Məmməd Əsəd bəyin arxivindən tapılan bu məqalələr “Əli və Nino”nun əsl müəllifini ortaya çıxarır

579 Baxış

musahibeshekil

Senet.az F.ü.f.d.,dos. Şəmil Sadiqin yazıçı Orxan Arasla müsahibəsini təqdim edir:

 

Orxan Aras bəylə uzun müddət olmasa da, sağlam bir dostluğumuz var. Mənimlə Orxan bəyi onun və mənim dəyərli elmi rəhbərimiz akademik İsa Həbibəyli tanış etmişdi. İmzasını eşidəndə isə artıq çoxdan tanıdığımı dedim. Azərbaycan oxucusu üçün tanış olan bu imzanı İsa Muğannaya olan münasibətindən və yazılarından mən də yaxşı tanıyıram. Hələ sonralar yadıma düşdü ki, rəhmətlik ustad Orxan Aras haqqında bir neçə dəfə söhbət etmişdi. İki önəmli şəxsiyyətin-Xalq Yazıçısı İsa Muğannanın və akademik İsa Həbibəylinin dəyər verdiyi bir şəxsiyyət mənim üçün də çox dəyərli birinə çevrildi.

                Türkiyədə boya başa çatan və hazırda Almanyada yaşayan Orxan Aras “Azərbaycan Davamız” “Xoş gördük Gözəl Yurdum”, “Qarabağın Gözyaşları” kimi kitabların da müəlləifidir.  O hem Alman Yazıçıları, hem de Türkiyə Yazıçılar Birliyinin üzvüdür .

Onun Məmməd Əsəd bəy (Biz daha çox Qurban Səid kimi tanıyırıq) haqqında araştırma apardığını çoxdan bilsəm də,  son vaxtlar 525-ci qəzetdə yazdığı yazılardan daha yaxından bələd olmuşdum. Çoxdandır Bakıda olsa da, vaxt tapıb görüşə bilmirdik. Axır ki bir çay içmə imkanımız oldu. Əslində, xüsusi müsahibə üçün görüşmürdük. Sadəcə dərdləşməyə ehtiyac duymuşduq. Amma əvvəlki görüşlərimizdə uzun-uzadı ədəbiyyatdan danışdığımızı xatırlayınca səsimizin yazılmasını təklif etdim. Bu dəfə də söhbətimiz maraqlı alındı. Səsimizin yazılması məni həmsöhbətdən müsahibə götürən birinə çevirdi. Məmməd Əsəd bəy haqqında bütün dünya ədəbiyyatında olduğu kimi bizdə də fərqli fikirlər var. Lakin Orxan Aras bəyin araşdırması bugünkü Azərbaycan Ədəbiyyatşünaslığı üçün çox dəyərli bir material olacağına əminəm. Məhz bunu nəzərə alaraq dissertasiynı olduğu kimi çap eləməyi də planlaşdırdıq. Bu dissertasiyda Məmməd Əsədbəyin 50-dən çox  məqalə ilk dəfə dilimizə çevrilib. Dissertasiyanın ikinci böyük əhəmiyyəti ondan ibarətdir ki, bəlkə də Azərbaycan ədəbiyyatında yazılan son elmi işlərdən heç biri bu qədər ciddi işlənməmişdir. Çünki Orxan bəy dissertasiya işində Almaniyadan, Alman kitabxanalarından Azərbaycan ədəbiyyatına baxıb, Azərbaycandan yox. Bunun üçün də həm özüm, həm də ədəbiyyatşünaslar üçün yeni informasiya almaq naminə bütün söhbəti Məmməd Əsəd bəyin mövzusu üzərində qurduq.

– Orxan bəy, Azərbaycana xoş gəlmisiniz. Bilirik ki, Almanyada Əsəd bəy haqqında araştırmalar aparırsınız… Onun almanca məqalələrini də tərcümə etdiyinizi yazmışdınız. İndi durum nə yerdədir?

–  Düşünürəm ki, bu mövzu nəinki Azərbaycan üçün, ümumilikdə bütün Qafqaz üçün mühüm bir mövzudur. Çünki Avropada, dünyada Qafqaz dedikdə ilk olaraq ağıla gürcülər, ermənilər gəlir. Ancaq burada tarix boyu baş rolda Azərbayxan xalqı olub. Azərbaycanlıların da ənənəsini, tarixən başlarına gələn müsibətləri Əsəb bəy qələmə alıb. Belə demək mümkündürsə, bir az da qabarıq şəkildə yazıb.

–Neçə illərdir ki, bu tədqiqatla məşğul olursunuz. Dünyada olduğu kimi, bizdə də “Əli və Nino”nun müəllifinin Qurban Səid, Məhəmməd Əsəd bəy və ya Yusif Vəzir Çəmənzəminli olması mübahisə mövzsusudur. Almaniyada yaşayırsınız. Bu da o deməkdir ki, tədqiqat materiallarına əliniz bizdən daha yaxşı çatır, dil problemi yaşamırsınız. Bir sözlə, bizdən bir neçə addım öndəsiniz. Bizim təqdiqatçılardan fərqli nələrsə əldə edə bilmisinizmi?

