Məni görmək istəmisənmi heç

209 Baxış

Vusal-Haci

Vüsal Hacı

 Məni görmək istəmisənmi heç…Adamların metrolarda, avtobuslarda öz əllərini bilərəkdən sürüşdürüb, ayrıldığımızdan bir gün əvvəl kəsdiyin barmağına toxunduracaqlarını düşünən adamın necə olduğunu görmək üçün.

Məni görmək istəmisənmi heç?… Nizami küçəsində valideynlərin üzü üstə yıxılan uşaqlarını “haqq oldu” deyərək yerdən qaldırdıqları kimi, mən də öz dərdlərimə ilişərək yıxılmışdım. O zaman  “Haqq oldu” kəlməsini işlədəcək və əllərimdən bərk-bərk yapışacağını gözünün qabağına Avropa oyunlarının loqosu qədər hər addımda gətirən adamın necə olduğunu görmək üçün.

Məni görmək istəmisənmi heç?.. Neyləyək ki şəhər öz görkəmini çox sürətlə dəyişir, insan ürəyi bu dəyişikliklərlə həmahəng döyünə bilmir. Şəkillərdəki arxa fona öz simamızı uyğunlaşdırmaq üçün instagram effektlərindən istifadə edirik. Neyləyək ki darıxmaqdan başı açılmayan adama ticarət mərkəzindən çıxanda müxbir yaxınlaşıb deyir ki,

-“Xoşbəxtsinizmi?”

Bu suala neytral  cavab verir ya da konkret hə deyirsən. Sonra paylaşılan xəbərlərlərdə oxuyursan ki sənin kimi xoşbəxt insanların sayı həddindən artıq imiş… Adam istəyir desin ki Edit: yalnış anlamışam pardon.

Pulsuz müayinə yazan klinikaların reklamına aldanıb xəstə çıxan adamın necə olduğunu görmək istəmisənmi heç…

Məni görmək istəmisənmi?.. Adam özünü çarəsiz və yalnız hiss etdiyi günlərdə beyninə əvvələr düşünmədiyi, düşünmək istəmədiyi fikirlərin, ədədbsiz sözlərin necə gəldiyini bilirsənmi? Keçmişdəki işıqlı, xoşbəxt günləri bir-bir yadına salırsan, amma əvvələr niyə xoşbəxt olduğunu xatırlaya bilmirsən. Mərkəzi küçələrdəki qızları şəhərin neməti saydığım günlərdə yalnızlığa tab gətirmək olmur axı.Hər gün şeir kimi sıxılan, darıxan adamı görmək istəmisənmi heç?..

Məni görmək istəmisənmi heç? Ümidlərini ətək kimi qısaldan, arzularını saqqal kimi uzadan bu şəhərdə, ayaqqabının dabanını dişləri arasında sıxan vitrinlərindəki qız şəkilləri qədər əhəmiyyətini itirən,  hər kəsin üzünə ayrı-ayrılıqda baxaraq darıxan adamın necə olduğunu görmək üçün…

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10