“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi

18 Baxış

14836255993599164749_1000x669

“Mədəniyyət.AZ” jurnalının növbəti nömrəsi yenə də rəngarəng və maraqlı yazılarla oxucuların görüşünə gəlib.

Senet.az xəbər verir ki, jurnal həmişəki kimi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi həyatını əks etdirən məlumatlar və Prezident Sərəncamı ilə açılır.

Suveren dövlətimizin şanlı atributları – Konstitusiya və Bayraq günlərinə həsr olunmuş “Müstəqil dövlətin hüquqi bazası” və “Üçrəngli bayrağınla məsud yaşa!” məqalələri “Tarix” bölümündə yer alıb. “Azərbaycan Bayrağı” şeiri isə səhifənin bədii yükünü xeyli artırır.

Ədəbiyyat, söz xiridarlarından ötrü bu nömrədə də kifayət qədər material var. Unudulmaz şairimiz Səməd Vurğunun həyat və fəaliyyətini canlandıran “Əsərlər və övladlar yadigar qoyan şair”, əvvəli ötən nömrədə işıq üzü görmüş “Turan Cavidin son söhbəti”, vaxtilə balacalar üçün “Əlifba”dan sonra ikinci dərslik sayılan “Göyərçin” dərgisinin baş redaktoru, məşhur şair Tofiq Mahmud haqqındakı “Uşaq dünyasının yorulmaz səyyahı” bu qəbildəndir.

Jurnalın budəfəki nömrəsinin “Teatr” bölməsinin əsas məqaləsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə uğurla baş tutan IV Bakı Beynəlxalq Teatr Konfransının işinin hərtərəfli işıqlandırılmasına həsr edilib.

“Ramiz Fətəliyev – 70, yaxud yaxşı ssenari müəllifinin azərbaycanlı olmasının “qəribəliyi” sərlövhəli müsahibəsində tanınmış ssenarist ömrünün yetmişinci dolayından geri boylanaraq xatirələrini, kino sənəti haqqındakı düşüncələrini bölüşür…

Bütün bunlardan başqa, “Rəngkarlıq”da rəssam Namiq Məmmədovun “xoşbəxtlik formulu”, “Abidələrimiz”də İtaliyada reallaşdırılan arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası, “Ənənə”də Göyçayda keçirilən Nar bayramı və digər qeydlərlə də tanış olmaq mümkündür.

“Bakı turistlərin gözü ilə” yazısında isə son vaxtlar gündən-günə inkişaf edən, lakin bununla yanaşı, qədimliyini, milli koloritini də qoruyub saxlamağı bacaran paytaxtımızın dünyanın nəzərini cəlb edən məkanları barədə danışılır.

“Elm” bölümündə isə gənc alimlərin, tədqiqatçıların müxtəlif mövzulu məqalələri, araşdırmaları öz əksini tapıb.

KÖŞƏ YAZARLARI
TOP 10