“Mən sənin qəzəbini öldürdüm” – Aleksandr Qrin

10 Baxış

qrin

Aleksandr Qrin

 

Atanın qəzəbi

 

Uzun səyahətdən qayıdan Berinqin oğlu balaca Tom Berinq Korneliya bibisinin və Karl əminin qınağına məruz qaldı. Tom evin ən tutqun otağı olan kitabxanada rəngli sabun köpükləri uçururdu. Onun bundan da böyük şuluqluqları vardı, məsələn, sarı pərdəni yandırıcı şüşə ilə yandırıb deşmək, “Dekameron”un rəsmlərinə baxmaq, qonşunun oğlu ilə dalaşmaq. Ancaq Korneliya bibini sabun köpükləri daha çox narahat edirdi. Bu geniş və olduqca sərt evdə yüngül hərəkətlərə yer yox idi. Buna görə də Karl əmi təntənəli şəkildə uşağın əlindən köpüklü qabı aldı, Korneliya bibi isə şüşə trubkanı. Korneliya bibi Toma nadinc uşaqların aqibəti haqda, onların gələcəkdə cinayətkar və avara ola biləcəkləri barədə xeyli danışdı, danlağını bitirərək dedi:

– Atanın qəzəbindən qorx! Qardaşım gələn kimi ona gözümü də qıpmadan bütün etdiklərini danışacam, onda görərsən!

Karl əmi əlini belinə qoyaraq bir qədər Toma tərəf əyilib əlavə etdi:

– Onun qəzəbi qorxunc olacaq!

Onlar getdikdən sonra Tom iri kresloda oturub, onu nə gözlədiyini təsvir etməyə çalışırdı. Karl və Korneliya həmişə şişirdilmiş danışsalar da, “atanın qəzəbi” haqda dəfələrlə duyması Tomu çox narahat edirdi. Bibisi və əmisindən qəzəbin nə olduğunu soruşa bilməzdi. Onda onlar Tomun qorxduğunu anlayardılar. Tom onlara bu həzzi yaşatmaq istəmirdi.

Bir az düşündükdən sonra kreslodan düşüb bağçaya yollandı, ordaki insanlardan nəsə öyrənməyə ümidliydi.

Korneliyanın qohumu olan ədəbiyyatçı Oskar Munk palıdın kölgəsində uzanıb qəzet oxuyurdu. Səssiz hindu yerişi ilə addımlayan Tom ona yaxınlaşıb qışqırdı:

– Huq!

Munk qəzeti kənara atdı, Tomun dizlərini qucaqlayaraq özünə çəkdi.

– Orinokoda sakitlikdi! Quronlar çayıra basqın ediblər!

Ancaq Tom oyuna gəlməyib kədərləndi.

– Qəzəb nədir, bilmirsiz? – utana-utana soruşdu, – sizinlə bu haqda danışdığımı heç kəsə deməyin.

– Qəzəb?

– Hə, atamın qəzəbi. Atam sabah gəlir. Onunla bərabər qəzəb də gəlir. Bibim ona mənim qeybətimi edəcək, sabun köpükləri və pərdəni yandırdığım haqda. Bir balaca deşildi pərdə. Mənsə… qəzəbin bunu bilməsini istəmirəm.

– Belə de, – deyən Munk qəhqəhə çəkdi. Tom onun nədən belə etdiyini anlamayıb üç addım geri çəkildi.

– Həə, sənin atanın qəzəbi çox pisdi. Onun kimi bədheybət çox azdı, dörd əli, dörd ayağı var. Sürətlə qaçır, gözləri çəpdir. Xoşagəlməz şəxsiyyətdir, yəni, çox qorxuncdur.

Kefsizləşən Tom gözlərini zilləyərək Munkun bu qorxunc məxluq haqda necə əyləncəylə danışdığına baxırdı. Başqa kimdənsə artıq nəsə soruşmağa həvəsi qalmamışdı. O, bir qədər ağacların arasında gəzişdi, ta ki, qonşu evdə yaşayan səkkiz yaşlı Molli adlı balaca qızı görənə qədər. Ancaq Molli Tomu görən kimi ondan uzaqlaşıb, qaçdı. Çünki oranjereyanın şüşələrinə birlikdə ox atdıqları üçün Molliyə Tomla oynamaq qadağa olunmuşdu. Həmişəki kimi səbəbkar Tomu bilmişdilər, halbuki, bu dəfə şüşəbəndə ox atma fikri Mollinin idi. Balaca, incə, qıvırcaq məxluqa olan bağlılıq hissindən Tom kolların arası ilə üz-gözü cızılaraq onun arxasınca qaçdı, ancaq çata bilməyəndə küskünlük göz yaşlarını silərək evə getdi.

