Mənim müəllimim – Məti Osmanoğlu

43 Baxış

author_28

Yazıçılar Biriyinin Natəvan klubunda Bəxtiyar müəllimin – Hacı Bəxtiyar Məmmədzadənin xatirəsinə həsr edilmiş yığıncaq əlamətdar bir hadisə idi: bu tədbirin miqyası, sadəcə, sevilən bir insanı anmaqla, həyatda olmayan bir dostun xatirəsini yad etməklə məhdudlaşmırdı. Bu həm də ədəbiyyat elminin və fənninin, bu fənnin tədrisinin  keçib gəldiyi yola baxmaq fürsəti idi.

Bəxtiyar müəllimin portretini canlandırmaq xeyli çətindir: hər halda, mən belə bir çətinliyi hiss edirəm – mənim üçün onun xarakterinin həm bir insan, həm də alim və müəllim kimi görünməyən tərəfləri göz önündə olan cəhətlərindən daha tutumlu və daha dərindir. Bəxtiyar Məmmədzadə daşıdığı elmi dərəcədən və elmi addan, müəllimlik vəzifəsindən (filologiya elmləri namizədi, dosent idi) qat-qat böyük İnsan idi və bu gün də onu tanıyanlar üçün  bir İnsan kimi örnəkdir…

Bəxtiyar müəllimə, onun şəxsiyyətinə bələdliyim özü ilə əyani tanışlığımı bir qədər qabaqlamışdı. Mən universitetin filologiya fakültəsinə 1975-ci ildə qəbul olunmuşdum. O vaxt Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) özünün yetərincə maraqlı bir dövrünü yaşayırdı: filologiya və jurnalistika fakültələrində, əsasən, idealist tələbələr təhsil alırdılar, xüsusilə də bu fakültələrə daxil olan oğlanların çoxu ədəbiyyatın “fanatı” olurdular, tələbəliyin başlanğıcından onların ədəbiyyat və ədəbiyyatçılar, eləcə də universitetdə ədəbiyyatdan dərs deyən müəllimlər haqqında müəyyən meyarları formalaşırdı.

Bizim tələbəlik dövrümüzdə yoldaşlarımızın bir hissəsi, konkret desək, 75 tələbədən 25-i universitetə hazırlıq kursundan gəlirdi, onlar çalışdıqları istehsalat müəssisəsinin göndərişi ilə bir dərs ili ərzində universitetin hazırlıq kursunda təhsil alır, ilin sonunda isə buraxılış imtahanlarının nəticələrinə əsasən, qəbul imtahanları vermədən universitetə daxil olurdular. Ali təhsil almağa fanatikcəsinə həvəsi və marağı olan bu “stajlı” insanlar müxtəlif yaşları təmsil edirdilər. Həmin təcrübəli tələbə yoldaşlarımız  hazırlıqdan birinci kursa həm də müəyyən “folklor” ehtiyatı ilə gəlirdilər: müəllimlər haqqında öz “anekdotlarını” və “miflərini” düzüb-qoşur, şifahi “xasiyyətnamələr” yaradır, bu “yaradıcılıq” məhsullarını bizə – təcrübəsiz tələbələrə də ötürürdülər. Tələbə yoldaşlarımızın hazırlıq şöbəsindən əsatirə çevirdikləri, mütaliəsi, biliyi və ədəbiyyata münasibəti barədə heyranlıqla danışdıqları nadir insanlardan biri də Bəxtiyar müəllim idi. Maraqlıdır ki, hazırlıqdan gələn tələbələrin hamısı universitet təhsilini başa vurana qədər Bəxtiyar müəllimlə yaxın dost kimi görüşüb hal-əhval tutur,  ona doğma insan münasibəti bəsləyirdilər. Təhsil və tərbiyə məsələlərində güzəştsiz olan Bəxtiyar müəllim də həmin tələbələrdən doğmalıq münasibətlərini heç əsirgəmirdi…

Bəxtiyar müəllimlə ilk əyani tanışlığımın, aramızdakı birbaşa müəllim-tələbə münasibətlərinin tarixi isə 1976-cı ildən başlayır: həmin vaxt bizim qrupda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi fənninin seminarlarını Bəxtiyar müəllim aparırdı. Onunla canlı və qaynar seminar müzakirələrimiz bəzən rəsmi proqram çərçivələrini “sındırır”, ədəbiyyat nəzəriyyəsinin və o dövrün ədəbi prosesinin ən aktual və dəbdə olan məsələlərinin üzərinə gəlirdi. Bəxtiyar müəllimin böyüklüyü onda idi ki, ədəbiyyatşünaslığımızın əsl problemlərinin nə olduğunu  dərindən bilir və həmin problemləri biz tələbələrə də hiss etdirirdi. Öz dərslərini sadəcə bir tamaşa kimi qurmur, tələbələrini dərs-tamaşanın personajlarına çevirməyi bacarırdı…

