Məmməd Oruc – Qısa Qapanma

166 Baxış

memmedorucSenet.az Məmməd Orucun “Qısa qapanma” romanından bir hissəni təqdim edir. Romanın tam versiyasını Elektron Kitabxana bölümündən oxuya bilərsiniz.

 

…Küçədən keçən maşınların səsindən bildi ki, yuxudan erkən oyanıb, çünki bu səslər çox aydın eşidilirdi.

Yataqdan ona görə qalxmırdı ki, mənzil soyuqdu, sovetdən qalma qızdırıcılar işləmirdi, son dəfə möhkəmcə soyuqlayandan sonra qardaşı Maarifin səxavət göstərib ona aldığı səkkiz arakəsməli elektrik qızdırıcısını, eləcə də öz evindəki köhnədən qalma qızdırıcıları işlətməyə qorxurdu, nədənsə ona elə gəlirdi ki, alınandan əsaslı təmir görməyən mənzilində elektrik xətləri sıradan çıxıb – naqillər, necə deyərlər, bir himə bənddi, qısa qapanma baş verə bilər.
Orta məktəbdə fizika dərslərində öyrəndiklərinin, demək olar, hamısını yaddan çıxartmışdı, adına qısa qapanma deyilən fiziki hadisədən başqa. Qısa qapanmanın əsasən, naqillərin həddindən artıq yüklənməsindən baş verdiyini bilirdi və son zamanlar ona elə gəlirdi ki, insan bədənindəki damarlar da naqillər kimidi, köhnələndən sonra -hərdən lap təzə vaxtı da – artıq yüklənəndə dözmür, alışıb yanır.
Son zamanlar ara-sıra qısa qapanma və bunun nəticəsi olan dəhşətli bir yanğın hadisəsi yuxusuna girirdi və o, bu yanğından qaçıb qurtara bilmirdi; nə qədər qışqırmaq istəsə də, hiss eləyirdi ki, səsi çıxmır, ətrafındakı insanlar isə, elə bil, onun diri-diri yandığını görmürdülər.
Bu qış sabahında da belə bir yuxunun təsirilə oyanmışdı, amma peşman deyildi, masanın üstündəki yarımçıq yazı onu gözləyirdi; hələ ötən ilin qışında cərrahiyyə əməliyyatından çıxanda və şairliklə də məşğul olan həkim dostu məşhur şairdən misal gətirib, “dünya duracaq yer deyil, ey can, səfər eylə”, – deyə ona məlum bir həqiqəti bir daha anladanda, nə qədər acı da olsa, öz payını götürmüşdü və qərara almışdı ki, nə qədər ki əli qələm tutur, xatiratlarını yazsın.
Memuarlarının maraq doğuracağına inanırdı; axı, ömrü səhnədə keçmişdi, məşhur aktyorlarla, aktrisalarla, rejissorlarla çiyin-çiyinə işləmişdi, orden-medalı öz yerində, hər aktyora nəsib olmayan fəxri adı da vardı.
…Qapının qəfil zəngindən qorxdu, çünki yalqız yaşadığı son beş ildə qapısının zəngi belə erkən çalınmamışdı. Nə desən ola bilər, itə daş atırsan, aca-yalavaca dəyir. Sanballı təqaüd alması da çoxlarına məlumdu, amma çox az adam bilirdi ki, o, ayın əvvəlində aldığı sanballı təqaüdü ayın axırınacan xərcləyib qurtarır, artığı qalanda da Moskvaya – nəvəsi Seryojaya göndərir.
…Seryoja vaxtsız həlak olmuş yeganə övladının nişanəsidir və onu bu dünyaya bağlayan işıqlı bir teldir. Amma onu bu dünyaya bağlayan bir telin də mövcud olduğunu bilirdi və artıq beş ildi fikirləşirdi ki, o telə doğru getsin, ya getməsin? Bu qərarsızlıq hərdən yadına adını unutduğu bir aşığın misrasını salır: “desəm öldürərlər, deməsəm ölləm”.
…Sağ ayağında ağrılar başladığından qapıya qədər axsaya – zarıya gəldi və qapının rəzəsini çəkməzdən öncə bir daha ürəklə zarıdı ki, qapının arxasındakı adama da nə isə anlatsın.
-Kimdi?
Cavab bir neçə saniyə keçəndən sonra gəldi:
-Mənəm…
Səs o qədər doğma, məhrəm idi ki, zəngi çalanın kim olduğunu dübarə soruşmağa utandı, şəstlə qapını açdı və kandarda dayanmış qara eynəkli, saçı-saqqalı çallaşmış adamın üzünə bircə dəfə baxmaqla yerindəcə donuxub qaldı.
-Edik?
