Mələk görən rejissor – Müsahibə

26 Baxış

tarkos

Andeyin doğma bacısı Marina Arsenevna ilə oğlu Mixail Tarkovskiyə Tayqada yazdığı povestə görə ədəbiyyat mükafatının təqdimetmə mərasimində tanış olduq. Onun evinə getdik. Əvvəlcə söhbət Kostromski vilayətindəki Zavrajyedə yerləşən Andrey Tarkovski adına muzeydən düşdü.

– Andrey Zavrajyedə doğulub və ömrünün ilk ayını orada keçirib. Zavrajye onun üçün nəsə müqəddəs və sakral yer təsiri bağışlayır, ən çox təsəvvürlərində yaşayırdı. Orada – Volqa çayının sahilində meşə təsərrüfatçısı Kudryaşevin ikimərtəbəli evi yerləşirdi. İnqilabdan sonra oranı milliləşdiriblər, sonralar bu evin ikinci mərtəbəsində nənəmin ailəsi yaşamağa başlayıb. “Böyük Volqa” elektrik stansiyası tikiləndən sonra Zavrajyenin aşağı hissəsi istiliklə təmin olunub. Andreyin doğulduğu evin yuxarı hissəsi köçürülüb və yeni təməlin üzərinə qoyulub. Oranı texniki anbar eləyiblər.

Uğurlu şərait muzeyin açılışını təmin etdi. O yerlərdəki məbədlərdə müqəddəs Pavel Florenskinin nəslindən olan insanlar xidmət edirdi. Din filosofunun nəvəsi iqumen[1] O.Andronik Florenskinin irsi ilə məşğul olurdu. Andreyin doğulduğu evdə birdən-birə iki muzey açıldı: Florenski və Tarkovski muzeyləri. Böyük hadisədi!

– “Güzgü”də onun təxəyyülü doğma evi öz aləmindəki kimi təsvir eləmişdi?

– Andrey deyirdi: “Mənim vətənim suyun altına batdı”. “Güzgü”nün ssenarisində valehedici təfərrüat vardı: hadisəni danışan baş qəhrəman oğlan üzərkən suda batan evini görür. Bu səhnə filmə düşməyib.

 

Həvəs hökmü altında

 

– Marina Arsenevna, sizin valideynləriniz – Mariya İvanovna və Arseniy Aleksandroviç – gözəl və istedadlı insanlar olub. Andreylə siz sevgi uşaqlarısınız.

– Ailəmizdə həmişə kimin kimə oxşadığı müzakirə edilirdi. Anam hesab edirdi ki, Andrey 16 yaşında Ukraynadakı Vətəndaş Müharibəsində həlak olan qardaşı Valeriyə oxşayır. O, evdən qaçıb qırmızılar tərəfdən vuruşurmuş. Onu geri çəkilən qırmızıları qorumaq üçün pulemyot arxasında qaldığı vaxt öldürüblər. Deyirmişlər ki, Valyanın bədəni güllədən dəlik-deşik olubmuş. Andreyin də Valeri kimi yaşıl gözləri vardı. Enerji ilə dolu xarakterinə görə də onu xatırladırdı. Andrey dik qayalarda xizək sürür, evin banına çıxıb Tarzan kimi qışqırmağı xoşlayırdı. Ora-bura dəyib özünü zədələsə də qalib gəlir, evə mis pulla qayıdıb, onları nənəmə verirdi. Futbola çox həvəs göstərirdi, ayaqqabısına heyfi gəlmirdi. O, gəncliyində cazla maraqlanır, diqqət cəlb eləyən tərzdə geyinir və modabaz kimi tanınırdı.

– Maraqlıdır, Andrey ata-anasından nələri əxz etmişdi?

– Valideynlərimiz yaradıcı insanlar idi. Onlar ali ədəbiyyat kurslarında oxumuşdular. Anam şeir və hekayələr yazırdı. Hətta onu belə adlandırırdılar: “Yubkalı Tolstoy”.

