Məmmədhüseyn Təhmasibin yaradıcılığı folklorşünaslıq məktəbi kimi – Kamran Əliyevin yazısı

16 Baxış

hg

Bu gün görkəmli ədəbiyyatşünas Məmmədhüseyn Təhmasibin doğum günüdür. Bu münasibətlə alim haqqında məqaləni təqdim edirik:

Dünya xalqlarının ədəbi-elmi fikrinin tərkib hissələrindən biri olan folklorşünaslıq o qədər də qədim deyil. Folklora dair əsas tədqiqatlar daha çox folklorşünaslıq məktəbləri və nəzəriyyələri ilə birgə yaranmışdır. Azərbaycanda isə folklorun kütləvi şəkildə toplanması, yazıya alınması, nəşri, araşdırılması XX əsrlə bağlıdır. XX əsrin əvvəllərində Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabı, “Məktəb”, “Dəbistan”, “Rəhbər” kimi jurnallar folklora maraq oyatmaq baxımından ciddi nümunələr idi. Sonralar bu iş ardıcıl xarakter daşımış, toplama və nəşr sahəsindəki fəaliyyət folklorşünaslıq tədqiqatlarının da genişlənməsinə və sistemli şəkildə aparılmasına təkan vermişdir.

Azərbaycan folkorşünaslığının formalaşması və inkişafında xidmətləri olan alimlər az deyil, amma bunların sırasında Məmmədhüseyn Təhmasib (1907-1982) öz mövqeyi ilə seçilir. Düzü, Azərbaycan folklorşünaslığı tarixində Avropa və Rusiyadakı kimi ayrıca bir folklorşünaslıq nəzəriyyəsi yaranmamışdır, bizim tədqiqatçılar həmin nəzəriyyələrdən bəhrələnərək araşdırmalar aparmış, yeni-yeni elmi nəticələr əldə etmişlər. Buna baxmayaraq, Azərbaycanda görkəmli tədqiqatçı Məmmədhüseyn Təhmasibin adı ilə bağlı folklorşünaslıq məktəbi formalaşmışdır. Azərbaycan folklorşünaslarının əksəriyyəti bu məktəbin yetirmələri hesab edilir.

M.Təhmasimin folkorşünaslıq fəaliyyəti mövsüm və mərasim nəğmələrinin araşdırılmasından başlayıb Azərbaycan xalq dastanlarına dair fundamental tədqiqatın yaranmasına qədər davam edib. Amma onun tədqiqatlarının obyekti mövsüm və mərasim nəğmələri ilə, xalq dastanları ilə məhdudlaşmır. M.Təhmasib Azərbaycan folklorunun qəhrəmanları, janrları, süjet və motivləri, başqa sözlə, ən vacib problemləri barədə dəyərli mülahizələr irəli sürmüş, elm adamları üçün qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirmişdir. Folklorşünaslıqda bir sıra problemlərin öyrənilməsinə M.Təhmasibin araşdırmalarından sonra başlanılmışdır. Folklor mətnlərinə hansı mövqedən yanaşmaqla bağlı bir çox prinsiplər də elm aləminə M.Təhmasibin əsərlərindən yayılmışdır.

M.Təhmasib sözün geniş mənasında dastanşünas bir alim idi. Onun “Azərbaycan xalq dastanları (orta əsrlər)” tədqiqatı ilə Azərbaycan dastanşünaslığı yeni mərhələyə qədəm qoydu. Görkəmli folklorşünasın bu tədqiqatı Azərbaycan dastan fondunun zənginliyini təqdim etmək, folklor müstəvisində aşığın yerini müəyyənləşdirmək, dastanların təsnifatını aparmaq, dastan ənənələrini öyrənmək, dastan qəhrəmanlarının tipologiyasını vermək baxımından aktuallığını həmişə saxlamaqdadır. Eyni zamanda bu tədqiqatın özünün də hərtərəfli araşdırılmasına olan ehtiyac hələ də qalmaqdadır və bu məqalədə həmin ehtiyacı aradan qaldırmaq məqsədini biz də qarşımıza məqsəd kimi qoymamışıq.