– İlk olaraq Məhəmməd Əsəd bəyin publisistikasını araşdırmağa başladım. Çünki dünyanın hər bir yerində, hətta Gürcüstanda belə Əsəd bəyi özünküləşdirmək istəyənlər var. Ona görə də, bütün bu mübahisələrdən kənarda qalmağı seçdim. Tədqiqatçıların Əsəd bəy haqqında çoxlu məqalələri var. Mənə isə maraqlı idi ki, onun özü nə yazıb? Berlindəki Azad Universitetinin arxivində Əsəd bəyin yazdığı “Ədəbiyyat dünyası” qəzetində yer alan məqalələrinin kataloqu var. Burada 1926-1933-cü illəri əhatə edən məqalələri toplanılıb. Bu əlyazmaları universitetdən kənara çıxarmağa icazə verilmir.  Üstünə ləkə düşər deyə onun surətini də çıxarmaq olmaz. Hər gün ora gedib, qəzetləri vərəqləyirdim ki, Əsəd bəyin yazılarını tapım. Oxuduqca görürdüm ki, araşdırmaçıların bir çoxunun bu məqalələrdən xəbərləri yoxdur. Onlar öz tədqiqat işlərini həmin arxivlərə baxmadan aparıblar. Əsəd bəyin 1926-1930-ci illərdə yazdığı məqalələrdə “Əli və Nino” əsərinin xülasəsi var. Bilirsiniz ki, “Əli və Nino” əsəri 1936-1937-ci illərdə yazılıb. Ancaq bundan on il əvvəl o, öz imzası ilə yazdığı məqalələrdə bu əsər haqqında xülasələr verib. Bir şeyi də qeyd edim ki, qəzetdə məqalənin ortasına Əsəd bəyin şəklini qoymuşdular. Gerhard Bölün “Müasir Şərq Mərkəzi” adlı arxivi var. Həmin arxivdə Əsəd bəyin məktubları, ünvanı, onunla bağlı müxtəlif sənədlər var. Gördüm ki, bütün mübahisələrin, onun haqqında deyilən fikirlərin çoxu, insanların öz fikirləridir. Yəni hamı bu arxivləri araşdırmadan rəy verir. Sizə bir misal çəkmək istəyirəm. “Əli və Nino”nun 23-cü bölümü ilə, “Rza şah” əsərinin 9-cu bölümü eynidir. Birincidə Əli xan Ənzəlidən Tehrana, ikincidə isə Rza şah Mazandarandan Tehrana gedir. Hər ikisində təsvirlər eynidir.

– Mətn də eynidir, yoxsa sadəcə olaraq mövzu oxşarlıqları var?

– Yox, təsvirlər, cümlələr eynidir.

– Bəs onda niyə eyni mövzunu iki əsərində də istifadə edib?

– Əsəd bəy bu cür fəndlərdən çox istifadə edirdi. O, 37 yaşında vəfat edib. Gənc yaşlarında dünyasını dəyişməyinə baxmayaraq 16 əsər yazıb. Təkcə onun  “Nikolay” əsəri 421 səhifədir. “Stalin” də təxminən eyni həcmdədir. O, bu əsərlərindən pul qazanırdı. Başqa gəlir mənbəyi yox idi. Məhz buna görə də, Əsəd bəy digər əsərlərindən götürüb yenisinə əlavə edirdi. Tutaq ki,  “Əli və Nino”da  kor bir musiqiçidən danışır. Eyni səhnə “Stalin”də də var.

– Əsəd bəyə “Əli və Nino”ya görə böyük hörmət var. Ancaq bununla belə deyə bilərikmi ki, onda Əsəd bəy istedadlı “işbaz” idi?

– Yox, o, həqiqi ədəbiyyatçıdır. Ədəbiyyat müəllifin gördüyündən ibarətdir. Rəssam ağacı olduğu kimi yox, duyduğu kimi çəkir. Bir çinli rəssamdan soruşublar ki, axı səma mavi rəngdədir, sən niyə qızılı rəngdə çəkmisən? Rəssam cavab verib ki, mən səmanı belə görürəm. Əsəd bəy də əsərlərini gördüyü kimi yazıb. Bir də ki, onun əsərlərinin dilində bir musiqi, lirika var. Biz öyünürük ki, türk poeziyasında Füzuli şeirində musiqi olan şairdir. Əsəd bəydə də bu var. Almanca da oxuduqda cümlələri çox qısa və axıcıdır.

– Tədqiqatçıların bəziləri deyir ki, o, türkcə yazıb, sonradan alman dilinə tərcümə olunub. Bəs siz necə düşünürsünüz?

– Almanca yazıb.

-Məhz bu fakt həmin əsərlərin Yusif Vəzir Çəmənzəminləyə aid olması faktını inkar edir.

- Bəli. Onun dayəsi alman olub və 5 yaşından etibarən Almaniyaya tətilə gedirmiş. Ona görə də alman dilini çox yaxşı bilirdi. Bununla bağlı əlimizdə sənəd var. Berlində qəhvəxanalarda almanca Şərqə aid hekayələr danışarmış. Amma üslubu tamamilə Şərqə aiddir.  Əsərlərini oxuyan kimi bunu həmən duyursan. Ədəbiyyatda belədir ki, yazıçı gördüyü insanların düşüncə tərzini, görünüşünü, adət-ənənəsini, atalar sözlərini yazır. Əsəd bəyin yaradıcılığına baxanda da görürsən ki, türk insanından bəhs edir.

- Necə oldu ki, Əsəd bəy  Qurban Səidə çevrildi? Ümumiyyətlə publisistikasında imzası Əsəd bəy idi?

– Yox, alman dilinə uyğun olaraq  Assad bəy imzası ilə yazırdı. Hətta bununla bağlı ilk tapdığım sənəddə adı “Məhəmməd Əsəd bəy – şərqşünas” yazılmışdı. Bizimkilər deyir ki, Şərq bunun yazdığı kimi deyil. Amma onun məqsədi bizim gördüyümüz şərqi avropalıya göstərmək deyildi. O, öz xəyalındakı Şərqi yazırdı. Bilirdi ki, Avropanın I dünya müharibəsindən sonra xəstə vəziyyətinə Şərq bir növ dərman ola bilər.

– Şərq mədəniyyətini Avropa dili ilə onlara danışıb, bir növ inteqarasiya edilib.

– Düzdür. Həm də bundan pul qazanıb. Avropada “Bibliya”dan sonra ən çox oxunan kitab “Min bir gecə” nağıllarıdır. Əsəd bəy də öz ədəbiyyatında nağıl yaradıb. Bizimkilər bunu başa düşmək istəmirlər. Oxuyurlar, deyirlər ki, bu yalandır. Ancaq adam yalandan ədəbiyyat yaradıb. Bunu anlamaq lazımdır.

Bir dəfə tədbirlərin birində alman yazıçılarla iştirak edirdik. Alman yazıçılardan biri dedi ki, türk milləti həmişə qılıncla, imperiya ilə, döyüşləri ilə xatırlanırlar. Bəs sizdə lirika varmı? Mənim cavabım isə belə oldu: “Mən sizə şairlərimizdən, yazıçılarımızdan bəhs etməyəcəyəm. Bizim 1200 il əvvəl, atalarımız ədəbiyyatlarını daşa yazıblar. Həmin abidələrin şərq tərəfində  döyüşlərdən bəhs olunur, öyüd-nəsihətlər verilir. Abidənin qərb tərəfində isə bircə cümlə var. Onu da Uluq Tekin yazıb:  “Nə vaxt son bahar gəlsə, gök gürlese, dağda ceyran kaçsa, seni hatırlarım ve ağlarım”. Bundan gözəl lirika varmı? Özü də bunu şair yox, döyüşçü yazıb. Bizdə kişilər hisslərini göstərməkdən çəkiniblər. Ona görə də qərb tərəfə yazıb. Çünki qərb tərəf qaranlıq olurdu.

– Türkün dünyaya açılışına yazdığı məsləhətdi, öz içinə dönükdə yazdığı artıq lirikadır, intim hisslərdir.

– Bəli, o, təəcübləndi və dedi ki, nə qədər gözəl bir cümlədir. Bir də denən, yazım bunu. Bax ədəbiyyat budur. Əsəd bəy də bunu çox tez başa düşmüşdü. O, Ənvər Paşa haqqında “Bir çöl hekayəsində qəhrəman” adlı məqalə yazıb. Burada Ənvər Paşadan elə bəhs edər ki, həm gülürsən, həm də ağlayırsan. Məsələn, deyir ki, Buxaraya ağ at üstündə girdi, yanında az parıltılı geyimdə türk əsgərləri var idi. Buxaralı qadınlar damlara çıxdılar. Min ildə bir baş verəcək hadisə baş verdi. Qadınlar çarşablarının ön tərəfini cırdılar. Üzlərini ilk dəfə günəşə və Ənvər Paşaya göstərdilər”. Burada adamın gözünün qarşısında Buxara gəlir.

– Siz onun hələ də çap olunmayan publisistik əsərlərini tərcümə etmisiniz. Bunları birgə çap edəcəyik. İstərdik ki, Azərbaycan oxucusuna çatdıraq bu məqalələri.

– Bəli, tərcümə etmişəm. İnşəallah çap edərik. Əsərlərində Ənvər Paşanın ölümündən də bəhs edir. Burada rusu da, ermənini də, türkü də, ümumilikdə bizim tariximizi də görmək olur. Ağabekyan adlı bir erməni müsəlman qiyafəsinə büründü. Azərbaycanda böyümüşdü, türkcə bilirdi. KQB bunu Ənvər Paşanı tapmaq üçün göndərdi. Daha sonra bu erməni Qızıl Ordunun komandirinə onların yerini xəbər verdi. Ruslar Ənvər Paşanın dəstəsinə hücum etdilər. Onsuz da Ənvər Paşanın çox az adamı var idi. O, bu döyüşdə çiynindən və başından yaralandı. Cəsədi qumların üstünə düşdü. Bir əlində qılınc, bir əlində Quran var idi. Rus əsgəri onun sinəsini açdı və gördü ki, orada Osmanlı sultanının qızı Naciyə sultanın şəkli var idi. Baxın, burada tarixən türkə xəyanət edən bir milləti göstərir. Burada rusların həmişə özündən gücsüzə qarşı təcüvüzünü göstərir.

– Amma publisistik məqalədir.

– Təbii ki. Çingiz Xan haqqında “Şair Çingiz Xan” adlı bir məqalə yazmışdı. Çingiz Xan ordu komandirlərindən birinin xətrinə dəyir, sonradan ona şeir yazır. Təsəvvür edirsinizmi, şah öz əsgərinin könlünü almaq üçün ona şeir yazır. Əsəd bəy qərbliyə onun başa düşəcəyi və bizi sevəcəyi tərzdə bizi göstərir.

–Məmməd Əsəd bəyin ali təhsili olubmu?

– Orada 4 illik, türkologiya təhsili var. Əsəd bəy əvvəlcə rus məktəbində oxuyur, sonra “İstanbullu qız” romanındakı Azadənin getdiyi universitetə gedir. Romandakı türkoloq müəllim bunun da müəllimi idi.

– Bildiyim qədəri ilə Azadə ilə bağlı fərqli yanaşmanız var.