– O, sizə və ananıza necə münasibət göstərirdi?

– Gənclikdə Andreyin qəliz xasiyyəti vardı. Bəzən bizimlə kobud davransa da, bəzən kədərli və nəzakətli olurdu.

– Güman edə bilərəm ki, Andreydə atasına xas çılğınlıq olub. Onun nəşr olunmayan həyati şeirləri arasında sevdiyi qadına həsr etdiyi şeirə rast gəlmişdim. Mənə elə gəldi ki, qarşımda Arseniyin gənclik ehtirasları durub. Təxminim doğrudurmu?

– Siz Arseniy Tarkovskinin bu sirrini çözə bilmisiniz. Hə, o, həmin qadına ömrü boyu şeirlər yazdı. Adı Mariya Qustavovna Faltz idi, Elisavetqradda yaşayırdı. Əri zabit Kolobov Vətəndaş Müharibəsində həlak olmuşdu. O, həm Arseniydən, həm də əhatəsindəki digər cavan oğlanlardan yaşca böyük idi. Faltz poeziya və musiqini sevir, Şopeni çox gözəl ifa edirdi. O, atamı çoxsaylı şeirlər yazmağa ilhamlandırmışdı. Ehtiraslar insanı olan atam həm anamı, həm ikinci arvadı Tonyanı, həm üçüncüsünü, həm də başqa qadınları sevirdi.

– Və əvvəl-axır əvəzolunmaz Faltzdan mistik səviyyədə ayrıla bilmirdi: “Uç, rütubətli torpağın soyuq tamını dodaqlarında apar!” – deyə yazırdı. Bu şeirlərdə əsl əbədiyyətin nəfəsini duyursan. Necə düşünürsünüz, Arseniyin Faltza olan sevgisi əbədi idimi?

– Onun əhatəsindəki hər kəs özünə görə istedadlı gənclərdi, əksəriyyəti sonradan yaradıcı insan oldu. Həmin qadın gənclərçün ilham mənbəyi idi, amma o, Asik Tarkovskini üstün tutdu… Hərçənd, əvvəl-axır onlar ayrıldı.

– Arseniy sizin ananıza şeirlər həsr etmişdimi?

– Bir neçəsini. Sonuncular 37-ci ildə yazılmışdı. Həmin şeirlədə artıq onlar arasında yaranan nifaqı duymaq olur.

– Arseniy Aleksandroviçin ikinci arvadından danışın.

– Gənc şair, əlbəttə ki, poetik əhatəsiz yaşaya bilməz. Atam yazıçı Treninin arvadı Antonina Aleksandrovnaya aşiq oldu. Onun uğrunda mübarizə bir neçə il çəkdi. Anamın faciəvi günləri başlamışdı. Elə atama da yeni sevgisi baha başa gəlmişdi. Valideynlərim 40-cı ildə boşandı. Dörd və iki yaşlı uşaqlar olan biz anamızla qaldıq. Bu ayrılıq hər ikimiz üçün çox çətin idi. Sonralar atam Andreyə yazırdı: “Küləyin qalib gəldiyi yarpaq olma. Özünü dərin quyuya atan kimi ehtiraslarına qurban etmə”.

– Gənc şair Tarkovski müharibəyə hərbi müxbir kimi getmişdi. Və qızğın döyüşlərdə iştirak etməli oldu.

