görəsən bu dəfə oraya daha kimlər çağırılacaqdır. Axşamlar, gecələr də yaxında maşınlar dayananda həyəcan yaranarmış ki, kimin üçün  gəliblər?  Mir Cəlal müəllim  söhbətini belə yekunlaşdırdı: “Qardaş, otuz yeddini görənlərdən igidlik, qoçaqlıq gözləməyin. Bizim gözümüzü elə qorxutmayıblar”…

Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” adlı yeni pyesindəki müəyyən  məqamlar, xüsusilə  həmin illərin dəhşətli sarsıntılarını  yaşayan günahsız insanların qonşuluqda dayanan maşının səsindən, yaxında eşidilən vahiməli ayaq səslərindən xoflanmasına baxarkən Mir Cəlal müəllimin  həmin sözlərini bir daha xatırlamalı oldum.  Bu  illər həm də əsl şəxsiyyət və ləyaqət  imtahanına çevrilmiş oldu. Xalq yazıçısı  Elçinin “Cəhənnəm sakinləri” adlı pyesi də otuz yeddinci il repressiyalarının görünməmiş fəlakətlərinə psixoloji sınaqlar məngənəsində çapalayan insanların mənəvi faciəsinin  təqdiminə aiddir.

Cəsarət və səmimiyyət Elçin yaradıcılığının  ən səciyyəvi və qüvvətli cəhətləridir. Elçin ümumən zəmanənin  gərdişi ilə, yaxud taleyin hökmü ilə dəhşətli imtahanlara çəkilmiş insanların ölüm-dirim məqamındakı psixoloji təlatümlərini, nicat çırpıntılarını  dəqiq, sərrast təhlildən  keçirməyi bacarır. O, hər vaxt tarixin, zəmanənin  ən imtahanlı dönəmlərini, qorxulu məqamlarını səbəb və nəticələri ilə dərin vətəndaş qayğısı və cəsarəti ilə  təşrih və təhlil etməyi bacardığı kimi, ən ciddi mətləblər barədə  oxucuları  və tamaşaçıları  ilə  səmimi, mərhəmanə dərdləşməyi, həmsöhbət  olmağı da bacarır. Və bütün hallarda ədib insan ləyaqətini, mənəviyyat və şəxsiyyət problemlərini ən uca məqamda tutur, yaşamağın, insan adlanmağın ləyaqət zirvəsi olduğunu xüsusi vurğulayır, təlqin edir!

Ədibin xüsusən  son illərdəki əsərlərində süjet və konfliktin xarakteri, məhvəri də daha çox emosional sarsıntılara, mənəvi-psixoloji  yaşantılara əsaslanır, onlardan qidalanır. İstər maraqlı psixoloji dram olan “Teleskop”, istərsə də Azərbaycan romanının dünya miqyaslı nailiyyəti, abidəsi “Baş” romanı məhz mənəvi problemin dərinliyi və bədii kamilliyi etibarilə böyük maraq doğurur. Elçinin bu son əsəri də nəticə etibarilə çox  köklü və vacib mənəvi-psixoloji suallarla müasir tamaşaçıya  müraciət etmiş olur, onu bir növ ibrət, cəsarət və ləyaqət imtahanına  çəkir,  şərəfli ömrə çağırır… “Cəhənnəm sakinləri” pyesində  1937-ci ilin  repressiya qurbanlarının tarixi faciəsi kifayət qədər reallıqlar əsasında müfəssəl  canlandırılmışdır.

Yazıçı bu tarixi faciəni  ibrət nümunəsi kimi yada salır və eyni zamanda  (bəlkə daha çox!) həyatın ağır imtahanlarından ləyaqətlə çıxmağa, şərəflə yaşamağa çağırır.

Bu mürəkkəb psixoloji materiala səhnə nəfəsi verən, onu cazibədar tamaşa kimi gerçəkləşdirən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin və xüsusən proqramda göstərildiyi kimi, “tamaşanın müəllifi, rejissoru və rəssamı” xalq artisti Azər Paşa Nemətovun   yaradıcı əməyi tam təqdirə, tərifə layiqdir! Tamaşa əvvəldən axıra kimi dərin psixoloji sarsıntı, əsəbi təlaş içərisində  həmin illərin faciəvi atmosferini, canlandırır, düşündürür.

Son illərdə  monumentallığı və psixoloji dərinliyi ilə seçilən bir sıra uğurlu tamaşanın quruluşçu rejissoru  olan Azər Paşa Nemətov “Cəhənnəm sakinləri” pyesinin siyasi-psixoloji pafosunu son dərəcə qüvvətli və aydın istiqamətli nəzərə çatdırmış, humanizm və insan ləyaqəti mövqeyindən dramaturji traktovka aparmışdır.

