Məğribi kim sünnət edəcək

139 Baxış

shamil sadiqSon bir neçə gündür yuxularım lap ərşə çəkilib. İlahi, pərvərdigara bu nə zillətdir mən düşmüşəm? Bu nə bəladır məni düçar etdin dünyanın quyruğunun öz ağzında olduğu bir vaxtda? Ey yeri göyü yaradan Allah, axı sən bilirsən ki, yer də elə göydədir. Bəs belə olan halda bu insanların şüurlarını niyə belə kəllə-mayallaq etdin ki?
Bir-iki gün öncə cəmiyyətimizin məişətini ərin başına vurulan qazan qapağı kimi qatan feysbukda oxudum ki, sən demə Məğrib ulduzu Məşriq ulduzuna tərəf gəlir. Amma sürətindən od-alov yox, gül tökülür. Məğrib başa düşüb ki, Allahın yaratdığı yer elə, sən demə, Məşriq imiş. Bu Məğrib artıq idrak edib ki, burcutmaq lazım deyilmiş, hamı müsəlman yaranıb və o da müsəlman olmalıdır. Ona görə, özü qeybə çəkilib cənnətdə hurilərin qoynunda keyf edərkən əshabələri xəbər yayıb ki, bəs Məğrib də müsəlman oldu. Bu xəbəri eşidən Məşriq əhli də bir şadyanalıq edir ki, gəl görəsən. Kef içində keyfimizi gəlib soruşan bu meşəbəyi Məğribin şərəfinə xütbələr oxudur, bununla da dünyanın quyruğunu ağzına soxanları cəzalandıracaqlarına inanaraq gündə 40 rükət namaz qılırlar.
Amma nə məsələdirsə, sanki müsəlmanlar Məğribin hansı haqq yolunu seçdiyini bilmirlər. Şiəsi də sevinir, sünnisi də, nurçusu da, sələfisi də, vəhabisi də, bir sözlə, güləni də, ağlayanı da. Bunu görəndə adamın ağlına gəlir ki, deyəsən, sonuncu imam artıq zühur etmişdir ki, bütün dünya müsəlmanları birləşib və şadyanalıq edirlər. Eşitdikləri bu şad xəbərin istisindən sonra hamıya məlum oldu ki, eyha, bəs bu Məğrib, doğrudan da, namazı necə qılacaq, hansı üləmaların, hansı müşteyidlərin, mürşidlərin fitvasına uyacaq?! Belə olmaz axı. Ona həqiqi İslamı hökmən izah etməliyik. Elə dava da burda düşdü. Məğribin hansı təriqətə inandığını əks etdirən bir çox şayiələr yarandı ki, Məğrib belə başını itirdi. Özü guşənişinliyindən çıxmamış aləm dəydi bir-birinə. Biri dedi ki, bəs xəbəriniz yoxdu ya, neçə ildir, bu məğrib Osmanlı diyarına gedib gəlir. Üzdə başqa bir şey göstərsələr də, sən demə, bu əməlisaleh sultan ona dini-İslamı əxz edirmiş. Adam namazlı-dualı bir müsəlman olub. Allah sultanımızdan razı olsun.
Bir tərəfdən də Şeyx Şamilin yarım-yapalaq müridləri öz qəm pəncərələrindən elan etdilər ki, hələ heç vaxt belə xoşbəxt olmamışıq, inanırıq ki, Məğrib qərdeşimiz yaxın zamanlarda bütün kafirlərə və münafiqlərə qarşı cihad elan edəcəkdir. Bu isə o demək idi ki, hamınız oturun yerinizə Məğrib bizim təriqətdəndir, əlhəmdülillah!
Digər bir qüvvə isə müsəlmanlığı qəbul etmiş bu Məğribin sələfilərə verdiyi dəstəyi və yaxınlığı xatırladıb, hamıya dedi ki, oturun yerinizdə. Peyğəmbər əfəndimizin həyatını olduğu kimi yaşayan bu inanc sahibi haqqa gedən yolu çoxdan bulmuşdur. Bu isə qiyamətin baş verməsindən əvvəl bütün insanların müsəlman olacağına işarədir.
Vəziyyətin bu dəmində şeytan əməli olan internetdə üzü bağlı, zehni sarıqlı, əli silahlı gədələr qəşəng bir klip yaydılar və sübut etməyə çalışdılar ki, “Kafirlərə ölüm! Məğribdən başqa hamı kafirdir.” Bu klipdə Çeçenistdanda kəsilən başlar, Gürcüstanda aparılan əməliyyatlar, Krımdakı qırğınlar, hətta Qarabağ müharibəsində Məğribin kafirlərlə işbirliyini göstərən faktlar sübut edirdi ki, o, zehni sarıqlılardan imiş. Yəni, onların İslamına tapınmışdır.
Xəlvətilik təriqətinin pərəstişkarları isə Məğribin aradan çıxmasını güşənişin olması ilə əlaqələndirdilər. Dedilər ki, xəlvətə çəkilib şeyximiz.
Bütün bunları öz profilində yerli-yersiz işarələnən statuslardan oxuyan şiə Məhəmmədhəsən əmi də Həzrət Abbasa yazmaq istədiyi mesajı silib fikrə getmişdi. Məhəmmədhəsən əmi yaman naçar qalmışdı. Hər şey bir yana, biz müsəlmanları birləşdirən yeganə bir şey vardı: sünnət. Bu Məğribi bığlı-saqqalı vaxtında kim sünnət edəcək, necə sünnət edəcək, nə ilə sünnət edəcəklər? Yaxşı, tutalım, birtəhər həllini tapdıq, böyük toydan sonra kiçik toyu necə edəcəyik? Görəsən buna üləmalar necə fətva verəcəklər? Məhəmmədhəsən əmi də elə bu bəşəri mətləbi cənab Həzrət Abbas cənablarına tələsik yazdı. Bir də xahiş etdi ki, heç olmasa Həzrət Abbas elə etsin ki, bu məğribi biz kəsdirək. Heç olmasa bizim dəllək bu səvab işə batar, toyunda pulu biz yığarıq.
Məhəmmədhəsən əminin bu açıq fikirliliyini görüb dərindən ah çəkib, rahatladım, İlahi ədalətin bərqərar olacağına ümid edərək əlimin birini kitabımın, birini də qəlbimin üstünə qoyub gözləməyə başladım. Bu dəfə heç olmasa Məğriblə Məşriqin toqquşmasından bizim Məhəmmədhəsən qabağa düşəcəkdi. Allah axırın xeyir eləsin.

Bölmə : Şəmil Sadiq, Yazarlar
KÖŞƏ YAZARLARI
TOP 10