Senet.az “XAN” nəşriyyatında çap olunan Müşfiq Muğanlının “Ruhum sənin nəfəsindir” kitabından şeirləri təqdim edir.
Bəlkə, sənə də dərd oldum
Dərd çəkməkdən yorulmuşam,
Ağac kimi qurumuşam,
Dərd çəkməkdən Dərd olmuşam…
Gülüm, gəlmə mənə yaxın,
Mən bir dərdəm, dərdəm, axı
Bəlkə, sənə də dərd oldum.
Məni bağışlama, Vətən!
Məni bağışlama, Vətən!
Səni sevə-sevə verdim düşmənə,
Sonra sənin sevgindən,
Eşqindən danışdım, yazdım.
Dedim: Vətən, Vətən mənimsən…
Yalan dedim, yalan.
Səni hər tərəfdən Doğradılar, böldülər.
Analar, bacılar, körpə uşaqlar
Səni qucaqlayıb öldülər.
Mən isə sağ qaldım.
Sağ qaldım,
Sənə vəfasız çıxdım.
Qoyma torpağında
Gəzim, dolanım,
Uyuyum rahat.
Sənə son sözümsə,
Yenə də budur:
Məni bağışlama,
Bağışlama Vətən!
Mən əsl şair ola bilmədim
Mən Sən deyən, şair ola bilmədim
Atam balası
Əsl şair, səhrəlarda azır,
Əsl şair, zindanlarda yazır.
Əsl şair, özünə ev tikmir
Əsl şair, qələmiylə özünə qəbir qazır.
Mən Sən deyən, şair ola bilmədim
Atam balası.
Bu həyatda yalanları,
Taleyimdə olanları,
Əsl şair kimi yazmadım
Gördüyüm yuxuları
ALLAHDAN, insanlardan
qorxdum, yozmadım.
Mən Sən deyən, şair ola bilmədim
Atam balası
Susdum, susdum
Dinmədim.
Mən Sən deyən şair ola bilmədim…
Məni bağışla
Sevgi ədasıyla, nazla, naxışla,
Adamı aldadır qızlar baxışla.
Səni əvvəlkitək sevmək istədim
Bacara bilmədim, məni bağışla.