M.Təhmasib yaradıcılığında keçmişə hörmət, ənənəyə sədaqət, əcdad kultuna rəğbət məsələləri həmişə diqqət mərkəzində olmuşdur. M.Təhmasibin dastanlarda tarixin izlərini axtarması etnosun keçmişi barədəki həqiqətləri ortaya çıxarmaq məqsədi daşıyır. Həm də əcdad kultuna rəğbət müəllifin el-obaya, doğma yurda tükənməz məhəbbətindən irəli gəlir. Folklorşünas alim “Ata-Baba günü” mərasimindən danışarkən əcdad ruhuna ehtiramın xalq tərəfindən necə qəbul edilməsinin məzmununu incələyir. M.Təhmasib “Səməni nəğməsi” adlı bayramlarda səməninin bişirilməsi zamanı ona qatılan unun bir evdən deyil, orada iştirak edən bütün evlərdən yığılmasının mühüm şərt olduğunu xüsusilə nəzərə çarpdırmaqla əsas diqqəti insanların birliyi məsələsinə yönəldir.

Folklorşünas alimin Aşıq Ələsgər də daxil olmaqla aşıq sənəti örnəklərinin, geniş mənada folklor nümunələrinin imkan verdiyi dərəcədə Göyçə mahalının, Kəlbəcər və Gəncə kimi Göyçəyə bağlı ətraf bölgələrin ta qədimdən şeir, sənət beşiyi olmalarını böyük qürurla səciyyələndirir. “Kitabi-Dədə Qorqud” dastanlarında, ozan şeirlərində olan arxaizmlərin qədim Azərbaycan torpaqlarının əhalisi tərəfindən indi də işlədilməsini bu torpaqlarda yaşayan insanların yaradıcılıq ənənəsinə bağlılıqları kimi dəyərləndirir.

Yeri gəlmişkən qeyd edək ki, M.Təhmasib yaradıcılığında bir sənətkarla, yaxud bir problemlə bağlı iki və daha çox məqaləyə rast gəlmək mümkündür. Bu tipli məqalələr görkəmli folklorşünasın yaradıcılıq özünəməxsusluqlarını müəyyənləşdirməyə geniş imkanlar açır. İlkin olaraq bildirmək lazımdır ki, həmin məqalələr eyni ildə, yaxud bir-birinə son dərəcə yaxın bir vaxtda qələmə alınıbsa, onlardan biri digərinin davamıdır. Yox, eyni mövzuya həsr edilən məqalələr bir-birindən xeyli fərqli zamanlarda (məsələn, 10 il fərqlə!) yazılıbsa, onda ikinci məqalədə folklorşünaslığın inkişafı nəzərə alınmaqla yeni məsələlər qaldırılır.

Yenə də ənənəyə sədaqət, əcdad kultu ilə əlaqədar olaraq 1964-cü ildə Aşıq Şəmşirə həsr edilmiş “Qocaman nəğməkar” məqaləsində Aşıq Şəmşirin atası Qurbanın, sadəcə olaraq, adı çəkilir, onun haqqında ümumi məlumat verilir. 1973-cü ildə yazılmış “Özü də Şəmşir, sözü də Şəmşir” məqaləsində isə Qurbanın adı çəkməklə kifayətlənilmir, həmçinin Ağdabanlı Qurban yaradıcı şəxsiyyət kimi tanıdılır. Onun “Qurban bulağı” adında aşıqlar məclisi yaratmasından, aşıqların və el şairlərinin tez-tez oraya toplaşıb yaradıcılıq söhbətləri aparmalarından, şeir, sənət barədə müzakirə açmalarından bəhs edilir. Əslində, bu, M.Təhmasibin xüsusi dəyər verdiyi aşıq mühiti məsələsi idi.

