Mənalı ömür yolu – Həzi Həsənli

214 Baxış

16900409_585004238364907_1404692005_n

Zaməddin Ziyadoğlu Həmişəyev 1947 – ci ilin baharında Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Həmin kənd məktəbində orta təhsilini 15 yaşında  bitirib və ali təhsil almaq arzusu ilə Bakıya gəlib. Burada istehsalatda işləyə – işləyə Bakı Neft Texnikumunun axşam şöbəsində təhsilini əla qiymətlərlə başa vurub,“Neft və qaz quyularının istismarı” ixtisasına yiyələnib.

Özünün dediyinə görə, hələ kiçik yaşlarından Mehdi Hüseynin “Abşeron” romanını oxuduğu çağlardan ürəyində neftçi olmaq arzusu baş qaldırıb. Arzularının sorağı ilə əfsanəvi Neft Daşlarına gəlib.Arzusu həyata keçdikdən sonra bu sahədə fəaliyyəti də çoxşaxəli oldu. Amma onun neftçi ömrü, şair ömrü bir qəzet məqaləsinə sığan deyil.

O zaman Neft Daşlarında “Azərdənizneftinşaat” trestinin 6 saylı Tikinti-Quraşdırma İdarəsində tikinti maşınlarının çilingəri kimi ilk əmək fəaliyyətinə başlayıb. Həmin idarə dənizdə estakadaların və estakadayanı meydançaların tikintisi ilə məşğul olurdu. İndi Zaməddin o illəri qürurla xatırlamaqda haqlıdır. Çünki vaxtilə Xəzərin mavi suları üzərində yollar salınmasında – polad estakadaların tikintisində onun da əməyi var. Xoşbəxtlikdən  onun çalışdığl idarəyə Xanoğlan Bayramov kimi məşhur neftçi rəhbərlik edib. O, Neft Daşlarını qurub-yaradanlardan idi. O dövrdə onun əməyinə böyük qiymət verilmişdi, 25 yaşında ikən Sosialist Əməyi Qəhrəmanı adını almışdı.

Xəzərin qoynunda, Neft Daşlarında çiyin-çiyinə çalışdığı, tədbirlərdə birgə iştirak etdiyi neçə – neçə mətin insanların -Xoşbəxt Yusifzadənin, Bəxtiyar Məmmədovun, Bəhmən Hacıyevin, Qurban Abbasovun (Neftçi Qurbanın), Akif Cəfərovunvə başqalarının adları dilinin əzbəridir. Dənizdə işlədiyi illərdən söhbət düşəndə həmin insanların adlarını iftixarla çəkir, onlarla eyni dövrdə Neft Daşlarında çalışdığından qürur duyur.

O dövrlərdə Neft Daşları dünyanın məşhur insanlarının maraq dairəsində idi.  Buraya dünyaca məşhuryazıçılar, diplomatlar, elm adamları və kosmonavtlar da gəlirdi.O insanlarla görüşlərindən Zaməddin müəllim xüsusi şövqlə danışır. Amma onun  yaddaşında ulu öndər Heydər Əliyevin Neft Daşlarına gəlməsi daha  dərin izlər buraxıb.

İndi o günləri belə xatırlayır:

-Ulu öndərimiz 1975-ci ilin iyun ayında  Neft Daşlarının 25 illik yubileyi münasibətilə keçirilən  tədbirdə  neftçilərlə çox mehriban  görüşdü,  onların sosial vəziyyəti, kef – əhvalı ilə  maraqlandı.

Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdanda  mən artıq Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri idim. O zaman da bir sıra dövlət əhəmiyyətli tədbirlərdə ulu öndərin neft və qaz kimi sərvətimiz haqda dediyi çox dəyərli fikirlərini eşitmişəm. Bunlar mənim üçün unudulmaz görüşlərdir. Heydər Əliyev deyirdi ki,  Azərbaycan neftinin sabahı dənizdə neftçıxarmanın inkişaf etdirilməsi ilə bağlıdır.

Onun neftçilərə göstərdiyi qayğı,  neft infrastrukturunun yaradılması üçün gördüyü böyük işlər və nəhayət, uzaqgörənliyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir.

Zaməddin Həmişəyevinömrünün ən gözəl illəri  Neft Daşları ilə bağlıdır.  Doğrudan da dəniz cəsur və fədakar insanları sevir. Bu mənada Zaməddin Həmişəyev də  həyatın hamar yollarından yox, Xəzərin tufanlı, qasırğalı qoynunda, çətin yollardan keçən dəniz fatehlərindəndir.

