Məmməd İsmayıl şeirlərinin ata harayı

176 Baxış

memmedYəqin ki, yaradıcı insanların ömür yolları qeyrilərindən bir qədər fərqli olmasaydı, güclü ilahi qüdrətə malik olmazdılar. Elə söz sərrafları var ki, onların şəxsi həyatlarının xüsusi incə məqamları həmin sənətkarların həssas nöqtələrini təşkil edir. Belə söz nəhənglərindən biri də Tovuz rayonunda dünyaya göz açıb, türk ellərini ürəkbəürək gəzən şairimiz Məmməd İsmayıldır. Özü qeyd edir ki, “Dünyanı gözüm görüb, ağlım kəsəndən bəri. Danışsam dastan olar, başıma gələnləri”. Onun başına gələnləri o da sözün başına gətirdi. Ürəyinin hər sirrini, hər gizli arzusunu sözləşdirdi, şeirləşdirdi. Beləliklə, poeziyasından şəxsi həyatının bütün cizgilərini oxumaq asanlaşdı: “Kiminsə başına gəlmişdi hava, Yaman qarışmışdı dünyanın başı. Dünyaya tauntək düşmüşdü dava, Oda qalamışdı yarı-yoldaşı”. O illərdə qanlı döyüşlərin qansızlığı həyatın hər sahəsini idarə edirdi. Həmin müharibə hardasa əsrin hadisəsi statusunu qazanmış bir bəla idi. M.İsmayıl poeziyasının təhlilində də  bu qlobal “statusdan” yan keçmək mümkün deyil. Sənətkar barədə nə yazırsan yaz, hansı şərhi verirsən ver, bu müharibəni “oyundan kənarlaşdırmaq” olmur. “Necə xatırlayasan görmədiyin insanı, Hafizəni töküşdür, yaddaşını işə sal”.

O qatar gedirdi dərd çəkə-çəkə,

Yatan körpənin də yuxusu qardı.

Açsaydı kor olmuş gözünü, bəlkə,

İçində bir ata şəkli qalardı.

Müharibənin məşum əli minlərlə tay-tuşları kimi, onu da ata üzünə həsrət qoymuşdu. Ən pisi də o idi ki, ata xatirəsizliyi onun xatirələrinin göz dağına çevrilmişdi. Həyatına dərkedilməz müəmmalar silsiləsi kimi baxırdı. “Kədərdən deyildi hələ göz yaşım, Hələ bir yaşımın atası sağdı!” Cəmi bir yaşın atalığı ilə bir ömürlük atasızlıq bir bədəndə ögey qardaşlar kimi “küsülü” yaşayacaqdılar; “Ömür adlı bir sualıq, Ha bölərəm, çıxar qalıq. Uşaqlıq,  gənclik, qocalıq Dəmi məndən keçib gedər”. Sonu qələbə olan ömrün başlanğıcı döyüşür, müharibə bir oğulu atasız qoyurdu. Ata harayı daim fikirlərini məşğul edirdi;

Bilirmi vətənində ,

Kimi qalıb, nəyi var?

Başabəla arzunun

Hansı gələcəyi var?

Yarım yaşında qoyub,

Gəldiyi xəstə oğlu,

Öldümü, sağaldımı?

Tək qadını adını,

namusunu  qoruyub,

Min bir dərdin əlində,

Bu zamana qaldımı?!

Ata savaşa gedən vaxtlar həyatın öz qanunauyğunluqları vardı. “Atamın getdiyi cəbhə yolutək, Əynimiz başımız dəyişməmişdi”. Köhnəliyin özü də köhnəlirdi. Amma həmişə təzə qalan milli mənəviyyatımız eləbil ki, özününümayişə fürsət tapmışdı. Qadınlıq kişiyana imtahan verirdi. Ən bariz nümunəsiylə M.İsmayıl lirikasında tez-tez  üz-üzə gəlirik. “Bir az anamdan deyim,  deyim kimdi o qadın?! Bir yastığa baş qoyub, yatdığınız bir ildə Heç bilmirəm sən onu, tanıdın, tanımadın?!” Atanın böyüklüyü ananın ucalığını zəruriləşdirirdi. Hissələnmiş bir ailədə yarımçığın bütövlüyü tamlaşırdı: “Bir sualdan asılıb qalmışam 30 ildi, Ömrünün sonunacan dayanıb kişiyana, Dul qalıb yaşamağa atam tab edərdimi?!” Bu cavabsız suallarda kişiliyin qadın simasında necə ərləşdiyinin şahidi oluruq. Döyüşdən qayıtmayan ata ilə sadiq ana vəhdət yaradır. Ayrılığı birləşdirib ailə formasında nümunə göstərirdilər;

Ürəyə düşərdi addım səsləri,

Təzədən qayıdıb dönərdi geri…

Gəlin anaların yuxularında

Əsgər ataların boş qalan yeri.

Eyni taleyi yaşayan minlərlə analar vardı, o illərdə. Əslində bir dördlüyünü örnək aldığımız “Ümiddən asılan qılınclar” şeirini gəlinlik hissi ilə analıq hissi arasında qalıb çürüyən, “namus ocağına” dönən bütöv bir qadınlar nəslinin rekviyemi də adlandırmaq olar. Həm də o yaşam öz gözəgörünməz- tale deyilən qaydalarıyla idarə olunurdu;

Çətindi boşuna dil töküb ötmək,

Ürək əvəzinə göz böyüdərsən.

