Məhəmməd Hadinin ədəbiyyatda bədii obrazı – Salidə Şərifova

41 Baxış

hadi1

Məhəmməd Hadinin yaradıcılığı daim ədəbiyyatşünaslığımızın maraq dairəsindədir. M. Hadinin bədii yaradıcılığı, həmçinin həyatı ona həsr edilmiş tədqiqat əsərlərində əsaslı şəkildə tədqiq edilməsi ilə diqqətdən yayınmır. Onun ədəbi irsi və fəaliyyəti ilə yanaşı, bədii obrazı da Abdulla Şaiqin “Xatirələrim”, Seyid Hüseynin “Ədəbiyyatımız tarixindən: Əbdülsəlimzadə Məhəmməd Hadi”, Mir Cəlalın “Şair vətəndaş”, Məmməd Cəfərin “Səni kim unudar?” və “İşıqlı düşüncələr şairi”, Əziz Mirəhmədovun “Məhəmməd Hadinin tərcümeyi-halına dair mənbələr” və “Məhəmməd Hadi”, Bəxtiyar Vahabzadənin “Sənətkarın faciəsi”, Kamal Talıbzadənin “Mən bir kitab…”, Abbas Zamanovun “Ülvi əməllər şairi”, İslam Qəriblinin “M. Hadi poeziyasında Birinci Dünya müharibəsi mövzusu” kimi əsərlərdə əksini tapa bilmişdir.

 

Məhəmməd Hadinin bədii obrazının Azərbaycan ədəbiyyatında yaradılması özünü üç istiqamətdə göstərmişdir. Birinci istiqamət M. Hadi qələminə məxsus publisist və nəzm parçalarında əksini tapmış şairin öz obrazı ilə əlaqəlidir. İkinci istiqamət – Azərbaycan ədəbiyyatı XX əsrin klassiklərindən olan M. Hadinin obrazının digər müəlliflər tərəfindən qələmə alınmış nəzm və nəsr nümunələrində xatirələr və bioqrafik elementlərin, ədibin mənəvi cəhətlərinin təsvir edilməsilə əlaqəlidir. Maraqlıdır ki, şairin bədii obrazının yaradılması zamanı bioqrafik elementlərinin, həmçinin onun mənəvi cəhətlərinin poetik işıqlandırılmasının bir – birinə qarışmasına baxmayaraq, onlar arasında şərti olsa da müəyyən sərhəd izləmək mümkündür. Üçüncü istiqamət isə M. Hadi obrazının gənc yazarlar tərəfindən ironik təsviri ilə əlaqəlidir.

 

Biz Məhəmməd Hadinin yaradıcılığını dərindən izlərkən, həm onun bir ədib kimi yaradıcılığı, həm də özünün qələmə aldığı əsərlərdə yaratdığı obrazı ilə yaxından tanış oluruq. Məsələn, M. Hadi 1908-ci ildə qələmə aldığı “Beşikdən məzara qədər bəşərin əhvalı” adlı fəlsəfi poemasında bəşərin beşikdən məzara gedən yolun zülm və əsarətdən keçməsini məhz onun keçdiyi həyat yolu ilə eyni olmasını, insan faciəsinin isə xəyanətdən, nəfsdən yaranmasını vurğulamışdır: “Əsərin bir çox parçaları avtobioqrafik mahiyyətdə olub, poema müəllifinin uşaqlıq və gənclik illərini canlandırırdı (maddi sıxıntı içində böyümə, yardım üçün daşürəkli bir dövlətliyə müraciət, təhsilin yarımçıq qalması və b.). Lakin qüvvətli bədii və fəlsəfi ümumiləşdirmə yolu ilə yazılmış bu poema yarımçıq qalmış olsa da avtobioqrafik əsər çərçivəsindən xeyli kənara çıxmışdır”. (Ə. Mirəhmədov)

 