Dənizin romantikası şair xəyallı gənc Zaməddini o vaxdan özünə elə çəkmişdi ki…O, Neft Daşlarında işləyərkən  quruda olanda da dəniz üçün darıxırmış.  Doğrudan da dənizin cazibə qüvvəsi belədir.

 O, erkən  yaşlarından hər zəhmətə qatlaşıb, işin çətinliyindən qorxmayıb, əksinə bilmədiklərini öyrənməyə can atıb. Adi çilingərlikdən usta, iş icraçısı və təchizat bazasının müdiri kimi vəzifələrə irəli çəkilib.  Eyni zamanda həmin dövrlərdə çalışdığı kollektivdə ona böyük etimad göstərilib, idarə həmkarlar ittifaqı komitəsinin sədri seçilib. Həmin işdə də ictimai fəallıq nümunəsi göstərərək kollektivin etimadını doğruldub. Həmkarlar komitəsində təşkilatçılıq bacarığı ilə fərqlənən Zaməddin Həmişəyev daha sonra istehsalatdan ayrılmamaqla, Moskvadakı M.N. Şvemik adına Hüquq və Sosial Elmlər Akademiyasında qiyabi yolla təhsil alıb.Təhsilini başa vurduqdan sonra da Neft Daşlarından ayrılmayıb, ömrünün iyrimi beş ilini möcüzələr şəhərində çalışmaqla dəniz qoynunda keçirib.

Uzun illər Neft Daşlarında nümunəvi çalışdığına, bütün tədbirlərin keçirilməsində fəallıq  göstərdiyinə görə, Zaməddin Həmişəyev Azərbaycan Neft və Qaz sənayesi işçilərinin Həmkarlar İttifaqı Mərkəzi Komitəsinə məsul vəzifəyə dəvət edilib və bir müddət sonra komitənin sədri seçilib. Altı il sədrlik fəaliyyətində ən mühüm və çətin  problemlərin həllində öz bacarıq və mövqeyini nümayiş etdirib. Həmin illərdə bir sıra xarici ölkələrin həmkarlar təşkilatları ilə təcrübə mübadilələri etmiş və faydalı işlər görmüşdür. O cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Belarus kimi ölkələrin müvafiq sahə həmkarlar təşkilatlarının beynəlxalq təcrübəsini öz fəaliyyətində tətbiq edib. Elə bunun nəticəsidir ki,  Azərbaycan neftçilərinin həmkarlar ittifaqı 1995 – ci ildə Beynəlxalq AİSEF təşkilatına üzv olmuş və bu təşkilatın Vaşinqtonda keçirilən konqresində  respublikamızın neft və qaz sənayesi həmkarlar təşkilatlarının nümayəndə heyəti də iştirak etmişdir.

O, həmkarlar təşkilatındakı fəaliyyətindən sonra yenidən istehsalata qayıtdı və Bakının böyük sənaye rayonlarından olan  Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsində (NQÇi) ekologiya üzrə rəis müavini vəzifəsində çalışdı. Burada da  ona məşhur neftçi Kərim Kərimovla çiyin – çiyinə işləmək qismət olub. Təqaüdə çıxandan sonra da Qaradağ rayonunun ictimai həyatında yaxından iştirak edir. O, fəal ictimaiyyətçi və sədaqətli YAP – çıdır.

ARDNŞ – in birinci vitse – prezidenti  Xoşbəxt Yusifzadə vaxtilə onun fəaliyyətini yüksək dəyərləndirərək yazmışdı: “ Zaməddin Həmişəyevi mən hələ Neft Daşlarında işləyərkən tanıyırdım. O, kollektivin böyük hörmətini qazanaraq uzun illər idarə həmkarlar ittifaqı komitəsinin, sonra isə Respublika komitəsinin  sədri işləmişdir. Həmin illərdə Zaməddin Həmişəyevin neftçilərin sosial – iqtisadi mənafelərini, hüquqlarını qorumaq istiqamətində fəaliyyətinin şahidi oldum.”

