Lağım əməliyyatı

18 Baxış

Bakı 1501Senet.az “Xan” nəşriyyatının yeni nəşrlərindən olan Əzizə Cəfərzadənin “Bakı-1501” romanından bir hissəni təqdim edir.

Qeyd edək ki, “Bakı-1501” Əzizə Cəfərzadənin ən məşhur romanlarından biridir. Əsərdə Şah İsmayıl Xətainin Şirvanşahlar üzərinə yürüşündən, qanlı döyüşlərdən, o dövrdə baş verən hadisələrdən danışılır. Kitabda həmçinin əsl adı Bibixanım olan sadə kəndli qızının necə Sultanım xanıma çevrildiyi və qalanı qoruyarkən Şah İsmayılla üz-üzə gəldiyi, onu yenməsinə baxmayaraq öldürmədiyi öz əksini tapıb. Bu maraqlı əsərlə Azərbaycan tarixinin əhəmiyyətli bir dövrünə səyahət etmək, bir çox hadisələrin xəyali iştirakçısına çevrilmək mümkündür.

 

Lağım əməliyyatı

Dərgahqulu kişi axşam çağı evə gəldi, bir tikə çörək yeyib yenidən növbədə olduğu qülləyə qayıtmalı idi. Ürəyi səksəkəli gedirdi, çünki qüllədən xeyli aralı aparılan əməliyyatdan nigaran idi. Düşmən orada nə isə bir işlə məşğul idi. Dərgahqulu və yoldaşları nə qədər çalışmışdılar, bir sudur anlaya bilmirdilər.

O, həyətə girəndə Bibiqulunu qapının ağzında, Xırdaxanımı da həyətdə intizarda gördü. İkisi də kişini görəndə sevindilər.

—Şükür Allaha, sağ-salamat gəlib çıxdın, kişi.

—Nəyin var, Güləli qızı, tez ol, acından ürəyim axır qayıdasıyam.

Xırdaxanım arvad əl-ayağa düşdü:

—Ürəyin axar dəə… Səhər tezdən gedənsən.

O, tez həyətdəki püstənin altına palaz sərdi, döşəkcə qoydu. Qurama süfrəni döşəyib, üstünə sirkə tökülmüş soğan, çörək, duz, istiot, kal vaxtında qurutduğu və ovxaladığı xartut “sumağı” qoydu. Əlvan şirli kasalara küftə-bozbaş çəkib gətirdi. Küftə-bozbaşa vurulmuş zəfəranın ətri kişinin burnuna dəyəndə yadına düşdü ki, Xırdaxanım bişirən küftənin ətri yeddi qonşunu yuxudan oyadar. İştahı daha da artdı. Bir anlıq düşməni də, səngəri də, qüllənin qənşərində aparılan işi də unutdu. Süfrənin başında əyləşdi və həvəslə çörəyi küftə-bozbaşın suyuna doğrayıb yeməyə başladı.

—Allah atova, anova rəhmət eləsin, Güləli qızı, əcəb küftə bişirmisən. Ağzım əməlli-başlı dada gəldi.

—Səninkilər də behiştlik olsun, kişi, işlər necədü orda?

—Necə olacaq, arvad? Davadı də! Vuruşuruq özümüzçün. Görək, Allah kərimdi. Şirvanşah Fərrux Yasar özünü çatdıranacan, deyəsən, duruş gətirib dayanacayıq.

Arvad fikirli-fikirli gah kişinin üzünə, gah da narahatlıqla balasına baxırdı. Bibiqulu böyüklərin yanında, süfrə üstündə danışmağı lazım bilməyib, xörəyini yeyir və qulaq asırdı. Arvad intizarını gizləyə bilmədi:

—Bəs söz gəzir ki, Fərrux Yasarı Şirvanda öldürüblər. Oğlu da qalada yoxdu?

—Uzaq yerin sözünü bilmək olmaz. Mənim də qulağım çalıb. Bilirsən bu gün kimi görmüşəm?

— Kimi?

—Şıx Kəbləli yadındadı? Onun nəvəsini. Bibixanımı.

—Sən allah?! Rəhmətlik kişinin nəvəsi şahzadə Qazi bəyə gedəndən sonra üzünü görməmişəm qızın.

— Mən də elə getməmişdən görən idim. Qalanı özü qoruyur, axı.

—Nə danışırsan, kişi?

—Vallah sözümün sağıdı. Demişdim eyrəli sənə axı! Yadından çıxıb? Kişi paltarında gəlmişdi bizim yanımıza. Qulağım çalmışdı ki, şahzadə şəhərdə yoxdu, arvadı sərkərdələrə başçılıq eləyir. Day bilmirdim, şahın arvadını deyirlər, ya gəlinini. Amma görən kimi tanıdım onu.

—O da səni tanıdı?

—Deyəsən, əvvəl tanımadı. Amma sonra danışdım, tanıdı. Səni də soruşdu, Bibiqulu balamı da.

—Allah qada-baladan saxlasın! Qılıncın kəsərli eləsin xudam. Necədü?

—Lap yaxşı. Amma başı davaya qarışıqdı bərk.

