Məktub – Tamerlan İsmayılzadə

16 Baxış

 photo

Soyuq qış gününün sabahı idi. Bu sabah isti evimdə gözümü açacağım hələlik sonuncu sabahım olacaqdı. Səhər yeməyini yedikdən sonra, sıra artıq vidalaşmağa gəlib çatırdı. Evdə bacım və qardaşımla otağımızda oturub bir az söhbət etdikdən sonra onlarla bərk-bərk qucaqlaşıb otaqdan çıxdım. İkisi də doluxsunmuşdu. Toxunsam ağlayacaqdılar, sanki. Növbə anamla sağollaşmağa gəlib çatmışdı. Atam isə artıq maşınını işə salıb məni yola salmaq üçün gözləyirdi. Anamın gözləri qızarmışdı, deyəsən, daha öncədən də ağlamışdı. Gözlərindən bunu hiss etmək olurdu. Onu qucaqladım. Qoxusunu içimə çəkdikdə isə artıq mənim də gözlərim dolmuşdu. Sanki, ilk dəfə idi anamı qucaqlayırdım və o qoxu mənə hələ də həyatda olduğumu xatırlatdı. Anam ağladı. Oğlu əsgər gedirdi. Darıxacaqdı oğlu üçün. Mən də həmçinin. Vidaları heç vaxt sevməmişəm, ona görə də tez sağollaşıb evdən çıxmaq istəyirdim.

Əsgərliyə gedən gənclər hərbi çağırış məntəqəsinin qarşısında sıra ilə düzülmüşdü. Hərbi formalı bir adam siyahı ilə adları çağırır, adları çəkilənlər cərgənin önünə çıxırdılar. Qruplar hazır olduqda isə hərəsi bir hərbi hissə məntəqəsinə yola salınırdılar. Artıq bizim üçün ayrılan avtobusa minirdim. Atamla sağollaşdım. Gözü üstümdə idi. İlk dəfəydi ailəmdən uzun müddət ayrı qalacaqdım. Darıxacaqdım, amma artıq buna özümü hazırlamışdım. Avtobusun mühərriki işə düşdü. İstiqamət Bakıdan kənarda yerləşən hərbi hissəyə idi. Eşitdiyimə görə, orada qısa müddət hazırlıq keçdikdən sonra hər birimizi bölgələrə böləcəkdilər. Yolboyu başımı pəncərəyə söykəyib, düşünərək getdim. Gözümdə canlanırdı bütün dostlarım, tanışlarım, ailəm…  Hətta artıq internet dostlarım üçün belə darıxmağa başlayırdım. Daha öncə yaşamadığım çox qəribə bir duyğu idi.

Hərbi hissəyə öyrəşməyə çalışırdım. Burada hər cür sifətdə insan vardı. Geyindiyim formaya tez öyrəşmişdim. Özümü formada lap qəhrəman kimi hiss edirdim, amma sadəcə adi əsgər idim, hələ heç andiçmə mərasimimiz də olmamışdı.
İlk-üç ay gözləmədiyim halda tez keçdi. Deyəsən, yavaş-yavaş darıxmağa başlayırdım. Burada keçdiyimiz üç aylıq təlimdə “Hesablayıcı” ixtisasını almışdım artıq. Hər gün dərslərə girirdik. Məsələlər həll edib, döyüş hazırlıqları üstündə işləyirdik. Hesablama dedikdə ağlınıza toplama-çıxma əməlləri gəlməsin. “Hesablayıcı”ya aid cihazda verilən koordinatları hesablayıb rabitəçilər vasitəsi ilə “topçu”lara verməliydik. Onlar da həmin koordinatlar üzərindən düşmənlərin mövqelərini vuraraq məhv edəcəkdi. Ola biləcək bir müharibə şəraitində bundan istifadə edəcəkdik.

Bölünmə zamanı gəlmişdi. Hərbi çağırış məntəqəsində bölünmə ssenarisi yenidən təkrarlanırdı. Orada tanıdığım təlim yoldaşlarımla sağollaşıb bizi aparacaq “Uaz”a doğru getdim. Yola düşdük. Axşamüstü artıq dörd yüz əlli səkkiz günümü keçirəcəyim hərbi hissədə idim. Mülkü həyatda keçib gedən zaman vecinizə belə olmaz, amma hərbidə hər keçən günün bir önəmi var.