– Bizdə bu romanın adı “İstanbullu qız”dır. Ancaq almancadan hərfi tərcümədə “Altun buynuzdan gələn qız”dır. Qərblilər Haliçə “altun buynuz” deyirlər. Əsərin adı da oradan götürülüb, yəni İstanbuldan gələn qız deməkdir. Burada Azadə adlı bir paşa qızından bəhs edilir. Bəzi təqiqatçılar elə bilirlər ki, burada qızın adı Asiyadır. Ancaq əslində, Azadədir. Azad olunmuş qız deməkdir. Qız Berlində türkologiya oxuyur. Bizim Haluk Şenol adlı bir təqiqatçımız “Azadə kimdir?” adlı bir məqalə yazmışdı. Məqalədə müəllif iddia edir ki, Azadə Ayazi İsaki adlı bir türkoloqun qızı Səadət xanımdır. Çünki Səadət xanım da eyni universitetdə oxuyub, eyni hadisələrlə qarşılaşıb. Çox güman ki, elə orada Əsəd bəylə tanış olublar. Belə bir iddia var. Amma burada da müəyyən uyğunsuzluqlar var idi.

“Əli və Nino” bizim üçün böyük əhəmiyyət kəsb edən bir əsərdir. Bu əsəri ədəbiyyatçılarla yanaşı gərək siyasətçilər də oxuyub, təhlil etsinlər. Çünki orada Azərbaycanın gələcəyini Gürcüstanla birləşəməkdə, bu yolla Qafqazda güc olmaqda mümkün olduğunu deyir. Təklikdə neftin bizi haralara aparacağını göstərir. “Əli və Nino”da bütün ideologiyalar var. Mustafa islamçıdır, Əli türkçüdür. Orada kimisi deyir ki, bütün nefti yandıraq, gedib dəvə otaraq. Kimisi deyir ki, sadəcə Azərbaycan olsun. Bu fikirlərin olması Azərbaycanın zənginliyidir.

Əsəd bəy ölümdən əvvəl “Eşqdən xəbərsiz” adlı əsər yazıb. Bu kitabın axırında Bakıdan bəhs edir. Əsərdə qeyd olunur ki,o, balkonda oturub Şirvanşah sarayının qapısındakı ərəbcə yazıları oxuyur. Əsəd bəy çox acılar çəkərək ölüb. Həmin acılarında belə Bakını, Azərbaycanı xatırlayıb. Məncə onun yazdıqlarını başqasının adına çıxarmaq doğru deyil. Yusif Vəzir Çəmənzəminli də böyük mütəffəkkir, gözəl yazıçımızdır. Amma Allah razı olmaz ki, Məmmədin haqqını, Əhmədə verəsən.

– Axı oxşar məsələlər də var. Yusif Vəzir Çəmənzəminlin də bir yazıçı və tarixçi olaraq türk-şərq mədəniyyətini mükəmməl bildiyini görürük. Qurban Səid adı ilə yazan müəlliflə üslubu çox yaxındır. O, da fəlsəfəni, tarixi gözəl bilir.

– Şəmil müəllim, siz də ədəbiyyatçısınız. Sizin “Odərlər” romanınızı oxudum. Görürəm ki, siz də Əsəd bəy kimi, Yusif Vəzir Çəmənzəminli kimi yazırsınız. Mənim yazdıqlarımı da siz oxusanız eyni şeyi hiss edəcəksiniz. Çünki mən bəzən Azərbaycan haqqında kitablar oxuyanda təəcüblənirəm. Fikirləşirəm ki, mən bu mövzunu müəllifin yanında danışmışammı ki, o, əsəri mənim düşündüyüm kimi yazıb. Baninin “Qafqaz günləri”nə baxsaq, çoxlu oxşarlıqlar görərik. Hətta adlar da oxşardır. Orada da Əsəd adlı obraz var. Hamısı eyni dövrdə yaşayıblar və o dövrün hadisələrindən yazıblar. Məmməd Səid Ordubadi də, Ömər Faiq Nemənzadə də, hamısı erməni işğalından bəhs edbr. Amerikada bir-birinə oxşar ədəbiyyat olmaz. Çünki onların tarixi yoxdur. Yeni-yeni uydururlar, yaradırlar. Amma Azərbaycanda genetik kod var. Mədəniyyət, ənənə insanlara o qədər təsir edir ki, hara getsələr də bu təsirdən qurtula bilmirlər. Əsəd bəy də eyni hissləri yaşayıb. O dövrdəki müəlliflərin hamısı qoçulardan bəhs edib.  “Əli və Nino” Türkiyədə 1971-ci ildə çap olunub. Orada da qoçuları “qoçi” yazıblar. Yəni səhv ediblər. O dövrdə qoçular olubdur. Hamı da bundan yazıb.

Bir də onun məqalələrində müxtəlif mövzular var. Onun kitablarının satışı ilə bağlı Hans Biotski tədqiqat aparıb. Təbii ki, müəyyən qısqanclıqlar da var. O, deyir ki, heç də şişirdildiyi kimi Əsəd bəyin kitabları“bestseller” olmayıb. Kitabları  10-20 min satılıb. Həmin dövrdə bu böyük rəqəm idi. Əsəd bəyin məktubları var, orada böyük tirajla satıldığı ilə bağlı məlumatlar var.

– Məktublar kimə yazılıb?

– Bu məktublar Ömər Ehrenfelse yazıb. Əsas Qurban Səid onun xanımı idi.

– Onda belə çıxır ki, Qurban Səid Əsəd bəy olmadığını idda edirsiniz.

– Yox, Əsəd bəydir. Amma o vaxt, onlar iki əsəri çap edəndə sonra, Almaniyada faşistlər tərəfindən qadağan edilirlər. Nəticədə Əsəd bəy İtaliyaya qaçıb. Sonra xanım Ehrenfels Ahmed Şimideye  yazdığı məktubda deyir ki, Əsəd bəy romanı mənə verdi, mən bu romanı Qurban Səid adı ilə çap etdirdim. Amma əsər bakılı Məhəmməd Əsəd bəyindir.