Mən bu təfərrüatları xatırlayarkən diqqətə onu çatdırmağa çalışıram ki, hələ universitetdə müəllimliyə təzə başlayan, ciddi elmi tədqiqatlar aparan (o vaxt Nəcəf bəy Vəzirov dramaturgiyasının poetikasını tədqiq edirdi) Bəxtiyar Məmmədzadə tələbələr arasında yeni ab-hava yaratmağa müvəffəq olan şəxsiyyətlərdən idi. O, tələbənin düşüncəsində suallar oyatmağa üstünlük verir, oxuduqlarını qiymətləndirə, təhlil edə bilməsi üçün tələbədə düşüncə formalaşdırmağa nail olurdu. Bu isə tələbəni daha şüurlu oxumağa, axtarmağa, yenilikləri izləməyə təşviq edirdi. Bəxtiyar müəllimin apardığı seminar dərslərində özümüzün belə fərqinə tam vara bilmədiyimiz mübahisələrimiz sonradan elmi axtarış aparmaq üçün bir başlanğıca çevrilirdi…

O vaxt bizə XIX əsr Azərbaycan ədəbiyyatı tarixi fənnindən mühazirələri Raifə xanım Həsənova oxuyurdu. Tələbkarlığı bəzən ifrat həddə çatan Raifə xanımın müəllim kimi maraqlı cəhətlərindən biri də proqramın əhatə etdiyi bütün yazıçıların əldə olan əsərlərinin hamısını tələbələrə zor-xoş oxutması, tələbəni mətnlə tanış olmağa məcbur etməsi idi. Biz onun tələbkarlığı sayəsində ədəbiyyatın faktları ilə kifayət qədər tanış olurduq. Bəxtiyar müəllimin seminarlarında isə XIX əsr ədəbiyyatından mütaliə etdiyimiz əsərlərin elmi şərhi zamanı bir çox hallarda biliklərimizdəki çatışmazlıq, “yeni havaya ehtiyac olduğu” üzə çıxırdı. Oxuduqlarımızın proqram və dərslik çərçivələrinə “sığmadığını”, bir çox mövzulara yeni baxış və münasibətlə yanaşmağın zəruri olduğunu görürdük. Daha doğrusu, bunu bizə Bəxtiyar müəllim böyük bir pedaqoji ustalıqla hiss etdirirdi…

Mərhum Yaşar Qarayevin Azərbaycan ədəbiyyatında maarifçi realizmin estetikası barədə tədqiqatları məhz həmin illərdə elmi ictimaiyyət arasında müzakirə mövzusuna çevrilməkdə idi. Lakin ədəbiyyatşünaslığımızda ciddi çevriliş yaradan həmin ideyaların universitet auditoriyalarına nüfuz etməsi sərt müqavimətlə qarşılaşırdı. Ədəbiyyatşünaslıqdan mühazirələr oxuyan professorlardan biri buna “zərərli” bir iş yanaşırdı. Bu ondan irəli gəlirdi ki, ədəbiyyatşünaslığımızda realizm haqqında müəyyən bir ehkam mövcud idi və o vaxt o ehkamı yerindən tərpətməyə, ona toxunmağa az qala “təhlükəli” bir təmayül kimi baxanlar var idi.  Digər tərəfdənsə, universitetdə “maarifpərvər realizm” XX əsrin əvvəllərinə aid hadisə hesab edilirdi. Nəzəri təsnifatlarda “XIX əsr Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində V.İ.Leninin rus inqilabi hərəkatına verdiyi qiymət” əsas götürülür, XIX əsrə isə mücərrəd şəkildə “realizm ədəbi məktəbinin yaranması” dövrü  kimi yanaşılırdı. (Dırnaq arasında kursivlə verilən sitatlar universitet tələbələri üçün hazırlanmış və 1978-ci ildə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi proqramı”ndan götürülüb). Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinin tədrisi isə ayrı-ayrı şəxsiyyətlərin arasıkəsilməz  tarixi proseslərdən təcrid olunaraq öyrədilməsinə əsaslanırdı. Tədris zamanı ən yaxşı halda Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında müqayisə aparmaq təklif edilir, yaxud Nizamidən sonrakı dövrün ədəbiyyatı az qala “Nizami məktəbi” kimi təqdim olunurdu. Belə bir mühitdə Bəxtiyar müəllim ikinci kursda təhsil alan tələbələrin təsəvvüründə ədəbiyyat tarixinin təkamülü haqqında obyektiv qənaət yarada biləcək nəzəri toxumlar səpməyə müvvəffəq olurdu. Onu da qeyd etmək yerinə düşər ki, Bəxtiyar müəllimin təşəbbüsü ilə sonradan XIX əsr Azərbaycan ədəbiyyatı tarixi fənninin tədrisinə “realizmin tipologiyası”, “maarifçi realizm” kimi anlayışlar daxil edildi ki, bu da ədəbiyyat tarixi kursunun daha obyektiv və mükəmməl öyrənilməsi üçün son dərəcə qiymətli bir yanaşma idi.

