Məktəb – Ömər Faiq Nemanzadə

21 Baxış

nemanzade

Molla dayı. Gözümün ağı-qarası bircə oğlum var. O, bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan əlinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin nə həddi var idi ona bir söz deyə?

Gücü çatmayanı daşnan vurub yıxırdı. Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç arşın yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu!

Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub.

Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyi qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən istəməyəcək.

Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt… Allah baisin evin yıxsın ki, mənim evimi yıxdı, uşaqcığım xarab oldu. Çarəm kəsilib dedim şkolaya-zada getmə, sözümə baxmır. Neyləyək, dünən arvad gedib Çənbərəkəndinə mollaya baxdırıb, zalım oğlu elə deyəsən yanındadır, deyib ki, ay arvad, sənin oğluna cadu eləyiblər.

Bir neçə dualar yazıb verib və tapşırıb ki, hər həftədə bir dəfə gəl ona dua yazım apar, əgər sağalmasa bir-iki aydan sonra apar Nuxaya “Babaratma” pirinə, nə cür dəli olsa, orda sağalar. Bir də bərk-bərk tapşırıb şkolaya qoymayım. Ha deyirəm ki, getmə o xarabaya, qulaq asmır. Sən, deyirlər, dua yazmaq bilirsən, nə olar, bircə dua yazıb göndərəsən ki, oğlum şkoladan əl çəkə. İnşallah yolun quru qalmaz.

Dərdmənd,

“Molla Nəsrəddin”, 6 yanvar, 1907, № 1.

KÖŞƏ YAZARLARI
TOP 10