Mən hər gecə röyamda, bir yalquzaq görürəm…

16 Baxış

oktayhacimusali

Zəmini, buğdanı, dəni tanıdım,

Sevgindən oluşan dini tanıdım,

Tanıdım, Gök Tenqrim, səni tanıdım,

Bələndim nuruna!

Getdim Allahlardan düşüb uzağa,

Börülər ulayan qutsal bir dağa,

Dengirlər çalındı, düşdüm ocağa,

Yaxıldım qoruna!

Hər yanım qasırğa,sərt qar yağışı,

Boşa qorxudurlar, görmüşəm qışı.

əlimdə çağırım, dildə alqışım,

gəldim hüzuruna!

 

–Yavuq – yavuq ellər sənin,

Tuyuğ, savuq dillər sənin,

Soyuq, sıcaq əllər sənin,

Sənin, Gök Tenqrim!

Başı qarlı dağlar sənin,

Alma dolu bağlar sənin,

Dövran sənin, çağlar sənin,

Sənin, Gök Tenqrim!

 

Köy dolusu öylər sənin,

Min şanını söylər sənin.

Yerlər sənin, Göylər sənin,

Sənin, Gök Tenqrim!

Ağac sənin, budaq sənin…

Ağacdakı yarpaq sənin,

Daşınacaq sancaq sənin,

Sənin, Gök Tenqrim!

Oymaq sənin, oda sənin,

Qalan nəsə… O da sənin!

Sevgi sənin, sevda sənin,

Sənin, Gök Tenqrim!

 

 ***

 

Dengir vurulandaki alqışlardan…

Babamın qaravaşı,

Atmaqçün bizə daşı,

Yol boyu, addımbaşı,

Qurub duzaq görürəm,

Mən hər gecə röyamda,

Bir yalquzaq görürəm…

Qıyıb gözünü şaman,

Ulusun halı yaman…

Dağ başında sis, duman,

Boran, sazaq görürəm,

Mən hər gecə röyamda,

Bir yalquzaq görürəm…

Kürşadları qanından,

İgidləri şanından,

Qutlu, qızıl danından

Düşüb uzaq… Görürəm…

Mən hər gecə röyamda,

Bir yalquzaq görürəm…

Yurdda ocaq qalayan,

Nahaqqa diş biləyən,

Baxıb Göyə ulayan

Bir yalquzaq görürəm,

Mən hər gecə röyamda,

Bir yalquzaq görürəm…

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10