– Yəni özü heç vaxt Qurban Səid sözünü işlətməyib?

– Xeyr, deməyib. Amma son dövrdə yazdığı “Eşqdən xəbərsiz” əsərini Qurban Səid imzası ilə yazıb.

– Hər hansı xatirə xarakterli bir əsəri varmı?

– “Həyat hekayəm” adlı məqaləsində öz həyatından bəhs edir. Onsuz da bütün əsərləri də avtobioqrafikdir. Hətta Stalindən yazanda da Bakıdan bəhs edir. Bir də əsərlərində təsirlənməyi də görmək olar. Görürsən ki, bütün əsərlərini tələsik yazıb. Məqsəd pul qazanmaq idi. O, nəşriyyata məktublar yazıb. Məktublarda yazır ki, siz niyə deyirsiniz ki, mənim kitablarım çox satmır. Əgər belədirsə, onda niyə növbəti əsər üçün əvvəlcədən 4 min mark ödəyirsiniz?

shemilsadiq2– Bir də deyəsən, ona  pul əvəzinə qiymətli əşyalar verirdilər.

– “Del Şipegel”in 1973-cü il nüsxəsində deyilir ki, Əsəd bəyin “Əli və Nino” adlı kitabını yenidən çap edəcəyik. Bu alman ədəbiyyatı üçün bir renesans olacaq. Həmin məqalədə Əsəd bəyin dostunun fikirləri də yer alırdı: “Əsəd bəy bu əsəri üçün üç qızıl saat aldı”. Son vaxtlar qonorar əvəzinə dəyərli əşyalar alırdı. İsveçdə onu deport etmək istəyirdilər. Ancaq Əsəd bəy bıçaqla ayağını kəsdi ki, onu deport etməsinlər. Xəstəxanaya yerləşdirdilər, ancaq yarası sağalmamış İtaliyaya göndərdilər. Ondan əvvəl də iki dəfə intihara cəhd edib. Xanımı Erika varlı ailədən idi. Onlar evlənirlər və Amerikaya gedirlər. Amerikada qadının ailəsi onu təhqir edir. Qəzetlərdə də onunla əlaqəli məqalələr çıxır ki, müsəlmanın arvadı ayağını yuyur. Amerikada ona hamı müsəlman deyirdi. Arvadı Filip adlı bir yazıçıya qoşulub qaçır. Onda da Əsəd bəy intihara cəhd edir. Sonra İtaliyaya gedir və heç cür müalicə oluna bilmir. Hətta orada dostuna məktub göndərir ki, mənə yüz dollar göndər. Həmin dostu ilə birlikdə “Allahu-Əkbər” adlı roman yazıb. Həmin məktubun altında da dayəsi not yazıb ki, Əsəd bəy çox pis vəziyyətdədir, xahiş edirəm ona kömək edin. Onun bütün əsərlərində Azərbaycan var. Bizim tədqiqatçılar bəzi şeyləri naqqaşla çıxardıb, nəyisə sübut etmək istəyirlər. Ancaq əslində belə deyil.

– Nümunələr göstərə bilərsinizmi? Bizim təqdiqatçıların əsərlərini oxumusunuzmu?

– Mən Azərbaycandakı bütün tədqiqatları oxumuşam. Aslan Memmedli, Peneh Xelilov, Çerkez Qurbanlı,Tofiq Hüseynov … O, 1993-cü ildə “Ədəbi həyatla yaşayıram” kitabında deyir ki, bu Yusif Vəzir Çəmənzəminli deyil. Ancaq 2003-də çıxan “Qurban Səid, mübahisələr və həqiqətlər” kitabında deyir ki, Yusif Vəzirdir.  Burada əsas problem odur ki, təqdiqadçılarımız alman dilini bilmir. Əsasən rus mənbələrdən oxuyurlar. Onun məqalələrini, məktublarını oxuduqda görürsən ki,  Qurban Səid elə Əsəd bəydir.

Bir məqaləmdə yazmışdım. Rza Şah Mazandarandan Tehrana yola çıxır və yolda bir karvanla qarşılaşır. Əli xan da eyni cür karvanla qarşılaşır. Karvanın başçısı əlində əsa, zinqrov və dəvələrin üstündə yüklər var. Orada soruşur ki, hara gedirsiniz? O biri əsərdə də eyni sualı soruşurlar. Cavab olaraq deyir ki, İmamın məzarına gedirik. Bu torbadakılar cəsədlərdir. Sahibləri bunları qurudub, imamın məzarının yanında dəfn etmək istəyirlər ki, qoy ölüləri cənnətə getsin. Sonra karvan yola davam edir, yolda türk məmurları onları yoxlayır. Bütün bunlar hər iki əsərdə eynidir. Biri var oxşarlıq olsun, biri də var eyni cür. Rza Şah da, Əli Xan da əmisinin yanına gedir. Hər ikisi Tehranın qapısında eyni şeyləri görürlər. Bir əsərində yazdığını, götürüb o birisinə də qoyub.

Bizim Şeyx Qalib adlı bir şairimiz var. Axırıncı divan şairi odur. Bir gün ona irad tuturlar ki, bəs sən əsərlərinin çoxunu Mövlananın “Məsnəvi”sindən götürmüsən. Gülüb deyir ki, oğurladımsa da öz malımı oğurladım. Gürcü yazıçı yazıb ki, dar küçələr, incə biləkli dəvələr, səhra. Əsəd bəy də belə yazıb. Çünki ikisi də eyni şeyi görüb yazıb. İçərişəhəri gəzən bilir ki, burada dar küçələr var. Amma Əsəd bəyin məqalələrini və əsərlərini oxuyan bilər ki, bunu yazan alman deyil. O, Şərq təfəkküründə amma alman dilində yazırdı. Gerhard onun haqqında deyirdi ki, avropalılar üçün şərq yaradan adam.

