Şəki məktəblilərin COVİD-19 pandemiyasına həsr etdikləri esselər

45 Baxış

 

 

download

 

 

“Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq” layihəsinin elan etdiyi “Sağlam həyat tərzi nədir?” adlı məqalə müsabiqəsində seçilmiş 3 ən yaxşı məqalə

 

 

 Aslanbek İsmayılov

Şəki KBTRL (Kimya Biologiya təmayülü respublika liseyi)

IX sinif

Kiçik yaşlarımda nənələrimin mənim yanımda tez-tez işlətdiyi bir cümlə mənə qəribə gəlirdi. Bu “Can sağlığı hər şeydən vacibdir” cümləsi idi. Uşaqlarla oynayarkən yıxılaraq yüngül diz ağrısından başqa bir ağrı görməyən 5-6 yaşlı uşağa bu cümlə çox qəribə gəlirdi. Düşünürdüm ki, axı niyə can sağlığı?. Dünyada bu qədər gözəl oyuncaqlar, uzaqdan idarə olunan maşınlar varkən niyə can sağlığı bu qədər vacib olsun. Amma, illər gəlib keçdikcə nənələrimin sözlərindəki hikməti anlamağa başladım. Əvvəlcə ailə üzvlərimdə, sonra çevrəmdə yaşayan insanlarda müxtəlif xəstəlikləri və bəzən bu xəstəliklərin onların həyatı bahasına başa gəldiyini gördükcə nənələrimin bu sözlərinə haqq verməyə başladım. Ötən ilin əvvəllərində Çində bir xəstəlik meydana gəldi. Bu xəstəlik qısa bir zamanda dünyaya yayıldı. Xəstəliyin Yer kürəsinə vurduğu zərər insan üçün can sağlığının daha vacib olduğunu bir daha sübut elədi. Bu xəstəlik nəinki dünya əhalisinə, hətta dünya iqtisadiyyatına da böyük zərər vurdu. Covid-19 adlandırılan bu virus növü dünyaya yayılaraq yüz minlərlə insanların ölümünə səbəb oldu. Xəstəlik yoluxucu olduğuna görə ehtiyat tədbirləri alınmasına baxmayaraq qısa bir zamanda dünya ölkələrinə yayıldı. Ölkələr arasında olan gediş- gəliş yolları bağlandı, mal dövriyyələrinə məhdudiyyətlər qoyuldu, bütün təhsil ocaqları məcburi olaraq fəaliyyətini dayandırdı. Sanki yer kürəsi əhalisinin həyat fəaliyyətinə qara buludlar çökdü. Covid-19 yoluxucu xəstəlik olduğuna görə əksər iş yerləri bağlandı, hətta insanlar küçəyə icazə ilə çıxmağa başladılar. Xəstəlik sürətlə yayıldığına görə bizim ölkəmiz ehtiyat tədbirləri alan ilk ölkələr siyahısına daxil oldu. Azərbaycan dövləti Covid-19 xəstəliyinin qarşısını almaq məqsədi ilə ölkəyə daxil olan şəxsləri 15 gün karantində müayinə etdikdən sonra ölkəyə buraxdı, kafe restoranlar daxil olmaqla bütün kütləvi toplantı yerlərində insanların toplaşmaması qərarı qəbul elədi. Ötən ilin mart ayında toy və yas mərasimlərinin keçirilməməsi qərarı qəbul edildi. Ölkəmizin bir çox yerlərində modul xəstəxanaları tikildi ,xüsusi təlimatlarla çalışan tibb işçiləri bu xəstəxanada işləməyə cəlb olundu. Belə xəstəliklər meydana çıxan zaman bizimdə üstümüzə bir çox vəzifələr düşür. Bu vəzifələrdən biri xəstəliyin yoluxmaması üçün tətbiq olunan ehtiyat tədbirləridir. Sağlamlığımızı qorumaq üçün biz vacib olmadıqca evdən çıxmamalı, çıxdığımız zaman mütləq maska taxmalı, evə gələrkən əllərimizi, üzümüzü yaxşı-yaxşı yumalıyıq. Xəstəliyin yoluxmaması üçün ara məsafə saxlanılmalı yaxın təmas qurmamalıyıq. Unutmamaq lazımdır ki, xəstəliklərdən özümüzü qorumaq müalicə olunmaqdan daha yaxşıdır.

 

Nuray Səmədova

Şəki rayonu Sucma kənd tam orta məktəb

IX sinif

Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur.

Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Bu baxımdan hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Həmin amillərə infeksiyalar, orqanizmin həddindən çox soyuması və qızması, düzgün qidalanmamaq, az hərəkət etmək, xəsarət almaq, spirtli içkilər, siqaret qəbulu və digər zərərli vərdişlər və işlərlə məşğul olmaq, zəhərləmələr, şüalanmanın müxtəlif növləri, xüsusi ultrabənövşəyi və rentgen şüaları və s. aiddir. Həddindən artıq zehni və fiziki əməklə məşğul olmaq, istehsalat və məişət yükü, doyunca yatmamaq və yaxşı istirahət etməmək, daxili və xarici mühit amilləri, stress kimi faktorlar insan sağlamlığının pozulmasına səbəb ola bilər. Bütün bu səbəblərin düzgün bir qaydada həlli isə insan sağlamlığını qoruyan vacib ünsürlər hesab olunur. Təmiz hava gəzintisi, meşədə istirahət, günəş vannası qəbul etməyi də unutmaq olmaz. Yay fəslində daha çox tərləmə halları olduğu üçün içilən suyun miqdarına da fikir vermək lazımdır. Su aldığımız hava qədər vacibdir. Suyun tərkibi minerallarla çox zəngindir. Orqanizmdə gedən reaksiyalarda su həlledici rol oynayır. Bədən temperaturunu tənzimləyir, həzmə yaxşı təsir edir, zərərli maddələrin orqanizmdən ixrac olunmasına köməklik göstərir. Hamam və saunaya gedərək tərləmək də sağlamlığa xeyirdir. Orqanizmin müdafiəsində mərkəzi sinir sistemi və ali sinir fəaliyyəti mühüm rol oynayır. Maddələr mübadiləsinin isə istənilən səviyyədə olması üçün düzgün qidalanma və idmanla məşğul olmaq əsas cəhətlərdən biridir. İdman orqanizmi tarazlayır, qan dövranını tənzimləyir, stressdən uzaqlaşdırır. Sağlamlıq baxımından üzmək, qaçmaq, velosiped sürmək çox yaxşıdır. İnsanın fiziki sağlamlığı onun psixi vəziyyətindən, öz hisslərini cilovlaya bilməsindən, emosional narazılıqları aradan qaldırılma bacarığından, müxtəlif zövqlü və xasiyyətli adamların arasında harmonik münasibətləri peşəkarcasına tənzimindən də asılıdır. Bu baxımdan “Sağlam bədən sağlam düşüncənin məhsuludur” aforizmi sağlamlıq mövzusunda səhv düşüncənin müxtəlif fəsadlara səbəb olacağını da göstərir.

 

Fuad İnayətov

Şəki şəhəri 12 nömrəli tam orta məktəb

VIII sinif

Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafdakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar. Müasir dövrümüzdə kompüterdən istifadə etməklə istədiyimiz məlumatı çox asanlıqla əldə edə bilirik. Lakin uzun müddət kompüter qarşısında oturanda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, havada oksigenin miqdarı azalır. Belə mikroiqlimdə uzun zaman qaldıqda isə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyaları dəyişir, yorulma baş verir, orqanizmin yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Bundan əlavə, kompüter qarşısında çox və düzgün oturmadıqda onurğanın qeyri-normal əyriliklərinə (skolioz və qeyri-normal hala keçmiş kifoz və lordoz) təsadüf olunur. Bu isə daxili orqanların fəaliyyətinə öz mənfi təsirini göstərir. Sinir sistemini qorumaq bizim üçün çox vacibdir. Sinir sisteminin gərginliyi onun yorğunluğuna səbəb olur. Sizin də dərslərdən sonra istirahət etməniz vacibdir ki, zehni yorğunluğunuz aradan qalxsın. Fasiləsiz oxumaq orqanizmi zəiflədir və yaddaşı pozur. Buna görə də mütləq dərslərinizi hazırlayarkən arada fasilə verin. Daha sonra təmiz havada gəzin, idmanla məşğul olun, oyunlar oynayın. Ümumiyyətlə, oturduğunuz qapalı məkanlarda (sinif otağı, yeməkxanalar və s.) otağın havasını tez-tez dəyişsəniz, düzgün oturuş qaydalarına əməl etsəniz, sağlamlığınızı qorumuş olarsınız. İdmanla məşğul olmaq skelet və əzələləri möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, düzgün qaməti formalaşdırır. Parta arxasında düzgün oturmamaq, çiyinləri sallamaq, beli əymək, döş qəfəsini batıq vəziyyətdə saxlamaq dayaq-hərəkət aparatına mənfi təsir göstərir, onurğanın qeyri-normal əyriliklərinə səbəb olur. Gigiyenik qaydalara əməl edilmədikdə də həzm sistemi xəstəlikləri baş verir. Bunun qarşısını almaq üçün qidalarımız keyfiyyətli və təzə olmalıdır. Düzgün və vaxtlı-vaxtında qidalanma uşaqların inkişafı və sağlamlığının ilkin şərtlərindən biridir. Qidalanma beynin fəaliyyətinə müsbət təsir göstərir. Düzgün qidalanma müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır. Ümumiyyətlə, gündəlik qidalanmada müxtəlif ərzaqlardan istifadə olunmalıdır. Buna görə də qida rasionunuza meyvə və tərəvəz, ət, balıq və süd məhsullarını daxil etməlisiniz. Qidanın hər gün eyni vaxtda qəbul edilməsi və yaxşı çeynənməsi də sağlamlıq üçün vacibdir.