M. Hadinin öz qələminə məxsus bədii nümunələrdə şairin obrazı pərakəndə şəkildə olsa da canlandırılmış, avtobioqrafik cizgiləri onun qələmə aldığı şeirlərində, publisistik yazılarında özünü göstərə bilmişdir. Onun qələmə aldığı şeir, poema və ya publisistik yazılarda yaşadığı dünyanın ziddiyyətli amilləri ilə yanaşı onun tar-mar olmuş taleyini izləmək mümkün olur. Biz onun “…əslində real gerçəkliyi də, cəmiyyətin özünü də ictimai cinahlara və silklərə, siniflərə və tayfalara, ümumiyyətlə heç bir sosial-siyasi intriqa qütblərinə, məhdud subyektiv təmənna və mənafe təbəqələrinə parçalamayan, dövrünün milli azadlıq hərəkatını ümumxalq oyanışı, ümummilli intibah kimi tərənnüm edən” (Y. Qarayev) yaradıcılığını izləyərkən, M. Hadinin insan, insanın azadlıq problemlərini nikbin və ya bədbin şəkildə təqdim etməsinə baxmayaraq, azadlıq tərəfdarı olan bir obraz kimi özünü təqdim etməyə nail olduğunu müşahidə edirik.

 

M. Hadinin “Həyat”, “Füyuzat”, “İqbal”, “Bürhani-tərəqqi” kimi mətbu orqanlarında mühərriklik fəaliyyəti və qələmə aldığı publisistik yazılarında da ədibin müəllif obrazını görməmək mümkün deyil. M. Hadinin 1 mart 1915-ci ildə Ukraynanın Stanislav şəhərindən dostu, “Yeni füyuzat” jurnalının redaktoru olmuş Əlipaşa Hüseynzadəyə yazdığı “Məhəbbəti-səmimi, Əlipaşa qardaşım, tərk etmədin məni” şeir-məktubunda ədibin müəllif obrazı ilə rastlaşırıq. M. Hadinin şeir-məktubunda şairin çətin günlər yaşaması, dost deyənlərin yaman gündə onu tərk etmələri, Əlipaşanın ondan üz çevirməməsi, şairin dililə desək “oldun mənə müşfiq, mənə munus, mənə həmdəm” olması, həmçinin onun tək qalmasını görmək mümkündür:

Dost anladığımlar bütün olmuşdu girizan,

Olmaqda idim atəşi-əhzan ilə suzan.

Ol gündə mənə yari-vəfadar sən oldun,

Həmsöhbətü həmbəzmü həməfkar sən oldun!

Sən atmadın iştə o zamanlar məni, tutdun,

Guya ki, yetim bir cocuq idim də ovutdun.

 

Məhəmməd Hadinin müəllif obrazı qələmə aldığı məktublarında, həmçinin xatirələrində açıqlanmışdır. «Təsviri-məhəbbət yaxud vərəqi-eşqü məvəddət», «Tələbəlik xatiratından», «Dəftəri-həyatımdan bir vərəq yaxud xatirati-səbavət», «Məsləkim, nədir o?», «Əsri-təcəddüd və iki qüvvə», «Səadəti-zailə» kimi əsərlərdə M. Hadi həyatının müəyyən məqamlarına işıq salmaqla özünün müəllif obrazını çatdırmağa nail ola bilmişdir. Bu şeirlərdə Hadinin həyatının müəyyən məqamlarını, uşaqlıq illərini, valideyn və müəllimləri haqqında düşüncələrini, uğursuz məhəbbətini duyur, keçdiyi həyat yolunu gözümüzdə canlandırırıq. Uşaq vaxtından doğmalarını itirmiş M. Hadinin təhsil almaq istəyi qələmə aldığı poetik nümunələrdə görmək mümkündür. M. Hadi təhsilini davam etdirmək məqsədilə varlı qohumlarından yardım istəyi, heç bir nəticənin olmaması, şairin təhsilini davam etdirmək arzusu onun gözüaçıq, dünyada baş verən hadisələri anlayan dərrakəli bir insanın obrazını gözümüzdə canlandırır:

Oxumaqçın nə qədər dadu fəqan etdimsə,

Olmadı zərrə əsərbəxş şu istimdadım.