Həmişə aktual olan şifahi mətn və onun xüsusiyyətləri, şifahi mətnin yazıdan fərqli cəhətləri tədqiqat predimet olaraq M.Təhmasibin yaradıcılığında xüsusi yer tutur. Şifahi mətn məsələsi folklorun əsas, aparıcı istiqamətlərindən biri olmaqla folkloru folklor eyləyən mövzulardandır. Şifahi və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri, onların ayrılan və birləşən məqamları folklorşünaslara kifayət qədər aydın olmadığı bir vaxtlarda M.Təhmasib peşəkar folklorşünas sözü söyləmişdir. O, ilk növbədə şifahi nümunə ilə yazılı nümunə arasında olan fərqliliyin mətnin səsləndiriməsi zamanı meydana çıxmasını əsl mütəxəssis kimi səciyyələndirir: “Eyni nağıl bir peşəkar nağılçının ifasında daha çox qəhrəmanlıq xüsusiyyətləri kəsb etdiyi halda, bir başqasının ifasında tərbiyəvi mahiyyət alaraq didaktik bir əsər halına düşə bilər”. Bu, xalq ifaçılığında “yenidən yaratma prosesi” barədə olan orijinal mülahizədir. İfa zamanı söyləyicinin yaradıcılıq nümayiş etdirməsi üçün imkanlar açması yalnız folklor nümunələrinə xasdır. Şübhə yoxdur ki, dinləyici auditoriyası söyləyicinin hər birindən mətnə novator yanaşma gözləyir. Əks təqdirdə eyni bir dastanın müxtəlif aşıqlar tərəfindən söylənilməsi heç vaxt maraq kəsb edə bilməzdi. Yazılı ədəbiyyat nümunələrinə aid mətn isə bu mənada çox mühafizəkardır və onun ifa zamanı dəyişdirilməsi, sadəcə olaraq, qeyri-mümkündür, hərgah ifaçı heç nəyi nəzərə almadan müəllifi olan yazılı mətni dəyişdirərsə, bunu yalnız təhrif kimi başa düşmək lazımdır.

M.Təhmasib yazılı ədəbiyyat nümunələrini folklor mətnlərini qoruyub saxlamaq və təbliğ etmək baxımından da dəyərləndirir. O, “Məktəb” jurnalında folklora münasibət məsələsi” adlı məqaləsində (1977) nəsr əsərləri içərisində folklor mətninin qorunmasını təqdirəlayiq hadisə hesab edir. Ələkbər Naxçıvanlının “Bacı və qardaş” hekayəsində “Əkil-Bəkil quş idi” nəğməsinin, Ağa bəy İsrafilbəyovun “Novruz bayramı” hekayəsində “Gün çıx, çıx, çıx!” və “Mən anamın ilkiyəm” nəğmələrinin qorunmasına müsbət münasibət bəsləyir. Həmçinin onların folklordan istifadə məsələlərindən fərqləndiyini və uşaqların dünyagörüşünün formalaşmasına xidmət göstərməsini də nəzərə çarpdırır.

M.Təhmasib şifahi və yazılı ədəbiyyat nümunələrinin yaradıcılıq laboratoriyası baxımından da ciddi şəkildə fərqləndiyini dəlil və sübutlarla əsaslandırır. Doğru qeyd edir ki, yazılı ədəbiyyat nümunəsinin laboratoriyası yazı otağı, qələm və dəftərdir, aşıq yaradıcılığı isə daha çox saz-söz məclislərində inkişaf edir. Tədqiqatçı toy şənliyini, yaylaq və çeşməni Göyçə üçün belə məclislərin nümunəsi sayır. Təsadüfi deyil ki, Aşıq Ələsgər çeşmə başını həm sevgi, məhəbbət məkanı, həm də özü üçün son mənzil – məzar yeri bilir.

M.Təhmasib Aşıq Şəmşirdən bəhs edən məqaləsində imkan taparaq yazılı ədəbiyyatın, folklorun və aşıq yaradıcılığının qarşılıqlı münasibətlərini Aşıq Şəmşirin simasında konkret faktlarla səciyyələndirir. Tədqiqatçının araşdırmasına görə, M.Füzuli “İldə bir qurban kəsərlər xəlqi-aləm qeyd üçün,//Dəmədəm, saətbəsaət mən sənin qurbanınam” beytini sevgilisinə qurban olan aşiqin obrazını yaradan məşhur xalq bayatısından götürmüşdür. Aşıq Şəmşir isə “Mən gündə qurbanın olum, olarmı?” misrası ilə onu Füzulidən alıb aşıq ədəbiyyatına qaytarmışdır.