– Dəfələrcə. Atam döyüşdə göstərdiyi fədakarlığa görə Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. Qorodka rayonunda yerləşən Bryansk cəbhəsində aldığı yaradan ayağını itirdi. Bu, 13 noyabr 1943-cü ildə baş vermişdi. O, bir neçə dəfə amputasiya[2] olundu. Sahə hospitallarının çətin şərtləri altında qanqrena ilə baş etmək mümkünsüz idi. Antoninanın enerjisi və yazıçı dostlarının, xüsusilə Viktor Şklovskinin köməyilə atam xəstələrin saman üzərində uzanıb qaldıqları Kalinin hospitalından Moskvaya köçürüldü. Şəxsən Vişnevski sonuncu amputasiyanı həyata keçirməklə atamı xilas etdi. Andreylə ilk dəfə atamızı ayaqsız görəndə, ona çox acıdıq. Atam özü də öz bəlasını ağır çəkirdi. Axı həmişə aktiv həyat tərzi keçirmişdi, ona görə də əlilliyi dözülməz olmuşdu. Məncə, başqa insandan asılılığının gətirdiyi alçalmışlıq duyğusu səbəbindən Antonina ilə onun arası soyudu.

 

İki arvad və bir oğul Andrey

 

– Andreylə aranızda cəmi iki yaş fərqi var. O, sizə necə münasibət bəsləyirdi?

– Müxtəlif vaxtlarda müxtəlif cürə. Gənclikdə, hətta mənim bioqrafiyamı yaradırdı. Və bu, yalan yox, qarşısıalınmaz yaradıcı təxəyyül idi. Ümumi dostlarımıza deyirdi ki, bacım yaxşı şeirlər yazır. İstəyirdi, məni onların gözündə bir az ucaltsın. Mənsə cəmi bir neçə sətir yaza bildim… Bir dəfə payız vaxtı Tarusda təbiətin gözəlliyindən təsirlənib bu sətirləri yazdım: “O, quşarmudları! Kim sizi göy qübbəsinin kətanına nəqş eləyib?” Amma arxası gəlmədi. Təəssüf edirəm ki, Andrey mənim “Güzgü qırıntıları” kitabımı görmədi. Yeri gəlmişkən, mən o kitaba görə Anti-Buker mükafatı – münsiflər heyətinin sədri Vitaliy Tretyakovun xüsusi hədiyyəsini qazanmışam.

– Andreyin İrme Rauşla qurduğu ilk nikahını ananızla necə qarşıladınız?

– O qız da ÜDKİ[3]-də oxuyurdu. Anamla mən, əlbəttə ki, Andreyin xoşbəxt olmasını istəyirdik. Bir dəfə bildik ki, o, pasportunu özüylə götürüb. Andreyi itirdiyimizi hiss eləyəndə məni ağlamaq tutdu… Əvvəlcə o, İrme ilə evimizdə yaşadı, amma 1962-ci ildə anam onlar üçün xüsusi ev kirayələdi. “İvanın uşaqlığı”ndan sonra Andreyə Qoskino tərəfindən mənzil verildi. Yaradıcılıq onu o qədər məşğul etdi ki, nə anama, nə nənəmə, nə də mənə vaxt və güc sərf edə bilmədi. Amma həmişə 5 noyabr – anamızın ad günündə gəlir, qızılgüllər gətirirdi. O vaxtlar ona görə xüsusilə xoşbəxt idim: “İvanın uşaqlığı” filmi Venesiya Festivalında qran-pri qazanmış və ən əsası, oğlu Arseniy dünyaya gəlmişdi. İndi cərrah işləyir. Onunla isti münasibətimiz var.

– İrma aktrisa idi?

– O rejissordu, amma həm də “İvanın uşaqlığı”nda çəkilmişdi: qəhrəmanın yuxularındakı anası rolunu oynamışdı. “Andrey Rublyov”dakı Duroçka roluna görəsə İrma Fransa kinoakademiyasının mükafatını qazandı. O, zahiri görünüşcə çox qəşəngdi, Andreyə anamızı xatırladırdı.

– Andrey onunla niyə ayrıldı?

