Məşədi Azərin tənhalığı – Kənan Hacı

12 Baxış

author_37

Hələ mən Vahidiyəm Azərbaycanımızın,
Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.
Əliağa Vahid

XX əsrin əvvəllərində klassik şeir ənənələrini öz yaradıcılığında yaşadanlardan biri də Məşədi Azər Buzovnalı idi. Azər XIX əsrin 80-ci illərindən 1923-cü ilə qədər fəaliyyət göstərən Bakı şairlərindən ibarət “Məcməüş-şüəra” ədəbi məclisinin Məmmədağa Cürmidən sonra rəhbəri olub. Əliağa Vahid Azəri özünün ustadı sayırdı. Ona Vahid təxəllüsünü məhz Məşədi Azər vermişdi. Bəziləri Azərin şeir dilinin həddən artıq qəliz olduğunu dilə gətirir, onun qəzəllərinin ərəb-fasr izafətlərilə çox yükləndiyini və bunun da oxucu üçün çətinlik törətdiyini irad tuturlar. Əlbəttə, bu iradlar başadüşüləndir. Amma bir məqamı unutmaq olmaz ki, o dövrün yazıb-yaradan əksər şairlərinin ədəbi leksikonu ərəb-fasr, türk sözlərinin qarışığından ibarət idi. Dilimizdə saflaşma, təmizlənmə prosesi hələ tam başa çatmamışdı. Sözsüz ki, qələmdaşları kimi Azərin də yaradıcılığında islam ədəbiyyatından gələn simvollar geniş yer alırdı. Bu da onun aldığı təhsillə və mühiti ilə bilavasitə bağlı idi. Ümumiyyətlə, Azərin yaradıcılığına hansı yöndən yanaşsaq, mükəmməl nümunələrlə rastlaşırıq. İstər qəzəlləri, istər poemaları, istər satirik şeirləri və klassik irsdən etdiyi tərcümələri onun nə qədər zəngin biliyə və istedada malik olduğunu açıq şəkildə göstərir. İctimai həyatda o qədər də fəal deyildi, kənara çəkilib böyük sözə xidmət edirdi. Yaradıcı baxımdan bu qədər genişliyə malik olmaq əslində fenomenal bir hadisədir. Bir yandan türk tarixini nəzmə çəkirdi, digər tərəfdən təsəvvüf fəlsəfəsinə söykənən qəzəllər yazırdı, həm də dövrün naqisliklərini satirik dillə şeirə gətirirdi. O, təpədən-dırnağa klassik düşüncəyə malik Şərq insanı idi, Şərqin ensiklopedik təfəkkürünün sonuncü nümayəndələrindən idi.

Məşədi Azər sovet quruluşunun şəninə bir misra belə yazmadı. 1943-cü ilin 8 fevralında böyük filosof, sonralar sovet hökumətinin təzyiqlərinə dözməyərək bağında intihar etmiş dəyərli alim Heydər Hüseynova nəzmlə yazdığı məktubunda Azər belə deyirdi:

Həştada az qalıb çatmağa yaşım,

Qarlı dağlar kimi ağarıb başım.

Dişlərim tökülüb, həsbəm sökülmüş,

Çaçi kamanıtək belim bükülmüş.

Qəzet-jurnallara yazdığım əşar

Yığılsa bir yerə, beş kitab olar…

…İmdi ki, həştadə az qalıb yaşım,

Göyərti əkməklə keçir məaşım.

Qoca bir şairə deyildirmi ar -

Sovet ölkəsində olmaq böylə ar?!

Şairin bu məktubunda çox böyük mətləblərin üzərinə işıq düşür.

Azər gözəllikləri, eşq mövsumu sayılan baharı tərənnüm edirdi:

Ey dili-qafil, göz aç, bir bu yeni dünyaya bax!

Getdi qəm əyyamı, əyyami-fərəhəfzayə bax!

Getdi sərmayi-zimistan, gəldi fəsli-novbahar,

Şaxi-güldə nəğməsəncan,

                        bülbüli-şeydayə bax!

“Yeni dünya” deyəndə fəhmli oxucu anlayır ki, şair yeni quruluşu nəzərdə tutur. Yeni quruluş yüz minlərlə insana işıqlı gələcək vəd edirdi və bu gələcəyin özüylə hansı fəlakətlər gətirəcəyini heç kəs bilmirdi. Bahar isə bütün quruluşların fövqündədir. Baharda gül açır və təbiətdəki duyğulara təsir edən bu canlılıq, aşiqin – bülbülü-şeydanın könlünü dilə gətirir.

Vasifi-xalü-xəti-canandı gülşən sərbəsər,

Aç gülün tumarını, bu rəmzə ayə-ayə bax!