Dağa dersən eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

 

Məhəmməd Hadinin qələmə aldığı şeirlərində biz ədibin səhhətinin korlanmasının və maddi vəziyyətinin ağırlaşmasının, onun içkiyə qurşanmasının, içkinin məhz onun dərdlərinin unudulmasına yardımçı olmasını izləyirik. M. Hadinin «Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir edən bir lövhədir» şeirində bunun əyani şahidinə çevrilirik:

Süyuli-qəm ediyor qəlbimi xərab mənim,

Cahanda sanki nəsibimdir iktirab mənim.

Xilas olmağa, Hadi, yədi-bəlayadən

Dəvayi-dərdi dilimdir şərabi-nab mənim…

 

Məhəmməd Hadi obrazının yaradılması zamanı bioqrafik elementlərin işlədilməsinin kamil nümunəsini Abdulla Şaiqin “Xatirələrim”də rast gəlirik. M. Hadi ömrünün son zamanlarında maddi imkansızlıq ucbatından poemasının çap olunduğu kitabları, ayrı-ayn şeirlərini vərəqlərə yazaraq satmaq məcburiyyətində qalmışdır. M. Hadinin «Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir edən bir lövhədir» şeirində əks etdirdiyi həyat tərzinin Abdulla Şaiqin xatirələrində bir daha təsdiqini tapmış olduğunun da şahidi oluruq: «bir gün küçədə ona rast gəldim. «Hərarətli şeirlərim» adlı mənzuməsini mənə uzadıb «al, beş manat ver!» dedi. Mən cibimdə olan on manatın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. «Şaiqciyim, bağışla, tanımadım» dedi. Nə qədər israr etdimsə pulu almayıb getdi… «Tutulmuş olduğu sərxoşluq onun … göz açıb dünyaya daha aydın münasibət bəsləməsinə imkan vermirdi…»

 

N. Həsənzadənin “Nəriman” poemasında əksini tapmış “Hadi və əsgər” əsərində M. Hadi və vətəni uğrunda döyüşən əsgər arasındakı dialoq şairin bütöv obrazı ilə tanış olmağa imkan yaradır. Əsgərin “tanıdım şairim, nədir möhnətin, sən əziz oğlusan bir məmləkətin” kimi fikirlərində şairin millətin sevimli oğlu olmasının təsdiqini tapmasını müşahidə edirik. N. Həsənzadə bu misralarla M.Hadiyə xalqın məhəbbətini izhar edə bilir. Şairin obrazını təsvir edən N. Həsənzadə M.Hadinin dili ilə onun keçdiyi əzablı həyat yolunu işıqlandıra bilir:

Hankı məmləkətin, hankı millətin?

varmı elə bir şey…sən nə söylədin?!

Saldat, istəyirsə məni məmləkət,

De, neyçin səfillər padşahıyam?

 

Nəriman Həsənzadə Hadinin dili ilə qələmə verdiyi fikirlərlə məhz şairin səfil, acınacaqlı həyat tərzi sürməsinin acısını oxucusunun gözündə canlandırmağa cəhd edir. “Yollara atılmış qara şahıyam” deyən Hadi obrazı çılpaqlığı ilə oxucusuna özünü göstərə bilir. Hadinin dili ilə N. Həsənzadə şairin sağlığında ədibə lazımı dəyərin verilməməsi amilinə toxunaraq qələmə alır:

Nə şerə, nə sözə hörmət etdilər,

bir şair görəndə niftər etdilər.

Ölü ürəklərdə həvəs görmədim,

bir isti, bir doğma nəfəs görmədim.

 

Xalq şairi Rəsul Rzanın M. Hadiyə həsr etdiyi “Məhəmməd Hadi” başlıqlı şeirində məhz ədibin keçdiyi həyat yolunun acıları qısa da olsa oxucunun gözündə canlanır:

Şeir yaza bilmirəm.

Nə ürəyim göynəyir,

nə sözlər yandırır dodaqlarımı.

Ağrısız, göynəksiz

şeir olarmı?!

Biz M. Hadinin ömrünün sonlarında ağır maddi ehtiyac içində olması faktları haqqında məlumatları ədibin həmkarlarının xatirələri vasitəsilə əldə edirik. Əli Nəzminin xatirələrini mütaliə edərkən, M.Hadinin 1920-ci ilin baharında ağır maddi ehtiyac içində yaşaması, hətta həmin ilin mayında, təqribən bolşeviklərin əleyhinə baş qaldıran Gəncə üsyanından bir neçə gün sonra xəstəxanaya yerləşdirilməsi, həmin günlərdə vəfat etməsilə tanış oluruq.

