“Mədəniyyət.AZ” jurnalının Azərbaycan Cümhuriyyətinə həsr olunan xüsusi buraxılışı

7 Baxış

15305464421768453837_1000x669

Daim maraqla qarşılanan “Mədəniyyət.AZ” jurnalının budəfəki nömrəsinin özəlliyi Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılış şəklində dərc olunmasıdır. Bu səbəbdən jurnalın növbəti nömrəsi kimi təqdim edilən bu nəşr əslində simvolik ikinci say sıralaması ilə qarşınızdadır və hər zaman aktual bir oxu vəsaiti kimi hamının stolüstü kitabı ola biləcək keyfiyyətdədir. Məhz buna görə də XX əsrin başlanğıcında regionda gedən proseslər, həmin zəmində ölkəmizin suverenliyi üçün tarixi şəraitin yetişməsi, ürəklərdə yaşayan azadlıq ideyalarının siyasi səhnəyə daşınması, Şərqdə ilk dəfə demokratik dövlət quruculuğu, onu yaradan şəxsiyyətlərin həyat və fəaliyyəti, bolşevik işğalından sonrakı aqibətləri və mühacirətdəki taleləri barədə sanballı, elmi-tədqiqat səpkili yazılara geniş yer verilib.

Senet.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, baş redaktor Zöhrə Əliyeva jurnala yazdığı “Ön söz”də belə vurğulayır: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azadlıq estafetini yenidən ləyaqətlə daşıyan bir xalq, dövlət və millət olaraq bu yenilməz ruhu əbədiyyən içimizdə daşımaq və əməllərimizdə gerçəkləşdirmək gücünü verir bizə müstəqilliyimizin əsrlik tarixi! Dərgimizdə bu tarixin müxtəlif məqamlarına işıq tutmağa çalışdıq. Sətirbəsətir oxuduqca Cümhuriyyət qurucuları, onların gördüyü işlər, məfkurə azadlığı və iradəsi, müstəqillik uğrunda apardıqları möhtəşəm mücadilə, xarakter bütövlüyü, yenilməzliyi, cəsarət və inam bizi hər dəfəsində yenidən valeh etdi, fikirlərinin genişliyi, uzaqgörənliyi, ideallarının müqəddəsliyi, düşüncələrinin miqyası və vüsəti qarşısında baş əydik! Təbii ki, belə fenomen şəxsiyyətlərin, Şərqin ən çağdaş, ən qabaqcıl fikir sahiblərinin övladları da məhz Cümhuriyyət varisləri – 70 ildən sonra ikinci dəfə istiqlaliyyət qazanan insanlar olacaqdı!”

Oxucular “Mədəniyyət.AZ”ın səhifələrində 100 ilin əks-sədasını eşitdirən müsahibələr, Cümhuriyyət varislərinin şahidliyinə görə, sərhədlər uzaqlığından araşdırılıb öyrənilmiş həqiqətlər, müstəqillik uğrunda aparılan mücadilənin nəticələri ilə tanış ola biləcəklər. Bu yolda sizə ömrünü, gözlərinin işığını bu həqiqətləri araşdırıb yazmağa həsr edən Şirməmməd Hüseynov, Asif Rüstəmli, Vilayət Quliyev, Sona Vəliyeva, Rafiq Novruzov, Əfqan Vəliyev, Ədalət Tahirzadə, Dilqəm Əhməd, Səadət Qarabağlı, İlham Rəhimli, Abid Tahirli, Ziyadxan Əliyev, Lətifə Məmmədova, Kamran İsmayılov, Fəridə Şəmsi, Əsgər Əhməd, Şirin Bünyadova və başqa alim və həmkarlarımız bələdçi olublar.

Jurnalda əcnəbi oxucunun da Cümhuriyyət tariximizə olan maraqlarını təmin edəcək rus və ingilis dilində geniş məqalə ilə çıxış edilib. Ənənələrinə sadiq qalaraq elmi araşdırmalarla zəngin jurnalda bu dəfə də, səyahətçi oxucunu Bakımız haqqında ingilis dilində məlumatsız buraxmayıblar.

Amma bu da son deyil, “Mədəniyyət.AZ” ilboyu yenə də həmin mövzulara qayıdacaq, oxucularını dolğun, ətraflı yazılarla sevindirəcək. Çünki Cümhuriyyət tariximiz daim Azərbaycan elminin, mədəniyyətinin, mətbuatının avanqard mövzuları olaraq qalacaq.

Bir sözlə, jurnalın bu nömrəsi kollektivin Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşına bir töhfəsi, çoxsaylı cümhuriyyətsevərlərə bayram hədiyyəsidir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10