– Onun başı əsasən öz filmlərinə qarışıq olur, “Andrey Rublyov” filminin çəkilişlərinə fasilələrlə gəlirdi. Duroçka kiçik obraz deyildi, aktrisadan böyük zəhmət və daimi iştirak tələb edirdi. Elə burdaca Andreylə Larisa Pavlovna Kizilovanın qaçılmaz tanışlığı baş verdi. Andrey beş il ərzində şübhələrlə yaşadı – eynilə atam kimi. “Güzgü” filminin yaranması təsadüf deyildi. Bu məsələdə hətta tarixlər də uyğun gəlir. Filmdə qəhrəman vicdan xəstəliyindən ölür. Bu film məni titrətdi. Premyera Kino Evində baş tutmuşdu, amma kino ictimaiyyəti filmi başa düşmədi: o qədər metaforik səhnə vardı ki! Film boyu göz yaşlarımı saxlaya bilmədim… Biz Tarkovskilər bir-birimizlə danışmağı bacarmırıq, hər şeyi qəlbimizdə saxlayırıq. Filmə baxdıqdan sonra Andreyə yaxınlaşdım, qucaqlayıb öpdüm, amma heç nə deyə bilmədim. O, kağız kimi ağarıb durmuş, tamaşaçılar yavaşca yanından keçib gedirdilər… Az-az adam yaxınlaşırdı. Axı Tarkovski dahiyanə film çəkmişdi. O ictimaiyyətin arasında az da olsa bunu başa düşənlər vardı.

– Amma gərək tamaşaçı da anlayışlı olsun. Larisa və Andreyin oğlu indi harda yaşayır?

– Andrey Andreyeviç indi həm Parisdə, həm də Florensiyada yaşayır. O, Andrey Tarkovski adına Beynəlxalq İncəsənət İnstitutunun prezidentidir.

– Siz Andreyin Sent-Jenevye-de-Buada keçirilən dəfn mərasimində iştirak etdinizmi?

– Andreyin dəfn mərasimini xatırlamaqdan çox qorxuram: bu, həyatımda yaşadığım ən dəhşətli hadisədir. Mən həyat yoldaşım Aleksandr Qordonla birgə Parisə atamın məktubu ilə getdim – atam xahiş edirdi ki, Andrey Rusiyada dəfn edilsin. Atam oğlunun ölümündən və dəfndə nə mənim, nə də özünün iştirak edə bilməməsindən çox sarsılmışdı. O kədərli siyahıda biz yox idik. Amma Qoskino Andreyin dəfnində iştirak eləmək istəyən bütün qohumlarının getməsi üçün kimdənsə icazə almışdı. Bizə bir gecənin içində gediş vizası düzəltdilər.

– Andreyin başdaşı üzərindəki yazını kim yazdırdı?

– Əvvəl başdaşında “layiqli provoslav insanı” mənasını daşıyan adi xaç işarəsi vardı. Parisli rəfiqələrimdən biri məzar başına gedərkən əmin olmuşdu ki, başdaşı üzərində aparılan işlərin xərci ödənilməyib: təşkilatçılar lazım olan pulu Andreyin dul arvadından ala bilməmişdilər – axı bu işi sifariş verən o idi. On bir min frank ödənilməliydi. Onda mənim də bu qədər pulum yox idi. Öz narahatlığımı Andrey Tarkovski Fondunun (indi bu fond daha işləmir) rəhbəri Volkova ilə bölüşdüm. O, kifayət qədər pul verə biləcək iki mesenat[4] tapdı. Volkova bu pulla Parisə yollandı, Larisa Pavlovna ilə birgə həmin memarları tapdı və başdaşı üzərində işləri bərpa etdi. Bu Qolqofa ənənəvi xatirə atributu idi. Yuxarıya doğru gedən yeddi pilləkən Andreyin yeddi filmini simvolizə edirdi. Lap üstdə onun şəkli olan xaç işarəsi vardı. Məni başdaşı üzərindəki yazı heyrətləndirdi: “Andrey Tarkovski: mələk görən insan”. Düşünmürəm ki, bu, Andreyin xoşuna gələrdi, çünki onunçün inanc həddindən artıq fərdi məsələydi.

