Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi? – Şəmil Sadiq

63 Baxış

sadiq

Bu yaxınlarda qohumlardan biri ilə kiçik mübahisəmiz oldu. Deməli, o, 10 yaşlı qızını qapandırır, yəni qız uşağı örtünür. Buna etiraz edəndə və yanlış addım olduğunu deyəndə söylədim  ki, o hələ qanmır axı, uşaqdır, din isə şüurlu şəkildə qəbul edilməli ideologiyadır. Uzun sözün qısası, qohumu bir az tənqid etdim!

Adam qəfil elə bir sual verdi ki, hələ də lakonik cavab tapmaqda çətinlik çəkirəm. Dedi ki, uşaqlarını niyə 6 yaşından məktəbə qoyursan, özü getmir. Mən dili qafil də debat bacarığımı unudaraq dedim ki, o nə qanır, onu yönləndirmək lazımdır. Dedi ki, bəs indi bu da belədir də, bu nə qanır ki, din yaxşı şeydi, ya pis, örtünmək lazımdır, ya yox. Bunu da yönləndirmək lazımdır. Kənd arvadları demiş, əlim ağzımda qaldı. Açığı, cavab üçün gərək xeyli mübahisə edərdik və etdik də, amma adam beynində cavabını tapdığı suala digər cavab eşitmək istəmədiyində dediklərin bihudə gedər. Məktəblə örtünməni, dini bu cür müqayisə etməyin özü belə çox şeydən xəbər verir.

Söhbətimiz uzandı, mübahisə oldu, sonra incikliyə qədər gedib çıxdı ki, bunu qohumluqda birtəhər ört-basdır etmək mümkündür.

Qohumumun bir sualı da oldu, sən Füzulidən ağıllısan (şiə olduğunu anlarsınız yəqin)? Bu sualı ona görə verirdi ki, Məhəmməd Füzuli vəsiyyət edibmiş, öləndən sonra məni İmam Hüseynin ayaqları altında dəfn edin. Adam bunu deməklə mənə çatdırmaq istəyir ki, Füzuli İmam Hüseyni sevirmiş və bütün insanlar da sevməli imiş. Amma əmin olun ki, Füzulinin Kərbəla müsibətinə ifadə edən “Rövzətüş-şühəda”, “Məqatilit-talibin” və “Hədiqətüs-süəda” kimi iri həcmli əsərlər yazmasından xəbəri belə yox idi. Hətta Sabirin mərsiyələrinin olduğunu da deyib, mövzuya ədəbiyyat damarımdan girirdi. Mərsiyələrin adlarını soruşmadım, çünki bilirəm ki, təkyələrdə gecə-gündüz sinə vurub, başını süni şəkildə o tərəf bu tərəfə fırladaraq kədərləndiyini, təəccübləndiyi və ağlamsındığını göstərdiyi mərsiyələrin adını bilməmiş olmazdı?

Bu cür sualları yəqin ki tez-tez eşidirsiniz, hətta savadlı dindarlar olanda bu mövzuda daha dərindən üzürlər. Məsələn Fərabi, ibn Sina, Şəbüstəri, Sührəverdi, Nəsimi, Xətai kimi büyük zatları da misal gətirərlər, hətta bir az da milli damarı yaxşı işləsə, Mahmud Kaşğarinin Divani-Lüğət-Ət Türk əsərindən də nümunə gətirib İslamı təbliğ etməyə cəhd göstərərlər, öz aləmlərində. Sənin o böyük zatlara xüsusi rəğbətin olsa, hətta həmin zatları kumirlərindən biri kimi görsən, onda gəl səsini çıxart da… Məsələn, mən Şah İsmayılı İmperatorumuz kimi çox sevirəm, hətta idealım da hesab edirəm. Amma bu din məsələsi gələndə, lap misralarından birində özünü ”seyid” adlandırmasını oxuyanda ikilikdən əziyyət çəkirəm. Amma tez də onun dini məsələsinə baxmadan digər tərəflərini göz önünə gətirib, daxilimdəki çəkişməni yatırıram.

Bunları danışmaqda bir məqsədim var. Ona görə girişi belə əhvalat xarakterli etməyə çalışdım. Əslində, insan oğlu meyarsız, qaydasız yaşaya bilmədiyindən bu cür hallar doğur. Özü-özünü çərçivəyə salmaq, idarə olunmaq, inandırılmaq, yönləndirilmək istəyir. Bu xislət ona elə hopmuş ki, onu bundan ayırmaq olmur. Adəmin özü belə o qadağan olunmuş meyvəni yemək üçün, babalı Həvvanın boynuna deyib, yedi. Bir-birilərinə dəstək olmasa idilər, tək yeməkdən qorxardılar.

Örtünmə ilə bağlı verilən sualı cahilcə hesab etdiyimdən cavab axtarmağa baş sındırmadım. Amma ikinci məsələdə dözmədim. Ona dediyim və demək istədiyim bir neçə fikri yazmaq istəyirəm və savadlıların da bu sualı verməsinə heyrət edirəm.

Mənə görə ağlı başında olan insan öz cinsindən olan heç bir insanın izi ilə getməyi özünə xüsusi vəzifə bilməməlidir. Qəbul etdiyi fikri ola bilər, fikrinə hörmət edə bilər, ağıllı fikirlərindən yararlana bilər, amma onun fətvası ilə canını belə qıya biləcəyi dərəcəyə qalxmasını heyvani hiss hesab edirəm. Heç bir insan heç bir insana nə Allah, nə peyğəmbər, nə imam, nə də alim ola bilməz.