525-ci Qəzet - Rüstəm Behrudinin özü haqqında bilmədikləri - Kamran Əliyevin  yazısı

M.Təhmasibdə belə bir fikir vardır ki, sənət adamlarının folklora bağlılığı ilk növbədə həmin sənətkarların ailəsindən, nəslindən, habelə uşaqkən ətrafında olan insanlardan gəlir. Ürəyi sözlə dolu yaşlı nəsil bir çox hallarda xalq ədəbiyyatı nümunələrini sonradan məşhurlaşmamış sənət adamlarına onlar hələ uşaqkən nəql etmiş, onlarda folklora maraq yaratmışlar. Aşıq Ələsgərin ustadı Aşıq Alı, Aşıq Şəmşirin atası Qurban kişi, C.Cabbarlının bibisi Zərnişan bu sənətkarların yetişməsində mühüm rol oynamışlar.

M.Təhmasib çoxvariantlılığı da şifahi mətnin əsas əlaməti kimi səciyyələndirir. Bu baxımdan “Basatın Təpəgözü öldürdüyü boy”dan bəhs edərkən bu süjetin 200-dən çox versiyasının mövcudluğunu, “Pak məhəbbət aşiqi” məqaləsində Aşıq Ələsgərin “Anaxanımın küsməyi” dastanının iki variantından bəhs etməsi, “Cəfər Cabbarlı və şifahi ədəbiyyat” məqaləsində “Qız qalası” əfsanəsinin müxtəlif variantlarını qabartması və onların təhlilini verməsi təsadüfi deyildir.

M.Təhmasibin 1972-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Yüz ölç, bir biç” adlı məqaləsi çoxvariantlılığa dayanan şifahi mətnin xüsusiyyətlərini izah etmək baxımından son dərəcə aktualdır. Məqalədə Aşıq Ələsgərin ikicildliyi barədə çap olunan yazıya (“Ayna daşa toxunanda…”) M.Təhmasibin elmi münasibəti ifadə edilmişdir. Amma məqalə rəy xarakteri daşımır və daha çox şifahi mətn məsələlərinə doğru yönəldilmişdir. Müəlliflərin öz yazılarında Aşıq Ələsgər şeirlərinin təhlilini apararkən “Çoxvariantlılıq şeirin siqlətinə ziyan vurur” hökmünə folklorşünas alim qəti şəkildə etiraz etmiş və Ələsgər şeirinin müxtəlif variantlarının yaranmasını folklorun təbii-tarixi prinsiplərindən irəli gəldiyini əsaslandırmışdır: “Ələsgərin bir misrası da öz sağlığında yazıya alınmamışdır. Şeirlərinin hamısı yaddaşlarda yaşayıb gəlmiş, hərə də özünə məlum olan şəkildə demişdir və deməkdədir. Beləliklə, əksər şeirlərin müxtəlif variantları əmələ gəlmişdir”. M.Təhmasib “Ayna daşa toxunanda…” yazısının müəllifləri ilə, sadəcə olaraq, Aşıq Ələsgər “davası” aparmır. M.Təhmasibin əsas “davası” şifahi mətnin spesifikası məsələsidir ki, bu anlayış, bu istiqamət həmin məqalənin yazıldığı dövrdə bəzi folklorşünasların özlərinə də aydın deyildi. Folklorşünas alim bu məsələdə müəyyən bir sözün də ciddi əhəmiyyət daşıdığını qabarıq şəkildə xatırlatmalı olur: “Ələsgər kimi şair üç dağı sadaladıqdan sonra “bir neçə dağ var” deməzdi, məhz elə “neçə dağlar var” deyərdi. Çünki “bir neçə dağ var” məhdud ifadədir, “neçə dağlar var” isə belə dağların çox olduğunu göstərir”. Bu mülahizə də, sadəcə olaraq, sözün misrada yerinə düşüb-düşməməsi, müəllifin müəyyən bir sözü düz işlədib-işlətməməsi məsələsi deyil, daha çox folklor nümunələrinin şifahi mətn nümunəsi kimi variantlaşmasının mühüm əhəmiyyət daşıması haqqında mühüm tezis deməkdir.

