Məmməd İsmayıl: “Adımın hansı sırada çəkilməyi məni əsla rahatsız etmir”

138 Baxış

 memmedismayil

- Bir zamanlar kim demişdi, kim görən?

Düş çöllərə dörd qanadlı yonca tap.

Çəmənlərə yalvar-yaxar yonca tap.

Əgər tapsan sevdiyin qız sənindir.

 

– Yadımdadır o şeir. Söhbətimizin əvvəlində onu mənə xatırlatmaqda məqsədin nəydi?

– Xatirələrə də baş vurmaq, hansısa gizli, müqəddəs bir epizodun yada salınması.

– İş burasındadır ki, çevrəmizdə nə varsa, tanrısal bir mesaj barındırmaqdadır. Bir işarət, bir imacla görəvləndirilmişdir. İnsanın, özəlliklə yaradıcı insanın borcu  zamanında bu işarətlərin şifrəsini çözmək və onu həyatına tətbiq etməkdir. Çox mutluyam ki, hələ ilk yaradıcılıq illərimdən  tanrısal işarətlərin sirrinə vaqif olmaq yetənəyinin mənə də verildiyini fərq etdim. Etdiyimə görə də “Yatan mənalar” şerimi yazdım. Hələ sənin misal çəkdiyin “dörd qanadlı yonca” məsələsi…

- Bu işarətlərin şeirlərinizdəki izlərinə elə “Qərib axşamlardan” da bələdəm. Amma bizim gözümüzdən yayınan daha nələr var?

– Gülnar, şeir sahibinə şerini incələtmək məncə elə də doğru deyil. Bunu oxucu özü aramalı, özü bulmalı. Bir də bu məsələlləri bir tənqidçi kimi sən çox yaxşı incələmisən. Bilmirəm təkrara ehtiyac varmı?

Ünvanı səhv düşmüş bir məktub kimi, Təzədən mən sənə qayıdacağam. Bəlkə, o zaman yeni mətləblərdən hali olam. Amma elə suallar var ki, onların cavabını ancaq siz bilirsiniz.

                                                Necə xatırlayasan

                                                       görmədiyin insanı,

                                                Necə xatırlayasan?!

                                                         düzü, çaşıb qalmışam.

 

– Sadəcə onu deyim ki, gələcəkdə sənətkar olacaq adamın tanrısal işarətləri dərk etmək yetənəyi, bəlkə də, biz dünyaya gəlməmişdən öncə verilir bizə… Amma nə yazıq ki, belə adamlar gəlib elə ortama və ədəbi mühitə düşür ki, çox zaman bu mühit ilahidən gələn ilhama dəstək vermək yerinə onu yolundan çaşdırmağa çalışır…

Bu necə dumandı göz-gözü seçmir?!  Bu necə zamandı, düz sözü seçmir?! Ümumiyyətlə, ilahi ilhama malik olan bir yaradıcını qane edəcək mühit mümkündürmü?

– Ayılar sübhəcən şəfəq yalayar, Bal kimi süzülər ayın işığı, ya da Ağaclar qorxulu bir yuxu görər, Yarpaqlar sübhəcən sayıqlayarlar… Gecənin qoynundan başlayır  səhər, Bu sirri duymazsan birdən-birə sən. Təbiət küsülü bir qıza bənzər.

– Yadımdadı bu misralara Bəxtiyar Vahabzadə açıqlama vermişdi.

– Yox, gərək sən onu dilləndirəsən. Bu sətirləri ona görə xatırladım ki, onların hamısı 20-30 yaş arası yazılan və heç bir tənqidçinin diqqətini çəkməyən sətirlərdi. Halbuki…

…“Bu necə dumandı göz-gözü seçmir?! Bu necə zamandı, düz sözü seçmir?!” Gərək ədəbi, gərəksə də, siyasi aləmdə heç indi də dəyişən bir şey yoxdur…

– Ədəbi aləmdə ən çox nələr dəyişməlidir?