Gülşən cananın camalının xətti-xalını vəsf edir, şair isə hər gülün ləçəyində bir məna, rəmz olduğunu bildirir. Şair sevgilinin gözəllik ünsürləriylə baharın gözəlliklərinin aşiqdə eyni duyğular oyatdığını ustalıqla bir beytdə ifadə edir.

Lalədən dağ şadu-xürrəm,

                        dağdan həm lalə tər,

Güldürən baği-baharın

                        növgülü-həmrayə bax!

Dağ çəməndə lalələri görüb şadlanır, lalə dağdan əsən yellərin sayəsində təzə-tərdir. Baharın üzünü güldürən təbiət ünsürlərinin bir-biriylə beləcə təmasıdır.

Azərin eşqi tükənməz bir mühit olmuş budur,

Bavərin yoxsa, gəlib başındakı sevdaya bax!

Sıxıntılarla dolu qışdan sonra bahar gəlincə insanın qanı qaynayır, başındakı sevda onu dəli aşiqə çevirir. Çünki bahar aşiqin vüsal həsrətiylə çırpındığı fəsildir, eşq mərəzinin müalicəsi üçün ən uyğun zamandır. Bu fəsildə sevgili seyrana çıxır və aşiqin onu görmə ehtimalı daha çoxdur. Baharda yaranan gözəlliklər həqiqəti görə bilmək üçün vasitədən başqa bir şey deyil. Görünənlər Allahın təcəllasıdır, onun varlığının sübutudur.

Məşədi Azərin əksər qəzəlləri Quran ayələri, klassik şeirdə geniş yayılmış sufilik anlayışları vasitəsilə izah edilə bilər. Amma bunu bütünlükdə yaradıcılığına şamil etmək olmaz. Onun şeirlərində xalq təfəkküründən gələn deyimlər, ifadələr də yer alır. Onun qəzəliyyatını şərhlərlə, izahlarla birlikdə qavramaq istərkən böyük Füzulinin “elmsiz şeir əsası yox divar olur” fikrini xatırlamaq yerinə düşür. Azəri anlamaq üçün həm də Şərq fəlsəfəsini dərindən bilmək lazım gəlir, elmin müxtəlif sahələri haqqında heç olmasa,  ümumi biliklər tələb olunur.

***

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azər Buzovnalının zəngin irsi, əlyazmaları qorunub saxlanılır. Gənc araşdırmaçı alim Könül Bağırova Azərin əlyazmaları əsasında “Azər Buzovnalı arxivinin təsviri” adlı kitab hazırlayıb nəşr etdirib. Həmin kitabda bir sıra diqqətçəkən məqamlar var. Azər demək olar ki, XX əsrin birinci yarısında yaşayıb-yaratmış bütün görkəmli qələm adamları, şairlər, yazıçılarla məktublaşıb. Hörmətli qələm sahibləri Cəfər Cabbarlı, Əmin Abid, Məmməd Səid Ordubadi və digərləri Azərə bu cür müraciət edirmişlər: “Möhtərəm Məşədi Azər əfəndi!”, “Ədibi-möhtərəm Azər əfəndi!”, “Hörmətli xalq şairimiz Məşədi Azər əfəndiyə!”, “Pək möhtərəm Azər əfəndiyə…”

Bu dəyişməz müraciət forması Məşədi Azərin doğrudan da ustad məqamında olduğunu təsdiq edən danılmaz faktlardır.

***

…Atasının vəfatından sonra Azər Petrovskda qalmadı. Köçünü yığıb həmişəlik Bakıya qayıtdı. Əsrin əvvəlləriydi. Bütöv Şərq hələ də cəhalət, fanatizm, xurafat içində boğulurdu. O illərdə şüuru oyatmaq üçün ən kəsərli silah satira idi. Azər cəhalət dünyasına meydan oxuyan “Molla Nəsrəddin” məcmuəsində “Azər Əyyar” imzasıyla satiralarını dərc etdirir. Məcmuənin mühərriri Mirzə Cəlillə ünsiyyəti, dostluğu da bu illərdə başlayır. Böyük ədib Azər kimi mütərəqqi fikirli gəncləri öz ətrafına toplayır, onları cəhalətə qarşı mübarizəyə səsləyirdi. Maraqlıdır ki, Azər türkcə qəzəllərini “Azər”, farsca isə “Rüfət” imzasıyla yazırmış. Professor Ağarəfi Zeynalovun araşdırmalarından görürük ki, şair mərsiyələr də yazıb və mərsiyələrində məhz öz adından – Xosrov – istifadə edib.

