Oktay Hacımusalı
Nə olacaq
Yatanda bilmirik,
Səhər nə olacaq?!
Boğazımızdaki
Qəhər nə olacaq?!
Sevmişik sevəni,
Hər üzə güləni.
Vermişik yüyəni,
Yəhər nə olacaq?
Boş ver e… bu zəndi,
Ömrümüz tükəndi.
Düşündün lap kəndi…
Şəhər nə olacaq?
Geyinmisən ağı,
Dünya… qəm otağı…
Daddığın su ağu…
Zəhər… Nə olacaq…
***
Mən Çəriyəm…
At belində doğulmuşam,
Haqq yolunda soyulmuşam,
Yanıb yanıb Qor olmuşam…
Mən Börüyəm…
Ulusuma yol göstərən,
Nicat üçün Göydən gələn.
Yalvaclara əsən verən.
Mən Diriyəm
Keşikçisi Tanrıdağın,
Xilaskarı Qarabağın,
Uzaqlardır mənə yaxın…