Məmməd Əsəd bəyin həyatı öz dilindən – İlk dəfə

230 Baxış

mehemmed esed beySenet.az Məmməd Əsəd bəyin 1931-ci ildə qələmə aldığı “Həyat hekayəm” adlı avtobioqrafik məqaləsini təqdim edir. Qeyd edək ki, məqaləni yazıçı Orxan Aras Məmməd Əsəd bəyin arxivlərində apardığı tədqiqatlar nəticəsində üzə çıxarmış, daha sonra Azərbaycan dilinə tərcümə etmişdir:

 

 

                                              Həyat hekayəm

 

Öncə mənim də aid olduğum gəncliyin ideallarının şüar şəklində ifadə edilməsindən, daxili məsələlərin yüksək səslə irəli sürülməsindən nifrət etdiyimi ifadə edim. Bunun səbəbləri də aşağıdakılardır:

Birinci olaraq; etiraf iddiası insanın özünü tanıtmaq üçün rəngsiz və dadsız bir hala gətirilmişdir.

İkinci olaraq; ideallar susmaq üçündür və elə qalmalıdır.

Üçüncü: bu gün ki müasir gənclik nə qədər yaşlıların psixologiyalarından və təcrübələrindən faydalanaraq yaşasa da, onlara nifrət edir və arxa çevirib gedirlər.

Mənə gəlincə, mən yaşlı insanları, hansı dinə, hansı partiyaya, hansı millətə mənsub olmasından asılı olmayaraq, dümdüz, ağacsız bir çöl səssizliyi (və ya quru bir çöl səssiylizi) kimi və keçmiş krallıqlar dünyasının nişanələri olduqları üçün sevirəm.

Birincisi, çünki çox vaxt yaşlı insanlar gənclərdən daha səssiz, daha ağıllı və daha qənaətkar olurlar.

İkincisi, çünki onları hər gördüyümdə gözlərimin qarşısında bir qum səhrası meydana gəlir.

Üçüncüsü: çünki onlarda gördüyüm imperatorluq nişanları mənə insanlığın gələcəyi haqqında daha çox ümid verir.

Bunları ifadə etdikdən sonra …

Doğulduğum yer haqqında məlumat verim.

Həyatımla əlaqədar bütün qarışıqlıq  bu nöqtədə başlayır. İnsanların əksəriyyəti doğulduğu məkanı və ya evi tanıyır və bu haqda rahatlıqla danışırlar. Sonra da doğulduqları yerləri istədikləri an ziyarət etmə imkanına malik olurlar.

Mənsə eyni şeyləri yerinə yetirmək üçün bir qatar vaqonunu ziyarət etməliyəm. Çünkü anam, Zürixdən Rus inqlabçıları ilə birlikdə Bakıya dönərkən Rusiyada dəmiryolçuların tətil edərək qatarı dayandırdıqları vaxt məni bir qatar vaqonunda, Asiya ilə Avropa arasında bir yerdə dünyaya gətirib. Mənim doğulduğum gün Rus çarının bir fərmanı ilə yeni bir Konstitusiya qüvvəyə minmişdir.

Anamla birlikdə mən Bakıya gəldiyim zaman şəhər bir inqilabın ağrıları içində yanırmış. Məni bir səbətdə daşıyan xidmətçi az qala atam tərəfindən mənimlə birlikdə çölə atılırmış.

Mənim həyatım belə başlamışdır.

Atam: Neft sənayeçisi.

Anam: Radikal bir inqilabçı.

Mən isə doğulan kimi liberal bir kapitalist olmağa məcbur edilmişəm, amma bu da əsla reallaşmamışdır.

Beynimdəki ilk uşaqlıq xatirələrim; dümdüz əraziyə yayılmış neft quyuları, ucsuz-bucaqsız qum səhrası, məsciddən gələn müəzzinin səsi və yıxılıb dağılan Xan sarayıdır. Bu saray mənim eşqim idi. Şəhərin Asiya hissəsinin mərkəzində yüksələn bu saraya Bakıdakı neftin əsiri olmuş insanlar əhəmmiyət verməzdilər. Bütövlükdə qırx ilini Bakıda keçirmiş atam da onun varlığından sanki xəbəri yoxdu.