– Ədəbi aləmdə aşağı-yuxarı her şey dəyişməlidir! Söz heç zaman bir bu qədər dəyərdən düşdüyü (hətta senzurası nəfəs kəsən sovet dönəmində belə) dönəm yaşamadı. İzləyə bildiyim sanal ortamda, ölkə tele-ekranlarında, yazılı basında ele bir rəzalət höküm sürür ki, hətta uğurlu sayıla biləcək mətnlər də yaradılan xaos ortamında diqqətli oxucu baxışından uzaqda qalır. Xüsusilə Milli Məclis, ya da hansısa imtiyazlı  görəvlərdə qərarlaşanların  həqiqi ədəbiyyata qarşı aşkar təcavüzü başlayır.

- Həqiqi ədəbiyyatı həmişə həqiqi yaradıcılar yaradıblar. Maraqlı burasıdır ki, dünya ədəbiyyatının da ən sanballı əsərləri də elə öz dövrlərinin xaosluğunda yazılıb. Bəlkə, bizə elə gəlir ki, ədəbiyyat himayə olunanda daha mükəmməl olar?

- Görəvi deputat olub seçicilərinin problemlərini çözmək yerinə şairliyə, yazarlığa qurşanıb, kəssən qarpızın içindən belə çıxan “deputatlarımız” yalnız Azərbaycan basınını deyil, Türkiyənin də yayın orqanlarının təzyiqini qaldırmadadırlar. Artıq şeir bir xəstəlikdir- milli bir xəstəlik. Xüsusilə qadın və qızlarımız öylə bir acgözlüklə şeirə girişiblər ki, sanki dünyada bu qadın və qızlarımızın yapacaq bir misyonu (əsası olan analıq, övlad böyütmək haqqında düşünən yox kimidir!) yoxdur. Ən təhlükəlisi isə bu “şairələrin şeirlərinə yazılan erkəklərin “dahiyanə” statuslarıdır. Heç kişi şairlərin sıradan şeirlərinə yazılan statuslar da fərqli deyil. Bəs bu xaos ortamından ədəbiyyatı kim qurtaracaq? Bəs ədəbiyyata yeni gələn yetənəkli bir gənc nəyə baxıb gələcək ədəbi taleyini müəyyən edəcək. Hardadır ədəbi tənqid və hardadır bu işlə uğraşmasına görə dövlətdən maaş alan qurumların rəhbərləri?

- Qəribə bir paradoks yaranır, çünki ədəbiyyata yeni gələn ümidverici gənclər də o ədəbi qurumların ətrafındadırlar. Amma hər kəs öz yaradıcılığıyla məşğuldur. Bu gəncləri vahid mərkəzdən idarə etməyə gərək varmı ki?

- Yox, mən gənclərin vahid mərkəzdən idarə olunmasını nəzərdə tutmadım. Buna gərək də yox. Amma bir şeyi unutma ki, hardasa ədəbi proses də suya bənzər, ədəbiyyat sudursa, onun bir suçuya da ehtiyacı var. Hanı bu gənclərə doğru yol göstərən ədəbi tənqid? Bu günün ədəbi tənqidi nə yazıq ki, daha çox tərəfkeş tənqidçiliklə məşğuldur.

- Əslində ədəbi tənqid də elmi fəaliyyətin bir növüdür. AMEA-nın Ədəbiyyat İnstitutunun əsas işlərindən biri kimi “Ədəbi proses 2013” keçən il çap olundu. İndi 2014 hazırlanır. Qaneedici tərəf orasıdır ki, gənclərə də xüsusi bölmə ayrılır. Hər il müxtəlif tədqiqatçılar bu işi yerinə yetirirlər. Məncə, artıq ciddi şəkildə bu işlərlə məşğul olunur. Bunlardan da gənc yazarların xəbəri var, mən şahidiyəm ki, onların çoxu bu məsuliyyəti sözün həqiqi mənasında anlayır.

 - Ola  bilər. Axı bilirsən ki, mən qürbətdəyəm. Vətəndən vətənə baxış bir başqa, qürbətdən vətənə bir başqa. Əgər elədirsə, çox yaxşı. Amma izləyə bildiyim qədərincə hələ də dəstəbazlıq, tərəfkeşlik, qrupbazlıq davam edir ki, bu da mənim ədəbi mühitə mənfi fikrimi formalaşdırır.