– Biz Əli xanın şiə olduğunu bilirik. Ancaq əsərdə əli bağlı namaz qıldığını görürük. Əsərin orijinalında da bu belədir, yoxsa tərcümədəmi dəyişilib?

– Bu detal tədqiqatçıların hamısının gözündən yayınıb. Aslan Məmmədli romanla bağlı çox gözəl detallar tapıb. Qarabağ atları ilə bağlı, folklorla bağlı uyğunsuzluqları yazıb. Amma heç kim indiyə qədər bunu görməyib. Mən də təsadüfən gördüm.  Ninonun uşağı olanda Əli Xanın atası ona deyir ki, gəl bir namaz qılaq. Damım üstünə çıxırlar namaz qılmağa. Orada deyilir ki, sağ əlini sol əlinin üstünə qoydu və namaz qılmağa başladı. Birinci fikirləşdim ki, bəlkə tərcümədə səhv olub. Ancaq mətnin orijinalına baxanda, eyni olduğunu gördüm. Ancaq bir şiə bu cür namaz qılmaz.

– Sizcə bu səhv nədən qaynaqlanırdı? Əsəd bəyin uzun müddət buradan uzaq qalmasıylamı əlaqələndirirsiniz?

– Əlbəttə ki. Əgər Yusif Vəzir yazsaydı, o səhvi etməzdi. Çünki o, bu cəmiyyətin içində böyümüşdü. Ancaq Əsəd bəy 12-13 yaşında buradan getmişdi. Onsuz da yazdıqlarına baxdıqda görürsən ki, çoxu fantaziya məhsuludur.

– Buradan çıxış edib deyə bilərikmi ki, yəhudilər Məmməd Əsəd bəyi başqa adla təqdim ediblər. Necə ki, Bondeştat Mirşə Şəfeh Vazehin əsərlərini öz adı ilə çıxarırdı.

– O dövrdə çoxlu yəhudi şərqşünaslar olub. Məsələn, Leon Ceyhun “Gökbayraq” adlı roman yazıb. Əsəd bəyin anası yəhudidir. Atasının Türküstanlı olduğunu deyir. Məktublarnda yazır ki, İbrahim adlı atası var. Anasının bolşevik olduğunu, atasının onu pul verib azad etdiyini yazır. İndi biz bilə-bilmərik ki, adam həqiqətənmi türk olub? Bununla bağlı mübahisə də yersizdir. Tom Rays onun anası haqqında dediklərini inandırıcı hesab edir, ancaq atası ilə bağlı dediklərini inandırıcı hesab etmir. Özü deyir ki. İstanbula gedəndə ilk işim məscidlərə və saraylara qaçmaq oldu. Dərin sayğı içərisində oraları ziyarət etdim. Deyir ki, atam yəhudi deyildi. Bəziləri iddia edir ki, Əsəd bəy türkcə bilmir. Ancaq mən bir sənət tapmışam, orada məlum olur ki, bu iddialar da yanlışdır. “Cumhuriyyet” qazetenin qurucusu Yunus Nadirdir. Onun oğlu Nadir Nadir o dövrlərdə gənc tədqiqatçı idi. Nadir 1932-ci ilin, 10-cu ayında yazdığı məqaləsində bildirir ki, Mən Venesiyada “Rusiyanın ruhu” adlı konfransa qatıldım. Orada Əsəd bəy adlı azərbaycanlı bir gənclə tanış oldum. Konfransı Əsəd bəy verirdi. O, çox gözəl İstanbul türkcəsində danışırdı.

– Bir də səhv etmirəmsə, əlyazmasında da belə yazır.

– Bəli, əlyazmasında deyir ki, mən səndən çox pul aldım, ona görə də bunu bağışlayıram. Bunu türkcə yazır. Birdəki “Əli və Nino”dakı bütün orijinal kəlmələrin hamısı Türkiyə türkcəsindədir. 1937-ci il çapında, Gəncədə baş verən hadisələrdə “ileri” yazır, “irəli” yox. Türk dilini, ərəb əlifbasını bilirdi.

– Bəs niyə Azərbaycan dilində yox, Türkiyə türkcəsində yazır?

– O dövrlərdə ənənə belə idi ki, Azərbaycanda üç cərəyan var idi. Cəlil Məmmədquluzadə və ətrafı deyirdi ki, Azərbaycan türkcəsi istifadə edilsin. “Xan” Xatirə Ədəbiyyatında çap olunan kitablarda oxumuşdum ki, Cəlil Məmmədquluzadə deyir ki, Əli bəy Hüseynzadə gəlib bizi ziyarət etdi və sizin türkcəniz, yəni Azərbaycan türkcəsi sözünü işlətdi. O dövrdə bir qismi Türkiyə türkcəsində, digərləri isə Azərbaycan türkcəsində yazırdılar.

– Azərbaycandan deportasiya olunanlar, Almaniyaya qaçanlar orada türklərlə bərabər yaşayırdılar. İstər-istəməz də ortaq dil kimi Türkiyə türkcəsindən istifadə edirdilər.

– Məmməd Əmin Rəsulzadə Berlində “Legioner” qəzetini çıxardırdı. Özü də bu qəzeti ortaq dildə çıxarırlar ki, digər millətlər də başa düşsün. Suya düşən saman çöpünə yapışardeyirlər.

