“Mən bir müəlliməm” haqda düşüncələr- Şəhla Rəşidova

67 Baxış

29634640_810687599125871_1409657380_o (1)

Şəmil Sadiqin “Mən bir müəlliməm” kitabı sadə dillə, səmimiyyətlə, şəxsi təcrübələrinə dayanaraq və hətta deyərdim, xeyli də cəsarətlə yazılıb. Müasir cəmiyyətimizdə müəllimlərə və müəllimliyə verilən dəyər, peşəmizin qlobal problemləri və müəllim olmağın gözəl tərəfləriylə yanaşı, peşəmizin qaranlıq və insanı bezdirən məqamları açıqlıqla vurğulanıb. Qısa məqalələr şəkildə olduğundan oxumaq da rahatdı. Kitabda vaxtilə sosial şəbəkələrdə səs-küy salmış məqalələrdən biri olan “Alim yetişdirmək adam yetişdirməkdən daha asandır” məqaləsinə cəmiyyət tərəfindən gələn təpkilərə qarşı düşüncələrini açıqlayan müəllifin fikirlərinə müəyyən mənada qatılıram.

Məqalənin yayıldığı dövrü xəyalən xatırlayıram. Əslində, elmin dəyərini, hal-hazırda necə vacib olduğunu, dünyadan necə geri qaldığımızı, bizi geri salan ən əsas amilin elm-təhsil sahəsindəki geriliyimizin olduğunu da az-çox bilirik, amma buna rəğmən məqaləyə mən də qatılıram. Çünki hazırda cəmiyyətimizdə ciddi şəxsiyyət problemi var. Ya paralel olaraq həm şəxsiyyət problemiylə, həm də elmi cəhalətimizlə mübarizə aparmalıyıq, ya da öncə şəxsiyyət problemimizi həll eləməliyik. Çünki şəxsiyyət problemimizin kökündə elə gərəksiz dəyərlərimiz və bizə aşılanan “Başını aşağı sal, işini gör, hər şeyə kor, kar, lal ol” ideologiyasıdır. Bunun düzəlməsi üçün öncə düzgün şəxsiyyət, ətrafda, ölkədə baş verələrə, haqsızlığa qarşı bütün yaxşı və pis nəticələrə rəğmən susmayan, mübariz gənclik, daha kobud desək, insan yetişdirməliyik. Şəxsiyyət yetişdirilsə, xəyalları, məqsədləri, gələcəyə doğru hədəfləri olan, mübarizəçi, qorxmaz savadlı gənclik onsuz da yetişəcək. Bu anlamda məqaləyə haqq verirəm, baxmayaraq ki, məqalədə heç də elmin gərəksizliyi vurğulanmır. Üstəlik, bu da faktdır ki, elm təhlükəli adamların əlində toplandıqda, həmin insanların əlində gücə çevrildikdə, bundan ən çox sadə insanlar, kütləvi şəkildə desək, bütün dünya zərər çəkir.

Bir də kitabda diqqətimi çəkən ən maraqlı məqalələrdən biri də “Təhsilimizi kişiləşdirməli, yoxsa erkəkləşdirməli” məqaləsi oldu. Əslində, illər əvvəl məktəbdə oxuyanda kimya müəllimiz Şərabanu müəllimə belə bir ifadə işlətmişdi:

“Oğlanlarımızın belə qorxaq və cəsarətsiz olmasının səbəbi məktəbdə qadın müəllimlərin çox olması və qadın müəllimlərin də dolayı yolla təibətlərindən gələn qorxuları, cəsarətsiz, müti, bir çox şeylə sözsüz razılaşma və s. bu kimi xarakterlərini oğlanlara aşılamalarıdı. Bir tərəfdən də analarının təsiri. Bizim dövrümüzdə məktəbdə kişi müəllim çox idi, indi müəllimlərə düzgün maaş verilmir deyə, kişilər müəllimlikdən qaçır. Ona görə də əsgərlikdən qorxan gənclik yetişir”.

Bu, bizim dövrün qlobal problemi idi: pulu olan da, olmayan da oğlunu ya əsgərlikdə saxladır, ya da təhkükəsiz yerə saldırırdı. O vaxt müəlliməmin bu fikiriylə çox da razılaşmamışdım. Qüruruma toxunmuşdu müəlliməmin, üstəlik, həmcinsimin qadınları zəif, qorxaq adlandırması… İndi bu məqaləni oxuyanda əslində müəlliməmizin müəyyən mənada haqlı olduğunu anlayıram. Ona görə də təhsilimizi erkəkləşdirmək yerinə, kişiləşdirilməli olduğunu düşünürəm. Zənnimcə, qadınlarımıza da qorxmaz, cəsarətli, mərd, mübarizəçi, haqqını müdafiə etməyi bacaran ruh, güclü olmaq aşılansa, bu keyfiyyətlər xarakterlərinin əsas xüsusiyyətlərinə çevrilsə, o zaman təhsilimiz “kişiləşmiş” olar…

Bir də müəllimliyin sırf qadın peşəsi olduğuna dair gərəksiz stereotiplər qırılmalıdı. Müəllif bu məsələyə də toxunub. Məqaləni oxuyarkən illər əvvəl müəlliməmin söylədiyi bənzər fikirləri oxudum sanki… Qısaca, əsərdə dövrümüzün ən aktual problemi olan təhsil, təlim, tərbiyə məsələlərinə, onun qüsurlarına, çatışmazlıqlarına, problemlərinə, ümid verən məqamlara dair kifayət qədər maraqlı fikirlər var.