Məmməd Əsəd bəyin tarixi məqaləsi: “Şair Çingiz Xan” -İlk dəfə

103 Baxış

esedbey

Senet.az Məmməd Əsəd bəyin 1927-ci ildə qələmə aldığı “Şair Çingiz Xan” adlı məqaləsini təqdim edir. Qeyd edək ki, məqaləni yazıçı Orxan Aras Məmməd Əsəd bəyin arxivlərində apardığı tədqiqatlar nəticəsində üzə çıxarmış, daha sonra Azərbaycan dilinə tərcümə etmişdir:

 

 

Çingiz Xanın ölümünün 700-cü ildönümünə

 

Çingiz xan Avropada bir şair kimi yox, daha çox bir fateh, bir məhvedici kimi tanınır. O, Monqol dastanlarında da  “Qızıl nəslin” ən böyük fatehi və dünyanın hakimi olaraq göstərilir. Bunun da səbəbi təbii ki məlumdur.  O tək başına çox qısa bir zamanda bəşəriyyətin indiyə qədər şahidi olduğu ən böyük dövlətlərdən birini quraraq layiq olduğu şöhrəti qazanmışdır. Şairliyi fatehliyi ilə müqayisədə geri qaldığı üçün, şair kimi çox da məşhur olmamışdır.

Amma Çingiz xan bir şair idi. O, hakim olduğu Çin, Sibir, Monqolustan, İran, Türküstan, Əfqanıstan, Rusiya, Macarıstan kimi məmləkətləri fəth edərkən şeirlər də söyləyir və özündən sonra o şeirlərdən misralar da qalırdı. Amma, təssüflər olsun ki, o “Qızıl nəslin“  şeirlərindən günümüzə yalnız az bir qismi gəlib çıxmışdır.

Çöllər hakiminin generalları və zabitləri oxuyub yazmağı bacarmırdılar, uzaq bir yerə xəbər göndərmək lazım olduğunda, carçılara həmin məlumatı əzbərlədər və göndərərdilər. Əzbərlənmiş bu sözlərin bəziləri zaman-zaman mənzum sözlər kimi dildən-dilə keçmişdir.

Amma Çingiz xanın şeirləri yalnız bu xəbərlərdən ibarət deyildi. Şeirlərindən bəziləri uyğur əlifbasında yaza bilən bəzi yazıçılar tərəfindən qeydə alınmışdır. Çingiz xanın şeirlərinin uyğur əlifbasında, fəlsəfi düşüncələrinin isə çin əlifbasında yazılması, onun dil mövzusundakı dəqiqliyini də bizə qədər çatdırmış olur.

Çingiz xanın siyasi, tarixi və poetik sözlərinin türk-monqol dilindəki ahənglərlə ifadə edilməsi və beləcə orda yaşayan xalqlara çöl insanının əxlaqını, qanunlarını olduğu kimi əks etdirməyə çalışması çox əhəmiyyətlidir . Sözlər, qanunlar bu günə qədər sanki bir nağıl gözəlliyi ilə gəlib çatmağı bacarıb.

Çingiz xanın şeirlərinin əksəriyyəti dostlarına itihaf edilmişdir. Məşhur bir şeiri, ən yaxın dostu, çobanlıqdan general rütbəsinə yüksəlmiş Bogurdçi Noyan`a itihaf edilmişdir. Bogurdçi Noyan gəncliyindən bəri Çingiz xanla bir yerdə idi. Çingiz xanın oğurlanmış atlarını tapmaqda və geri qaytarmaqda Çingiz xana kömək etmiş, sonra da böyük döyüşlərdə qəhrəmanlıqları ilə özünü Çingiz xana sevdirmiş və onun ən yaxın dostu, məşhur bir general olmuşdur. Bogurdçi Noyan orduda Çingiz xanın sağ qolu kimi tanınırdı. Çingiz xan ilk dəfə ‘Tarkan’ rütbəsini də məhz Bogurdçi Noyana vermişdi. Bu rütbə asanlıqla kimsəyə verilməzdi. Bu rütbənin Bogardçi Noyana verilməsinin səbəbi kimi, onun Çingiz xanın həyatını qurtarması ilə izah edilir.

Çingiz Xanın dildən dilə gəzən Bogardçi Noyana həsr etdiyi şeiri belədir:

Əgər boşalmış yay əldən düşsə,

Mənim Bogardçim.

Gözəl sözlər söylə …

Əgər mən hüznə doğru yürüyürəmsə,

Mənim Bogardçim

Qorxma əsla …

Əgər çəkilmiş yay

səni yorarsa,

Mənim Bogardçim,

Düşün ki şansızsan.

 

Əgər mən ölümə yürüyürəmsə,

Vəfalı dostum,

Ölümü mühakimə etmə yaşayarkən

Mənim Bogardçim …

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10