– Məmməd Əmin Rəsulzadənin 30-cu illərdən sonrakı dilinə baxanda Türkiyə türkcəsinə meyil etdiyi görünür. Həm də müstəqil qalan bir ölkə Türkiyə idi və ora böyük bir ümid var idi.

– Keçən dəfə sizin bir aliminiz mənə dedi ki, biz bilirik ki, Türkiyəyə bir şey olsa, bizi parça-parça edərlər. Yəni Türkiyəyə mənəvi bir bağlılıq var.

– Əsəd bəyin ədəbiyyata gəlişi, bundan pul qazanmağın yolunu necə tapdı?

– Bu çox maraqlıdır. 21 yaşında işsiz-gücsüz vaxtları idi. Deyim ki, mən onun  həmin dövrlərdə yaşadığı evə getmişəm. Onun qaldığı küçədə ədəbiyyat qəhvəxanası var. Buranın yüzillik tarixi var. Əsəd bəy Berlin mühitinə bələd olduqdan sonra, görür ki, burada bütün elita qəhvəxanalarda olurlar. İnsanlar bura gələrək  rəqs edir, içki içirdilər. Bu bir gün evinin qarşısındakı qəhvəxanaya gedir və deyir ki, Şərqdə bu tip yerlərdə hekayə danışırlar. Gəlin, mən də sizə hekayə danışım. Oranın sahibi birinci razılaşmır. Çünki fikirləşir ki, hamı əylənir, hekayəyə heç kim maraq göstərməz. Ancaq Əsəd bəy bir az təkid edir və axırda razılaşırlar. Birinci gün hekayə danışır, ikinci gün görür ki, dinləyicilərin sayı çoxalıb. Berlində çıxan “Ədəbiyyat dünyası” qəzetinin baş redaktoru da təsadüfən bu qəhvəxanaya gəlir və orada Əsəd bəylə tanış olur. Ona təklif edir ki, danışdığı hekayələri qəzet üçün yazsın.  Əsəd bəyə ayrılan bölümün adı da “Şərqdən…” olur. Bu Şərqdən yaza-yaza Rusiya ədəbiyyatına keçir. Tolstoyun əsərlərindən, Qorkinin 60 illiyindən, Dostoyevskidən, Puşkindən məqalələr yazır. Mən bu məqalələrin hamısını tərcümə etmişəm. İnşəallah, sizinlə birgə çap edəcəyik. Puşkinin ölümünü çox gözəl yazıb. Puşkinin xanımı Natali Dantesə qarşı sevgi bəsləyirdi.  Bu qadın hərbi hissədə Danteslə görüşürdü. Puşkin öləndən 7 il sonra qapıda duran həmin zabitlə evləndi. Məqalənin sonunda yazır ki, Rusiyada Tolstoy, Dostoyevski haqqında tənqid eşidə bilərsiniz, ancaq Puşkinə hamı hörmət edər və onun əleyhinə danışmaz. Ancaq şairin nəvəsi hazırda çobanlıq edir, oxuyub-yaza bilmir. Bəlkə də, Əsəd bəyin bu haqda heç bir məlumatı belə yoxdur. Sadəcə olaraq oxucuda maraq oyatmaq üçün özü belə yazır. Qorki ilə Tolstoyun Krıma getməyindən də yazır. Yolda görür ki, iki adam durub söhbət edir. Bunlar onların arasından keçmək istəyəndə atlar kənara çəkilir və yol verirlər. Tolstoy Qorkiyə deyir ki, görürsənmi, adamlar bizi tanımasa da atlar bizi tanıyır. Sonra gedirlər Krıma, Qorki bir gün səhər oyanıb, görür ki, Tolstoy otaqda yoxdur. Çıxıb bunu axtarır, gəlib yanına çatanda dayanır. Çünki Tolstoy kərtənkələ ilə danışır. Kərtənkələyə deyir ki: “Necəsən?” Sonra da özü cavab verir ki, bilirəm, yaxşı deyilsən, heç mən də yaxşı deyiləm. Əsəd bəy Tolstoyun Dağıstanda tutulmağından da danışır. Şeyx Şamilin nəvəsi Sado adında biri Tolstoyu tutur. Deyir ki, həmin adam İstanbulda olanda özü mənə danışıb bu hadisəni. Yəni adamın yaxşı fantaziyası olub. Yaxud Dağıstandan bəhs edərək deyir ki, heç kim dağlıları uda bilməz. Nadir Şah Dağıstana getdi, onu qadınlar uddu. Heç kişilər qabağa çıxmadılar. Tarixdə belə bir şey olmayıb. O, öz bədii-təxəyyülü ilə avropalını dolayırdı. Bunu da bizimkilər başa düşmür.

– Əsas odur ki, öz fantaziyasını pula çevirə bilirdi. Əslində, Yusif Vəzir Çəmənzəminli bunu heç vaxt etməzdi. Çünki o yetərincə ciddi yazıçı idi.

– Bəli, Əsəd bəy avropalıları dolayıb. Professor Gerhard deyir ki, o, avropalı üçün Şərq yaradıb. Amma bunu yaratmağın özü də ustalıq tələb edir. Adam 37 yaşında ölüb. Qısa müddətdə belə bir şey etmək dahilikdir.

– Deyəsən, övladı olmayıb.

– Olmayıb. 4 il evli qalıb, amma övladı olmayıb. Xanımı bunun yazılarını oxuyub və qəzetə gələrək onunla tanış olub. Qaynı pis adam imiş. Amerikaya gedəndə Əsəd bəyi çox lağa qoyublar.

– Məzarının harada olduğu bilinirmi?