Mən onu özüm üçün kəşf etdim və bütün zamanımı köhnə Bakı xanının məkanı olmuş bu yerin məhkəmə hissəsində keçirməyə başladım. Ərəb əlifbasından olan xətlərin hakim olduğu böyük qapı, qapının arxasındakı geniş salon, yıxılmış sütunların görkəmi və mənasını anlamadığım qabarıq yazılar… Mənim bu köhnə, baxımsız saraya olan sevgim vaxt ötdükcə bir zamanlar onun sahibi olmuş insanlara yönəldi. Xan sarayının çevrəsini əhatəyə almış şəhərin arxası çölə doğru uzanırdı.

Səkkiz yaşımda tənbəl və həyəcanlı halda evimizin damında oturub, Xan sarayına və çölə baxar, onlar haqqında şeirlər uydurardım. Hər ikisi də məndə keçmişə doğru, səssiz, böyük duyğuların oyanmasına səbəb olardı. ( Qurban Səid adıyla nəşr olunan Əli və Nino romanından … “Evin damına çıktım.Oradan öz dünyamı göre biliyordum.Kentin qalasının nəhəng istehkamlarını və sarayın qalıqlarını, qapıdakı ərəb yazıları …67.) Ətrafımdakı insanların bundan xəbəri olmazdı.

İki yaşımdan bəri hər yaz Almaniyaya tətilə gedərdik. Almaniyada nə çöllər nə də yıxılmış küçələr var idi. Otelin səssiz dəhlizində mavi gözlü insanlar, çamadan daşıyan xidmətçilər, yağlı əllərində çörək olan işçilər məni qorxudardılar. Bu qorxu bəlkə də əcnəbi olmaqdan, başa düşülməməkdən və müasirlikdən qaynaqlanan bir qorxu idi. Sonra, müharibə başlayanda Almaniya tətilləri də bitdi. Müharibəni mən çox az hiss etdim.

Mənim dayəm bir alman idi. Mən onunla almanca danışar və almanların qələbə qazanaraq Bakıya gəlmələrini arzulayardım. Və bu arzuların içində, təbii ki, gələcək olan küçə qarşıdurmaları, nizamsızlıq, hüzün, bəlkə də əyləncə də vardı. Ama bütün bu arzular tam fərqli bir şəkildə inkişaf etdi və Bakıda qanlı bir inqilab başladı. İnqilab baş verən zaman mənim 13 yaşım var idi. Ətraftaki dağıntılar, qarşıdurmalar, qarışıqlıq mənim içimdə əvvəl dərin kədər yaratdı, sonra da bu kədər daha şüurlu bir monarxist olmama zəmin yaratdı. Bolşeviklərin neftə olan açgözlülüklərini gördükcə bu düşüncələrim daha da qüvvətləndi.

İnqilab Bakıya qan və ölüm gətirdi. Müharibənin amansızlığı nəticəsində küçələr insan cəsədləri ilə doldu.

Sonra qaçış başladı.Önce Türkmənistan və İran … Çöllərdə inqilabı tam unudarkən hadisələr başqa cür inkişaf etdi və yenidən evə döndük.Çox keçmədən təkrar Bolşevik hücumu, təkrar qaçış …

Qaçdım.

Atam arxamdan gəlirdi.

Bir neçə saat “ÇK”-da dindirildim. Kiçik bir yalanla əllərindən xilas oldum və yenidən qaçmağa başladım. Bolşeviklər məni Gürcüstan sərhədində təkrar yaxaladılar. Məni bir agent olmaqda günahlandırdılar. Amma yenə bəxt mənə güldü və əllərindən xilas olmağı bacardım.Gürcüstanda bir neçə ay, qırmızı işarələr, məcburi xoşbəxt kollektiv həyat və terror olmadan yaşadıq. Amma Bolşevik ordusu dayanmadan irəliləyirdi və çox keçmədən Gürcüstanı da işğal etdilər və bizim qaçışımız yenidən başladı.Bu dəfə istiqamətimiz İstanbula doğru idi.

Bolşevik inqilabından sonra, ilk dəfə İstanbulda əvvəlki düşüncə və hisslərimə qayıda bildim. İstanbulda sanki köhnə günlərimə yenidən qayıtmışdım. Dayanmadan məsciddən məscidə, saraydan saraya, toplantıdan toplantıya qaçırdım.

Ölkəsinin hüdudlarından daha geniş məkanda tanınan Sultan, mənim çara qarşı olan yazıqlıq hisslərimi yenidən oyatdı.

