Məmməd İsmayıl lirikasıyla baş-başa

415 Baxış

memmedGülnar Səma

 

Bəxtinə düşən günü şair taleyi kimi yaşayan Azərbaycan yazarlarından biri də Məmməd İsmayıldır. Həmişə özünə, milli kimliyinə əsaslanan M.İsmayıl yaradıcılığı tarixi ənənəyə, köklərə söykənən, amma ondan yaradıcı şəkildə bəhrələnən bir poeziyadır. Məmməd İsmayıl misralarının haqdan su içdiyini bir daha təsdiqləyən nümunələrə müraciət edək: “Qırxında saz alan, gorunda çalar, Sabahı əllidir qırx doqquz yaşın”. Hərdən insan belə qənaətə gəlir ki, cavanlığın qədrini onu itirəndən sonra bilir. Bu, heç kəsə gərək olmayan təsəllidən başqa bir şey deyil, çünki belə bir el deyimi var ki, “qırxında saz alan gorunda çalar”. İtirilmiş zaman, əldən çıxmış fürsət geri qayıtmaz. 49 yaşdan sonra 50 yaş gəlməyi hamının bildiyi faktdır. Şeirdə bu fakt, elə incəliklə dilə gətirilmişdir ki, o, sadəcə yaş dönəmi olmaq xüsusiyyəti daşımır, çoxuna bəlli olan adi bir məlumatı, şair qeyri-adi şəkildə təqdim edir. Bununla yanaşı, folklordan hərtərəfli istifadə etmək M.İsmayıl yaradıcılığında adi haldır. Folklor ədəbi ənənələrindən bəhrələnmək şairin yaradıcılığının bütün dövrlərini əhatə edir. Onun son dövr əsərlərindən olan “Oğuz hələ yuxudadır” şeiri bunun bir nümunəsidir. “Su pərisi, su pərisi, bu çoban şəhvət hərisi…” misralarıyla başlayan əsər “Basatın Təpəgözü öldürdüyü boy”la səsləşir. Doqquz bəndlik şeirdə həmin boy bütün təhlilləriylə göz önündə dayanır. Lakin şair burada boyun sujetini nəzmə çəkməyib. Bir çobanın acığına bütün Oğuzu qarğayan su pərisinin başına gələnlərlə “başına təpəgöz keçən, hələ yuxuda olan” oğuz elinin acınacaqlı taleyini qələmə alır. “Nolar o baxdı, sən baxma, Baxma, sən baxsan söz çıxar. Yaxanı yaxın buraxma, İçindən, Təpəgöz çıxar…” Bir çobanın səhvi ucundan bütün oğuz elinin fəlakətə sürüklənməsini şair tarixi ibrət kimi göstərmişdir:

Öz-özünü bulmayanlar,

Özgələrlə üz-göz olur.

Sevgidən doğulmayanlar

Doğunca, Təpəgöz olur.

Bəndin bədii strukturu mükəmməldir. İlk misralarda özünü tapa bilməyən insanların başqalarının onu başa düşməməsi bəhanəsiylə münasibətsizlik yaratmasına münasibət bildirmişdir. Son misralarda isə günahkar şəhvətin bəhrəsi olan varlıqların gələcək müsibətdən başqa bir şey olmayacağı xatırlanır. Bu cür məxluqlardan olsa-olsa Təpəgöz olacaq. O da daxili düşmənə çevriləcək. Bu yerdə şairin Təpəgöz məfhumuna verdiyi anlamı Ç.Aytmatovun Manqurt obrazıyla da müqayisə etmək olar. Yəni bu obrazın hər ikisi hansı nəslə mənsub olduğunu unutmuşlardır. Lakin Manqurtdan fərqli olaraq, Təpəgöz səma mənşəli bir bəladır. Manqurt işgəncələr nəticəsində milli kimliyini yaddan çıxarıb. Təpəgöz isə Oğuz elinin günah simvoludur, elə bir simvol ki, axırda mənsub olduğu tayfaya qənim kəsilir. Şairin məharəti bu qaranlıq mətləbləri incəliklə işıqlandırmaqda üzə çıxır. Təpəgözü milli kimliyinə xain çıxanların obrazı kimi ümumiləşdirib.