—Olar dəəə… Dava arvad işi deyil axı, ay balam. Allah düşmənin amanını kəssin. Ev-eşiyimizdə dinc-farağat oturduğumuz yerdə işə saldılar bizi.

— Day demə.

Yemək qurtardı. Dərgahqulu yerindən qalxıb qılıncını götürəndə Xırdaxanım doluxsundu:

— Gedirsən, kişi?

—Getməliyəm, Güləli qızı! Elin gəlini-qızı da qılınca qurşananda başıpapaqlıların evdə oturmağı ayıbdı.

—Bizdən sarı nigaran olma, kişi! Sən öz canından muğayat ol.

—Sən də uşaqdan göz-qulaq ol. Bayıra-bacağa çox buraxma. Dünyanın işini bilmək olmaz, Güləli qızı…

—Allah amanatı. Nigaran getmə, kişi, heç yana qoymaram.

Kişi arvadının belə yanında həya elədi. Əyilib illər tamarzısı bircə balasının başından da öpə bilmədi. Əli ilə oğlanın alnını sığalladı.

—Sən mənim ağıllı balamsan, anadan muğayat ol. Sözündən çıxma! At doğulan günü atdı, oğul doğulan günü—oğul, bax, yaxşı oğul ol.

Üçünün də qəlbi kövrəlmişdi. Üçü də göz yaşlarını bir-birindən gizlədirdi. Qəhər arvadın da, kişinin də boğazını tıxamışdı. Dərgahqulu qəribə, anlaşılmaz bir duyğunun təsiri ilə tələsik qapıdan çıxdı. Xırdaxanım arvadın mis piyaladan atdığı su Dərgahqulunun dabanını islatdı…

Dərgahqulu qülləyə çatanda artıq qaş qaralmışdı. Gözətçilərdən bəzisi namaz qılır, bəzisi də başını mazğala söykəyib qaladan kənarda düşmənin hərəkətini izləyirdi. Qarşı meydançada qazilər ucuna neftə bulaşmış təzək bağladıqları payalardan məşəl düzəldib yandırmış və işığında nə isə edirdilər.

Müdafiəçilərdən biri Dərgahqulunu görüncə əl edib onu yanına çağırdı. Bu onun qonşusu dulusçu Vəliyulla idi.

—Dərgahqulu, bir ora diqqətnən bax. Elə bil, quyu qazırlar axı. Mənə elə gəldi ki, xərəknən torpaq daşıyırlar, Sən axı davada çox olmusan. Gör bir.

—Orda quyunu neynirlər, balam? Yox, vallah ürəyimə damıb, deyəsən, onlar lağım atırlar, axı… Suyu Suqayıtı çayından dəvəynən gətirirdilər. Quyu deyil. Lağım olacaq… Gərək Bibixanım Sultanıma yetirək lağım məsələsini.

Elə bu zaman qorxunc bir gurultu eşidildi. Dərgahqulunun sözü ağzında qaldı. Qüllə qorxunc bir zəlzələdən şahə qalxan attəki yerindən oynadı. Daşlar bir-birindən aralanıb səpələndi. Toz duman kimi ətrafı bürüməkdə olan qaranlığı daha da kəsifləşdirdi. Hadisə yerində göz gözü görmədi, inilti, qışqırtı aləmi başına götürdü. Aralıda divar dibində namaz qılanlardan bir çoxuna daş dəyib əzilmiş, yaralanmışdı. Qüllə üstündə olanlardan biri də salamat çıxmamışdı. Zərgər Dərgahqulu kişi ilə dulusçu Vəliyullanın da meyidi daşların arasında qalmışdı. Sağ qalanlardan, azacıq əzilənlərdən kim yerindən qalxa bilmişdisə durub yoldaşlarını daş-torpaq altından çıxarmağa başladı.

Lov xəbərini alan Sultanım xanım at üstündə özünü hadisə yerinə çatdıranda artıq cənazələr bir yerə toplanmışdı. Gəlin, Dərgahqulu kişinin cənazəsini meyitlər arasında görəndə özünü saxlaya bilmədi, gözləri yaşardı:

—Yazıq əmi,—deyə pıçıldadı.

Ölənlər haqqında lazımi göstəriş verəndən sonra, qüllə yerində açılmış böyük yarığa baxıb fikirləşməyə başladı. Nə isə etmək lazım idi, yoxsa düşmən gecə ikən buradan şəbxun vuracaq, qalaya soxulacaqdı. Burası Şirvanşahlar sarayına ən yaxın qüllələrdən biri olduğundan, saray üçün böyük qorxu törədirdi. Sultanım xanım azacıq düşündükdən sonra hacibini yanına çağırdı.

— Hacib, əmr elə evlərdə nə qədər keçə varsa, tez toplasınlar. Bura gətirsinlər. Gözləyirəm.

Bir neçə nəfər atlara minib məhəllələrə üz tutdu. Heç bir saat keçməmişdi ki, arvadlı-kişili Bakı camaatı evlərində olan bütün keçələri, olmayanlar da köhnə-külə palaz və xəlçələri qüllənin yanına daşımağa başladılar. Sultanım xanımın əmrilə düşmənin xəbəri oluncaya qədər qüllənin yerində açılmış yarığı keçələrlə basdırıb bərkitməyə başladılar.

