Senet.az alman şairi Henrix Heynenin şeirlərini təqdim edir. Qeyd edək ki, şeirləri Azərbaycan dilinə Elxan Zal tərcümə edib.
Səhər evdən çıxanda
Baxıram siz tərəfə.
Pəncərənin ardında
Səni görürəm, körpə.
Gözlərin harayında
Sual eləyirsən sən:
– Sən kimsən xəstə adam,
Məndən nə istəyirsən?
– Mən alman şairiyəm
Məşhuram o ölkədə.
İmzalar arasında
Mərtəbəm var mənim də.
Orda, bizim diyarda
Çoxunu tutub mərəz.
Dərd çəkənlər içində
Mən də varam, əlqərəz.
***
Dəniz sahilindəyəm,
Başımda düşüncələr.
Qağayı uçuşunda
Dalğa oynar, yer mələr.
Hanı sevdiyim dostlar,
Kim tapacaq onları?
Qızışmış dəli külək
Yelləyir dalğaları.
Loraley
Bilmirəm mən nədən belə qəmliyəm,
Ruhum da tufan tək çağlayır yaman.
O uzaq illərin əfsanələri
Mənim yaddaşımdan çıxmaz heç zaman.
Hava sərinləyib. Alaqranlıq.
Sular aram-aram didir qayanı.
Reynin üzərində dağın zirvəsi
Qürub atəşində alışıb-yanır.
Qayanın üstündə bir qız dayanıb,
Gözəl əndamında əlbisa bəyaz
Çiyninə tökülən qızıl telləri
Qızıl daraq altda bərq vurur bir az.
Çəkib saçına altun darağı,
Şərqilər söyləyir ilahi bir səs.
Onun ovsununa qərq olur tamam,
Bu sehrin hökmünü eşidən hər kəs.
Qayıqçı, nəzəri hündür qayada,
Qayıqdan izləyir ovsunkar ünü.
O qranit qayaya doğru yollanır,
Yalnız onu görür, onu düşünür.
Ətrafda qayalar dik-dik dayanıb,
Dəli dalğalarsa nərə çəkir hey.
Bəxtsiz qayıqçını qayıqla birgə
Dənizə qərq edir gözəl Loreyel