Xidmətçi nahar üçün süfrəsini qurub çıxdı. Qızılı çaxırla dolu qrafini görən Tom xatırladı ki, deyəsən, kapitan Kidd (“Sahil quldurları” kitabından) kimsəsiz adada iyrənc tənhalıq içində rom içirdi. Tom Kiddi çox sevirdi, ona görə də masanın üstünə çıxdı, stəkana çaxır süzüb dedi:

– Sizin sağlığınıza, kapitan! Mən gəmiyə sizi xilas etməyə gəlmişəm. Qorxmayın, biz sizin qızınızı tapacağıq!

Elə Tom bir udum içmişdi ki, Korneliya içəri girib heç nə demədən, onu masadan düşürdüb üç dəfə yavaşca arxasına vurdu. Sonra dəliyə dönmüş qarı bağırmağa başladı, onun əlindən çıxan cinayətkar isə bağa qaçıb, ordakı taxta çardağın döşəməsi altında gizləndi. O, məhv olduğunu dərk edirdi. Yeganə ümidi atasının onu qəzəbinin qarşısında müdafiə etməsi idi.

Atası haqqında Tomun xatırladığı yeganə şey onun qara bığları və iri isti əlləri idi – Tomun üzü bütöv yerləşən əlləri. Anası barədəsə o, heç nə xatırlamırdı.

Qəfəsdən çıxan qəzəbin nə edəcəyini oturub təsəvvür etməyə çalışırdı. Tomun zənnincə, bütün bədheybətlər qəfəsdə yaşamalı idilər. Özünün düzəltdiyi yayı və iki oxu küncdən götürdü, ancaq onun yetərli olduğuna şübhə etdi. Özünü ələ alaraq çardağın altından çıxıb gizlənə-gizlənə eyvandan Karl əminin kabinetinə girdi. Orda divardan tapança və müxtəlif silahlar asılmışdı. Tom onların boş olduğunu bilirdi. Çünki bu haqda evdə dəfələrlə danışılmışdı, ancaq o, bağbanın oğlundan barıt oğurlamağa ümid edirdi. Patronların yerinə daş çınqılları da ola bilərdi. Tom divanın arxasına dırmanıb ən böyük tapançanı götürmək istəyirdi ki, Karl əmi qapını açıb içəri girdi. O, təəccübdən fit çaldı, sonrasa sərt əlləriylə onun boynunun kökundən tutdu. Tom onun əlindən çıxıb divandan yerə yıxılanda dizini əzdi. Axsayaraq qalxan Tom başını aşağı əyib üzünü turşudaraq, gözlərini əmisinin iri ayaqqabılarına zillədi.

– İndi de görüm, Tom, gizlincə bu kabinetə oğurluq fikri ilə girmək Qarold Berinqin oğluna yaraşan hərəkətdirmi? – əmisi ona baxıb dedi, – Sən heç nə etdiyini bilirsən?

– Bilirəm, – Tom mızıldadı, – Mənə tapança lazım idi, əmi. Mən döyüşsüz təslim olmaq istəmirəm. Sizin dediyiniz o Qəzəb mənim ancaq meyitimə toxuna bilər. Sağ ikən ona yenilmərəm.

Karl əmi susdu. Miyoltuya bənzər bir səslə pəncərəyə yaxınlaşdı, trubkasını doldurmağa başladı. Bu məşğələni bitirib Toma tərəf döndü. Üzündəki ifadə eyni Munkun üzündəki ifadəyə bənzəyirdi.

– Mən səni bu otağa kilidləyib naharsız saxlayacam, – kabinetin qapısına yaxınlaşan Karl əmi sakitcə dedi, – Burda qal və mən qapını kilidləyəndə açarın çıqqıltısını dinlə. Bu səs qəzəbin dişlərinin səsinə bənzəyir. Heç nəyə əl vurma.

Açarı iki dəfə çıqqıldadıb qapını kilidlədi, açarı cibinə qoydu. Tom o saat kilidləmə çuxuruna diqqət yetirdi. Əmisinin döngədə itdiyini görən Tom pəncərəni açıb tikilinin damına çıxdı və ordan güllüyə tullanıb Zinya çiçəklərinin kolunu əzdi. Onu buna ümidsizlik vadar edirdi. O, meşəyə qaçıb, orda yeraltı sığınacaq qazaraq giləmeyvə və çiçəklərlə qidalanıb, nə vaxtsa qızıl küpə və silah tapacağına ümid edirdi.

