“Mənim həyatım Gəmiqayaya bənzəyir” – Murad Aci

49 Baxış

108587_gmxtfgrykb

Tanınmış türkoloq alim Murad Aci bu yaxınlarda dünyasını dəyişdi. O, 2005-ci ilin iyulunda Naxçıvana gələrək Gəmiqayada elmi ekspedisiyada iştirak etmişdi. Həmin ilin sentyabrında ona bir yazı ithaf etmişdim.

… Bir vaxtlar bütün Asiyanın və Avropanın gələcək mədəni yüksəlişində, dövlət və ordu quruculuğunda böyük rol oynayan Atilla çarlığının bu başından o başına 8 aylıq at yolu idi. Dünyanı heyrətə gətirən türk-qıpçaq oğlu, böyük sərkərdə Atillanın yaratdığı “Dəşti-Qıpçaq” (Qıpçaq çölü) dövləti min il müddətində yaşadı. Dünyanın ən güclü dövlətləri olan Bizans, Roma Atillaya vergi ödədi. Tarixi salnamələrdə sərhəd koordinatları çox geniş olan bu dövlətin dünya mədəniyyətinin inkişafında əvəzsiz rolunu danmırlar. Ancaq Avropa tarixşünaslığı öz mənbəyini Sibirdən götürən bu çarlığı danmağa, daha doğrusu, təhrif  etməyə çox çalışdı. Lakin bacarmadı. Çünki tarix tarixliyində qalır. Gec də olsa həqiqət üzə çıxır.

XX yüzilliyin 94-cü ilində “Qıpçaq Çölünün yaşamı” (Polen Polveçkoqo Polya. Moskva, 1994) kitabı bu nəhəng türk dövləti haqqında əsl həqiqətləri üzə çıxartdı. Bu kitabı yazan və geniş oxucu kütləsinə çatdırmaq üçün Moskvadakı evini satıb onu çap etdirən isə kumık-qıpçaq xalqının mərd oğlu Murad Aci idi. Bəs Murad Aci kimdir? Türk tarixinin fundamental araşdırıcısı olan bu fədakar insan tarix ixtisası üzrə təhsil almasa da, təpədən-dırnağa tarixçidir. Dünya, xüsusən də türk tarixini mükəmməl bilən Murad Aci bir-birindən dəyərli, sanballı 8 kitabın müəllifidir. Həm də elə kitablar ki, Qərbi və Şərqi Avropanı təlatümə gətirib. Dünya bu kitablar vasitəsilə heyrətə gəlib ki, köçəri türklərin belə qədim, həsəd doğuracaq cəsur keçmişləri var.

Bəli, bu kitabları kumık xalqının mətin oğlu Murad Aci hər cür hücumlara sinə gərib arxivlərin künc-bucağında mürgü vuran türk tarixini araşdıraraq, ərsəyə gətirib. Məlumat üçün deyim ki, Murad Acinin mənsub olduğu kumık xalqı Şimali Qafqazın ən qədim sakinləridir. Və onlar yüzilliklər boyu hərb sənətinin mahir biliciləri kimi, tarixdə ad çıxarmışlar. Lakin XX yüzilliyin birinci yarısında onlar da Stalin rejiminin qurbanına çevrilmiş, Qafqazdan sürgün olunmuşdur. Bir vaxtlar kumık adını fəxrlə deyənlər “kumıkam” deməyə ehtiyat etmişlər. İndi Moskvada yaşayan Murad Aci də o illərin ağrı-acısını içində gəzdirən bir insandır.

Haşiyəyə bənzər bu girişlə haqqında söz açacağım Murad Acini oxuculara bir qədər yaxından tanıtmaq istərdim. Bu yazıda məqsədim isə onun Naxçıvan səfəri zamanı Gəmiqayada keçirdiyimiz iki günün təəssüratını oxucularla bölüşməkdi. Türkşünas Murad Aci bu ilin iyulunda Naxçıvanın olduqca qədim, sirli-soraqlı guşəsi, eyni zamanda, türkün canlı tarixi olan Gəmiqayaya ekspedisiyada işləmək üçün dəvət olunmuşdu. Əlbəttə, bu, ilk növbədə Murad Aciyə olan böyük ehtiram və inamın nətəcəsi idi.

