Məhəmmədhüseyn Təhmasiblə bağlı kitab nəşr edildi

14 Baxış

92103_gorwuu2y0a

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində “Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun rəyi ilə oxucuların mühakiməsinə verilən sayca on birinci məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.

Kitabda Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məhəmmədhüseyn Təhmasibin (1907-1982) həyat və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən 18 fundamental araşdırma yer alıb.

Yeni nəşrdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Professor Məhəmmədhüseyn Təhmasib-folklor nəzəriyyəçisi”, akademik İsmayıl Hacıyevin “Təhmasiblər və Məhəmmədhüseyn Təhmasib, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Professor Məhəmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi”, professor Məhərrəm Qasımlının “Folklor karvanımızın müdrik sarvanı”, professor Yusif Səfərovun “Dastanlarımızın ustad tədqiqatçısı”, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Məhəmmədhüseyn Təhmasib bədii yaradıcılığa nə vaxt başlamışdır?” və digər tədqiqatçıların məqalələri öz əksini tapıb. Məqalələrdə görkəmli folklorşünas alimin folklorşünaslıqla bağlı tədqiqatları, nəsr, dram əsərləri, aktyorluq, pedaqoji fəaliyyəti əhatəli bir şəkildə işıqlandırılıb.

Məlumat üçün onu da qeyd edək ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində 2006-cı ildən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü, məsləhəti və elmi redaktorluğu ilə işıq üzü görən “Taleyi və sənəti” məqalələr toplusunun əvvəlki nəşrləri Məhəmməd ağa Şahtaxtlıya, Hüseyn Cavidə, Cəlil Məmmədquluzadəyə, Eynəli bəy Sultanova, Əliqulu Qəmküsara, Məmməd Cəfər Cəfərova, Məmməd Səid Ordubadiyə, Məhəmməd Tağı Sidqiyə, Əziz Şərifə və Məmməd Araza həsr olunub.

KÖŞƏ YAZARLARI
TOP 10