 

Manaf Süleymanov “Eşitdiklərim, oxuduqarım və gördüklərim” kitabında Məhəmməd Hadinin ədibin ağır həyat yaşaması faktına nəzər salmışdır: “…Hadi artıq taqətdən düşmüşdü, əynində nimdaş çuxa, qara şalvar, ayaqlarında köhnə çəkmə gəzərdi. On doqquzuncu ildə Nikolayevski (Kommunist) küçəsində durmuşduq. Bu vaxt bizdən aralı bir maşın dayandı. Avtomobildən Müsavat hökumətinin baş naziri düşdü, şairə yaxınlaşıb salam verdi və dedi: “Hadi əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsız». Şair onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: «Gedin! Şairinki nazirlə tutmaz!”

Balayar Sadiqin «Hadinin səsi» şeirində M.Hadinin keçdiyi həyat yolu, ədibin dili ilə canlandırılaraq oxucuya çatdırılmışdır. Oxucu məhz ədibin dili ilə verilmiş misralardan keçmişə boylanaraq Hadinin obrazını tam görməyə nail ola bilir:

Sükut beşiyində üşüyər qəbrim,

Üstünə nə oğul, nə qız gələcək.

Balayar Sadiqin bu misralarında M. Hadinin övlad sahibi olmaması faktı ağrı ilə vurğulanmasını duymamaq mümkün deyil. B. Sadiq M. Hadinin hüriyyət şairi olması amilini qabardaraq qələmə almağa nail ola bilmişdir:

Dünyanın yeganə şairiyəm mən,

Vətənim-kədərdi, millətim-qəmdi.

Torpağın altında sümük əllərim,

Haqqın qapısına uzalı qalıb.

 

Əbülqasım Əminzadənin Məhəmməd Hadi haqqında xatirələrini mütaliə edərkən ədibin həyatında baş verən hadisələrin təsviri, əsasən də uşaqlıq illəri, mühərriklik fəaliyyəti, mətbuatda məqalələrlə, mənzum və mənsur əsərlərlə çıxış etməsi, Tiflisə səfəri, 1903-cü ildə Kürdəmirdə məktəb açması və dərs deməsi, Kürdəmir məscidi hücrələrinin birində yaşaması, A. Səhhət, M.Ə. Sabir, S.Ə. Şirvani ilə əlaqələri, İstanbula səfəri, Salonikiyə sürgün edilməsi, orada yunan polis tərəfindən türk casusu hesab edilərək həbs edilməsi, Odessada keçirdiyi günlər haqqında geniş məlumat, Odessadan keçərək Bakıya gəlməsi və s. ilə yaxından tanış olmaq mümkündür.

Xalq yazıçısı Sabir Rüstəmxanlının səkkiz bölümdən ibarət olan “Şair və şər” romanında M. Hadinin həyatını dəyişmiş zəlzələ haqqında, Kürdəmirdəki müəllimlik fəaliyyəti, Bakı həyatı, ümidlə İstanbula getməsi, ümidlərinin puça çıxması, Bakıya dönüşü, həmçinin Balkan, Birinci Dünya savaşlarının ədibin həyatına təsiri açıqlanmışdır.

Onun ağır həyat tərzi sürməsi həmkarları və dostlarının xatirələrində ürək ağrısıyla qeyd edilmişdir. A. Şaiqin xatirələrində M. Hadinin maddi sıxıntılar içində yaşamasının şahidi oluruq: “Bir gün küçədən keçərkən üst-başı girli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki, tanılaçaq halda deyildi. O, titrək bir səslə: – Şaiq məni tanımadın?- deyə soruşdu. Səsindən və gözlərinin rəngindən Hadi olduğunu tanıdım. Qucaqlayıb bağrıma basdım.”

 

M. Hadinin bioqrafiyasının diqqətlə təhlil edilməsinə baxmayaraq, onun vəfat etməsinə dair sətirlər faktoloji baxımdan mübahisəli xarakter daşıyır. M. Hadinin vəfatı ilə bağlı müxtəlif xarakterli məlumatlar yayılmışdır. Belə ki, Əli Nazim şairin 1920-ci ilin may ayında Gəncədə soyuq dəymədən vəfat etdiyini, Abdulla Şaiqin M.Hadinin təxminən 1919-cu ilin axırları, 1920-ci illərin əvvəllərində Gəncədə birdən-birə “yox olmasını”, hətta dostlarının, qələm yoldaşlarının onu axtarmaları, tapa bilməmələri, Gəncə üsyanı zamanı “Qırın bu kafirləri, onlar bizim dövlətimizi əlimizdə aldı” kimi çağırış edən ədibin üsyan zamanı ələ keçirilməsi və bolşeviklər tərəfindən güllələnməsi kimi fikirlər özünü göstərməkdədir. Bu fakt M. Hadinin nə zaman vəfat etməsi və bu günə qədər harada dəfn olunmasının heç kəsə məlum olmaması faktı ilə də bağlıdır.

Eldar Baxışın “Məhəmməd Hadiyə” şeirində məhz Məhəmməd Hadinin ölümünün bu məqamı, yəni mübahisəli, qaranlıq məqamlara aydınlıq gətirməyə cəhdləri oxucuya təqdim edilir:

Xallandı gül – butasında.

nər qarnında – qartasında.

Bir şairi öldürdülər

Bir ölkənin ortasında, -

ölkə bilmədi-bilmədi.

Məhəmməd Hadinin öldürülməsi və ictimaiyyətə çatdırılmaması, cəmiyyətdən gizli saxlanılması faktı məhz Eldar Baxış tərəfindən şairə həsr edilmiş şeirində əksini tapmışdır.

Eldar Baxış Abdulla Şaiqin M. Hadinin birdən birə “yox olması” faktını “Qərib birdən yoxa çıxar” sətri ilə qeyd edərək, məhz bu amili şeirində qabartmağa cəhd etmişdir:

Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

dağda qar olmaz – qar olmaz

 

Məhəmməd Hadi ağır, lakin layiqli həyat tərzi sürməsi, onun Azərbaycan və dünya ədibləri ilə müqayisəli təsvir edilməsi də geniş yayılmışdır. Onu vurğulamaq yerinə düşərdi ki, milli romantizmin ideya-bədii prinsiplərini zəngin yaradıcılıq təcrübəsində və publisistik yazılarında əks etdirməyə qadir olmuş Məhəmməd Hadinin bədii ədəbiyyatdakı obrazı həmçinin digər qələm sahiblərinin müəllif təxəyyüllünün məhsulu kimi özünü büruzə vermişdir.

M.Ə. Rəsulzadənin “hürriyyət vurğunu” adlandırdığı şairin əlyazmalarını məcburiyyət qarşısında qalıb satması faktına Eldar Baxış qələmə aldığı “Yox” şeirində toxuna bilmişdir. Maraqlı məqamlardan biri də ədəbiyyatda M.Hadinin şair kimi digər Azərbaycan şairləri ilə birgə təqdim edilməsi, onun acınacaqlı, faciəli həyat sürməkdə tək olmaması faktı ədəbiyyatdan yan keçməmişdir. Bu məqamın E.Baxış tərəfindən oxucuya çatdırılmasını müşahidə edə bilərik:

Rəhmətlik Sabir,

rəhmətlik Məhəmməd Hadi,

rəhmətlik Hüseyn Cavid

küçəyə, bazara çıxardıb

sabunlarını satdılar,

tiyanlarını satdılar,

köynəklərini satdılar,

əlyazmalarını satdılar,

ömürlərini satdılar,

günlərini satdılar,

nələri var satdılar,

özlərini,

ruhlarını yox!

B. Vahabzadənin “Təzadlar” poemasının “Üsyan” başlıqlı hissəsində “Hadini Vətəndən qaçaq saldılar” kimi qısa bir sətirdə ədibin ağır həyatı, səfilanə dolanmaq zorunda qalması göz önündə canlandırılmış, ədibin adı dünya şöhrətli Dante, Puşkin, Feyxtvangerlə bir sırada çəkilərək, onlar kimi nakam olmaları faktı qabardılmışdır:

Gəlin, varaqlayaq keçmiş illəri,

Düşünən başlara qılınc çaldılar.