M.İsmayıl istər dünya, istərsə də Azərbaycan ədəbiyyatını dərindən mənimsəmiş, yaradıcılıq prosesində onlardan örnək götürmüşdür. Bu, müxtəlif formalarda təzahür edir. Şair bəzən hansısa klassik sənətkarın əsərinə istinad edir, bəzən də onların adlarını hörmətlə çəkir. Milli və ya xarici ədəbiyyat nümunələrinə fərq qoymadan hər birinə hörmətlə yanaşır. M.İsmayılın özünəqədərki yaranmış poeziyamızdan bəhrələnmə tarixini vərəqləsək, buna əmin ola bilərik. Satirik ruhda yazılmış “Hər sözün doğrusu” şeirində M.Ə.Sabirin təsirini duymamaq mümkün deyil. “Rüşvət almayan da almır, alanmır, Özünə təsəlli verib gözləyir” kinayəsinin tamamını növbəti bənddə izləyirik:

Yenidən oxunur köhnə qəzəllər,

Oxunur ruslu, farslı dütarla.

İşini görmədə görünməz əllər,

Ötür karvanımız “nə işim var”la.

Son misradakı “nə işim var” ifadəsi həmin şeirdə Sabir yanğısının köklərini göstərir. Şimalımızda ruslar, cənubumuzda farslar köhnə “qəzəlləri” “dutar”da oxuyaraq başımızın altına yastıq qoymaqdadırlar. Biz görünməz əllərin işlərinə elə biganə yanaşırıq ki, sanki bizə aidiyyatı yoxdur. Amma şair buna sabiranə tərzdə etiraznı bildirir.

Onun yaradıcılığında dünya ədəbiyyatından bəhrələnmənin izlərini də tapa bilərik. Şairin əfsanədən götürülmüş “Nəsib-Yusif quşları” şeirində bir epizod Əlişir Nəvainin “Səddi-İsgəndər” poemasının sonluğuyla eyniləşir: “Hələ dava var, Obada, eldə. İsgəndər şahın Bir əli çöldə. Sən hikmətə bax- Şirinmiş demə, dünya malından bir ovuc torpaq”. Bu misralarda “İsgəndərə qalmayan dünya sənə də qalmaz” ifadəsi xatırlanır. Poemada göstərilir ki, İsgəndəri basdırmağa apararkən o əlinin boş tabutdan kənara qoyulmasını vəsiyyət edir. Yəni, dünyadan köçəndə əliboş gedir. M.İsmayıl həmin epizoddan öz məqsədi üçün yararlanıb.

Digər türk şairi Nazim Hikmətin “Çinarlı qübbəli mavi bir liman, Məni o limana aparammazsan”- misralarını epiqraf gətirdiyi, “Su yolu, arzu yolu…” şeiri 1981-ci ildə yazılmışdır. Şair həmin epiqrafı gətirsə də, əsərə diqqətlə yanaşdıqda, orda türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun da təsirini hiss edə bilərik: “Ordan, o sahildən bir uşaq baxar, Səssiz fəryadları suları yaxar. -Ay gəmi, ay gəmi, məni də apar. Sən canın, ay əmi, məni də apar”. Göstərilən parçadan aydındır ki, şeir Ç.Aytmatovun “Ağ gəmi” əsəriylə səsləşir. Hər iki əsərdə ədəbi qəhrəman onu xəyallarına qovuşduracaq ağ gəminin sorağındadır, “Ordan o uşağın xəyalı kimi, Havaya millənər bir ağ göyərçin”. Lakin M.İsmayılın arzular qoynunda xumarlanan cocuq obrazı öz uşaqlığının prototipi təsirini bağışlayır. Romandakı uşaq ağ gəminin atasını ona qaytaracağını gözləyir, şair özü də uşaqlığından üzü bəri bu möcüzənin baş verəcəyi anın xəyallarıyla yaşayıb; “Hansı fotoqrafı dilə tutum ki, Bulağın gözündən çəksin şəklini. İşdi alınmasa aldadıb məni, Yalandan özündən çəksin şəklini”. Şeirdə çarəsizliyin maksimum yalvarışları əks olunmuşdur. Dünyada elə bir gücə malik fotoqraf varmı ki, (elm bu nailiyyətə imza ata biləcəkmi?!) onun obyektivi insan təxəyyülünün şəklini çəkə bilsin. Hətta, təxəyyülün təbiətin hər guşəsində apardığı axtarışlarının da şəklini çəksin. Atasından heç bir fotoşəklin qalmaması, onu yalnız xəyal ilə təsəvvür etməsi şairi daim narahat etmişdir.