Çox-çox illər sonra Məşədi Azər əlli yaşın tamamına yetişmiş Mirzə Cəlilə – köhnə dostuna hədiyyə olaraq Füzulinin “Səhhət və mərəz” əsərini rüqə (klassik xətt növü) ilə yazıb hədiyyə etmişdi. Mirzə Cəlil də çox məmnun olmuşdu və bu bəxşişi qiymətli yadigar kimi arxivində qoruyub əzizləmişdi. Şaxtalı qış günlərində qızınmaq üçün öz əlyazmalarını sobaya atıb yandırsa da, Azərin əlyazmasına toxunmamışdı. Hal-hazırda həmin əlyazma Cəlil Məmmədquluzadənin əlyazmalarıyla birgə Əlyazmalar İnstitutunun fondunda mühafizə olunur.

Məşədi Azərin qızı Qəmər xanım söyləyirmiş ki, böyük dramaturq Cəfər Cabbarlı tez-tez atasının Buzovnadakı bağına gələr, onunla saatlarla klassik ədəbiyyatdan söhbətlər edər, ondan dəyərli məsləhətlər alarmış. Azər də hələ sənətdə kövrək addımlarını atan növrəstə Cəfərdən qayğısını, diqqətini əsirgəməzmiş. Bu faktı xalq şairi Qabil “Ulduz” jurnalına verdiyi müsahibədə xüsusi qeyd edir:

“Cəfər Cabbarlı ilk şeirini neçə dəfə qaytarıldıqdan sonra “Babayi-Əmir” jurnalında çap eləyəndə, böyük pyeslərinin səhnəyə qoyulmasından çox sevinmişdi, çünki o şeiri dönə-dönə qaytarmışdılar. Qocaman buzovnalı şair Məşədi Azər danışardı ki, cavan Cəfərin “Bahar” şeirini bəyənəndə müəllifin sevinci dünyaya sığmırdı…” ( “Səhv düşməsə yerimiz, yaşamağa nə var ki!” Xalq şairi Qabillə müsahibə. “Ulduz” jurnalı, 3-4-cü sayları, 1993-cü il, səh 42-43)

Azərin Buzovnadakı evi şeir məclisləri, söz yığnaqları ilə bəzənərmiş. Kimlər yığışarmış bu əfsunlu, əsrarlı şeir gecələrinə? Əliağa Vahid, Seyyid Zərgər, Əbdülxaliq Cənnəti, Ağadadaş Müniri, Məmməd Sədi Ordubadi və bu kimi dəyərli insanlar…

20-ci illərdə Ordubadi yay istirahətini çox zaman ailəsiylə birlikdə Buzovna bağlarında keçirirmiş. Həmin vaxtlar o, dəfələrlə Azərin Tuğaydakı bağında təşkil olunan şeir məclislərinin əziz qonağı olmuşdur. Tuğay ötən əsrin ortalarına qədər  toğay qəbilələrinin adıyla adlandırılıb. Həmin yerdə kənd camaatı uzun illər bostançılıqla məşğul olub. Hal-hazırda həmin ərazi Qızılqum adlanır. Şair böyük aktyorumuz Sidqi Ruhullaya ithaf etdiyi şeirini bu misralarla başlayır:

Azərbaycanlıyam, deyiləm nuğay,

Buzovna elində məskənim Tuğay.

***

Eyvanda oturub gözünü uzaqlara dikmişdi. Ömür-gün yoldaşı Bikə xanım  armudu stəkana samovar çayı süzüb onun qarşısına qoyanda gözaltı ərini süzdü. Azərin fikri-xəyalı çox uzaqlarda idi. Əvvəl onu fikirdən ayırmaq istəmədi, onsuz da şair çox vaxt özünün yaratdığı dünyada gəzib-dolaşırdı. O dünyanın göylərində “sabitü-səyyarələr” dolaşırdı, şairin bahari-ömrü fəsli-zimistanə dönsə də, torpağında hər zaman lalə bitirdi. O, özünü Məcnun kimi divanələrə ustad sayırdı və bu məqamda Füzulinin layiqli xələfi olduğunu bir daha təsdiq edirdi. “Böyük Füzulimizin yadigarı mən özüməm” deyən Əliağa Vahid Azəri özünün ustadı hesab edirdi. “Vahid” təxəllüsünü də Əliağaya məhz Azər vermişdi. Bikə xanım bu dəfə adəti xilafına Azəri öz dünyasından qoparmağa çalışdı:

- Təbinin pərvanəsi yenə hansı şəmin ətrafında dolaşır, ay Azər?

Azər fikirdən ayılıb can yoldaşının bu şirin atmacasına dodaqucu gülümsədi. Köksünü ötürüb narın saqqalına tumar çəkdi:

-Eeh, ay Bikə xanım. İndi nə şəm var, nə də pərvanələr… Qocalıq nə pis şey imiş. Görəsən bizdən sonra yazdıqlarımız qalacaq?