…Gəlişi ilə elə bil qarşısındakı adamın üzünə Günəş doğur. Hələ onunla həmsöhbət olsan, ürəyin fərəhlə döyünər, şirin bir duyğuyla qəlbin isinər. İnsan onu duyduqca mənalı bir ömür yaşadığının şahidi olar. Onun haqqında insani keyfiyyətlərinə, qəlb dünyasına yaxından bələd olan çox görkəmli insanlar –alimlər, elm xadimləri,  akademiklər, Xalq şairlərləri  fikir bildiriblər. Haqqında yazılanlar da mənalı bir insan ömrünün real lövhələrini olduğu kimi əks etdirir. Azərbaycanın görkəmli alimi,akademik Teymur Bünyadov, xalq şairləri Nəriman Həsənzadə, Mirvarid Dilbazi və başqaları bu insanın ömür yolundan böyük məhəbbətlə söhbət açıblar. Akademik Teymur Bünyadov Zaməddin Ziyadoğlu haqqında həm bir insan, həm də bir şair kimi böyük məhəbbətlə, uca könüldən gələn sözlər yazıb: “…Zaməddin Ziyadoğlunun adını şərəflə çəkmək borcumuzdur. Zaməddin bu el – obayla fəxr elədiyi kimi, bu el də qibtəyə layiq oğlu ilə fəxr edir və onu sevir. Bu dəyərli eloğlumuz böyük ürək sahibidir. Mehribanlığı, gülərüzlülüyü, saf qəlbliliyi ona yaraşıq verir.”

O, öz ömründən savayı, içində bir söz ömrü də yaşayır. Zaməddin Ziyadoğlu imzası ilə şeirlər yazır. Bədii yaradıcılıqla məşğuldur, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, şair – dramaturqdur. “İlham bulağı”, “Vurğuna vurğun gəlin”, “Tale yolum”, “Turşməzə əhvalatlar”, “Ümid çırağım”, “Borçalı nisgili”,   “Həncərisən?”, “60 ildən 60 yarpaq”, “İzim –  sorağım”, “Ömür növrağım”  adlı bir – birindən maraqlı kitabların müəllifidir. Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qarabağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Respublika”, “Şərq”, “Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, o cümlədən müxtəlif ədəbiyyat və mədəniyyət portallarında dərc olunub.  Ümumilikdə Azərbaycan, Türkiyə və Rusiyanın  yüzədək qəzet və jurnallarında imzası görünmüşdür. Bədii yaradıcılıq sahəsində böyük iddiaları olmasa da, yazdıqlarından mənəvi rahatlıq tapır.

 O, eyni zamanda  “Neftçi” Ədəbi Məclisinin yaradıcısı və rəhbəridir. Yüz iyirmidən çox neftçi – şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirməyə nail olmuşdur. Otuzdan çox qələm sahibinin kitablarının redaktoru olmuş və ön söz yazmışdır.

Xalq şairi Nəriman Həsənzadə Zaməddin Ziyadoğlu haqqında yazdığı fikirlərdə ona yüksək qiymət verir: “Zaməddin mənim böyük hörmət bəslədiyim qələm dostlarımdandır. Onun “Vurğuna vurğun gəlin” mənzum pyesinin ayrıca kitab halında nəşrinə geniş müqəddimə yazdım və onda dramaturq istedadının olduğunu gördüm.”

 Qazağın Xanlıqlar kəndində doğulan Xalq şairiMirvarid  Dilbazi orada həmişəyevlər nəsli ilə qohumluğuna, həm də öz oğlu olmadığına görə, oğul əvəzi Zaməddinə mehrini salmışdı. Saçlarının ağappaq vaxtında, ömrünün qar fəslində Zaməddin Ziyadoğluna xitabən yazdığı şeirdə oxuyuruq:

Hərdən Karqayaya yolun düşəndə

Sənin yanındayam zənn elə mən də.

Məni o cənnətə apar özünlə,

Bax o gözəlliyə həsrət gözümlə.

Dinlə nə danışır o dağ yelləri,

Dinlə ilk uşaqlıq laylamı çalan

Orda qərib səsli anadilləri…

Ah həsrət illəri,

Həsrət illəri!

O, bütün həyatı, şərəfli əməyi ilə özünə hörmət qazanmışdır. İnsanların ona ehtiram göstərməsi, hörmət bəsləməsi ümman könlündən ruhi rahatlıq tapmasında və sözü də, əməli də düz olmasındadır. Öz dərdi özünə bəs etsə də, başqalarının qayğıları ilə yaşayan müdrik el ağsaqqalıdır. Adı qazaxlıların inam ünvanına çevrilib. Etdiyi xeyirxahlıqlara görə insanların sevincindən ürəyinə pay düşəndə deyir ki, bundan böyük səadət ola bilməz. Yurdsevərliyi və xeyirxahlığı da insanlığa vurğunluğunun ifadəsidir.