Danteni,

Puşkini,

Feyxtvangeri,

Hadini Vətəndən qaçaq saldılar.

B. Vahabzadə “Təzadlar” poemasının “Suallar” hissəsində də ədəbi-tarixi mənbələrdə əksini tapmış faktlara əsaslanaraq, həyata bağlı olan M.Hadinin çətin, keşməkeşli həyat sürməsini gözümüzdə canlandırmağa nail ola bilmiş, London, Sveyk, Hem kimi dahilər kimi eyni acınacaqlı tale yaşaması faktını qabarda bilmişdir:

Hadi də,

London da,

Sveyk də,

Hem də,

Həyata necə də qəlbən vuruldu.

Elə ki, tapdılar nəşəni qəmdə,

Hər biri özünə bir qatil oldu.

Onlar dedilər ki, – əsəblərimiz

Daha dözə bilmir, gərilib simtək.

Könüllü gəlmədik bu dünyaya biz,

Nə olar, dünyadan könüllü getsək?

 

Sabir Rüstəmxanlının dövrünün tarixi yaddaşı ilə yanaşı milli-mənəvi dəyərlərini oxucuya çatdırmağa nail olmuş “Şair və şər” romanı da keçmişin və bu günün aspektindən təhlil süzgəcindən keçirilərək ictimaiyyətə təqdim edilmişdir. S. Rüstəmxanlı M. Hadinin parlaq obrazını yaratmağa nail olaraq, hadişünaslıq sahəsində şairin ədəbi irsində əksini tapmış bir çox problemlərə nəzər sala bilmişdir. Romanda Azərbaycan ədəbiyyatının dahi siması M. Hadinin real avtobioqrafiyası və yazıçının müəllif təxəyyülü fonunda məsələlərin əksini tapması, ədibin həyatı ilə yanaşı ədəbi irsi haqqında təəssürat yarada bilir. S. Rüstəmxanlı tərəfindən mütəffəkir şəxsiyyət M. Hadinin bədii obraz kimi təqdim edilməsi həm M. Hadi obrazının tarixi və bədii səciyyəsi arasındakı münasibətlərinin əks etdirilməsi, həm yaradıcılığının nəzəri aspektdən izlənilməsinə şərait yaradır. S. Rüstəmxanlı M. Hadi haqqında mənbələrdə əksini tapmış faktlara, ədiblə bağlı avtobioqrafik məlumatlara əsaslanmaqla müəllif təxəyyülündən istifadə etmişdir.

Ramiz Rövşənin vətən, millət üçün hüriyyət, insan azadlığını yaradıcılığının ali qayəsinə çevrmiş M. Hadiyə həsr etdiyi şeir müəllifin tarixi obraza yaradıcı yanaşması ilə diqqəti cəlb edir:

Bir dostum, arxam olmadı,

Mənsiz darıxan olmadı,

Ha yandım, baxan olmadı,

İndi yox külümdən əziz.

Xalq şairi Ramiz Rövşən Məhəmməd Hadinin çətin vaxtlarında ona həyan olmayan insanlara münasibətini əks etdirmişdir. Hətta M. Hadi üçün ölümün yaşamaqdan, yaşamaq üçün mübarizə aparmaqdan əziz olması amili də R. Rövşən tərəfindən ağrı ilə oxucuya çatdırılır:

Bir adayam, qərib ada,

Doğmalarım döndü yada,

Daha mənə bu dünyada

Nə qaldı ölümdən əziz?!

Məsud Əlioğlunun qeyd etdiyi kimi «M. Hadinin şəxsi həyatı ilə birgə yaradıcılıq taleyi, istedadı da aramsız faciələrə məruz qalmışdır. Mənəvi sıxıntı və ruhi məhrumiyyətlər, həyata atıldığı ilk günündən şairin şəxsiyyətini əzib incidən amillər kimi, onun şeirlərinin ruhuna, yaradıcılıq həyatının fikir-məna qaynaqlarına da, bədbinliyin ağır və boğucu havasını gətirmişdir».

