2016-2017-ci illərdə İtaliyalı ekspertlərlə birgə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi həyata keçiriləcək.
Layihənin icra müddətinin başlanması ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsininin yerli müşaviri Alessandro Biançi ilə görüşmüşdür. Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, görüşdə mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair 2016-2017-ci illəri əhatə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılmışdır.
Nazir Əbülfəs Qarayev layihənin uğurla həyata keçirilməsinin mədəniyyət sahəsinin idarə edilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcəyini bildirmişdir.
Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirmişdir.
Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdir. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlmişdir.