Mənəvi yorğunluq…   

117 Baxış

murad

Murad Ahiz

Bir ucdan o biri uca gedən yolda,  problem adını qoyduğumuz mənasızlıqlar içində yaşamı qəlizləşdirə-qəlizləşdirə boşluğa doğru yol alırıq. Hələ də mənasız-mənasız şeylər üstündə insan ömrü ya mərmidən, ya da hansısa bir iti bıçaqdan, kort ipin ucundan asıla bilir. “Qürur”, “yaxşı yaşam” , “bakirəlik”, “yaxşı oğlan” “ev qızı” vəs.  ifadələrlə doldurduğumuz , doldurub-doldurub ağırlaşdırdığımız  bu yaşamda, ən əsası  başlıq-sonluq təzadının  A ucundan  B məsafəsinə,  lətifələrin birində deyildi kimi,  “haçapaça” qalmışıq. Bütün sözləri dilimizə daxil edə bilmişik. Evi qızla, yaxşını yaşamla, oğlanla birləşdirə bilmişik amma heç cür “İnsan” kəliməsiylə “olmaq” kəliməsini yanyana yaza bilmədik ki, bilmədik.

Bu yerdə xatırlamışkən o lətifəni də söyləmədən keçməyək. Deməli, ucqar kəndlərdən birində (sonra səhv çıxarmayın, sadəcə, mənim söyləntilərdən eşitdiyim, duyduğum budur. Hələ   “niprav” çıxarmaq məsələsinə heç gəlməyək, o, yuxarıda anlatdığım və.s-nin tərkib hissəsidir) bolşeviklər söhbət apararkən sözarası vurğulayırlar ki, bir ayağımız kapitalizmdə, bir ayağımız sosializmdədir. Eləmə tənbəllik bir ağsaqqal yandan tez deyir ki, “ay qadan alım biz haçanacan belə haçapaça qalacıyıq?”.

Hələ də ağsaqqalın sualı öz  aktuallığını qoruyub saxlayır. Bu gedişlə çox belə “haçapaça” qalacağıq.  Fərd olaraq başqalarına “dərs vermək”dənsə özümüzü bir fərd kimi yetişdirməyə çalışmadığımız müddətcə çox çətinlik çəkəcəyik. Son dövrlərdə gəncliyimiz sosiallıqdan daha çox asosiallığa qaçır, buna səbəb nədir? Daha doğrusu suala yenidən baxaq: Son dövr oxumuş, biraz fəlsəfi, psixoloji yazıları anlayacaq dərəcəyə gəlib çatmış gənclərimiz sosiallaşmaqdan çox asosiallaşır. Səbəbi?

Məncə bu sual daha dolğun oldu.  İndisə cavablandıraq. Biz o kütləyik ki, asana qaçmağın yolunu öz atalar sözlərimizdən belə yan keçirməmişik. “Ağıllı olunca dəli ol, qoy sənin dərdini çəksinlər”, bu prinsipiallıqla da ağıllılıqla dəlilik arasında “haçapaça” qalmışıq.  Və bu kütlənin “nazı”nı çəkmək o qədər asan olmadığından yetişmiş kütlə asosiallığı seçmək məcburiyyətində qalır. Və bu nöqtədə “anlamaq” problemi bəşəriyyətin başına qonmuş ən böyük bəla quşu kimi kəsir qarşımızı.  Anlamaq, halhazırkı cəmiyyətimizlə fərd arasında uçurmu işıqlandırır  və  fərd bu dərin ucsuz-bucaqsızlığı görür. Fəlakətin ən pis tərəfi – FƏRDİN MƏNƏVİ YORĞUNLUĞU başlayır.

