Mərəzlərimizdən biri – Üzeyir Hacıbəyli

23 Baxış

2

Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.

Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.

Bu gün cürətli ingilislər, amerikalılar kürreyi ərzin hər bir nöqtəsində hökmü fərmandırlar. Cürətsiz İran isə əğyar təcavüzündən dəxi özünü qorumağa qadir deyildir.

Biz, Rusiya müsəlmanları dəxi artıq bir cürət sahibi olduğumuzu meydana çıxara bilmərik, bizcə cürət ölübdür, əhya etmək lazımdır.

Tiçarətimizin həmcivarlarımıza nisbətən kasadlığı, dürlü-dürlü mənfəətli sənətlərdən məhrum olmağımız, elm və fənndə dala qalmağımız, hamısı bizim cürətsizliymizdən naşidir. Bizi saxlayan tək bizim bəsalətimizdir ki, o da belə qalsaq, yavaş-yavaş itər və yox olar. Cürətsizlik bizi mədəniyyətdən uzaqlaşdırır. Odur ki, bizlərdən gözəl görkəmli və şayani diqqət əməllər nüdrətən sadiq olur.

Biz bir işə iqdam etmədən qabaq öz acizliyimizi iqrar edərək, məzkur işdən heç bir şey çıxmayacağını hökmən özümüzə yəqin edirik və şövqühəvəsdən düşüb, əbəs yerə fürsətimizi əldən buraxırıq. Birimiz bir iş tutmaq istədikdə digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə sən, yaxud biz bacarası iş deyil-deyə bu işdən sərf-nəzər etməyi dəxi tövsiyə edirik. Biz eşidirik ki, filan müsəlman filan böyük işə iqdam edibdir. Yaxud, filan işdən ötrü Amerka kimi bir yerə getmək istəyib. O saat biz (guya ilhamı-rəbbani ilə) o işlərdən bir şey çıxmayacağını qəti xəbər verib, “çünki” müsəlmanlardan belə-belə işlər baş verməz, bu ittifaqda ermənidən danış, biz müsəlman belə işləri bacarmarıq kimi cəbunlara məxsus bir naümidsizliyə bunu da əlavə edirik.

Belə çıxır ki, biz hər bir ittifaqda nikbinlərdən ədd olunduğumuz halda, tək bir bu yerdə bədbinalığı qəbul edirik. Görünür bizim öz qüdrətimizə etiqadımız yoxdur. Varmışsa da itibdir. Budur ki, indi bizim cürətsizliyimiz və acizliyimizə müqərr olmağımız hər bir iş müqabilində əl-ayağımızı bağlayıb, bizi hərəkətsiz buraxır. Cürətsizlikdən başqa bir də, ümumiyyət etibarilə, digər bir fəna süfət dəxi müşahidə olunur. Bu da acizlikdir. Balaca bir müsibət və bədbəxtliyə düçar olanda  biz özümüzü, bilmərrə, itiririk. Əslinə baxsan, bu da bizim cürətsizliyimizdən doğan bir sifətdir.

- Söz yoxdur ki, bir işə iqdam edib, başa aparmağa çalışan adam bu yolda neçə-neçə maneələrə və çətinliklərə düçar olacaqdır. “Zəhmətsiz bal yemək olmaz” – öz türklərimizin zərbi-məsəlidir. Lihaza, biz bu məsəl fəhvası ilə müvafiqət eləməyib, başladığımız işi cüzi bir çətinliyə təsadüf edəndə buraxıb, əl götürürük. Halbuki insan başladığı işi başa aparmaq üçün təsadüf edən maneə və çətinlikləri bir-bir dəf və rəfə çalışmalıdır ki, məqsudinə nail olduqda da kamiyab olsun. Və illa, hər bir çətinlik müqabilində aciz qalıb, məqsədimizdən sərfi-nəzər etsək, mütləqa başqalara möhtac olacayıq. Möhtaclıq da, məlum olduğu üzrə, insanın tənəzzülünə yardım edən bir bədbəxtlikdir. Hər bir sahibkara lazımdır ki, həmişə tərəqqiyə mayil olsun, ətalət və bətaət ilə iş görsək gündən-günə tənəzzüldə qalacayıq. Əsrimiz isə tərəqqi əsridir.

Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də heç bir təşəbbüs müqabilində özümuzü aciz bilib, curətsizlik etməməliyik. İnsan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır… Acizlik və cürətsizlik göstərməkdənsə, mübarizə edib, ruzigara basılmamaq əfzəldir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10