Zəlimxan Yaqubun Məhəmməd Hadiyə həsr etdiyi “Ucalıq” şerində də ədibin obrazı əksini tapmışdır. Üsyankar ruhlu əsərlər müəllifi Məhəmməd Hadinin yaradıcılığını dərindən duyaraq onun millətin milli şüuruna təsirini, məzlumların azadlıq, səadət və hüquq bərabərliyi arzularını tərənnüm etməsini nəzərə almış Z. Yaqub bu amili belə tərənnüm etmişdir:

Hadi söz yazmırdı ki,

qulaqlarda top atırdı,

Hər kəlməsi duyanlara üsyan kimi gəldi.

Azərbaycan ədəbiyyatında Məhəmməd Hadi obrazının gənc müəlliflər tərəfindən qələmə alınması maraq doğurur. Təəssüf doğuran məqamlar da özünü göstərməkdədir. Belə ki, gənc yazar və şairlər M. Hadi obrazını kinayə ilə vəsf edirlər. Onların qələmə aldıqları bədii nümunələrdə baş vermiş olaylara ironik münasibət özünü göstərməkdədir. Fərid Hüseynin “Didərgin Məhəmməd Hadiyə” başlıqlı şeirində M. Hadinin şair obrazı kinayə ilə vəsf edilir:

Qayğısız günlər idi,

şeirini satırdın,

şeir alan əllərə uzadırdın əlini…

Daha sonra Fərid Hüseyn müasir cəmiyyətdə baş verən olayları təsvir etməklə M. Hadiyə

…nə yaxşı ki, görmədin

bu susmaq alverini…

deyərək müraciət edib, yaşadığı cəmiyyətdə gedən hadisələrə münasibət bildirir:

Biz şeirimizi yox, özümüzü satıb yorulduq,

alnımızdan kirli əllər sildi,

puçur-puçur tərləri.

Onu vurğulayaq ki, Məhəmməd Hadinin şeirlərini satması faktı Kəramət Böyükçöl tərəfindən də qələmə alınaraq oxuculara təqdim edilmişdir:

…əlləri piştaxtası

əlləri arxasında

şeir satırdı Hadi.

Hadinin dörd əli vardı

İkisiylə şeir satırdı

İkisiylə üzünü tuturdu.

M. Hadi kimi ədibə müraciət zamanı ifşa üsulu, tənqid formasına aid olan ironik təfəkkürün işlənilməsi bayağı görünməklə, zahirən müsbət mənada deyilib mənfi anlam bildirmək baxımından, şairin yaradıcılığına dəyər verilməməsinin təzahürü kimi büruzə verir.

 

Azərbaycan ədəbiyyatında Məhəmməd Hadi obrazının əks etdirilməsi ədibin şəxsiyyət kimi tanınması və dərk edilməsi prosesinə, ədib haqqında təsəvvürlərin, onun zahiri görkəmini, dünyagörüşünü, mənəvi keyfiyyətlərini qiymətləndirməyə yardımçı olması, şairin keçmiş, indiki və gələcəklə bağlı zamanda qavranılmasına təkan verir. Məhəmməd Hadi obrazının bədii ədəbiyyatda müxtərlif aspektlərdən işlənilməsi, ədibin real M. Hadini, ideal M. Hadini, şair M. Hadini, vətənpərvər M. Hadini, hürriyyət axtarışçısı M. Hadini görür, bu fərqli, amma bir bir şəxsdə birləşən obrazla yaxından tanış olur, ədibin istedadlı şair və sadə vətəndaş statusunu qavramağa nail olur. Müxtəlif qələm sahibləri tərəfindən qələmə alınmış bədii örnəklərdə M. Hadinin necə şair və insan olmasını dərindən dərk edir, şairi olduğu kimi dəyərləndirməyə qadir olur. M. Hadi yaradıcılığının böyüklüyü, yaşarlığı ondadır ki, “…onun dayaz, fikirsiz, məzmunsuz, yalnız sənət naminə deyilmiş bir dənə də olsun boş misrasına rast gəlmək olmaz. Onun hər şeirində xalqın bir dərdi, bir arzusu qələmə alınmışdır.” (B. Vahabzadə)