Qəfil qonaq eynəyini çıxarıb onun üzünə gülümsündü:
-Düz tapmısan…
Sərxan Səmədzadə bu sözdənmi kövrəldi, yoxsa bu qəfil görüşün ruhunu sarsıdan həyəcanındanmı – bilmədi. Və daha nə isə soruşmağa dili gəlmədi.
Qapının kandarındaca qucaqlaşdılar və doqquz mərtəbəli bu daş binanın birinci mərtəbəsində addım səsləri eşidilənəcən bir-birindən aralanmadılar. Kim bilir, bu addım səsləri olmasaydı, onlar hələ bu qapının kandarındaca bir-birini nə qədər qucaqlayacaqdılar, nə qədər bir-birinin üzündən, yaşarmış gözlərindən öpəcəkdilər və artıq keçmişdə qalan ayların, illərin – hansı günlərini, anlarını yaşayacaqdılar?!
Qapını örtüb mənzilin dəhlizinə keçəndən sonra soruşdu:
-Bəs niyə xəbərsiz gəlmisən? Zəng də vura bilməzdin?
Erməni dostunu rusca yox, Azərbaycan dilində dindirməsi səbəbsiz deyildi; Edqar orta məktəbi Azərbaycan dilində bitirmişdi və ruscadan fərqli olaraq, Azərbaycan dilində daha səlis danışırdı.
Qonaq onun verdiyi sualın cavabını ayaqqabılarını soyunandan, mətbəxə, hamama, qonaq otağına ehtiyatla nəzər salıb mənzildə onlardan başqa heç kim olmadığını təxmin eləyəndən sonra sualla verdi:
– Sən nə bilirsən ki bizim telefon danışıqlarımızı izləyən yoxdu?
Əlbəttə, erməni dostunun bu gümanına şəkk gətirmək olmazdı, çünki onlar artıq iyirmi beş il idi ki, dünyanın fərqli – bir-birindən min kilometrlərlə aralı şəhərlərində yaşasalar da, vaxtaşırı zəngləşirdilər, məktublaşırdılar, bayramlarda, ad günlərində bir-birinə açıqca göndərirdilər.
Sərxan Səmədzadə məktub, açıqca məsələsində də ehtiyatlı idi; erməni dostu Edqar Lalayana yazdığı məktubları, bir qayda olaraq Peterburqda yaşayan aktyor dostunun adına, ünvanına göndərirdi, həmçinin Edqardan gələn açıqcaların, məktubların da üstünə rus aktyor dostunun adı, soyadı, ünvanı yazılmış olurdu.
Hələ dəhlizdə ikən mətbəxdən gələn səs qonağı diksindirdi.
-Evdə bizdən başqa kimsə var?
-Kim olacaq? – Sərxan Səmədzadə ağızucu cavab verdi, – özün bilirsən ki, Qalinadan sonra tək yaşayıram.
Qonaq mətbəxə sarı boylandı:
- Orda səs eşitdim, axı.
Ev sahibi başını buladı:
-Siçanlardı, – dedi və qonağın eynini açmaq üçün əlavə elədi, – mənim ijdiveniyamda yaşayırlar, ailə üzvlərimdilər.
Bu cavabdan sonra, həqiqətən, qonağın eyni açıldı və o, hər şeydən baş çıxaran bir adam kimi:
-Evdə siçan təhlükəli deyil, -dedi,-amma siçanın qoxusuna gələn ilan qorxuludu.
Əslində, otuz il qabaq bu iki otaqlı mənzili alanda və bu mənzilin mətbəxində ilk siçanla qarşılaşanda siçanın arxasınca gələ biləcək ilandan qorxmuşdu. Amma bu otuz ildə heç bir vasitə ilə siçanların kökünü kəsə bilməmişdi.
Elə indinin özündə də siçanların mənzildəki davranışı ilə barışa bilmir, onu ən çox haldan çıxaran isə bu evdə harda gəldi-mətbəxdə, qonaq otağında bu siçanların qoyduqları izlərdi, bu izlərdən gələn kəsif qoxudu, amma hərdən fikirləşirdi ki, nə etmək olar, siçan da, ilan da hardasa yaşamalıdır ki, dünyanın nizamı pozulmasın. Təpədən – dırnağa ateist olsa da, yalnız reallıqla barışsa da ona elə gəlirdi ki, bu dünya bir saat mexanizmi kimi nizamlanıb və xalq arasında dünyanın çarxı deyilən şey də elə bu nizamdı.
-O vaxt da bu mətbəxdə siçan var idi, -qonaq dedi, -o vaxt da gecələr bu siçanların səsi məni diksindirirdi.