Mən Murad Acini “Evropa, Tyurki, Velikaya Step” (Moskva, 1998) kitabından tanıyırdım. Və tale elə gətirdi ki, onunla bir ekspedisiyada iştirak etdim. Biz 13 iyulda səhər saat 9-da Azərbaycan elminin korifeyləri ilə birgə Murad Acinin Gəmiqaya səfərini müşayiət etdik. Və iş elə gətirdi ki, mən onunla bir maşında getməli oldum. Yolboyu o, rast gəldiyimiz hər bir kənd, hər bir dağ haqqında maraqlanır, suallar verirdi. Biz də onun suallarını həvəslə cavablandırırdıq. Murad Aci yolboyu ətrafa qeyri-adi maraqla baxırdı. Biz “N” saylı hərbi hissənin yerləşdiyi ərazinin kənarındakı çayın sahilində biraz istirahət etməli olduq. Burada əsgərlərimiz bizi təbii dərman bitkiləri ilə dəmlədikləri ətirli çaya qonaq etdilər. Sonra yolumuza davam etdik. Və nəhayət, ekspediyamızın çadır şəhərciyinə çatdıq. Dağların bu uca zirvəsində belə bir səliqə-sahman, ekspedisiya üçün yaradılmış hərtərəfli şərait Murad Aciyə sevinc kövrəkliyi yaşatdı. O: “Əhsən sizə, vətən oğulları”, -dedi.

Burada azacıq dincəlib nahar etdik və Gəmiqaya abidələri ilə tanış olmağa başladıq. Murad Aci, akademiyanın müxbir üzvü Vəli Əliyev, hərbçi-polkovnik Elman Orucov, arxeoloq Rəsul Bağırov, etnoqraf-publisist Əjdər Fərzəli də bizimlə idi. Hamımız Gəmiqayanın sirli, sehrli aləmində ovsunlanmışdıq. Hər daşa, hər qayaya çox maraqla baxır, Gəmiqaya təsvirləri ilə bağlı alimlərin izahlarına diqqətlə qulaq asırdıq. Əjdaha təsvirini görən Murad Aci sevincindən bilmirdi nə etsin. Və fəxrlə: “Bu, türkün hamisidir! -dedi. – Altay dağlarında da var”. Murad Acinin məsləhəti ilə burada Gəmiqaya təsvirlərinin demək olar ki, böyük əksəriyyətinin fotoşəkli çəkildi. Elə bu ara o, məni çağırıb: “Gəl, bu qara daşların üzərinə dilini vur, mumya dadı verir”. Doğrudan da belə idi. Və mənə elə gəldi ki, günəşlə və göylər səltənəti ilə qəribə təmasda olan Gəmiqaya dünyanın ən möcüzəli yeridir və burada tariximizin hələ açılmamış çox sirləri var.

…Deyirlər insanı daha çox səfərdə tanımaq olur. Mən də Murad Acini sanki burada anbaan, dəqiqəbədəqiqə, yenidən kəşf edirdim. O, məşhur bir alim olsa da, çox sadə, səmimi, mehriban və eyni zamanda ensiklopedik biliyə malik bir insan kimi gözlərimdə ucalırdı. Ömrünü türk tarixinin tədqiqinə həsr edən Murad Aci burada köynəyini çıxarıb dedi, istərdim ki, Naxçıvanın bu pak, təmiz havasında təzədən paklaşım, Moskva yorğunluğum çıxsın.

Saat 17.30-da biz Gəmiqayaya doğru daha da yuxarı qalxdıq. Aşırımın o üzündə isə qar tığları ilə qarşılaşdıq. Və hər birimiz böyük həvəslə dənərlənmiş qardan yeməyə başladıq. “Nə qəribə, saf iqlimi var Naxçıvan dağlarının”, – dedi. Murad Aci və hamımız qol-qola verib, oxuya-oxuya qar üzərində şəkil çəkdirdik.