Türk ruhunu əsərləninə köçürərək, yaşadan və inkişaf etdirən Məmməd İsmayıl poeziyası poetik mənalandırma novatorluğu ilə nəzəri çəkən poeziyadır. Onun şeiriyyatına çökən bu ruhu heç bir qüvvə aradan götürə bilməz. Öz-özünə cığır açan istedada güzəşt olunmasını istəməyən şair ədəbiyyata ciddi önəm vermiş, sözün dərin qatlarına nüfuz etməyə can atmışdır: “Qar idi evlərə gələn cığırlar, Qar idi… evlərə gələn yox idi…” Bircə kəlmə “qar idi…” ifadəsi yüzlərlə şahidin həqiqəti təsdiq üçün edəcəyi cəhdlərdən daha tutarlıdır. Müharibə vaxtı ərləri döyüşdə olan qadınların evlərinə gedən yollar qarla örtülübsə, heç kəsin ayaq izləri yoxdursa, deməli, o qadınların evinə naməhrəm kişi ayaq basmayıb. Şair həmin xanımların ərlərinə sadiq qaldıqlarını müxtəlif üsullarla çatdıra bilərdi. Amma elə bir taktikadan istifadə edilir ki, şərhə ehtiyac qalmır. Şair bununla kifayətlənməmiş, daha geniş mövzu axtarışlarına can atmışdır. Şaircəsinə baxdığı hər gözəlliyə söz qoşmağı bacaran sənətkar həmişə axtarışlarda olmuşdur.

Biz ki, görüşürük ayla gün kimi,

Mən dağam sən isə çəkilən duman.

Sən doğma sahildən ayrılan gəmi,

Mən liman, yoluna müntəzir liman.

Gündüzlər çıxan günlə gecə parlayan ayın görüşü necə mümkün olar ki?! Yəni lirik qəhrəmanların da günəş və ay kimi görüşə bilməməsi artıq bu eşqin nəticəsini bəlli edir. Həm də dağın başı çən-duman olar, dağlardan çəkilən duman yoxluğa məhkumdur. Bu, əbədi ayrılığa işarədir. Gəmi doğma limanından həmişəlik ayrılığa istiqamətlənir. Sahilinə sadiq olan liman gəmisinin qayıdacağına ümid bəsləyərək gözləyir.

Daim müraciət olunan təbiət mövzusu da onun yaradıcılığında yetərincə özünü təsdiqləyib. “Dağların başından keçir çən-duman, Keçir deyilməmiş bir fikir kimi. Enib dərələrə ilişən duman, Dağların qəlbində qalır sirr kimi”. İlk baxışdan təbiət mövzusunda yazılmış əsər təsiri bağışlayan şeir, əslində güclü metaforik fikirlər qovşağıdır. İnsan nəyinsə haqqında düşünüb fikirləşə bilər, lakin dağların nə barədə düşündüyünü anlamaq üçün başından keçən çən-dumana nəzər salmaq gərəkmiş. Sən demə, dağların başına dolanan çən-çisək elə onların düşüncələriymiş ki, dərələrə ilişib qalanda artıq gözlə görünən fikir yox, müəmmalı qalan sirr olur. Bəzən isə şair sirrini verməkdən çəkinmir: “Eləsinə vurul, vurulanda da, Desinlər, ay Məmməd, əla gözəldir”. Oxuculara yaxşı tanış olan şeirindən gətirilmiş misalda “gözəldir” hökmü əsasdır, bu üzdən də şeirin rədifidir. Lakin bu gözəlliyi tamamlayan şərtlər ondan da əsasdır. Yar olduğun (yarın olan) insanın dərd bilən, üzə gülən olması, bircə işarədən səni tamamilə anlaması gərəkdir. Həmin gözəlliyi tamamlamaq üçün ən vacib tələblərdən biri yorğunluğa qalib gələrək, bircə an göz qırpmadan yolunu gözləyə bilməkdir. Həyati imtahanlardan keçərək yüksək mənəvi keyfiyyətə malik olandan sonra ona “gözəldir!” demək olar.

Ömrü keçirmişəm haray, həşirsiz

Ay bizim günlərin gözəl qızları,

Qoymursuz qaxılıb işimi görəm,

Eləbil mənimlə düşüb acığa,

Siz də bir tərəfdən gözəlləşirsiz.

