Senet.az şair Oktay Hacımusalının tərcüməsində Tuva şairi Ales Kuuların şeirlərini təqdim edir.
***
Günəşin hökmranlığı başladı.
İlk gün çiçəklərdən ibarət oldu
Günəş şüaları doldu sonra otağa
Bir adamlıq məsafədən
Günəş özünü göstərdi
İncə buz saçaqlarının arasından.
Günəşli, çiçəkli bir gün başladı,
Gözləri altun şüalar qamaşdırdı
Sonra əriməyə üz tutdu yavaş – yavaş,
Insanların içindəki buz qatı.
***
Kəmənd atsanız da uçub gedəcək,
Tutanın işləri olacaq rəvan.
Sevinə – sevinə rəqs də edəcək,
Hamı bu rəqqasa olacaq heyran.
Çevrilib arada arxaya nəzər sal bir an,
Bağlı pəncərələr. qızdırma, yataq…
Masa arxasında gözlərimi yollara dikib
Minillik gəmini gözlədim ancaq.
Hər tərəfi bürüyən alaqaranlıq
əllərimin cizgiləri ilə oynayır
və ölüm gəzinir bədənimdə.
Kəmənd atsanız da uçub gedəcək,
Toxunmaq da olmaz, tutmaq da olmaz.
Bir nurani qoca qonaq gələcək,
Bu gecə yarısı yatmaq da olmaz…
***
Oynayın.
qədim bir oyuna çağırmışam sizləri.
Sənin bildiyin, mənim bildiyim
Tarixlərdən gələn sirrli bir oyun.
Tapınaqdan bir səs duyulur əvvəl
Zərif xışıltısı ulu küknarın.
Sonra qəhqəhələr, şən qəhqəhələr
Ocaqlar alışır üstündə qarın.
Mən yola çıxmışam. Yol axtarıram,
Gəzirəm dalınca kiçik quşların.
Axtarışımdan geriyə qalansa
Qorxu, acı, səfalət və göz yaşları.
Ruhum muncuqlar kimi yerə dağılıb
Saçından düşüb.
Başımızın üstündən qaranlıqlar asılıb
Bütün sevgilər qorxusundan büzüşüb.
Ocaq yanır, sönməyinə az qalıb,
Küllər örtüb köz – köz yanan ocağı,
Almacıq sümüklərində iz qalıb…
* * *
Mənim evim yoxdur
Valideynlərimin də.
Tanışlarımın da.
Günəş şüalarını yaymır üstümə,
Uşaqlarımın nəfəsi eşidilmir
Öpmək də olmur onları.
Mənim evim yoxdur.
Əsrlər keçir adamayovuşmaz səhralarda.
Əsrlər qalır dumanların gerisində.
Qaldığım xarabalığın yaxınlığında qəribə varlıqlar dolaşır.
Heç nəyə etibarım qalmayıb.
Mənə yazığınız gəlsin,
itirdiyim var – dövlətimi tapmağa kömək edin.
Çirkli, toz – torpağa bulaşmış haldayam,
Tapın mənim var – dövlətimi,
Mənim evim yoxdur…
***
Zirvəyə gedən yollar,
Çöldən və dağdan keçir.
Digər məsafələri
Kosmik fəzadan seçir.
Qərbdən başlar qürublar,
Uzanar Şərqə doğru.
Daşlara qar yağır qar,
Donubdur daşın bağrı.
Buz topaları haqqı,
Səni görmək istərəm.
Qoy bəşər xilas olsun,
Qurban vermək istərəm
Bir şipşirin öpüşə,
Öpüşün qana hopsun.
Sonra, sonra istərsə,
Lap fırtınalar qopsun.
Zirvəyə gedən yollar,
Çöldən və dağdan keçir.
Digər məsafələri
Kosmik fəzadan seçir.
Tərcümə edən: Oktay Hacımusalı