– Onun mələk görməsinə onsuz da heç kim şübhə etmirdi. Bütünlüklə onun yaradıcılığı bu arzu üzərində qurulmuşdu: insanla Tanrının, səmanın, fəthedilməz dünyanın əlaqəsini dərk etmək.

– Hə, mələyin qanadı həmişə onun qəhrəmanları üzərində olurdu.

 

Nikahdankənar oğul

 

– Marina Arsenevna, Andrey tənhalığın dadını bilirdimi?

– Bütün böyük yaradıcı insanlar kimi, Andrey də tənha idi, hərçənd, ətrafında həmişə çoxlu insan olurdu. Nostalgiya tənhalıqdan qidalanır. Bəzən Andrey tənhalığını bölüşəcək insan axtarırdı.

– Adətən kişi tənhalığını qadınlar bəzəyir. Bu mənada Andreyin xaricdə maraqları vardımı?

– Bildiyim qədərilə, vardı. O, Skandinaviyada “Qurbangətirici” filminin çəkilişləri vaxtı çox gözəl bir xanımla yaxınlıq etmişdi. Həmin qadın yeni doğulan oğlunu filmin qəhrəmanının şərəfinə Aleksandr adlandırmışdı. Andreyin dəfni zamanı mən təsadüfən bu haqda öyrəndim: o qadın Larisaya başsağlığı məktubu göndərmişdi.

– Yeni doğulan oğlundan Andreyin xəbəri olmuşdumu?

– Son günlərini yaşayarkən xəstəxanaya üçaylıq nikahdankənar oğlunun şəklini gətiribmişlər. Bu xəbərdən yaman həyəcanlanıbmış… Mən Aleksandrın anasını axtarmaq qərarına gəldim və aramızda dostyana münasibətin yaranmasına nail oldum. Biz Parisdə görüşdük, onda Aleksandr bir yaşını adlamışdı. Birlikdə Andeyin məzarını ziyarət etdik. Bu, çox kədərliydi, amma insan hardasa sakitlik də tapırdı. Saşanın susəpən tutmuş cuppulu əlini heç vaxt unutmaram: o, atasının məzarı üstündəki gülləri sulayırdı. Sonra onlar Moskvaya da gəldi, biz Skandinaviyada onlarda olduq… Bu əziz qadın Andreydən ötrü rus dilini də öyrəndi, amma sağlığında onunla italyanca danışırmış. Andreyin bütün oğulları çox gözəldir. Elə Saşada da Andreydən çox şey var – temperament, çeviklik, bacarıq. O, gənclər arasında qılıncoynatma üzrə ölkə çempionu olub. Aleksandrın öz dostuyla iştirak etdiyi Moskvadakı yarışlarda mən də tamaşaçı qismində olmuşam. O, vikinqlər kimi mərdliklə vuruşurdu. Amma məğlubiyyət ayrı mövzudur: bütün günü öz çıxışını gözlədi və rəqibinə bir xal hesabıyla məğlub oldu. Maskasını acıqla yerə çırpıb gedəndə mən onda Andreyi gördüm.

Bütün yaradıcılığı boyu Tarkovski bunu iddia edir: “Qurban verə bilməyən insan heç nəyə nail ola bilməz”. Görəsən, müasir insanlarımız “qarşılıqlı qurbanvermə” kimi əxlaqi prinsip barədə düşünürlərmi?

 

Söhbət etdi: Natalya Dırdıkina

“Moskva komsomolu” qəzeti, 11 noyabr, 2004.

Tərcümə etdi: Səbuhi Şahmursoy

 

[1]İqumen – Kişi monastrının rəhbəri

[2]Amputasiya – bədənin xəstə üzvünün kəsilməsi

[3] ÜDKİ – Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti

[4]Mesenat – elm və incəsənətə hamilik edən zəngin insan

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10