Zaman bizdən asılı olmayaraq irəliyə addımlayır. Ətrafımızda baş verən dəyişikliyin fərqinə varmırıq, vaxt ötüb keçəndən sonra təəssüflənirik. Gözəllik ömür-günlə bəhsə girir. Sənin yaşın artdıqca yeni gözəllər doğulur. Zaman səni indinin gözəllərindən uzaqlaşdırır, lakin yaşadığın anın gözəlliklərindən uzaqlaşdıra bilmir. Gözəlliyi gözəllik əvəz edir. Gözlərin yenə gözəllərə tuş gəlir. Bu gözəllər sənin günlərinin gözəli olmasa da, sənli günlərin gözəlləridir. Buna görə qoymurlar ki, qaxılıb işini görəsən. Onlar gözəllikləriylə ürəyini oğurlasa da, sən öz keçmişinə də boylana bilərsən: “Yoxsa, dönüb oğul oldu, qız oldu, Harda qaldı bu məhəbbət, məhəbbət?!” Sevginin sonucda çox şeyə çevrildiyini şairlər dəfələrlə yazmışlar. Amma dünənki məhəbbətin, bügünki oğula, qıza çevrilməsi deyimi tamam fərqli bir yanaşmadır.

Yazarın ən məşhur əsərlərindən olan “Hələ yaşamağa dəyər bir az da…” şeiri 1968-ci ildə yazılsa da, bu şedevr əsərdə müdrik el ağsaqqalının simasını görür, ürək çırpıntılarını eşidirik. “Bələndi”, “gələndi”, “qafiyələndi” ahəngdarlığı neçə-neçə poetik mənaları bir-birinə bağlayıb. Min illərdi ki, gedib-gələn yolların talada cığırlarla kəsişməsi şairin nəzərində elə harmoniya yaratmışdır ki, bunu ancaq uyğun qafiyələrlə müqayisə etmək olar. Böyük Avropa bəstəkarı Bethovinin bəstələrinin türk musiqi aləti olan sazda ifasına yaradıcı şəkildə önəm vermişdir.  Həmin əsərdə yazar belə qənaətə gəlir ki, bu, qərb təfəkkür tərzinə malik olan avropalıların türk dünyagörüşünə uyğunlaşmasıdır. Həm də türk musiqi aləti avropalının ürəyindən süzülüb gələn nəğmələri də doğmalıqla ifa etmək qüdrətinə malikdir. Bütün bunlar yaşamaq üçün stimul verən əsas səbəblər kimi göstərilir.

Şairin lap gənclik illərində yazdığı məşhur “Bir ildir” (1965) şeiri poetik mənalandırma novatorluğu ilə seçilir. “Dünyaya baxıram” kitabında 3 bəndi nəşr olunan şeir sonralar 5 bəndlə çap olunub. Şeirə yazıldığı tarixdən dillər əzbəri olmaq şansını verən səbəblər çoxdur. Şeirin yeni deyim tərzində ərsəyə gəlməsi çox uğurlu alınıb. Yaylığa folklorumuzda ayrılıq rəmzi kimi xeyli müraciət olunub. Ayrılıq rəmzinə çevrildiyinə görə göz yaşlarından islanar, quruyar. Şeirin yekun misraları-möhürbəndi xüsusilə fərqlidir. Bir il vur-tut 12 aydan ibarətdir. Üç aylıq yaşı olan körpənin dünyaya gəlməsi üçün cəmi 9 ay lazımdır. Şair bu təbii qanunauyğunluqla riyazi hesablamadan şairanə bir gözəllik yaratmışdır. “Onun körpəsinin yaşı üçaylıq, Mənim həsrətimin yaşı bir ildir”.

M.İsmayılın ən çox sevilən və möhürlənmiş şeirlərindən biri də ağacdələnə müraciətlə yazılmış şeirdir. Həmin əsər barədə görkəmli şairimiz Ramiz Rövşənin mülahizələri diqqət çəkəndir: “Əzizim Məmməd, “Göy üzü quşlarla şairlərindir” adlı bir esse yazmışdım. Bizim minillik poeziyamızda, əgər belə demək mümkün olarsa, “quşbaz” şairlər çoxdu. İçi Vaqifin, Vidadinin durnaları qarışıq poeziyamızın səmasında bu vaxtacan çox quşlar uçub. Elə mən özüm də sərçəsindən bayquşunacan çox quşa şeir yazmışam. Amma bizim poeziyamızda sənin özəlləşdirdiyin bir quş var. Və indən belə o quşa nə qədər şeir yazılsa da, heç biri sənin o məşhur şeirinin qanadı altından çıxa bilməyəcək”. Doğrudan da, M.İsmayıl həmin quşu elə özününkiləşdirib ki, onun poeziyası bu şeirlə bitkinləşir. Şeirin bədii gücü onun səmimi və həzin ruhda qələmə alınmasındadır:

Yol azmısan bu payızın çənində,

Ağacdələn, ağlın azıb sənin də,

Dən gəzirsən saçlarımın dənində,

Atamoğlu, az qapımı döy görüm.

