“Məqsədimiz Xətaiyə tarixin çirkli pəncərəsindən olan baxışı təmizləməkdir”– Şəmil Sadiq

4 Baxış
135594
Bu gün Azərbaycan dövlətçiliyinin banisi, Orta əsrlər Şərqinin ən güclü qılınc və qələm ustadı olan Şah İsmayıl Xətainin doğum günüdür. 1487-ci ilin bu günündə Ərdəbildə anadan olan Şah qısa həyatında bir neçə istiqamətdə misilsiz işlər görməyi bacardı. 
Üstündən neçə əsrlər keçməsinə baxmayaraq, Şah İsmayıl haqqında bəzən,  bu gün də lazımsız fikirlər səsləndirilir. Amma dəyişməyən bir fakt var: qısa ömründə böyük işlər görən Xətainin şəxsiyyəti, fəaliyyəti bu gün də tam araşdırılmayıb.
Azərbaycan Yazıçılar Birliyinin “Şah İsmayıl” Komissiyasının sədri, fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq Senet.az saytına açıqlamasında rəhbərlik etdiyi komissiyanın qarşıdakı planlarından danışıb:
Bu gün böyük Şah İsmayıl Xətainin anım günüdür. Bununla bağlı sizə müraciət etmək istərdik: AYB-nin Xətai komissiyasının qarşıda nə kimi ideya və layihələri olacaq?
Şah İsmayılla bağlı nə kimi boşluqlar buraxılıb və onların həyata keçməsi üçün nə etmək gərəkir?
“Türk dünyasının böyük tarixi şəxsiyyətlərindən biri olan Şah İsmayıl Xətainin adını daşıyan “Şah İsmayıl” Komissiyası bu ilin əvvəlində yaradılsa da, qısa müddətdə 3 kitab nəşr edib və bir  elmi-praktik konfrans keçirib. Əslində, arzular çoxdur, lakin zaman bəzi məsələlər imkan vermir ki, daha böyük işlər görək. Gənc komissiya olsa da, Şah İsmayılın həm şair, həm də hökmdar kimi fəaliyyətinin təbliğini yolunda maraqlı layihələr planlaşdırırıq. Bunlardan biri “Qızılbaş” tarixi hekayə müsabiqəsinin elan edilməsidir. Artıq hekayələr gəlməkdədir. Beynəlxaq bir müsabiqə olduğu üçün zaman böyükdür. Mart ayına qədər davam edəcək hekayələrin qəbulu…
Planlaşdırdığımız layihələrdən biri də beynəlxalq elmi konfransdır ki, bunu Türkiyə universitetlərindən biri ilə edəcəyik. Bir neçə universitetlə danışıqlar gedir. Ən böyük arzumuz, Şah İsmayıla tarixin çirkli pəncərəsindən olan baxışı təmizləmək, günümüzün reallıqlarından baxa bilmə gözü yaratmaqdır. Çünki bir çox qüvvələr var ki, Şah İsmayılı İranın ətəyinə itələyir, bizdən uzaqlaşdırır və bununla da Azərbaycanın özündə ikitirəlik yaratmağa, sünni-şiə mübahisəsini qızışdırmağa çalışır. Bir çox qüvvələr Türkiyə ilə münasibətlərin yaxşı olmaması üçün məqsədli şəkildə Sultan Səlim və Şah İsmayıl münasibətlərini qabardır. Lakin türk dünyası adına, heç kim Şah İsmayıl və II Bəyazidin ata-oğul münasibətlərinə nəzər salmır və təbliğ etmir. Türk dünyasında Əmir Teymura olan münasibəti Şah İsmayıla və Qızılbaş-Səfəvi imperiyasına tətbiq etməliyik.  Planlaşdırdığımız bu konfransda Səfəvi sarayı ilə Osmanlı saraylarında yaşayan mədəniyyət məsələlərini, birləşdirici məqamları vurğulamağa çalışacağıq. Şah da bizimdir, Sultan da, Əmir də… 300 illik bir imperiya quraraq fatehlik etmiş bir şəxsiyyətə qarşı əlbəttə ki, fərqli münasibətlər olacaq, lakin bu münasibətlər istənilən halda millətimizin xeyrinə işləməli, düşmənçilik toxumu əkməməlidir. Şahın heç bir misrasında insani münasibətə xələl gətirən fikir yoxdur. İrfan, elm, əxlaq təbliğ edən Şahın gücü Yunis Əmrənin, Şəms Təbrizinin, Mövlananın ideyalarından heç bir halda geri qalmır. İstənilən halda, Şah millidir, türkdür, irfan və ədəb sahibidir. Bunu aşılamaq, fəlsəfi və poetik fikirlərinə yenidən baxış gərəkir. Şirvanlının beynində şaha qarşı antipatiya toxumu əkmək istəyənlər, indi də Təbrizlinin beynində anti- Şirvanşah toxumu əkməyə çalışır. Bu millətin övladları hər bir uğuru ilə, yanlışı ilə bizimdir, əməldə yanlış nəsə tapmaq həmişə mümkündür, lakin düzgün niyyətdə heç vaxt bu mümkün deyil. Şahın da niyyəti Böyük Türk imperiyası qurmaq, öz millətini ağ günə çıxarmaq idi. Dövlətçiliyə mane olan bütün qüvvələr həmişə zərərsizləşdirilməlidir. Necə ki, yaxın tariximizdə baş verən Fəto ilə Ərdoğan münasibətləri… Dövlətə qarşı təhlükə duyulan zaman Türkiyə dövlətçilik iradəsini ortaya qoyduğu kimi də tarixdə bu cür hallar baş verib.  Şah İsmayıl bizim ağ tariximizdir, onu fəxrlə yaşatmalı və sevgimizi sərgiləməliyik”.
Komissiyanın gələcək planlarından biri də Şah İsmayıl günlərini keçirməkdir. Əgər bu ideya baş tutsa, bir neçə prizmadan faydalı ola bilər:
“Gələn ilki planlarımızdan biri də 2018-ci ildən Qusarın Həzrə kəndində olan Cüneyid türbəsində Şah İsmayıl günlərini keçirməkdir. Bu həm ölkəmizin turizminə böyük xidmət göstərəcək – Cənubi Azərbaycandan və Türkiyədə olan şah sevdalılarının sayəsində..  Həm də Şah İsmayıl Xətaiyə sözün həqiqi mənasında sahib çıxmaqda yardımçı olacaq. Mənim ən çox narahat olduğum məqam qardaş Türkiyənin Topqapı sarayında Şah İsmayıl Xətainin qurduğu türk dövlətinin İran dövləti kimi təqdim edilməsidir. Yəqin ki, Muzeyin rəhbərliyinə də müraciət ünvanlayacağıq”.
KÖŞƏ YAZARLARI
TOP 10