Bir daşın üzərində oturmuşdum. Qonşu kazarmadan olan bir əsgər məni mayor İsayevin çağırdığını söylədi. Mayor İsayev h/hissənin silah-sursat anbarının rəisi idi. Öz-özümə düşünürdüm ki, “mayor məni niyə çağırır, görəsən?”. Onunla yaxından-uzaqdan heç bir əlaqəm yox idi. Fikirli-fikirli h/hissənin qərargahına gəldim. Mayor İsayevin otağına keçdik. Salamlaşdıq.

– Yoldaş əsgər, sən hesablayıcısan, eləmi?

– Bəli, hesablayıcıyam, yoldaş mayor!

– Çox yaxşı, deməli, al bu vərəq-qələmi, anbardakı silahların sayını hesablayıb mənə məruzə edərsən.

Ağzımı açıb yoldaş mayora bu hesablama ilə hesablayıcı olmağımın heç bir əlaqəsi olmadığını demək istədim. Məni qabaqlayıb “bu axşam, ən geci sabah günorta yeməyinə qədər məruzə etməyə zamanın var” –  dedi. İçimdə mızıldana-mızıldana çölə çıxdım. İşə düşmüşdüm, gəl o qədər silahı, mərmini say indi. Yanımada mənə kömək etməyə kazarmadan kimi istəyirəm apara biləcəyimi dedilər. Yoldaşım Turanla razılaşdım. Mənimlə silah anbarına o gedəcəkdi. Silah və mərmiyə marağı olduğundan onunla getməyi istədim. Həvəsli olduğundan kömək edəcəkdi ən azından mənə. Turanın atası da bir zamanlar Qarabağ döyüşlərində olub, həmçinin, atasının da əvvəllər h/hissə komandiri olduğunu söyləmişdi. Mayor İsayev, Turan və mənim gözlərimi qara kəmər ilə bağladı.

– Bunu etmək məcburiyyətindəyəm, uşaqlar, – dedi.

Kazarmadan xeyli uzaqda bir əraziyə gəldik. Gözlərimizi açdı, hər yer qaranlıq idi. Sağa-sola baxmamağımızı tapşırdı. Gözümüzü yerə dikmişdik. Mayor əlindəki pultda üzərindəki qırmızı düyməni basdı. Üzərində durduğumuz torpaq yavaşcadan silkələnməyə başladı. Belə şeyi yalnız filmlərdə gördüyümü düşündüm. Yerin altından qapı açıldı. Pilləkənlərlə aşağı doğru düşdük. Qapı bağlandı. İçərisi olduqca işıqlı idi. Aşağısı bir kitabxananı xatırladırdı. Amma burada olanlar kitablar deyil, silahlar idi. Sıra ilə növbənöv mərmilər, silahlar yerləşdirilmişdi. Hər birinin altında da adları yazılıb vurulmuşdu. Yeni silahlardan əlavə köhnə silahlar da gözə dəyirdi. Mayor bizim nə iş görəcəyimizi tapşırdı. Görəcəyimiz iş köhnə silahların sırasında olan avtomatlara bir-bir baxıb, onlarda olan çatışmamazlığı qeyd etməli idik. Qundağında olan qırıqlara, ya da qundaqların olub-olmamağına diqqət edib, qeyd etməyimizi göstərdi. Mayor “Sizə arxayınam” deyib, çıxdı. İşə başladıq.

Turanla qutuların ağzını açıb, içindəki silahları sayırdıq. Bir tərəfdən də silahların üzərində olan əskiklərə baxırdıq. Silahlar məndə qəribə hislər oyadırdı. Kim bilir, bu silahlar bizdən əvvəl neçə əsgərin əlində olmuşdu, neçə düşmən öldürülmüşdü bu silahlarla. Ən vacibi, bu silahları istifadə edən əsgərlərin aqibətləri idi. Silahların qundaqlarının üzərində cürbəcür yazılar vardı. Çoxunun üstündə əsgərlərin adları, soyadları, hərbini bitirməklərinə neçə gün qalıb, onlar qeyd edilmişdi cızılaraq:

“253 gün, Bərdə, Həsənov, Ağdərə, Ya Allah!” yazıları bunlardan bəziləri idi.