Hər gün, ümumi kütlə aspektindən baxmağı bacarmayan, ancaq “bu millətdən bir şey çıxmaz” deyən “yazıçı”, “publisist”lərimizin sayı artdıqca, bu asosiallığı seçən gənclər sadəcə kənardan tipik, sadə insan olan “yazıçıcıq”lara gülürlər.  Ümumi kütlə aspektindən baxa bilsəydilər yəqin ki, “bu millətdən birşey çıxmaz” deməyi, hər şeyi milli düşüncə modelinə mənfi birşey kimi bağlamağı buraxıb, düzgün analizlərlə kütlənin fərd–fərd yetişməsinə kömək edərdilər. Bu da kütlənin kulturasının zənginləşməsi yolunda  kömək ola bilərdi. Heyf ki, “Kvant düşüncə üsulu”yla desək onlar ikinci qrupa “bilmirlər ki bilmirlər” qrupuna aiddirlər. Bilmədiklərini hiss edənə qədər ağrı acısını kütlə çəkəcək, durmadan özlərini hardasa yeddinci qatda görüb, başqalarını “Qulliver” kimi ovuclarının içində görəcəklər, təssüf ki, elə sanacaqlar  yüksək zəka olaraq doğulmuşlar, amma , səhv ölkədə…

Dövrünə  uyğun olaraq yeni kütlə göz önündə yetişir. Bəlkə də 2000- 2015-ci illər arası yaranan orta rahat şəraitdən sonra yeni bir nəsil kütlə içində yaranmağa, inkişaf etməyə başlayıb ki, böyük iddia olacaq deyəcəyim – bu yetişən yeni oxumuşlar kütləsi Azərbaycan ədəbiyyatında gələcəyimizin himi olma vəzifəsinin ağırlığı  çiyinlərində doğulmuşlar. Və gələcəyin müəfəkkirləri bu insanların ətrafında yetişən yeni gəncliklər olacaq. Qaldı ki, insanların təfəkküründə hər şeyin yaxşıya doğru dəyişiminə,yeni düşüncəli, köhnəlikdən sıyrılmış yeni fikir insanlarının ortaya çıxmasına, bu yerdə deyə bilərik ki “dəyişim” özü bir geniş prosesdir.

Dəyişim – hər gələn yeni nəsil özündən öncə gələn nəslin”qatili” – silgisidir. Nə qədər kökün üzərindən qalxılsa belə budaqlar  fərqli yönlərə , fərqli bir şaxələnməyə doğru gedər. Və hər birinin günəşi eyni olsa da günəş şüaları fərqli üzərinə düşər. Amma yeni bir düşüncəyə doğru uzanmış, yeni gələn nəsil, gənclik illərində qaynar bir yeniliyə imza atanlardan əmələ gəlir. Yaşlılıqda bu davam edər. Bunu bacara bilməyən yeni nəslin təmbəl nümayəndələrinin hər zaman bir bəhanəsi vardır. Ya hansısa dinə, mentalitetə və ya ənənəyə sığınaraq, bunu əsas gətirərək, paltarlarını dəyişər, stilini fərqliləşdirər, lakin, dəyişməsi vacib olanı- düşüncəni dəyişdirmədən yaşamağa davam edərlər. Bunlar bir növ “ölü hüceyrələrdir”.

Dəyişim mənəvi yorğunluğun harmoniyasında davam etsədə, bir qopuqluq göz önündədir.

Bu qopuqluq hardan gəlir?

Gəncliyin onsəkkiz yaşdan sonrakı azadlığı, “sərhədlənmiş azadlıq” modelində şərq dünyasında ortaya çıxır. Sərhdləri qıranlar isə ümumiyyətlə ya şərq ölkələrindən uzaqlaşır, ya da  az miqdarı dəyişim üçün nələrsə etməyə çalışır. Qopuqluğun gəldiyi nöqtədən biri də “çox şey etmək istərkən heç nə edə bilməmə” prosesidir.. Azadlığa ilk addım atmış gənclər xəyallarını reallaşdırmaq itəyir. Amma qarşılarındakı maneələr- el qınağı, dediqodular, camaat nə deyərlər (Bir dəfə sadaladıqlarımın ağırlığına diqqət yetirək. Bunun cəmiyyətə vurduğu zərbə hansı yaraları açmır ki?) vəs. istəklərin qarşısında divar hörür. Burda fərd olmağa ilk addımı atmış gənc süstləşir. Mənəvi yorğunluq davam edir beləcənə…

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10