“Mən qürbət şairi, dərd şairiyəm” – Nəsib Nəbioğlu

14 Baxış

Nesib-Nebioglu-turkustan.info_

Mən qürbət şairi, dərd şairiyəm

Söykədim çiynimi arxasızlara,
Onlar qürbət eldə sirdaşlarımdı.
Dönük taleyindən gileyli olan,
Oğullar çətində qardaşlarımdı.

Neçə arzularım qaldı gözümdə,
Qəlbimdən keçəni bir kəs duymadı.
Uzaq səfərimdən qayıdım deyə,
Anam əllərinə xına qoymadı.

Çığırlar yad səmtə apardı məni,
Gördüm sərt üzünü daşın, dağın da.
Zaman sərt üzünü göstərdi mənə.
Rahatlıq tapmadım yad torpağında.

Haqsızlar yol tapıb keçdilər başa,
Haqqım tapdalandı hər addım başı.
Haqsız dünya imiş bu dünya demə,
Yurdum talan-talan, oğullar naşı.

Bir elin yanında üzüm qaradı.
Dağların dağlarsız pərt şairiyəm.
Sizin sevdiyiniz şair deyiləm,
Mən qürbət şairi, dərd şairiyəm.

Kəlbəcər daşı

Doymadım sehrli mənzərələrdən,
Qayalar dil açan söhbətdi, sazdı.
Kitabı, dəftəri olmayan babam,
Adını daşların üstünə yazdı.

Quş da səkəmməyən bu şiş qayalar,
Şıdırğı sel tökdü daş sinəsindən.
Möhtəşəm qayalar yuxuya dalıb,
Tutğunun, Tərtərin zümzüməsindən,

Tilsimi qırılmaz açılmaz hələ,
Dilini tapmadım daşın, qayanın.
Bir vaxt gəncliyimdə qorxu bilmədən,
Dırmaşdım üstünə ayağıyalın.

Dərdinə, sərinə qulaq asmadım,
Hər daşın, qayanın sehrinə düşdüm,
Hər qaya önündə susub keçmədim,
Əfsanə daşların mehrinə düşdüm.

Naxışı, bəzəyi pozulmaz, itməz,
Təbiət nə gözəl heykəltəraşmış.
Sağa bax, sola bax bu yerdən keçən.
Yaradan daşlardan heykəl yaratmış.

Əlinə qoymağa xına taparsan,
Ey torpaq becərən, gəl becər daşı.
Min sirri saxlayıb, açan olmayıb,
Əzəldən sirr olub Kəlbəcər daşı.

Baş alıb heç yana qaçası deyil,
Xəyalım qayalar aləmindədir.
Qayalar dağların tilsim açarı,
Qayalar sirlərin möhürbəndidir.

Bənövşə demərəm sənə

Özüm də bilmədən bənövşə dedim,
Nə biləm bənövşə dərdli çiçəkdi.
Amma biləsən ki, o vaxtdan bəri,
Bir çiçək dərdini gözümə çəkdi.

Bulaqdan gələndə çıxdın qarşıma,
Sən sənəyə, sənək sənə yaraşdı.
Dünya gözəlinə bənzətdim səni,
Məcnuna dönmüşdüm əməlli-başlı.

Göydən nur yağırdı məhəbbət dolu.
Getdiyim yollar da təzələndilər,
Yollarım üstündə bitən çiçəklər,
Bir az da mənimlə məzələndilər.

Mən səni sevəndə özgəydi dünya,
Donunu dəyişdi çığırlar onda.
Məni dəli etdi boyun-buxunun,
Gəlirdin yuxuma mələk donunda.

Gözümdə, könlümdə yox idi bir kəs,
Mənə yaxınlardan yaxındın, gülüm!
Qaçıb gizlənmədin bənövşə kimi,
Sən mənim köksümə sığındın, gülüm!

Ay dəli sevdalım, gülüm, çiçəyim,
Eşqinin oduna yandım o vaxtdan,
Səni sevməyənlər dərdilər səni,
Talesiz baxtına baxdım uzaqdan.

İllərlə bu eşqin yandım oduna,
Sevdalı dünyamız olubdu hədər.
Gözüm baxa-baxa çıxıb getmisən,
Taleyin, qədərin bənövşə qədər.

Neyləyim bu eşqin gödəkmiş ömrü,
Bəxt yazan da belə yaza bilərmiş.
Ağlı ayağında olan bir oğlan,
Doğma kəndində də aza bilərmiş.

Çətin bu məhəbbət boy verə bir də,
Çıraqla gəzirəm o gündən səni.
O vaxtdan başımda bir dəli sevda,
O vaxtdan saçımda həsrətin dəni.

Bilsəydim bənövşə deməzdim sənə,
Qəlbin də sınıbdı bir şüşə kimi,
Deyirlər tənhasan, qəm içindəsən
Bükmüsən boynunu bənövşə kimi.

KÖŞƏ YAZARLARI
TOP 10