Boğazı seyr edərkən, içimdə radikalizmə qarşı fırtınalar qoparan nifrət az da olsa, sakitləşir və dincəlirdim. O zamanlar beynimdə təzəcə cücərmiş monarxist fikirlər daha da alovlandı. İnqlabın bizlərə gətirdiyi qan, göz yaşları, ağrılar, ədalətsizliklər bu fikirlərimi yavaş-yavaş bəsləyirdi. Sonradan Avropada qarşılaşacağımız başqa rejimlərə baxmayaraq, İstanbul ruhumdakı islami duyğuları daha da canlandırdı. Bir dünya dini olan islamın sülhə doğru çağırışları, cahanda sülh kimi arzular məni bu dinə daha çox bağladı. İslamın teokratik imperatorluğu, insana verdiyi inam və daxili hüzur məni başdan-ayağa bürümüşdü. Monarxist fikirlərim beləcə teokratik və dünyəvi fikirlərlə dəstəklənirdi.

Böyük və naməlum Avropa məni davamlı olaraq özünə çəkirdi. Atamla əvvəl İtaliyaya getdik. Romada bir katolik monastırında qısa müddətli bir tələbəlik dövrü, sonra Paris, sonra da illərcə qalacağımız Almaniya …

Almaniyada mövcud siyasi aləmlə təmasda oldum. Berlinin qaranlıq, duman dolu bir qəhvəxanasında bir neçə islamçı düşüncəli insanlarla yığışırdıq. Sayımız artdıqca dumana boğulmuş otaqda danışılan Şərq dillərinin sayı da artırdı. Təbii ki, o vaxt aramızdakı müzakirələr almanca olurdu. Aramıza qatılanların yarısı ingilis və ya rus agentləri idi. Rəhbərimiz, sonradan İngiltərənin xidmətinə keçəcək hindli bir hərəm ağası idi.

Müharibə hamımızı eyni məkana yığmışdı və guya siyasi analizlər edir, düşmənlərimizə qarşı şüarlar, bildirişlər hətta sui-qəsdlər hazırlayırdıq.

Mən xəlifəlik haqqında çıxışları qələmə alır, şeirlər yazır, eyni zamanda da bir universitetə ​​daxil olmaq istəyirdim. Fəsillər iz qoymadan keçib gedirdi.

Praktik, politika… Axırda məni özündən iyrəndirdi. Panislamizim haqqında axmaq baxışlar, uydurmalar məndə xəyal qırıqlığı yaratdı. Amma siyasi təcrübə məni ədəbiyyat təcrübəsinə doğru apardı. Bu yol və istiqamət indiyə qədər məni peşman etmədi.

Mən indi bir Alman yazıçısıyam. Gördüyüm bütün xalqlar, gəzdiyim yerlər və şahidi olduğum hadisələr məni kosmopolit bir insan etdi.

Əlbəttə ki Almaniyanı sevirəm.Çünki, (burda gülmək istəyən gülə bilər!) yaşıdlarımdan bəzilərinin düşündüklərinin əksinə Almaniya hələki ən mükəmməl qurulmuş, nizamlı bir ölkədir və məni burda özünə çəkən fərqli və fərdi düşüncəyə olan hörmətdir.

Burda bir sual verilə bilər. Nə üçün illərdir ki, bir respublika rejimində yaşadığım halda hələ də monarxist qala bildim?

Bu problemin cavabı çox çətin deyil.

Bu gün dünyanın başına bəla olan iki ideologiya vardır, biri bolşeviklik, o birisi də həddindən artıq milliyətçiliktir. Məncə, hər iki təhlükənin dərmanı monarxizimdir. Təbii ki monarxizim deyərkən Vilhelm tərzində kiçildilmiş, məhdudlaşdırılmış bir monarxizmdən danışmıram. Mən gerçək bir monarxizmdən bəhs edirəm.

Yaxşı, əsl monarxizim nədir?

Əsl monarxizim partiyalardan, millətlərdən yuxarıda və insanların sərbəst idarə ediləcəyi güclü bir rejimdir. Bilirəm, insanlar nəticədə xalqlara, xalqlar siniflərə, siniflər də partiya və liderliklərə bölünərlər. Monarxiya də bu bölünmə yoxdur. Monarxiya legitim, federativ, insandan yüksəkdə və sinifsiz bir rejimdir.Bu rejim dövlət içində bir piramidanın zirvəsi kimidir və insan üçün ən doğru yoldur.

Fantaziyalar?

İllər əvvəl Zürixdə keçəl və kasıb bir adam yaşardı.O,çox sadə və məhdud bir həyat yaşamasına baxmayaraq geniş xəyallar qurardı. Zürix polisinə görə bu adam zərərsiz bir xəyalpərəst idi.

Bu adamın adı Lenin idi!

Bunu biləndən sonra fantaziyaların reallaşacağına tamamilə inanıram.

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10