Mən xoşbəxt deyiləm ki

334 Baxış

xezer

Xəzər Süleymanlı

 

 

Mən xoşbəxt deyiləm ki

Mən xoşbəxt deyiləm ki…
Sadəcə xoşbəxt kimi,
Görünürəm əzizim…
Yaşaya bilmirəm ki…
Yaşamağa can atıb,
Sürünürəm əzizim…

Bu yaşamaq deyil ki?!
Sənsizlik elə bil ki,
Qanadları qırılan,
Zirvələrdən atılan,
Quş olmaqdır əzizim…
İçin-için ağlayıb,
Boşalmaqdır əzizim…

Bu yaşamaq deyil ki…
Getməyinə səbəb var…
Məndən uzaqlaşırsan,
Sonuma cixmaq üçün…
Mənsə vaxt ayırmışam,
Bir az səni düşünmək,
Bir az darıxmaq üçün…

Səndən sonra dedilər,
Ağlını yiğ başına,
Get özünə gün ağla…
Mən də əməl edirəm…
İndi keçir hər günüm,
Hər gecəm ağlamaqla…

Bu yaşamaq deyil ki…
Yaşayan adam kimi,
Görünməkdir əzizim…
Əslində bunun adı,
Sürünməkdir əzizim…

 

 

Mən sənə haqqımı halal etmişəm

Yuxumu gözümdən oğurlayan qız,
Ag günə çıxdımı qara gözlərin?
Elə ağladım ki arxanca sənin,
Yuyuldu yollardan ayaq izlərin…

Daha tükənmişəm,daha bitmişəm,
Sənin nə vecinə rahat yatırsan…
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?

Qayıtmaz o günlər, bilirəm indi.
Qoyardın başını sinəmə hərdən
Gecəni ikiyə bölürəm indi,
O yanında sən yat, bu yanında mən.

 

Mən yaxşıyam

Yavaş-yavaş öyrəşirəm tənhalığa…
Yavaş-yavaş barışıram qismət ilə…
Kədər ilə, həsrət ilə…
Bir az soyuq davranıram axan iliq göz yaşımla…
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç…
Doğrusunu desəm əgər, vaxtım yoxdur…
Zaman azdır, fikir çoxdur…
Əşşi nəysə…
Bax belece yaşayıram…
Amma təkcə,
Amma təkcə…
Sənsizliklə bacarmıram…
Bacarmiram…

Yadındadır?
Yaman tənbəl idim, yaman…
Səhər tez oyanmağı da,
Bacarmırdım heç o zaman…
İndi saatı qururam,
Bir kənarda otururam…
Hey baxıram…..
Hey baxıram…
Yuxum üçün darıxıram…
Saniyələr qovha-qovda,
Saat qaçaq…
Başı qaçmağa qarışan saat məni,
Görən necə oyadacaq?
Nə qəribə sualdır bu?
Axtardığın cavab budur…
O cihazdır,o qurğudur…
Saat insan deyil axı…
O unutqan deyil axı…
Yenə bos-bos danışıram…
Əşşi nəysə…
Bax belece yaşayıram…
Amma təkcə,
Amma təkcə…
Sənsizliklə bacarmıram…
Bacarmiram…

 

Sən məni heç zaman başa düşmədin.

Bilmədin mən sənə doğmayam,yadam.
Bir dəfə dərindən fikirləşmədin,
Məndən nə istəyir axı bu adam?

İllərdir tanışsan mənə elə bil,
Sənə bu tanışlıq asandan asan,
Adını söyləmək təqdimat deyil,
Sən özün-özünü tanımamısan…

Bəlkə də bu addım çox tezdir hələ,
Gəl sənə özünü tanıdım bir az.
Gecə də,gündüz də danışsam belə,
Qorxuram kəlmələr yetərli olmaz…

Mən sənin qəlbinə çox uzaq biri.
Sən mənim qəlbimin ilk məhəbbəti,
Mən sənin ömrünün təsadüfləri,
Sən mənim ömrümün tək həqiqəti…

Mən səni hər dəfə görərkən ölən,
Qəmini ürəkdə daşıyan biri,
Sən isə sevinən,danışan, gülən,
Özü-öz kefində yaşayan biri…

Mən necə söyləyə bilmirəm axı?
Sən mənim həsrətim,dərdim-sərimsən.
Mən sənin gördüyün ən şirin yuxu,
Sən mənim yuxusuz gecələrimsən…

İndi öz-özünü tanıdın sən də…
Ey məni yaşadan,öldürən adam.
Min il də yaşasam zillət içində,
Mən bu tanışlığa,yenə də şadam…

 

 

Mənəm günahkar

Nə desən haqlısan,mənəm günahkar.

Üzünə baxmağa utanıram mən.

Niyə and içirsən, ne ehtiyac var?

Sən yalan desən də inanıram mən…

 

Demə ki xoşbəxt ol, çat arzu-kama.

Çılgın gəncliyimin sönən dəmidir.

Bu sanki gözü kor olan adama,

“Gözün aydın olsun” demək kimidir.

 

Daha öz səsim də mənə yad olub,

Hardasa ağlayan körpə səsitək.

Mənim gözlərimdə həsrət iz salıb,

Körpələr evinin pəncərəsitək…

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10