Məhəmməd Füzuli mənim üçün yaxşı şairdən başqa bir kimsə deyil. Hətta lirik şair desəm, daha düzgün səslənər. Maraqlı fikirləri də ola bilər, bəyənərəm də, bəyənmərəm də. İmam Hüseynə olan sevgisini də anlayışla qarşılaram. Ona görə ki, əgər həmin Məhəmməd Füzuli sovetin qılıncının dalı da, qabağı da kəsən vaxtı Azərbaycanda yaşasaydı, onda Səməd Vurğun kimi, Süleyman Rəhimov kimi düşüncə sahibi olmayacağına kim zəmanət verərdi? Və ya Atillanın dövründə o istedad ilə yaşasaydı, kim zəmanət verərdi ki, Şaman olub ocaq başında dualar oxumayacaqdı?!

İnsan dövr və şəraitə, düşdüyü təsirə görə formalaşır.

Suala sualla cavab da vermək olar. Mirzə Fətəli, Mirzə Kazım bəy, İsa Muğanna, Hüseyn Cavid ağılsız adamlar idimi? Dinin içindən çıxıb, hətta daha böyük formada da sual vermək olar. Enşteyn, Freyd, Nitsşe, Viktor Hüqo, Engels, Marks, hətta bu gün elmi kəşfləri ilə dünyanı lərzəyə salan müasirlərimiz kimilər də mi ağılsız idi ki, müsəlman yox, xristian, yəhudi, buddist olmuşdular?

Və ya demək olardı ki, sənin dədən sovet dövründə yaşayıb, dinə biganə idi və gecə- gündüz yeyib içirdi, necə oldu ki, onun yolu ilə yox, Səid Nursinin, Sistaninin, Xomeyninin yolu ilə gedirsən?!

Savadsızı başa düşmək olur ki, eşitdiyini danışır, bəs savadlısı necə?

Gəldiyim nəticə budur ki, bir inancı kiməsə təqdim etmək üçün hansısa tanınmış şəxsin düşüncəsini, əməlini göstərməklə effektli etmək deyil. Tanrı bizə şüur deyilən bir şey verib ki, həmin şüur işləyirsə, onun yanacağı məntiqdir, məntiq nəyisə qəbul edirsə, əgər min üləma, min övliya gələ səni yoldan döndərə bilməz.

Bu tarixən belə olub, xalqın bir tərəfinə görə sayıb seçdiyi, hörmət etdiyi şəxsləri düzənbazlar həmişə təbliğat aləti kimi istifadə edib. Sən Füzulini böyük adam hesab edirsən, mən Axundzadəni. Bunları tərəziyə qoyub dartmaq isə ən böyük yanlışdır, hər ikisinin xətası ola bilər, hər ikisi kiməsə görə ideal, kiməsə görə heç kimsə ola bilər. Onları müqayisə etmək və birtərəfli yanaşmaq yanlışdır, amma onları müzakirə, təhlil etmək, bəyənib bəyənməmək isə fərdin düşüncəsidir.

Bu gün bizim Şərqin müxtəlif mövzularda Qərbdən geri qalmasının əsas amillərindən biri də şəxsiyyətləri ehkamlaşdırmasıdır. Qərb İsa peyğəmbəri tənqid edə-edə inkişafını təmin etdi, halbuki xristianlıq mövqeyindən baxsaq, İsa Tanrının oğlu, Məhəmməd peyğəmbərsə elçisi idi. O, Allahın oğlu dediyi şəxsi müzakirə obyekti etdiyi halda, bizə imamı, hansısa bir şairi nəinki müzakirə etməyi, hətta sevməməyi, elə əsrlərlə qadağan edən ənənələri sırıdılar. Onlara sadəcə gözü bağlı şəkildə inanmağı, sevməyi, ideal bilməyi öyrətdilər, məhz bu səbəbdən, durub desəm ki, Məhəmməd Füzuli İmam Hüseyndən böyük adam olub və buna görə də onun ayaqları altında basdırılmağını deməsi özünü kiçiltməyidir, çoxları tənqid edər ki, sən kimsən ki, Məhəmməd Füzuliyə bu sözü deyirsən?! Mən də el qınağından qorxaraq, susacağam və yalançı təvazökarlıqla, əlbəttə o böyük adam idi, mən onu müzakirə edə bilmərəm deyəcəm və səmimi olmayacağam. Səmimi olmayan bir cəmiyyətdə isə hər şey yalan üzərində qurulur və hamı bir-birini aldadır, necə ki edirik də.

Dərindən düşünəndə görürük ki, İslam Şərqi sadəcə görüntüdə bütləri yıxıb, daxilində isə bunu heç bir zaman bacarmayıb. Bütləşdirmək prinsipindən uzaq ola bilmədiyimiz üçün büt kultunun ən ağır formasını yaşayırıq.

Əgər insan məntiqlə düşünsə, cavabı müəmmalı məsələləri həmişə sorğular, araşdırar və ən düzgün qərara gələr. Məntiq isə vicdanla dost-doğmaca qardaşdır. Sadəcə vicdanın və məntiqin işləmə mexanizmini öyrənmək, dərk etmək lazımdır.

P.S. “Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi” sualına hökmən iki cavab var. Mənə görə, bu, kimin hansı tərəfdən baxmasından asılıdır. Amma əsas odur ki, hər ikisini ağıllı hesab etdiyin qədər də, hər ikisinin yanlışını görüb dilə gətirə biləsən. Bunu edə bildiyin zaman Yaradanın məzhəbindənsən, əks təqdirdə təriqətçisən ki, bu da bölücülük yaradır…

KÖŞƏ YAZARLARI
TOP 10