- Deyəsən, artıq o qrupbazlığın da şifrəsi məlumdur. Artıq o proseslər öz əvvəlki sehrli qüdrətlərini itirib.

- Belədirsə, mən ancaq buna sevinərəm. Amma izlənimlərim mənə başqa şeyləri diqtə edir. 2 ay bundan əvvəl mənə Bakıdan zəng gəldi. V.Səmədoğlunun qırxına qırx şairin dua şeirlərini kitab halında çap etmək istəyirmişlər. Təbii ki, onlara “yox” cavabı verməyəcəkdim. Kitab çıxdıqdan sonra bilirsənmi nə gördüm, indiki gəncliyin bir çoxu “siçan olmamış dağarcıq yırtar” misali əllərinə keçən fürsəti yetərincə “dəyərləndirib”, şeirimi övladım yaşında,  adı və şeiri oxucuya heç nə verməyəcək olanlardan sonra vermişdilər… Halbuki, Türkiyədə iki jurnal hər nömrəsini mənim şeirimlə açır… Sən daha optimistsən görünür. Əslində bu, məni sevindirir də. Pessimist olmağının bizə yararı nə olacaqdı ki? Ən əsası ruhunu kökdə saxlayırsan. Bir yaradıcı adam üçün bu heç də az deyil.

- Bu hansı meyara əsasən olub deyə bilmərəm. Amma görülən işlərin həmişə nəsə çatışmayan bir tərəfi olur. Sizcə sizin şeiriniz məqsədli şəkildəmi başqa səhifədə çap olunub?

- Bu, mənimçün dərd deyil. Sadəcə yadıma düşdüyündən yazdım. Əlbəttə, məqsədli şəkildə. Başqa necə ola bilər ki? Yenə deyirəm söhbətimizin axarına uyğun gəldiyindən yazmağı uyğun gördüm. Bu, bir əxlaqsızlıqdır və ilk dəfə deyil ki, baş verir. Amma yenə deyirəm bu söhbətimizin axarına uyğun olduğuna görə dilə gəldi. Oysa ki, həqiqətən indiki halda AZƏRBAYCAN  ədəbi laboratoriyasında nələrin reaksiyaya girdiyini bildiyindən adımın çəkilib-çəkilməməyi və hansı sırada çəkilməyi məni əsla rahatsız etmir. Çünki mənim tanınma coğrafiyam bəlli olduğu kimi Azərbaycanla sınırlı deyil. Hətta sınırlı olsaydı belə, fərq etməzdi… hər şey enində-sonunda zamana bağlıdır.

- Məncə, Məmməd İsmayılsevənlər ordusunun olması bütün sərhədləri aşmağa yetər. Bir şeyi də əminliklə deyə bilərəm ki, bu sevginin vətənimizdə prinsipini çəkənlər yoxdu. Yəni Məmməd İsmayılı sevib seçənlərə heç bir təpkinin şahidi olmamışam. Məsafələrə baxmayaraq Siz ədəbi gəncliyin ən sıx ünsiyyətdə olduğu şairlərdənsiniz. Bunlar optimist olmağa yetməzmi?

- Gülnar, yazdıqlarına mənim də heç bir şübhəm yoxdur. Telefonlarıma, internet ünvanlarıma gələn məktub və mesajlar dediklərinin başqa bir təsdiqidir. Amma biz səninlə mənə qarşı sevginin, ya nifrətin dərəcəsini ölçmək deyil, ədəbi söhbət edirik. Dediklərim də bu doğrultudadır.

- Ədəbiyyatdakı çatışmazlıqlar da beləcə-beləcə tənzimlənməzmi?

- Niyə də təmizlənməsin. Buna inamım olmasaydı, heç bu söhbətimizdə bəzi oxucular üçün ser olacağını bilə-bilə sərt fikirlərimi söyləməzdim.

- Bəs sizin ədəbi gəncliyimizdə görmək istədiyiniz daha hansı xüsusiyyətlər var?