Yaxud M.Təhmasib Aşıq Ələsgərə həsr edilmiş məqalələrinin birində yazır: “Bəziləri oğlu Aşıq Talıbın və qardaşı oğlu Aşıq Nəcəfin xatirələrinə əsaslanaraq Ələsgərin heç dastan qoşmadığını, aşıq yaradıcılığının bu növünə hətta müsbət münasibət bəsləmədiyini iddia edirlər. Bəziləri isə onun bir neçə dastanı da olduğunu yazmışdır. Bizcə, bu iddiaların hər ikisi doğrudur”. Folklorşünas alimin başqa məqalələrində də ikili xarakter daşıyan tezislərə münasibətdə “Bizcə, bu iddiaların hər ikisi doğrudur” fikrinə təkrarən rast gəlirik. Əslində, bunun özü də çoxvariantlılıqla bağlıdır. M.Təhmasibin tədqiqatlarında folklor nümunələrinin variantları ilə əlaqədar irəli sürülən fikir və mülahizələr yalnız 50-60-70-80 il bundan əvvəlin deyil, həmçinin bu günün və gələcəyin aktual fikir və mülahizələridir.

M.Təhmasib folklorşünaslıqda özünə geniş yer tutmuş, müəyyən dövrlərdə isə kifayət qədər anlaşılmayan motiv məsələsinə də müəyyən aydınlıq gətirir. Tədqiqatçı bu məsələni Aşıq Ələsgər yaradıcılığı ilə Aşıq Şəmşir yaradıcılığının müqayisəsində əyani faktlarla canlandırır. Aşıq Şəmşirin “Dönüb səni”, “Bilmədi”, “Sənsiz”, “Aşıq” şerlərinin uyğun olaraq Aşıq Ələsgərin “Niyə döndü”, “Çata bilməzsən”, “Sənə qurban”, “Gərəkdi” qoşmaları ilə əlaqələrini geniş təhlil edir. Onların bir-birinə bağlılığının səbəbini müəlliflərin aşıq olmasında, aşıq sənətinə xidmət etmələrində yox, oxşar motivlərə müraciət etmələrində görür.

M.Təhmasibin folklor janrlarının tipologiyası, onların spesifik cəhətləri və qarşılıqlı əlaqələri barədə mülahizələri folklorşünaslığın bir sıra məsələlərini aydınlaşdırmağa yönəldilmişdir. M.Təhmasib dastanların yaranmasının iki yolunu göstərir. Bunlardan biri aşıqların, yaxud aşıq şeirində yazan el şairlərinin özləri haqqında dastan qoşması, digəri isə əfsanə, rəvayət və qədim eposlardan istifadə yolu ilə dastan yaradılmasıdır.

Tədqiqatçı alim bayatının həm mənşəyi, həm etimologiyası, həm də digər poetik janrlar üçün mənbə rolunu oynamasını onun janr zənginliyi ilə əlaqələndirir. Bayatının qədim türk tayfalarından biri olan bayat qəbiləsi tərəfindən yaradılması, “bayatı” sözünün “bəy” və “ad” hissələrinin birliyindən formalaşması, nəhayət, bayatı janrının laylaların, holavarların, ağıların yaranmasında mühüm rolunun olması folklor janrlarının bir-biri ilə əlaqəsinin bariz nümunəsidir. Eyni zamanda bu, etnosun dərin kökləri barədə nəticə çıxarmağın da əsası olur.

M.Təhmasibin məqalələri bir vahid olaraq məktəb səciyyəsi daşıyır. Bu məqalələr əsl folklorşünas məqalələri kimi müraciət edilmiş tədqiqat obyektinin mahiyyətini dərindən açmaq baxımından öyrədici xarakterdədir. Belə bir məzmun M.Təhmasibin uzun müddət ali məktəb tələbələri qarşısında Azərbaycan folklorunun problemləri barədə yaradıcı bir pedaqoq kimi mühazirələr söyləməsindən irəli gəlir.

