Məhəbbət Təranələri – Mirzə Şəfi Vazeh

31 Baxış

1417706182_mirze-sefi-vazeh

Senet.az oxucularına Mirzə Şəfi Vazehin “Məhəbbət təranələri” şeirini təqdim edir.

 

Məhəbbət Təranələri

Bu kiçik məhəbbət təranələrim,

Yaranmış ətrindən tər nanələrin.

Əks-sədasıdır bu səslər, ey dost,

Eşqin, səadətin və nalələrin…

****

Ağlımla qəlbimin özgə yolu var,

Hər biri bir yolda puç edər məni.

Birisi sevdadan uzaqlaşdırar,

O biri sevdaya tuş edər məni.

****

Ağlım gecə-gündüz yazıq qəlbimi,

Daima danlayar, daima söyər.

Qəlbimsə sevdaya bir həris kimi,

Daima istəyər, daima sevər.

****

Şərab məclisində, gül məclisində,

Dodaq məclisində, dil məclisində,

Verərkən hurilər şirin busəni,

Şeytanın lənəti qorxutmur məni.

****

Günəş işığını yayıb hər yana,

Min rənglə nur səpir mavi ümmana.

Onun şöləsindən bərq vuran sular,

Az qalır alışa, az qalır yana.

****

Sənə oxuduğum təranələrin,

Sonsuz ümmanında günəşsən, pərim!

Odur ki, bərq vurub yanır, parlayır,

Çöhrənin şövqündən bu nəğmələrim.

****

Yenə gəldi qızıl gülün dövranı,

İşıq saçıb dörd bir tərəf vurdu bərq.

Cilvələnib yer üzünün hər yanı,

Dodaqların busəsinə oldu qərq.

****

Gül bülbülə, bülbül gülə etdi naz,

Ürəklərdən uçub getdi kədər, qəm.

Qocalar da budur, – deyib – gəldi yaz!

Gülüm, meyin məclisinə oldu cəm.

****

Qovuşan zamanda könül-könülə,

Nəfəslər nəfəsə, çiçəklər gülə.

Dodaqlar edərkən abi-həyat nuş,

Ağıl sərxoş olur, başdan çıxır huş.

Ötərgi hisslərə amma vermə haqq.

Hər adi cismani nəşədən uzaq!

Bizim sevdamızın ülvi qüvvəsi,

Nəcib arzuların səsidir, səsi!

****

Sənin dodağından busə almasam,

İllərlə yanında mehman qalmasam,

Bu fani dünyaya nə etsəm yenə,

O qismət eyləməz səadət mənə.

****

Baxışın qəlbimə işıq, nur çilər,

Onunla dünyanı ağıl dərk edər.

Ən nəcib hisslərin açarıdır o,

Ömrümün-günümün baharıdır o!

****

Şirin arzularım göylərdən dərin,

Mənim sarbanımdır şux nəzərlərin.

****

Küləklər işlədir dəyirmanları,

Maşını tərpədir suyun buxarı.

Döyüşə sövq edir bu qəlbimizi,

Coşan hissimizin sərt tufanları.

Lakin min küləkdən, tufandan, sudan,

Bütün qüvvələrin hamısından inan,

Bir güclü qüvvə var, bir güclü nəsim,

Sənin məlahətli, incə nəfəsin!

KÖŞƏ YAZARLARI
TOP 10