Ağacdələnin ağlı azıbsa niyə məhz şairin qapısını döyəcləyirdi? Sənətkarın dən düşmüş saçlarında dən gəzməkdə o quşun amacı nə idi?! Şair bu şeiriylə də təbiətin hər canlısında onu ürəkdən duyacaq adam axtarışının davam etdiyinə işarə edir. “Bir dəfə səhv edir minaaxtaran, Ömründə bir dəfə, cəmi bir dəfə misralarında müasir texnoloji yeniliklərin şeirdə özünə yer tutmasının izini görürük. Minaaxtaran bircə dəfə səhv edib minaya düşərsə, həyatını davam etdirmə şansı sıfıra bərabər olar. Şair bu səhvlə həyati əhəmiyyətli yanlışları müqayisə edir. Buraxılmış ciddi səhvin sonradan düzəldilməsinin mümkün olmadığını təsdiqləyir. “Deyin ki, bulağa bir qız Məmmədi, Susuz aparmışdı, susuz gətirdi”. Bir zamanlar dil-dil ötən oğlan cavablar qarşısında başını elə aşağı salıb ki, sual işarəsinə oxşayır. Vaxtında fürsəti əldən verir. Ağzına su alır. Sonra o suyu yerə tökməyin nə mənası var ki! El arasında deyilən “çaya sussuz aparıb, sussuz gətirmək” ifadəsini şair bu məqamda çox yerində işlətmişdir. Nakam şairimiz Əli Kərimə müraciətlə yazılmış “O kimidi…” (1974) şeiri də seçilən əsərlərdəndir; “Hardasa, gələcəkdə bir gözəl yaşayırdı, Mən ona göndərərdim fikir teleqramları…” misralarıyla başlanan əsər orijinal poetizmi ilə seçilir.

Yuxularda arzumun arxasınca qaçanda,

Bir qızın dizi üstə yatdığım neçə ilmiş.

Ömrün oyanış çağı gözlərimi açanda,

Başım üstə dayanan qız yox, o qız deyilmiş…

Şeirdə güclü zaman fəlsəfəsiylə rastlaşırıq. İndinin keçmişində yaşayan lirik qəhrəman gələcəkdəki gözələ (əslində bu yaşamaq istədiyi həyatın layihəsi-xəyallarıydı) fikrən teleqramlar göndərir. Bu ifadənin özü yeni deyim tərzi idi. O teleqramın sətirlərində gələcəyini xəyalında canlandıran təmizqəlbli insanın ürək çırpıntıları əks olunurdu. Hər ürək döyüntüsü həzin laylaya dönüb aşiqi yuxuya vermişdi. Vaxt gəlib vədə yetişəndə yuxu gözləri tərk edir. Ancaq o qədər gec olur ki, başın üstə dayanan qızın xəyallarındakı qıza heç bir dəxli olmur. Çağrılmamış qonaq həyatının daimi sakininə çevrilir. Qəlbinin hər döyüntüsü arzular qoynunda vulkan kimi püskürsə də, düşdüyü vəziyyətdə sönmüş vulkanı xatırladır. Ümumilikdə şeirin bədii gücü arzular və reallıqlar təzadı fonunda ortaya çıxır. İstədiyin həyat bir başqa, yaşadığın həyat bir başqa olanda, ziddiyyətlər ömür-gün yoldaşına çevrilir.

Yadımdan çıxarmı, o qış, o soyuq?!

Yüz ümid alışa, yüz ocaq yana.

O pula getməyib özükən toyuq,

Bazardan peşman qayıdan ana.