M.Təhmasibin “Azərbaycan nağıllarında keçəl” məqaləsi (1939) Azərbaycan folklorşünaslığının formalaşma dövrünün məqaləsidir və müəllifin bu məsələyə müraciət etməsi folklorumuzda keçəl obrazının özünəməxsus yerinin olması ilə əlaqədardır. Folklorşünas alim Keçəl obrazının səciyyəsini “Keçəl Məhəmməd”, “İsfahan keçəli”, “Keçəl”, “İmam”, “Keçəlin divanı” nağıllarına istinadən verir. Keçəlin mübarizədən əl çəkməyən, hazırcavab, qorxmaz, cəsarətli olmasını xüsusilə diqqətə çatdırır. Daha əhəmiyyətli cəhət ondan ibarətdir ki, M.Təhmasibin bu nağılların hər birindən ayrı-ayrılıqda və ardıcıl şəkildə bəhs etməsi taktiki xarakter daşıyır və tədqiqatçı Keçəlin ayrı-ayrı xüsusiyyətlərini meydana çıxarmağı qarşısına məqsəd qoyaraq onu reallaşdırır.

Keçəlin padşahın ağlını lağa qoyması (“Keçəl Məhəmməd”), darğanın bütün var-yoxunu ələ keçirməsi (“İsfahan keçəli”), şeytanla ittifaqa girməsi (“Keçəl”), rəqiblərini öldürməsi (“İmam”), ədalətli məhkəmə qurması (“Keçəlin divanı”) bu obrazın mürəkkəb xarakteri barədə ilkin və tam təsəvvür yaradır. Doğrudur, M.Təhmasibdən sonra Keçəl obrazı ilə bağlı tədqiqatlar xeyli genişlənmiş, dünya və Azərbaycan folklorşünaslığının inkişafı ilə həmahəng olaraq bu barədə tədqiqatların şəbəkəsi böyümüş, yeni elmi mülahizələr söylənmişdir, amma bir fikir danılmaz olaraq qalır ki, folklorşünaslığımızda Keçəl obrazının sistemli təhlili M.Təhmasibdən başlayır. M.Təhmasibin “Əfsanəvi quşlar” (1945), “Azərbaycan xalq ədəbiyyatında div surəti” (1946) məqalələrini də folklorşünaslığımızda mifik düşüncə barədə ilk sistemli məqalələr hesab etmək olar.

“C.Cabbarlı və şifahi ədəbiyyat” məqaləsində (1959) ilk növbədə bədii əsərdə meydana çıxan obrazın ondan əvvəl xalq arasında formalaşmasının nəinki mümkünlüyü, hətta zəruriliyi ciddi bir tezis kimi irəli sürülür. Tədqiqatçı Nizaminin “ən parlaq, ən şöhrətli surətləri də hələ onun özündən qabaq xalq tərəfindən yaradılmışdır” mülahizəsinə öz inamını da əlavə edir. Eyni zamanda bir mahnını nümunə gətirməklə bu mahnının fonunda şifahi ənənənin yazılı ədəbiyyata daxil olmasının formasını da müəyyənləşdirir: “Bir başqa yazıçı bəlkə də bu mahnının elə bu bəndini, yaxud da hamısını sadəcə öz əsərinə köçürməklə kifayətlənərdi. Çünki məclis toy məclisi, mahnı da ənənəvi toy mahnısıdır. Lakin hər hansı bir mahnını, nəğməni belə passiv bir münasibətlə, olduğu kimi əsərə köçürmək Cabbarlını qənaətləndirmir. O, əsərin bu hissəsində demək istədiyi sözü daha kəsərli, daha təsirli bir şəkildə deyə bilmək üçün nəğməni dəyişir, ona yeni məna verir”. Əslində M.Təhmasibin bu tezisi yazılı ədəbiyyatla folklor mətni arasındakı əlaqənin yaradıcı xarakter daşımasının zəruriliyi barədə olan fikirdir.