 Zaməddin Həmişəyevqayğıkeş insandır, insanlığın vurğunudur. Nə edirsə, ağılla ürəyin diqtəsi ilə edir. Vaxtilə özü də onu əhatə edən insanların qayğısı ilə həyatın yollarında addım atıb, xoş taleli ömür sürüb. Amma oğlunun faciəli ölümündən sonra ömrünün bəxtəvərliyi zədələnib.

Onu yaxından tanıyanlar bilir ki, Zaməddin Həmişəyevin üzündəki təbəssüm həm də dözüm qarışıq bir ifadənin nişanəsidir. Dərdə dözmək hər kişinin işi deyil.  Üzünün mülayim və nurlu ifadəsi var. İnsana sevgi və qayğı hissi ilə yanaşır. O, müqəddəs Məkkə ziyarətində olub və o zamandan Hacı kimi ona bəslənən ümidləri doğruldub, hörməti birə – beş artıb.

Tanışlığımızın tarixçəsi 20 – 25 il bundan əvvələ  təsadüf etsə də, son illər aramızdakı   ünsiyyətdən Borçalı – Qazax doğmalığına uyğun bir doğmalıq  yarandı.  Hər dəfə görüşəndə deyirdi ki, mətbuatda yazılarını oxuyuram, dəst – xəttindən  çox xoşum gəlir. Sanki  özünün də diqqətimdə olmasına bir mesaj verirdi. Canında necə bir həyatsevərlik, insansevərlik olduğunu duyub hiss edəndən, keçdiyi həyat yoluna, şəxsiyyətinə bələd olandan sonrahaqqında yazmaq qəraına gəldim.

Olduqca sadə, zəhmətkeş və təvəzökar insandır. Sözü ilə, özü ilə öyünmür. Elə səmimiyyətlə ünsiyyət qurur ki… Həyatı həm insan kimi, həm də qələm adamı kimi uyğunlaşdırıb yaşayır. Onun kimliyi qələmi və insanlığının qovuşduğ nöqtədə daha aydın görünür.

O, Vətənimizi  qarış – qarış gəzdikcə doğma yurdun qənirsiz gözəllikləriınə min bir könüldən vurulur və bu vurğunluq ürəyində sözə,  nəğməyə dönür.

Onun şeirlərindən dillər əzbərində yaşayanları da var. Şirin Qazax ləhcəsində yazdığı“Həncərisən?” şeiri də bu qəbildəndir:

Belə səfər heç girməzdi yuxuma,

Xanlıxlarda çatdım boya – buxuna.

Doğma yurdum möcüzədir çoxuna,

Elat görmüş burda Sultan Səncəri,

Ağrın alem, həncərisən, həncəri?

Bal kimidi mahalımın ləhcəsi,

Ətirlidir torpağında bağçası.

Məclisləri sazın – sözün boğçası,

Kəsəmənli, Ağköynəkli, İncəli…

Ağrın alem, həncərisən, həncəri?

 Bu şeirinin dili də gözəldir, deyilişi də. Şeirdə el – oba ruhunu aydınca görürük. Dil və üslub məsələləri ilə bağlı da maraqlı məqamlar var. Bu məqamlar şeirin ovqat və koloritini daha yaxşı anlamağa imkan verir. Həm də bu şeirlə Zaməddin Ziyadoğlunun şəxsi xarakteri, təbiəti arasında bir doğmalıq var. Telli sazı bağrına basıb onun bu şeirini şövqlə oxuyan neçə –  neçə aşıqlar görmüşəm.

O, əməkdə və içtimai işlərdə fərqləndiyinə görə neçə neçə fəxri fətmanlarla, diplomlarla,ÜİHİŞ – in laureatı qızıl medalı, həmçinin “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Gözəl ailə başçısı olan Zaməddin Həmişəyev ötən günlərinə boylanaraq xoş xatirələrini nəvələrinə ərmağan edəndə  nəvələri də mənalı həyat yolu keçmiş müdrik babaları ilə haqlı olaraq öyünürlər. Sevinirlər ki, bu günlərdə babalarının 70 yaşı tamam olur. Biz də bu sevincə qoşularaq yubiley münasibətilə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı və könül xoşluğu, ömür şuxluğu arzulayırıq.

 

KÖŞƏ YAZARLARI
TOP 10