Çətindi atasız oğul böyütmək,

(Özün istəsən də, istəməsən də)

Oğul əvəzinə qız böyüdərsən.

Həyatın hər sınağından çıxıb ürəyəsığmaz arzularla saçının birini ağ, birini qara hörüb oğlunu boya-başa çatdıran ananın umacaqları çox olsa da, atanı müharibə udduğu azmış kimi, ananı daha acınacaqlı qədər gözləyirmiş:

Oldu, toyum oldu mənə göz dağı,

Ömürdən saymaram, yox, o toyları.

Atam döyüşlərdən qayıdıb gələr,

Anam yeri, göyü oyadıb, gələr,

Tez-tez keçirərəm, yuxu  toyları.

Göstərilən faktların varlığı kifayətdir ki, M.İsmayıl lirikasını gözdən keçirərkən, onu şairliyə gətirən yolların başlanğıcından bu günə kimi yolçusu olasan. Qəribədir ki, şairin çap olunmuş kitablarında avtobioqrafik məlumatlar yox dərəcəsindədir, amma şeirləri ilə dərindən tanış olandan sonra bütün həyatının canlı şahidinə çevrilirik. Ürəyindəki kövrək arzulara oxucu həssaslığıyla şərik çıxırıq:

Bilsəm ki, gəlirsən, ay ömrün ilki,

Canımı verərdim, bir can nədir ki,

Sənin həyat yolun bir cümlədir ki,

Mən onun sonunda sualam, ata!

Atam necəydi, ona bənzəyirəmmi sualları bir ömürlük  cavab axtara-axtara,  nöqtənin qoyulacağı anın həsrətindəydi. “Tüstüm təpəmdən çıxar, nədir ata həsrəti? Necə başa salasan,  Kainata həsrəti?”  Həsrətinin çarəsizliyinə bir ömür çarə aradı; “Hansı fotoqrafı dilə tutum ki, Bulağın gözündən çəksin şəklini. İşdi alınmasa aldadıb məni, Yalandan özündən çəksin şəklini”. İlahi, belə də övlad sevgisiylə susqun sualları əbədiləşdirməkmi olar?! “O ata nisgilli mənim ürəyim, Dünyanın ən böyük xarabasımı?” Bir ömür qəlbinə abadlıq gələcəyi günü gözlədi. Bəzən, daha ümidsizləşdirici suallara qapanırdı: “Kimi qorudun, ata  Harda, hansı vətəni? Qorudunsa bəs niyə, Didərgin saldı səni?!” Bəzən isə cəsrətlə konkret hədəfləri ittiham edirdi:

Dost-düşməni mənim kimi gələ yasına,

Bax beləcə mənzilinə çata istəyi.

Nə faydası, ha döşəyim qabırğasına,

Ha Reyxstaqdan ata umum, ata istəyim.

Ataları gətirməyin aparmaq qədər asan olmadığını Reyxstaq anlayaraq, qoynunda bəslədiyi müharibəyə görə heç peşman oldumu? Ata həsrətli uşaqların suallarından nəticə çıxardımı?! Yox- desək yanılmarıq, çünki hələ də bəşəriyyət müharibənin nə demək olduğunun fərqində deyil. “Mənim qapım yer üzünün qapısı, Ağacdələn, döy qapımı, döy görüm”. Bəşər əhli anlamır ki, quyruğu tapdanmış ilan misalı uşaqlıq yaddaşı insanı ömrü boyu izləyir, hər büdrəməsində qarşısına çıxır. “Bizim aramıza ayrılıq düşüb, Ay qızım, yaxşı ki, dava düşməyib” deyərək yazar öz balasına təsəlli verir. Çünki, özü ata-bala arasına sərhəd kimi düşən davanın nə olduğunu yaxşı bilirdi. Bu səbəbdən hər kəsə qarşı həssaslıqla yanaşırdı: “Qohum var düşübdü yada kölgəsi,  Düşübdü arada səs-küy olmasın. Mən ki, görməmişəm ata kölgəsi, Heç kimin üstündən əskik olmasın”-

Günəşlə görüşmədi,

Günüm necəydi, ata.

Heç üstümə düşmədi,

Kölgən necəydi,ata.

Yaxud

Sənsiz gedim həyatla,

Necə yola bilmədim.

Övladım oldu, amma

Ata ola bilmədim.

Özü bu hissləri yaşayan insan başqalarına əsla qıymaz. Yaradıcılığını ələk-vələk elədikcə ata axtarışlarına tez-tez rast gəlmək olar. İlk şeirlər toplusu olan “Ana əlləri”ndən başlamış, sonralar işıq üzü görən “Aman təklik əlindən”, “Qoymayın dünyanı adiləşməyə”, “Ümiddən asılan qılınclar”, “Döyüş, qələbə” və son illər yayınlanan “Yoxun varlığı” kitablarında tərcümeyi-hal xarakterli misralarla bir sənətkar ömrünün yol yoldaşı olmaq mümkündür. Doğrudan da, ustadın poeziyası ata mövzusu ilə bütövləşir. Hiss edilir ki, şair inadla valideynlərini bir arada görmək istəyir. Əslində milyonlarla insan üçün adi hal sayılan valideyn qoşalığı onunçün xəyallarında obrazlaşdırdığı təxəyyüllər  idi;

Təbiət aranı xəlvət eyləyib,

Çəkir sığalını torpağa daşa.

Deyin çinarlarmı söhbət eyləyir,

Ya atam, anamdır verib baş-başa.

   Gülnar  SƏMA

 

 

KÖŞƏ YAZARLARI
TOP 10