Qonağın «o vaxtı» yadına 1990-cı ilin yanvarını saldı; məhz o günlərdə Sərxan Səmədzadə uşaqlıq, cavanlıq dostu Edqar Lalayanı öz evində sərasər bir həftə gizləmişdi və 20 Yanvar faciəsindən sonra qardaşı Maarifin köməyilə Bakı Dəniz Limanına aparıb Krasnovodska gedən bərəyə mindirərək Xəzərin o tayına -Türkmənistana yola salmışdı.
Əslinə baxsan, Lalayan o vaxt heç bir ehtiyatsızlıq eləməmişdi; hələ mövcud olaylardan bir ay qabaq arvadını və yeganə qızını Leninqrada göndərmişdi, özü isə Bakıda ona görə qalmışdı ki, on ildən artıq növbəyə durandan sonra şəhərin mərkəzində aldığı mənzili ya dəyişsin, ya da mümkün olarsa satsın.
Deyir, sən saydığını say, gör fələk nə sayır. Və yəqin ki, Sərxan Səmədzadə olmasaydı, o günlərdə Sərxan onu aramasaydı, bu niyyəti həyatı bahasına başa gələ bilərdi.
Edqar çoxdan bu qənaətə gəlmişdi ki, onu Sərxana uşaqlıq, cavanlıq xatirələrindən daha çox, bu yaxşılıq bağlayır, çünki o günlərdə öz evində erməni gizləmək hər kişinin hünəri deyildi.
Ermənistandan qovulanda anası, bacısı zorlanmış, oğlu, qızı gözü baxa-baxa öldürülmüş, Bakıda sərgərdan dolananda da təhrikçi ünsürlərin qarmağına düşmüş, gözünü qan örtmüş adama necə anlada bilərsən ki, qanı suyla da yumaq olar…
Qonaq, qonaq otağına keçəndən, bu otağın tanış oboyları solub-saralmış divarlarına, çoxdan dəbdən düşmüş mebellərə, masanın üstündəki şahmat taxtasına, içində bir tək banan olan vazaya, təzyiq aparatına ötəri nəzər salandan sonra, qədimi olduğu çeşnilərindən, butalarından bilinən xalçadan asılmış cavan oğlan və yaşlanmış qadın portretlərinin qarşısında dayanıb sinə dolusu köks ötürdü:
-Allah ikisinə də rəhmət eləsin, -dedi, -mən bu dünyada onlara borclu qaldım.
Qonağın etirafını təbii qarşıladı; həqiqətən də, o soyuq yanvar günlərində, qonaq-qaradan, ümumiyyətlə, xoşu gəlməyən arvadı Qalina Aleksandrovna bir həftə ərzində Lalayanın qulluğunda ana-bacı kimi durmuşdu. Üstəlik, o vaxt bu ikiotaqlı mənzildə darısqallıqdı. Oğlu evlənəndən sonra qayınanasının evinə yığışsa da, artıq bir neçə ay idi ki, arvadını da qoltuğuna vurub ata ocağına qayıtmışdı. Nəvəsi Seryoja da artıq bu mənzilin otaqları arasında iməkləyirdi və o şəxsən nəzarət eləyirdi ki, balaca divarların künc-bucağından suvaq, daş-torpaq qoparıb ağzına təpməsin. Qalina Aleksandrovna isə təkidlə bildirirdi ki, uşağın ayrıca otağı olmalıdı və o artıq bu qənaətə gəlmişdi ki, adından-sanından istifadə eləyib yenə mənzil növbəsinə dayansın və bu mənzil cavan ailəyə qalsın.
Alçaq masanın arxasında kreslolara çöküb bir daha bir-birini təbəssümlə süzəndən və baxışları ilə də bir-birinə məhrəm duyğular anladandan sonra ev sahibi soruşdu:
-Nəynən gəldin?
-Samalyotla.
-Bəs səni yoxlamadılar?
-Yoxladılar..
İki dəfə çiyinləri qalxdı və sonra da o, müəmmalı tərzdə başını buladı.
-Bəs başa düşmədilər ki, sən ermənisən?
Qonaq mübhəm bir sirrin üstünü açırmış kimi astadan, titrək səslə cavab verdi:
-Mən özgə pasportuyla gəlmişəm.
Ev sahibi heyrətlə içini çəkdi:
-Sən nə danışırsan, Edik? -dedi,-ciddi sözündü?
-Əlbəttə! Tam ciddi.
-Bəs qorxmursan?
Qonaq başını aşağı salıb qəmli-qəmli gülümsəyəndən sonra astadan cavab verdi:
-Qorxuram…
Sərxan Səmədzadə etirazını dərhal bildirdi:
-Yox! Sən qorxmursan! Qorxan svolıç belə qələt qarışdırmazdı!
O, uşaqlıqda olduğu kimi yaşa dolandan sonra da Edqarı yeri gələndə söyüb-suvamaqdan çəkinmirdi, çünki hiss eləyirdi ki, erməni dostu bu söyüşlərdən nəinki incimir, əksinə, xoşallanır.
 

 

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10