Ədəbiyyatşünas alim kimi Bəxtiyar müəllimin ən böyük keyfiyyətlərindən biri onun həm Şərq, həm də Qərb ədəbiyyat nəzəriyyəsini dərindən bilməsi və öz tədqiqatlarını bu bilgi təməli üzərində yaratmağa müvəffəq olması idi. Ümumiyyətlə, Bəxtiyar müəllimin xarakterində və insani keyfiyyətlərində maraqlı bir Şərq-Qərb uzlaşması var idi. Bu mənada, Bəxtiyar müəllimin şəxsiyyəti, bir qədər mücərrəd görünsə də, Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin qovşağı olan Bakıya daha çox oxşayırdı. Genetik baxımdan əsl bakılı balası olan, Bakının tarix boyu formalaşdırdığı mədəni keyfiyyətlərin iqlimi içində yetişmiş Bəxtiyar Məmmədzadə Avropa sivilizasiyasına da kökündən bələd idi, yeniliklərə, müasirliyə dərindən bağlı idi. Avropa və Şərq mədəniyyətinin müqayisəsindən söz düşəndə zarafatla M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan…” komediyasının qəhrəmanı Hatəmxan ağanın mülahizələrini misal gətirməyi sevirdi…

Şərqə və Qərbə bələdlik onun, xüsusi olaraq, Seyid Əzim Şirvani divanının poetikası barədə apardığı tədqiqatda daha miqyaslı və qabarıq şəkildə özünü göstərir. Ümumiyyətlə, Bəxtiyar Məmmədzadənin  Seyid Əzim Şirvani divanının poetikasına həsr etdiyi tədqiqatı ədəbiyyatşünaslığımızın indiyə qədər əldə etdiyi ən böyük nailiyyətlərindən biridir. Lakin təəssüflər olsun ki, bu qiymətli elmi əsərin təqdimatı Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasındakı müzakirə ilə məhdudlaşdı. Bəxtiyar müəllim qiymətli doktorluq tədqiqatını ilkin müzakirədən sonra müdafiə üçün Elmi Şuraya təqdim etmədi. O, əsəri müdafiə üçün təqdim etmiş olsa idi, heç inanmıram ki, hansısa mərhələdə kimsə ona mane olmağa cəhd göstərə bilərdi. Ancaq o vaxt mövcud olan son dərəcə qəliz prosedurlar, mürəkkəb bürokratiya maşını xarakterinə uyğun olmadığına görə Bəxtiyar müəllim başını cəncələ salmadan əsərin müdafiəsindən imtina elədi. Belə hesab edirəm ki, Bəxtiyar müəllimin doktorluq işi kimi yazdığı həmin əsərin nəşri ədəbiyyatşünaslığımız üçün, eləcə də Azərbaycan ədəbiyyatı tarixinin tədrisi üçün qiymətli bir mənbə ola bilər və bu iş bilavasitə təhsil qurumlarının nəzarəti ilə həyata keçirilməlidir. Bunu aktuallaşdıran səbəblərdən biri də budur ki, divan ədəbiyyatı poetikasının tədrisi ilə bağlı problem indi özünü daha ciddi nümayiş etdirməkdədir.

Bəxtiyar müəllim həyatdan, öz yaxınlarından, onu sevən tələbələrindən çox erkən ayrıldı. Üz döndərib vaxtsız ayrıldığı zaman isə onun xeyrinə işləyir, aylar-illər keçdikcə Bəxtiyar müəllimin şəxsiyyətinin miqyasları, həyatdakı və elmi mühitdəki yeri daha aydın görünür…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10