Tom bu düşüncələr içində hasarın kənarıyla sürüşərək gedirdi ki, birdən dəmir məhəccərin arasından yolla Karl əminin evinə tərəf gedən avtomobili gördü. Avtomobildə yaşlı qara bığlı adam, yanındasa ağyanız gənc qadın oturmuşdu. Bu avtomobilin arxasınca yeşiklər və çamadanlarla dolu başqa bir avtomobil gedirdi. Elə Tom bunları görmüşdü ki, avtomobillər qapıya tərəf dönüb dayandılar. Tam xatırlamadığı, üzü bütov yerləşən əllər oğlanı dayandırdı bir anlıq sanki, sonrasa həvəslə evə tərəf qaçdı. “Yəni bu mənim atamdır?” – evdən qaçdığını unudub, gülləri tapdayaraq sədaqət və mərhəmət arzusu ilə evə qaçdı. Tom arxa qapıdan bütün otaqlardan keçərək, evin ön qapısına çatdı. Onun bütün tərəddüdləri artıq yox olmuşdu. Korneliya, Karl, Munk, xidmətçi və kişi qulluqçular – hər kəs burda idi. Hamı ucaboy qara bığlı adamın və onun həyat yoldaşının ətrafında fırlanırdı.

– Bəli, mən bir gün tez yola düşdüm, oğlumu tezliklə görmək üçün, – deyən Berinq davam etdi, – bəs o hanı? Axı mən onu görmürəm.

– İndi onu gətirərəm, – Karl dilləndi.

– Özüm gəlmişəm, – Tom Korneliya və toppuş xidmətçinin arasından keçərək dedi.

Berinq gözlərini qıyıb, ah çəkərək oğlunu qucağına aldı və onun cızılmış yanaqlarından öpdü. Karl əmi gözlərini bərəltmişdi.

– Sən cəzalı idin axı, bağlı otaqda…

– Bu gün əfv edilir! – Berinq bəyan edib oğlunu gənc qadına tərəf apardı.

“Bəlkə onun qəzəbi elə budu? – Tom düşündü, – Yəqin ki yox, çünki oxşamır.”

– O, sənin anan olacaq! – deyən Berinq həyat yoldaşına baxaraq davam etdi, – Bu balaca dəcəlin anası olun, Ket.

– Biz sənlə oyunlar oynayacağıq, – qadın Tomun qulağına xoş, yumşaq səslə pıçıldadı.

Tom atasına güvənərək Ketin əlindən tutub onun böyük mavi gözlərinə baxdı. Ket Korneliya və Karla heç bənzəmirdi, o cümlədən, Tom naharsız qalmayacağını da artıq bilirdi. Tomu sanki silkələyib əl-üzünü yumağa apardılar. Ancaq onun ürəyi hələ də rahat deyildi, çünki bibisi Korneliya ilə əmisi Karlı çox yaxşı tanıyırdı. Onlar verdikləri sözü həmişə tuturdular. “Yəqin, onlar qəzəblə sözləşiblər” – deyə düşünürdü Tom. Xidmətçinin başı dəsmalları dəyişməyə qarışmışkən, Tom atası üçün hazırlanmış otağa getdi. O bilirdi ki, Qəzəb otaqda sakitcə oturub onu buraxmalarını gözləyir. Tom əyilib açarın çuxuruna baxdı, ancaq orda heç kəs yox idi. Xalı bağlamaları, xəzlər, yeşik və bir neçə sandıq. Əlbəttə, Tom etdiklərindən qorxurdu, ancaq ürəyini sıxan ağırlığı götürmək üçün qapını açıb içəri girdi. Sandıqlardan iksinin qapağı açıq idi. Tom qəzəbin onlardan birinin içində olduğunu düşündü. Onun bəxtindən yatağın üstündə revolver vardı. Tom revolverlərdən heç nə anlamırdı. Bildiyi yeganə şey tətiyi çəkəndə atəş açılması idi. Revolveri əlinə alıb sandığa tərəf yönləndi və bu zaman Qəzəbi gördü. İri, ağ, dördəlli bədheybət qəzəblə gözlərini çəplədərək ona baxırdı. Tom bağıraraq revolverdə lazım olan yeri sıxdı. Sandıqda sanki partlayış baş verdi. Oradan cingilti ilə uçuşan qab parçaları pəncərə və masaya çırpınırdı. Tom əlində dayanmadan atəş açan revolveri sıxıb yerə oturdu, sonrasa onu tullayıb qorxudan rəngi ağarmış Karl və Korneliya ilə birgə səsə gələn atasına tərəf ağlayaraq qaçdı.

– Mən sənin qəzəbini öldürdüm, – Tom dəhşət içində, dayanmadan qışqıraraq deyirdi, – Mən onu güllələdim! O, mənə artıq heç nə edə bilməz. Mən heç nə etməmişdim, pərdəni deşmişəm və Kiddlə rom içmişəm, ancaq mən qəzəbi istəmirdim

– Sakit ol, Tom, – Berinq dərindən nəfəs alaraq titrəyən oğlunu bağrına basdı. – Mən bilirəm, balaca Tomum… Yazıq canım!

 

Tərcümə etdi: Xanım Anela

Bölmə : Manşet