…Səhər tezdən Bayram bəy Qaramanlı partladılmış qüllənin qənşərinə gələndə gözlərinə inanmadı. Bir gecənin içində açılmış yarıq bərkidilmiş, divar bərpa olunmuşdu, ciddiyyətlə də qorunurdu.

Bayram bəy Qaramanlı özünü şahın hüzuruna yetirdi:

—Qibleyi-aləm, tədbirimiz baş tutmadı. Şimal darvazasından hücumu dayandırmalı olacayıq.

— Nə üçün?

—Qalanın müdafiəsinə başçılıq edən kimdisə, qurd-ürəkli, həm də olduqca tədbirli adamdı. Görünür, təcrübəli sərkərdədi. Partladılmış yeri keçə ilə elə bərkidiblər ki, hələ xeyli zəhmət çəkmək lazımdır.

Bayram bəy sərkərdənin mərdliyindən, tədbirindən danışdıqca İsmayıl bir gün irəli şəhərin Qız qalası mövqeyində qılınc davasına girişdiyi Sultanım xanımın simasını xatırlayırdı.

Qulağında ərəbi davaya girdiyi gəlinin səsi eşidildi: “Qıran da, qırılan da bir elin övladlarıdır”.

Sanki hələ də “nə üçün qardaşı qardaşa qırdırırsan, hökmdar?” – deyirdi. Lakin şah İsmayıl ata-baba qatilindən intiqam almaq, inandığı əqidəni yaymaq eşqilə bu ağır xəyalları şair Xətainin qəlbindən, beynindən qovmağa çalışırdı. O, hökmdar idi. Sərkərdə idi. İntiqamçı idi. Vəssəlam! Şərait ona “əssinni-bissinni, vəleynə-bileynə”…öyrətmişdi. Bu intiqam hissini sanki ana südü ilə, oxuduğu ilk nəzm ilə, yazdığı birinci cümləylə, fəhm etmişdi. Bu qədər!!!

… Müharibə yenidən, hər iki darvaza qarşısında—həm Qoşa qala qapısı, həm də şimal darvazası önündə yeni qüvvət kəsb edərək canlandı. Ozanlar döyüşçüləri ruhlandırmaq üçün türkü-varsağı söyləməyə başladılar. Onlar döyüşçülərin önündə gedirdilər. Az sonra ozan varsağılarını cəngi əvəz elədi. Gərənayda çalınan cəngi aləmi başına götürüb döyüşkən, igidliyə çağıran ahəngi ilə qaziləri coşdururdu. Varsağı və cəngi əsgərlərin döyüş əzmini gücləndirirdi. Onlar qala üzərinə sel kimi axır, özlərini “Cahanarayi-şah İsmayıl” müəllifinin dediyi kimi, “savaş dəryasına vururdular”.

Bakılılar daha üç gün mudafiəni davam etdirdilər. Şəhərin bütün qüllə və darvazaları önündə qanlı vuruşmalar gedirdi… Mühasirənin yeddinci günü qızılbaşlar şəhərə daxil ola bildilər. Lakin hələ də bakılılar aman istəmir, təslimdən söhbət getmirdi. Şəhərin əyri-üyrü, yalnız bir adamın sərbəst keçə bildiyi dar küçələrində, dalanlarında, döngələrində qanlı çarpışmalar baş verir, hər bir ev vuruşurdu. Hər bir ev qalaya çevrilmişdi.

Mühasirənin yeddinci günü şahın hökmü ilə, Bayram bəy belə car çəkdirdi: “Könüllü təslim olmayan, Əliyyəl-Mürtəza deməyən, Yezid Fərrux Yasara lənət oxumayan heç kimə aman verilməsin, uşaq da, böyük də, qadın da, kişi də qılıncdan keçirilsin”.

…Axşam qızılbaşlar qazilərin meyitlərini yığıb şəhid qəbirlərində dəfn etmək istədilər. Onları düşmən cəsədlərindən ayırarkən, meyitlər içində bir neçə bakılı qadın cənazəsi gördülər. Bakının qadın müdafiəçiləri kişi libasında olsalar da, dərhal cənazələr içində gipgirdə, bəyaz sifətlərindən, çözülüb açılmış saçlarından, uzun qarğı hörüklərindən tanınırdılar. Xüləfa bəy qəribə bir qibtə hissi ilə əhvalatı şah İsmayıla xəbər verdikdə cavan padşah dedi:

—Zənən meyitlərini toplasınlar. Kişilərlə işiniz olmasın. Zənən cənazələrini də şəhid qəbirləri ilə yanyana, bütün hərbi şərəf və ehtiram qanunları icra olunmaqla dəfn etsinlər.

***

Tarixdə elə hadisələr var ki, eynilə təkrar olunur. Xüsusilə eyni bir xalqın tarixində — taleyində. Zaman keçəcək, İsmayılın bugünkü əmrini Çaldıran məğlubiyyətindən sonra, döyüş meydanında Təbriz qadınlarının cənazəsini görən Sultan Səlim verəcəkdi…