- Gənclərin içərisində gerçəkdən də elələri var ki, iyrimi birinci əsrin atmosferinin özündən gələn fikri fırtınanın, gözlənilməz fikirlərin, deyimlərin müəllifləri kimi qarşımıza çıxır. Və onların əvvəlki nəsillərdən fərqli üsluba sahib olmalarına can atımları və onları diqtə etməyə çalışmaları sevindiricidir… Amma onların bir çoxu atmosferdən və ata-ana hazır sevgisindən gələn fitri istedadlarını çox zaman tərəfkeş tənqidin gündəmdə tutduqları imzaların təsiri altına düşərək, bulduqları üslublardan bəzən vaz keçmələri məni narahat edir.

- Yəni, bu üslubu janr və mövzu ilə əvəzləsək, nələrdən vaz keçilməməlidir?

- Üslublar da çaya bənzəyir. Çay başlanğıcını  dağ bulaqlarından alır, yollar boyu qolları da sularına qata-qata əzəli arzusuna- dənizə qovuşmağa can atar. Bulaqlar suyunu kəssə, çayın dənizə qovuşmaq şansı qalırmı? Gənc istedad da sənətin ilk aşamasında bulduğu üslubu yönü yollar boyu dünyanın çeşidli üslublarından da güc alaraq sənətin zirvəsinə can atmalı. Əgər çeşidli təsirlərlə ilk tapdığını itirməyə başlasa, yollarda nə hansı təsirlərdən bəhrələnirsə bəhrələnsin zirvəyə yolu tərəddüd cığırına çevriləcəkdir. Bu, bir gerçəklikdir.

- Bizim ədəbiyyatımızda bu bir faciə kimi təsdiqlənib demək olarmı?

- Yox, faciə deməyək. Sadəcə çeşidli nəsillərin taleyində yaşanmış acı  təcrübə deyək.

- Vətəndaşlarınız da vətənimizlə həmtale oldular. Amma ümidverici nələrsə varmı?

- Ən son ölən ümiddir, -deyirlər. Bizim vətənimizdən, vətəndaşlarımızdan da zor tarix yaşayan vətənlər və vətəndaşlar istənilən qədərdir. Adlar da çəkə bilərəm. Ağlın yolu birdir. Savaşda məğlub olan Almaniyanın, Yaponiyanın sonrakı inkişaf  mərhələsi gözümüzün qarşısında keçdi. Adlarını çəkdiyim ölkələrin öndərləri özlərində elə bir təpər tapdılar ki, təmsil etdikləri millətlərini arxalarınca zirvəyə doğru çəkə bildilər… Bizdə bu olacaqmı?

 -Ustad, mən bir Azərbaycan gənci kimi hər şeyə nikbin baxıram. Buna əsaslarım da çoxdur. Çünki bəlli bir fakt var ki, dünyanın ikinci belə bir ölkəsi yoxdur ki, tarixən bizim ölkəmiz yaşayan faciələri yaşamış olsun. Hətta qədim sivilizasiyanın bəzi millətləri də yer üzündən silinib. Amma bu boyda tarixi sınaqlara baxmayaraq biz millət olaraq da, dövlət olaraq da varıq. Bütün əks təbliğatlara baxmayaraq milli və sağlam düşüncəli insanlarımız və xüsusilə, gənclərimiz var. Bu isə var olmağın varlığıdır.

- Təki sən deyən olsun. Gəl, bu mövzuda polemikaya girməyək. Mən sənin fikirləşdiyin kimi fikirləşmirəm… Amma səni də təkzib etmək fikrindən uzağam. Sadəcə onu bil ki, ölkənin və millətin gəlişimi çəkilən yollarda, salınan körpülərdə, tikilən binalarda deyil, o yollardan, o körpülərdən keçən, o binaların içində yaşayan insanların düşüncələrindədir. Və rüşvətin, yalanın ayaq açıb yeridiyi məmləkətlərin gələcəyinə nikbinliklə baxmaq mümkün deyil, ayrıca  yönəticilərinin Allahı pul olan məmləkətlərin tarixi faciələrinin istənilən qədər tarixi örnəkləri var. Gülnar, mənim uzun ömrüm mücadilə və mübarizələrlə keçdi. Və belə də davam edəcək! Qaldı nəyisə əldə etməyə… sənə uğurlar diləyirəm. Gecən xeyrə qalsın…

- Gecəniz xeyrə. Doğrudan da çox sağ olun, ustad!

 

Söhbətləşdi: Gülnar Səma

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10