“Cəhənnəm sakinləri”ində dramatik konfliktin və süjetin səhnə  müddəti qısadır, surətlər də azdır. Belə məqamlarda səhnə tərtibatının “köməyinə” daha böyük ehtiyac olur. Səhnədə isə iki məkan yaradılmışdır: təxminən eyni taleli adamların zahirən bir-birinin eyni olan altı qapısı… İlk  səhnədə məhz yeni il bayramının yaratdığı şən əhval-ruhiyyəli məqamların gözlənilmədən tam faciəli dönüşü və bu günahsız adamların salamat qalmaq uğrundakı  çırpıntıları, faciəli aqibətləri dəhşətli mənəvi vəlvələyə çevrilir, onların yaşamaq uğrunda ölüm-dirim  mübarizəsi və o dövrün qanun məmurlarının vəhşi pəncəsində çabalamaları göstərilən sarsıdıcı   səhnələr yaradıcı heyətin böyük bacarığı sayəsində lazımi teatr kamilliyində canlandırılmışdır. Əsas odur ki, rejissor otuz yeddinci  ilin psixoloji xaosunu, təzyiq xofunun  sadə, günahsız insanları necə dəhşətli məqamlara düçar etmiş  olduğunu səhnədə bir növ əyaniləşdirə  bilmişdir…

Dekorasiyalar da, geyimlər də tutqundur, bədbin ruhludur, nitqlərdə isə həyəcan və fəryad hakimdir! Lakin o dövrün,  mühitin xarakterinə uyğun, bir az da “retro” tipli musiqi parçalarından istifadə olunsaydı, zaman koloriti daha dəqiq təsəvvür yaradardı.

“Cəhənnəm sakinləri”  konkret zamanın faciəli tarixindən ibrətli lövhələrdir. Eyni zamanda oradakı hər şey ümumilikdə sanki müasir oxucuya  istiqamətlənmişdir: bəs sən necə, öz ömür yolunda qorxu və ya tamah ucundan məsləkinə, ideallarına xəyanət, satqınlıq yoluna düşməmisən ki? Hamımız belə halları ittiham və ifşa edirik. Bəs onda həyatda rast gəldiyimiz dönüklüyün  müəllifləri kimdir?!

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının inkişaf tarixinin böyük hissəsi müqtədir aktyorların fəaliyyəti ilə zəngin olmuşdur. Təəssüf ki, bu gün heç bir teatrımız  aktyor  heyəti etibarilə təxminən 70-80-ci illər səviyyəsində deyildir. Klassik dramaturgiyamızın repertuarlardakı mövqeyi də xeyli mübahisəli görünür.

Lakin bu gün Azərbaycan aktyorluq məktəbinin böyük ənənələrini istedadla davam və inkişaf etdirən sənətkarlarımız da vardır. Bu cəhətdən zəngin  və orijinal yaradıcılığa malik olan xalq artisti Nurəddin Mehdixanlı xüsusi qeyd olunmalıdır.

“Cəhənnəm sakinləri”ndə Qonaq rolu N.Mehdixanlının son illərdəki yeni böyük uğurudur. 30-cu illərin “qanun keşikçilərinin” tipik  nümayəndəsi kimi  təqdim olunan Qonaq – N.Mehdixanlı o zamankı  ictimai mühitin  repressiya  dəhşətlərinin tipik nümayəndəsi kimi çox canlıdır, vahiməli və dəhşətlidir. Aktyorun zahiri görkəmi, zəhmli və çoxçalarlı səs  diapazonu, kamil psixoloji ifa tərzi müəllif məqsədinin dramaturji həllinə tam uyğundur. Qonaq – əsər boyu otuzuncu illər repressiya rejiminin vahiməli və qəddar simvolu kimi həmin zamanın əsl faciəsini bütün dəhşətləri ilə təsəvvürlərdə canlandıra bilir.

Xalq artisti Məleykə Əsədova  (Qadın) və əməkdar artist Elşən Rüstəmov (Kişi) rollarında məharətli ifaları ilə həmin zəmanənin  günahsız qurbanlarının mənəvi faciəsini kamil yaradırlar. Xüsusilə onların hər ikisinin  qorxuya, vahiməyə davam gətirməyərək satqınlıq hallarına yol vermələrini öz aralarında  bir-birinin qarşısında etiraf etmələri və özlərini də bəraətli hesab  etmələri epizodları,  əsəbi sarsıntıları, psixoloji təlatümləri inandırıcıdır, hər iki aktyorun sənət məharətini nümayiş etdirir.

Lakin əsas sualı açıq qalır… Və sanki tamaşaçıya sual olunur ki, bu məqamda, belə sınaqlarda bəs siz necə hərəkət  edərdiniz? Çünki satqınlığın, xəyanətin həyatda heç bir bəraəti ola bilməz! Burada əsas ittiham hədəfi şəxsiyyətin naqisliyidir,  mənəviyyatın süqutudur…

Vacib deyil ki, 37-nin faciələri olsun; mənəviyyatı şikəst olanlar varlı həyat üçün də, vəzifə, rütbə şöhrət üçün də “könüllü” satqınlığa  gedə bilərlər…

Yazıçı bu tarixi faciəni ibrət nümunəsi kimi unutmamağa çağırır və eyni zamanda, (bəlkə daha çox) həyatın ağır imtahanlarından ləyaqətlə çıxmağa, şərəflə yaşamağa çağırır.

Vətəndaşlıq problemləri, şərəf və ləyaqət borcu kimi mənəviyyat məsələləri bu gün bəlkə ən vacib, müqəddəs qayğımızdır. Buna görə Elçinin  “Cəhənnəm sakinləri” yalnız otuz yeddinci ilin  problemi  deyildir…

Əlbəttə,  bir məqalədə belə monumental tamaşanı müfəssəl təhlil etmək çox müşküldür. Lakin hər hansı bir teatr tamaşasının səhnə tərtibatı, rejissor işi, yaxud geyim eskizləri, işıq effekti, ya da bir aktyorun konkret bir rolu barədə ayrılıqda müfəssəl professional təhlillərə necə də böyük ehtiyac vardır!