Folklorşünas alimlə folklora istinad edən yazıçının bir şəxsiyyətdə birləşməsinin mahiyyəti Y.V.Çəmənzəminlinin yaradıcılığına həsr edilmiş “Ədib alim” məqaləsində (1967) aydınlaşdırılır. Görkəmli alim öncədən Y.V.Çəmənzəminlinin folklorla bağlı dünyagörüşünün formalaşma mühitini dəqiq müəyyənləşdirmişdir: “Onun yaşadığı illər həm də folklorşünaslıq elminin ilk nəzəriyyələrinin, məktəblərinin qızğın mübarizəsi, yaşadığı yerlər isə bu mübarizənin mərkəzləri olmuşdur”. Bununla yanaşı yazıçının folklor nümunəsindən necə istifadə etməsinin müəyyən bir üsulunu da müəyyənləşdirir. M.Təhmasib “İki od arasında” romanında istifadə edilmiş folklor janrlarını adbaad xatırladır: nəğmə, atalar sözü, məsəl, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, hətta əsatirlər. Amma eyni zamanda qəti şəkildə bildirir ki, folklordan istifadə zamanı bədii əsər “folklor antologiyasına” çevrilməməlidir. Bu, həm yazıçılar, həm də folklorşünaslar üçün bir yaradıcılıq prinsipi kimi bugünkü yazıçılara və tədqiqatçılara da ünvanlanmış tövsiyədir.

Folklorşünas alimin “Bir ömür, dörd dövr” adlı məqaləsində (1972) Aşıq Ələsgərin yaradıcılığı ayrı-ayrı dövrlərə bölünür: uşaqlıq və gənclik, gözəlliyin tərənnümü, ahıllıq, kamillik. Onların hər biri özünəməxsus xüsusiyyətləri ilə təhlil edilir. Məsələ burasındadır ki, Ələsgərin tərcümeyi-halı ilə bağlı kifayət qədər konkret faktlar olmadığından M.Təhmasib bu bölgünü şeirlərinin məzmunu əsasında aparır və obyektiv nəticələrə gəlir. Hətta hər hansı bir dövrün hansı şeirlə qurtardığı barədə də inandırıcı mülahizələr irəli sürülür, sənətkarın yaradıcılıq dövrləri tarixi rəqəmlərə, tarixi hadisələrə görə deyil, şeirlərinin məzmun çalarları əsasında müəyyənləşdirilir.

M.Təhmasibin elmi irsi hər hansı bir sənətkarın yaradıcılığının mükəmməl və bütün incəlikləri ilə təhlili barədə olan nümunələrlə də zəngindir. Bütün gözəlliklərin insanla bağlı olması, gözəlin təsvirində əsatiri motivlərdən istifadə, daxili və zahiri gözəlliyin vəhdəti, gözəlin vəfalı və sədaqətli olması, eyham və müəmmadan baş çıxarması, əxlaqi kamilliyini qoruması Aşıq Ələsgər sənətinin əsas xüsusiyyətləri kimi müəyyənləşdirilir. M.Təhmasib Aşıq Ələsgər yaradıcılığını gözəllik estetikası ilə gözəlliyin tərənnümünün vəhdəti prinsipi ilə araşdırır.

Aşıq yaradıcılığında mövcud olan motiv, forma, qafiyə və rədifdən istifadə etməklə yeni məzmunlu şeir yazmaq, ustad şeirinin daha da inkişaf etdirilməsi əsasında yeni variantlar yaratmaq, yazılı və şifahi ədəbiyyatın yaradıcılıq ənənələrinə sadiq qalmaq və onlara oxşamasından doğan şeirlər qələmə almaq isə Aşıq Şəmşir bədii irsinin özəllikləri kimi təqdim olunur. M.Təhmasib Aşıq Şəmşir yaradıcılığını ənənə və novatorluğun qarşılıqlı əlaqələri prinsipi ilə tədqiq edir.

M.Təhmasib hər bir məqaləsi və kitabı ilə, hər bir mülahizəsi və tezisi ilə, hər məsələyə yanaşması və tədqiqat üsulu ilə, folklor mətninin duyulması və izahı ilə fərqli bir folklorşünasdır. M.Təhmasibin yaradıcılığı folklorşünaslıq məktəbidir.

Kamran ƏLİYEV
Kaspi.az, 2017

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10