– Məzarı dənizin kənarıdadır. Başında da sarıq kimi bir daş var. Üstünə də ərəbcə müsəlmanın məzarı yazılıb. Üzü də Kəbəyə tərəfdir. Avstraliyalı Kont Ömərə yazdığı məktublarda dindən, Allahdan bəhs edir. Deyir, kaş ki, bir müsəlman ölkəsində yaşayaydım. Napoliyə getdim, uzun müddət məscid axtardım. Düzdür içki də içirdi, amma Allaha da güclü inam duyurdu.

Mən burada intellektuallarla danışıram.  Özünü ateist adlandıran ziyalılarımız var. Amma adamla söhbət edəndə görürsən ki, içində fərqli bir mənəviyyat var. Heç bir azərbaycannlı tam ateist ola bilmir. İçində mənəvi bir bağlılıq olur həmişə.

Dini dünya görüşü orta-statistik azərbaycanlı kimidir. Həm içər, həm Allaha inanar. Bizdəki din Dədə Qorquddan gəlir. Bir az şamanizm, bir az Allaha inam.

Məhəmməd Əsəd bəy haqqında deyilən ən böyük tənqidlərdən biri də budur ki, o, başqa əsərlərdən çoxlu fikirlər götürüb. Bu hardasa doğrudur. Onun yanında başqa dövlətlərdən gələn qaçqınlar var idi. Onların kitablarını, gündəliklərini alırdı. “Nikolay” əsərini oxuyursan, fikirləşirsən ki, rus xalqını bu qədər yaxından tanımaq mümkündürmü? Əsəd bəy rusca, farsca, türkcə bilirdi. Dil dairəsi geniş olub. “Lenin” adlı əsəri də çox maraqlıdır. Onun orijinalını tapa bilmirəm. Yalnız italiyancası var. Hazırda almancasını axtarıram.

– Leninə münasibəti necə idi?

– Bolşeviklərə böyük bir kin bəsləyirdi. Əsərlərində Çarlığa və Rus imperiyasına bir heyranlıq duyulur. Çünki o, dövrdə varlılar çox gözəl bir həyat yaşayıblar. Ona görə də bolşevikdən nifrət edirdi. Stalinə çopur deyirdi. Bakıda olanda Stalin onların evinə də gəlirmiş. Məncə Əsəd bəyin ən gözəl əsəri 1928-ci ildə Azərbaycan Cumhuriyyətinin 10 illiyinə həsr etdiyi məqaləsidir. Bu məqalədə Azərbaycanın demoqrafik məlumatları var. Azərbaycanı kimlərin yıxdığını deyir. Rusların həmişə ölkəni talan etdiyini bildirir. Bildirir ki, Azərbaycan Cumhuriyyətinin quruluşunun 10-cu ilidir.

– Onda deyə bilərik ki, Məmməd Əmin Rəsulzadəyə münasibəti də yaxşıdır.

– “Əli və Nino”da Xoyskidən bəhs edilir. Çox güman ki, o, Xoyskini tanıyırdı da. Amma Məmməd Əmin Rəsulzadə ilə bağlı bir məlumat yoxdur.

– Əsərlərində Azərbaycan ədəbiyyatı, tarixi barəsində hər hansı fikirləri varmı?

– Bunu çox axtardım. Deməli, bu adətən, sifarişlə yazıb. Avropada da daha çox Türkiyə ədəbiyyatı ilə bağlı sifarişlər verilirdi. Görünən odur ki, Azərbaycan ədəbiyyatı ilə bağlı sifariş olmayıb. Ancaq “Əkinçi” qəzeti ilə bağlı bir məqaləsi var. Burada Həsən bəy Zərdabidən bəhs edir. Azərbaycan Cumhuriyyətinin xaricə tələbə göndərdiyini yazır. Əsasən rus ədəbiyyatından və türk ədəbiyyatından danışır.

– Əlyazmaları harada saxlanılır?

– Əylazmaları, sənədləri əsasən “Modern Şərq Mərkəzi”ndə saxlanılır.

– Bizə bəlli olmayan hansısa materialları ola bilərmi?

– Var, hamısı da Tom Risedadır. Tim Andryu adında bir İtaliyan qadına 100-ə yaxın məktub yazıb. Bu qadın ona kömək edib. Pul verib, ona Mussolininin bioqrafiyasını yazıb, göndərib həmin məktublarda sənədlərinin necə itdiyindən bəhs edir. Deyir ki, bizim dövrdə doğum şəhadətnaməsi vermirdilər.

Son yazdığı 6 əsərin əlyazmaları Tom Raysdadır. Bir-ikisini çap etdi. Berlində bir professor Hurman var. O, Əsəd bəy adına bir sayt açıb. Orada Tom Raysa ingiliscə məktublar yazıb ki, bu əsərlər sənin deyil. Sən bunları mütləq çap etməlisən, özündə saxlamaq ixtiyarın yoxdur. Çünki Tom Rays bu əsərləri çap etdirsə, Əsəd bəyin bioqrafiyası da tam ortaya çıxacaq. Bilərəkdən gizlədilir.

– Belə bir fikir var idi ki, Əsəd bəy haqqında arxiv materiallarının 100 il sonra açılmağı ilə bağlı bir razılaşma var. Bu nə dərəcədə həqiqətə uyğundur?

– Yox, elə bir şey yoxdur. Hamısı Tom Raysdadır. Mən də məktub yazdım ona, ancaq cavab vermir.

Gözəl söhbətə görə təşəkkür edirəm. İndidən səbirsizlənirəm ki, Əsəd bəyin kitabını nəşr etdirəcəyik.

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10