Turan silahlara diqqətlə baxır, onlar haqqında bildiklərini danışırdı. Mənim fikrim, xəyalım isə hələ də bu silahların müharibədə işlədilməsində idi. Gözüm qundağının üzərində “qızlarım” yazılan silaha sataşdı. Yoxlayıb, siyahıda qeyd etdikdən sonra bir də baxmağa başladım. Min doqquz yüz doxsan üç yazılmışdı “qızlarım” sözündən əlavə. Əlimi qundağın ətrafında gəzdirdim. Sonra isə qundağın arxasında yumru deşik olur, hansı ki, barmaqla içəri itələdikdə qapağı aralanır, içinə daxil olur və orada silahı təmizləmək üçün parça qoyulur. Barmağımı içinə saldıqda əlimə kağız parçası toxunduğunu hiss etdim. Sanki ürəyimdə hiss etmişdim ki, bu silahda nəsə var. Birtəhər içində barmağıma toxunan kağız parçalarını sünbənin köməkliyi ilə çıxartdım. Boru şəklində yumrulanmış bir şəkil və balaca kağız parçası var idi. Həyəcanla çıxartdığım kağızları əlimlə düzləşdirdim. Şəkildə, deyəsən, bir ailə var idi. Yəni, mən elə düşünürdüm. Divanda bir cavan oğlan və qadın əyləşmişdi. Hər birinin qucağında isə balaca qız uşaqları. Təxminən 2-3 yaşları vardı. Kağızda  isə qeyd vardı. Kiril hərfləri ilə yazılmışdı: “Qızlarıma onları çox sevdiyimi söyləyin. Aysel və Nigara. Sumqayıt şəh., 2-ci mikr., Bina 66, mənzil 40. Fərrux İsmiyev”.

Kövrəlmişdim. Bir əsgərin bəlkə də övladlarına deyəcəyi son sözlər idi bunlar. Bu sözləri də təxminən 22 il aradan sonra qızlarına mən çatdırmalı idim. Necə bir borcun altına girdiyimin fərqində idim. O yazını və şəkli gözardı edə bilməzdim. Şəkli və kağız parçasını şalvarımın yan cibinə qoydum. Onu saxlayacaqdım. Xidməti bitirdikdən sonra ilk işim kağızda yazılan ünvana getmək olacaqdı. Təxris olmağıma hələ üç ay vardı. Mən isə mülkü həyata çıxmaqdan əlavə, məktubu tez sahiblərinə çatdırmağın arzusunda idim və bunun üçün səbirsizlənirdim.

Nəhayət, hərbidən təxris olundum. Hərbi biletimi aldıqdan sonra ilk işim Sumqayıta yola düşmək oldu. Rayon taksilərinin yanına gəldim. Sumqayıta gedən taksi tapdıqdan sonra elə hərbi forma ilə oturdum maşına və yola düşdük. Yolboyu məni o ünvanda  necə qarşılayacaqlarını, kimləri görəcəyəm hey onları düşünüb durdum. Evimizi düşünməyə fürsət tapmırdım. Beynimdə yalnız cibimdəki şəkil və məktub idi. Sumqayıta çatanda artıq hava qaralmışdı. Birtəhər şəklin arxasında yazılan ünvanı tapdım. Həyəcanlı halda qapını döydüm. Qapını təxminən qırx-qırx beş yaşlarında qadın açdı.

– Buyur, oğlum, – dedi.

Deyəsən, qarşısında əsgər formasında birini görüb çaşmışdı.

– Fərrux İsmiyev, – dedim astadan.

İçəridən kişi səsi eşidildi:

– Kimdi gələn?

Ardınca da bu səsin sahibi təkayaqlı kişi göründü. Qapını açan qadının arxasında. Qadın:

– Fərrux, oğlan səni soruşur, – dedi.

Mənimsə gözlərim dolmuşdu, hönkür-hönkür ağlamamaq üçün özümü məcbur saxlamışdım. Əlimdəki kağızı və şəkli uzatdım təkayaqlı qəhrəmana. Kişi şəklə və yazıya baxıb xatırladı onların silahda olmasını və məni sinəsinə sıxıb hönkür-hönkür ağlamağa başladı. O artıq sağ idi.

– Bir gün müharibədə ölərəm deyə yazmışdım bunu, qızlarıma onları necə sevdiyimi bildirmək istəyirdim, – dedi.

Çox xoşbəxt idim nəticədə, o silahın sahibinin hələ də sağ olmasına. Çox sevdiyi qızlarını isə artıq evləndirmişdi…

Mənbə: “Ustad” jurnalının 13-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10