Unudulması mümkün olmayan o qarlı qış günü! İllər keçdikcə ağrılı olduğu qədər əziz xatirəyə çevriləcək yaşam! Şeirin əvvəlində yazarın öz cavanlığına etiraf məktubu da çox səmimi hisslərlə ifadə olunmuşdur. Sevgilisindən güclə bir kinoya getmək üçün razılıq almışdı. Lakin maddi sıxıntı həll olunması mümkün olmayan problemə çevrildi. Hamısı bir-birindən çətin vəziyyətdə olan qonşulardan da pul tapa bilmirlər. Ana sonuncu ümid yeri olan toyuğu Əsrikdən Tovuza piyada satmağa aparır. Sanki toyuq da satılmadığı üçün peşmançılıq hissi keçirirdi. Şeirin ən xoşagəlimli səbəbi təmiz və ülvi hissslərlə əhatə olunmasıdır. Bəlkə də, bir toyuğun satılması bir insan taleyini dəyişə bilərdi. Bəlkə də, xoşbəxtliyə gedən yolları toyuğun satılmaması bağladı. O toyuq hardan anlasın ki, insan taleyi sözün həqiqi mənasında onun tükündən asılı idi. Sənətkar bu hadisəyə mükəmməl fəlsəfi don geydirib. Bu da şeirin özəlliyini artırır.

Məmməd İsmayılın vətənpərvərlik mövzulu şeirlərinin kökündə bütün türk dünyasının xəritəsi dayansa da, o, yeri gəldikcə Azərbaycanımızın tarixi faciələrinə üsyankarcasına münasibət bildirmişdir. Hələ vətənimizin sovet imperiyasının işğalı altında olduğu illərdə yurdumuzun ikiyə bölünməsinə qarşı açıq-aşkar etiraz edən şeirlər yazmışdır. 1961-ci ildə- lap gənc yaşlarında yazdığı misralara nəzər salaq; “Savalan düşmənə yağı dayanmış, Sinəsi dağlıdır, dağı da yanmış! Qəzəbdən saçının ağı da yanmış – Təbrizin övladı beləmi oldu?!” Göstərilən misalda Türkmənçay müqaviləsindən sonra vətənimizin ikiyə parçalanması sadəcə xatırladılmır. Bunun tarixi-coğrafi səbəbləri sadalanır. Savalan dağı özü dağ olsa belə, Azərbaycanda baş verən faciələr onun sinəsini dağlayıb. Qəzəb, əsəb insanın saçının ağarmasına səbəb olur. Savalan elə bir faciəvi ömür yaşayır ki, ağ saçları yanaraq qaralıb. Bu misralarda bir çox sətraltı ifadələr gizlənib. Digər tərəfdən, Savalanın zirvəsindəki ağ qar onun ağarmış saçlarıdır. Şair adi təbiət hadisəsi olan qarın əriməsinə xüsusi məna verir. Belə çıxır ki, Savalanın zirvəsindəki qar ona görə əriyir ki, vətənimizin parçalanmasına tab gətirmir. Ağ qar əridikcə, dağın qaralmış zirvəsi görünür. Şair bunu qəzəbdən yanmış saçların qaralmış yanıq yeri kimi mənalandırıb.

Şairin yaradıcılığından qızıl xətt kimi keçən türklük qüruru hər şeirə çevriləndə fərəhverici misralarla münayiş olunmuşdur. “Tarixə səpilən izi böyükdür, Orda da, burda da türk oğlu türkdür. Elə türklüyü də dünyaya görkdür, Görkün sevgisidir,- türkün sevgisi!” Yazar fəxrlə tarixə səpilən izimizin sərhədsizliyini dilə gətirir. Harada olmağından asılı olmayaraq, dünyanın hər bir bucağında türk balası elə türkdür. Elə sadəcə türk olmağı dünyaya meydan oxumağa yetərlidir. Özünün isə əsl türkanə həyat yaşadığına illər öncədən zəmanət vermişdir.

O gün seçiləcək günlər içindən,

Üzüm qoyulacaq o gün haqq yerə.

Onda biləcəksən minlər içindən,

Məni sevməmisən, sən nahaqq yerə.

Bu misralarda da sevib-sevilmə anlayışına yeni yanaşma üsulunu görürük. Bütün günlərdən özəlliyi ilə seçilən o gün gələcək. O gün ki, həmin gün üzüm haqq olan yerə qoyulacaq. Bax o zaman sən də nə qədər haqlı olduğunu, vaxtında necə düzgün addım atdığını bir daha başa düşəcəksən. Seçiminin necə uğurlu bir sonuca gəldiyini dərk edəcəksən. Biz də bunun fərqindəyik ki, Məmməd İsmayıl yaradıcılığı ilkin qaynağını xalq poeziyasından alaraq, özünəxas inkişaf qanunauyğunluqlarıyla davam etmişdir.

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10