Elə buradaca onunla Azərbaycan, ümumən Qafqaz tarixi haqqında fikirlərimizi bölüşdük. Mən ondan soruşdum ki, Murad Aci, nədən biz türklər bir-birimizə bir qədər soyuq oluruq? Dəmir qapı Dərbənddən Maykopa qədər türk xalqlarıdır. Amma Azərbaycanın Qarabağ dərdinə hamısı eyni dərəcədə yanaşmır. Murad Aci kədərlə üzümə baxdı: – Hələ, çoxları yatıb, amma bir vaxt gələcək onlar da oyanacaqlar. Onlar heç Murad Acinin də fəryadını hələ eşitmirlər, – dedi və azca fikrə dalıb əlavə etdi: – Mən 1990-cı ildə güllələnmiş Bakını görmüşəm… Öyrədilmiş osetinlərin, inquşların evlərini necə dəhşətlə yandırdıqlarının da şahidi olmuşam. Heç bir günahı olmayan, azad yaşamaq istəyən dağlı fədailəri haqqında yəqin ki, çox oxumusunuz. Onların məzarları Şimali Qafqazda dağ lalələrini xatırladır… Dağ cığırları ilə amansız müharibədən qaçan, çeçən uşaqlarının ağlar simaları gözlərim önündən  heç vaxt getmir… Elə bütün bunlar məni əcdadlarımızın tarixini daha dərindən öyrənməyə sövq edir…

Murad Aci kədər dolu gözləri ilə üzümə baxıb sakitcə: – Mənim həyatım bax, bu Gəmiqayaya bənzəyir, – dedi. Heç birimiz dinmirdik, hamımız sükut içində onu dinləyirdik. Elə bu sükut içində Gəmiqaya zirvəsinə üz tutduq. Zirvəyə yolumuz bıçaq kimi iti qayalıqlardan keçirdi. Çox ehtiyatla dırmanırdıq. Bu, çətin olsa da, çox zövqlü idi. Birdən Gəmiqayanın zirvəsindəki qalaktikanın təsviri göründü. İlahi, necə də sirli, möcüzəli bir təsvirdi. O gözəlliyi təsvir etməyə qələmin də gücü çatmır. Və hamımız aşağıda, daşlar üzərində gördüyümüz təsvirin, nəqşin ilahi ovsunun təsirindən yerimizdəcə donub qalmışdıq. Amma qəlbimizdə qəribə bir işıq, nurlanma hiss edirdik. Bu təbii təsvirləri bir neçə dəfə lentə aldıq. Zirvəyə azacıq qalmış isə daha bir qeyri-adi təsvirlə rastlaşdıq. Nəhayət, Gəmiqayanın zirvəsinə çatdıq. Qarabağ, Laçın dağlarından gələn duman ayağımızın altında idi. Doğma Naxçıvanımızsa bu zirvədən çox gözəl görünürdü…

Gəmiqayanın bu zirvəsində Murad Acinin buraya gələrkən yolda qəribə bir həsrətlə dediyi sözlər yadıma düşdü: “Doğrudur, indi müstəqil Azərbaycan, Özbəkistan, Ukrayna, Qazaxıstan-Dəşdi-Qıpçağın (Qıpçaq Çölünün), onun tarixinin və mədəniyyətinin qanuni varisləridir… Görəsən, o böyük çöl haqqında, özlərinin “məhv edilmiş” vətənləri haqqında fikirləşirlərmi?!” Sinəmə dolan acı yovşan ətrinin təsirində dua edirmiş kimi pıçıldadım: – Qədim Naxçıvan, İlahi sirləri özündə gizlədən Gəmiqaya, inanıram ki, sən bizim o qəhrəmanlıq səhifələrimizi yenidən qaytaracaqsan. Və ixtiyarsız çevrilib Qarabağ dağlarına baxdım…

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru