Məni sözlə aldatma

135 Baxış

gulnar“Nə yaxşı gəldim dünyaya, Yoxsa yerinə düşmüşəm” misralarının müəllifi etiraf  edir ki, “Yaranışdan itirir, Doğum adlı sənədi, Şairin yaşı olmur”. Çağdaş poeziyamızın aparıcı simalarından olan Fərqanə Mehdiyeva  100 faizlik nəticənin tənböləni olan bir ömür sahibidir. İndən belə əllicə ili də arxada qoysa, yüzə-yüz  çempionluğun dadını çıxarar.  “Bilirsən söz adamıyam, sən məni sözlə aldatma” etrifıyla yanaşı “Üçbəndlik şeirimi üçbucaq edin”  pıçıltılarını da hayqırır:

Taleyin köçünə  köçü çatmadı,

İstədim “beş” alam, “üçü” çatmadı.

Atamın, Anamın gücü çatmadı,

Siz məni qoymayın şair olmağa.

Beş almaq istədiyin dərsdən, üçü çatmayanda nəticənin iki olacağı məlumdur. Bu isə qiymətsizlik deməkdir. “Elə bil, başına dünya tac qoyur. Şairlər dünyanın dərdini çəkir”- söyləyərək, əslində başı taclı şahlıq taxtına layiq söz adamlarına ehtiramını bildirir. Fərqanə xanımı digər yazar həmkarlarından fərqləndirən xüsusiyyətlərdən biri də sözdən həqiqətən də  söz qoparmağı bacarmasıdır. Onun da poeziyasına  folklorun təsiri az olmamışdır. “Susdum qızıla dönmədim, Barı sən də səs eləmə”- misraları  “danışmaq gümüşdürsə, susmaq qızıldır”   atalar sözünə istinadən yaranıb. “Ürəyincə islanmışam, Yağışdan qorxmaram daha”- ifadəsi də eyni mənbəyə bağlıdır. Daha maraqlısı isə onun öz təxəyyülünün gücündəndir:

İnanma üzüm gülsə,

İnanma, dönüb gəlsəm.

Yuxuna quzu girsə,

Qurd-quşlar yeyir məni.

Üzüm gülsə də, içimdəki sızıltıya əmin ol, dönüb gəlməyimin gedişi olacağına inan. Ən maraqlı tapıntı isə 3-4-cü misralarıdır. Yuxunda quzu görməyin məntiqi yozumu; bu da onu bir qələm adamı kimi orjinalaşdırır. Fərqanə xanımın şeirlərində fikrin müxtəlif cür istiqamətləndirilməsini çox müşahidə etmək olar. “Zəmanə havamı elə çaldırır, Qalxıb oynayıram əsəbim ilə” cümlələrində də hər şey aydındır. Əslində sümüyümə düşməyən havanı oynamaq məcburiyyətində qaldığım üçün əsəblərim rəqsə başlayıb. Bu baxımdan məxsusi əsərlərindən biri “Adamam” rədifində olan şeiridir:

Bəlkə də, adam deyiləm,

Bəlkə də, sözsüz adamam.

Bu zamanda yaşamağa,

Mən hələ üzsüz adamam.

Bəndin bütöv məna yönünü  qoyaq  bir qırağa. Qafiyə yaradan hər iki sözün yaratdığı mənalar seriyasına nəzər salaq. İkinci misradakı “sözsüz”ü həm modal söz, həm də sifət kimi qəbul etmək olar. Amma nitq hissələri dəyişərkən mənadan  mənaya  maraqlı keçidin şahidi oluruq. Eləcə də, “üzsüz” sözü həm “adamam” isminin (xəbər) təyini, həm də “yaşamağa” məsdərinin  (tamamlıq) zərfliyi kimi düşününlə bilər. Üzsüz adamam, yəni ikiüzlü deyiləm, həm də çox şeyə üzüm gəlmir. Digər tərəfdən “üzsüz yaşamaq” isə kiminsə yanında etdiyin  əməlin peşmançılığından  üzün olmaya mənasını da verir. Bu şeirin başqa bəndlərində də fərqli  mənalandırma  xüsusiyyəti nəzərə çarpır. “Sinəmə çəkilən dağdı,  Dərəsiz, düzsüz adamam” misralarda antitezanın omonimlik əsasında meydana çıxdığı göz qabağındadır. “Dağ” sözü əvvəlki misrada tamam başqa mənaya gedib çıxır, sonrakı misrada isə dərə və düz sözlərinin antonimi kimi təqdim olunur: Həmin şeirin digər misrasında da eyni vəziyyəti görmək olar. “Könlüm hər an açılmayır, Bir az könülsüz adamam” yenə də könülsüz sözü iki anlama gəlir; həm ürəksiz olmaq, həm də kefsiz olmaq. “İki aldım bu dərsdən, saatım üçə qaldı” rəqəmsal misralarında  ikidən üçə maraqlı keçid edilmişdir. Şeirin digər beytində isə oxuyuruq: “Oynamadıq uduzaq, oyun heç-heçə qaldı…” Heç-heçə nəticə o zaman olur ki, oynanılan oyunda hesab açılmasın. Amma hələ başlanmamış bir oyunun nəticəsiz qalması maraqlı ideyadır.

Aramızda uzaq yol var,

Addım-addım keçir günlər.

Həsrətin evi tikilsin,

Ümidini biçir günlər.

Aramızda yolun-məsafənin uzunluğuna baxmayaraq günlər addım-addım keçir. Yəni bir addım atmadan o biri addımın reallaşması mümkün deyil. Üçüncü və dördüncü misralar isə daha maraqlı alınıb. Həsrətə elə alqış edir ki, lap sadə müraciətə oxşayır; ay evi tikilmiş kimi.  Digər tərəfdən bu evin tikilməsi üçün günlər öz ümidini ölçüb-biçir ki, tarazlıq pozulmasın, özül səhv qoyulmasın. “Çobanı sürüdən çoxsa, çomaq qoymağa yer yoxdu”- misralarının da aid olduğu şeirdən bir bəndə baxaq;

Nə fərqi var beş-birmişik,

Canı cana gətirmişik,

Başımızı itirmişik,

Papaq qoymağa yer yoxdu.

Canı cana gətirmək frazeoloji birləşməsi omonimlik xüsusiyytəinə malikdir. Həm canı dincəlmək, həm də canı bezdirmək mənasında düşünülə bilər. Başını itirmək ilk baxışdan karıxıb qalmaq, çaşqınlıq anlamına gəlsə də, yekunda daha fərqli bir ideya üçün işləndiyinə şahid oluruq. “Mənə alacağın tac əvəzinə, sonrakı ağlımı başıma qoyum”- söyləyən Fərqanə xanımın müharibə mövzusunda da eksperimentleri maraqlı alınıb:

Bir saçın ağ hörüb,  bu qara qızlar,

Anamın yaşıdı o qarı qızlar.

Görür ki, saralıb qara kağızlar,

Qırmızı geyinə bilməyir Anam.

Bənddə 4 rəngin- ağ, qara, qırmızı, sarı  həmahəngliyinə nəzər salaq. İlk bənddə ağ-qara ziddiyyəti nəzərə çarpır. Sonra isə matəm rəmzi verən qara kağızların zaman keçdikcə saralması yada salınır, sarı qaraya qarşı qoyulur. Lap yekunda isə qırmızı və qara rənglərin rəmzi mənaları diqqəti cəlb edir. Göründüyü kimi müharibə mövzusunun kökü uzaqlara getsə də, hələ bitməmiş müharibəmizə də yer ayrılıb.

Qan ağlar Araz da, Kür də ,

Tökülüb,  tökülər bir də.

Ay analar, çətin yerdə,

Qalmaz şəhidlərin qanı.

Arazın, Kürün gözündən tökülən qanlı yaşlar olsa da, şəhidlərin qanı yerdə qalmaz. Üçüncü misradakı çətin sözü həm yer-isminə aid olub onun epiteti olur, həm də çətin ki, bu qan yerdə qala mənasında yozumlana bilər. “Hardasa olacaq “ilk görüş”lərin, çoxu bu yağışla ixtisar olar” misralarından aydın olduğu kimi onun poeziyasında təbiətə münasibətin də xüsusi formasını görmək olar.

Çayların özü də  donub bu yerdə ,

Qayalar şüşətək buz bağlayıbdı.

Soyuqdan əlacsız qalan dərə də ,

Dumanın şalını oğurlayıbdı.

Qış fəslinin min cürə tərifinə, vəsfinə rast gəlmişik, amma bu bənddəki orijinallığa söz ola bilməz. “Səbrim çatmır axıracan, Gözümə oturub ömür”  qənaətinə gələn şairin özünəməxsus yaradıcılıq üslubu ən müxtəlif mövzularda ortaya çıxır. 50 illik ömür yolunun sadiq yolçusuna öz sözləriylə müraciət edə bilərik “Təzə mənzilin mübarək, Gəlib canıma köçmüsən”. Bu köçün əsasında onun köçürmək istədiyi istəklər dayanır.

Özünə arxa oldun,

Hər gün qabağa getdin.

Ömrü qələmə verdin

Sözə sadağa getdin.

Sözə sadağa getməyə könüllü razı olan bu şair “Ulduz” jurnalının poeziya şöbəsinin redaktorudur. Dörd kitab müəllifi və prezident təqaüdçüsü olan Fərqanə xanıma daimi zirvələr arzulayırıq!   Gülnar Səma

 

KÖŞƏ YAZARLARI
TOP 10