Bikə xanım əlini Azərin çiyninə qoyub ona təsəlli vermək istədi:

-Əlbəttə, qalacaq, Azər! Sən türklərin tarixini nəzmə çəkmisən. Firdovsi, Nizami, Xaqani, Sədi Şirazi kimi klassiklərin əsərlərini bizim dilə çevirmisən. Bu boyda zəhmət necə itə bilər axı? Bir də ki, gözəllik eşqi səni tərk edə bilməz. Özün necə demişdin?

Qocalıq bir yana, cazib həvəsim bir tərəfə,

Sol yanımda biri durmuş, digəri sağımda.

Azər vəfalı xanımının bu sözləri qarşısında susmaqdan başqa bir çarə tapa bilmədi. Yorğun təbəssümündən Bikə xanım ərinin bu cavabdan razı qaldığını anladı.

Azər özünün ədəbi sərvətindən, söz xəzinəsindən arxayın idi. Bilirdi ki, sözü gələcəyə gedib çatacaq. Elə bu sətirlərdə də əmin-arxayınlığı hiss olunur:

Səhrada sürüm yox, dəryada gəmim,

Tufanlar qopsa da, mənim nə qəmim?

Dünyanın malından, mülkündən ancaq

Bircə təbim qaldı, bir də qələmim.

Azər Buzovnalının arxivində çox maraqlı bir sənəd var.

Məzmunu: Yazıçılar İttifaqından Azər Buzovnalıya ünvanlanan məlumat.

Yazıçılar İttifaqı Azər Buzovnalının Azərbaycan və fars dillərində çoxlu əlyazmalarının, əsərlərinin olmasını nəzərə alaraq ona fərdi təqaüdün ayrılmasını qərara alır.

Sənədə həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş görkəmli yazıçı Süleyman Rəhimov imza atıb. Bu faktın özü Azər yaradıcılığının hansı səviyyədə dəyərləndirildiyinin əyani sübutudur. Yazıçılar İttifaqı sonrakı dövrlərdə də Azərə ehtiramla yanaşıb. Xalq yazıçısı Mirzə İbrahimovun İttifaqa (indiki Yazıçılar Birliyinə – K.H.) sədrlik etdiyi dövrdə də Azərin ailə vəziyyəti və dolanışığının çətinliyi ilə bağlı ona məktub yazıb və şairin məktubu müsbət cavablandırılıb. Həmin məktublar şairin Əlyazmalar İnstitutundakı arxivində qorunur. Mirzə İbrahimov xatirələrində yazır ki, “Azər klassik ədəbiyyatı, ərəb, fars dillərini dərindən bilirdi, Nizaminin “Xəmsə”si 40-cı illərdə bizim dilə çevriləndə bizim böyük şairlərimiz Süleyman Rüstəm, Məmməd Rahim onun köməyindən tez-tez faydalanırdılar. O, Nizaminin dərin mənalarla dolu şeiriyyətinə o qədər yaxından bələd idi ki, hansı misranın hansı mahiyyət daşıdığını bilirdi və tərcümə prosesində səbirlə izah edirdi. Onu inandığı dəyərlərdən sapındırmaq, sifarişlə şeir yazdırmaq qeyri-mümkün idi. Azər heç vaxt sovet ideologiyasını tərənnüm etmədi. Amma biz hamımız onun nə qədər böyük istedad sahibi olduğunu bilirdik və çalışırdıq ki, ona yardım edək”.

Yeri gəlmişkən, bu fakt Buzovna kəndinin ağsaqqallarından mərhum Əhəd Cəmilzadənin xatirələrində də öz əksini tapıb:

“İkinci Cahan müharibəsi illərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi qeyd edilməli idi. Bu münasibətlə şairin “Xəmsə”si yeni variantda, kiril əlifbası ilə nəşr olunmalı idi. Bunun üçün dövlət böyük tədbirlər həyata keçirmiş, tərcüməçilər qrupu müəyyənləşdirilmişdi: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim və başqaları. Qətiyyətlə deyə bilərəm ki, həmin “Xəmsə”nin türkcəyə (Azərbaycan dili nəzərdə tutulur – K.H.) tərcüməsində Məşədi Azərin böyük xidməti olub və həmin şəxslərə xüsusi köməklik göstərib. Bu faktı gələcək nəsillərin bilməsi vacibdir”. (Məşədi Azər – Seçilmiş əsərləri, Bakı, “Boz Oğuz” nəşriyyatı, 1996, səh. 266)

Məşədi Azər haqqında ən qiymətli xatirələrdən biri də ensiklopedist alim Rəhimağa İmaməliyevə məxsusdur. Rəhimağa müəllim həm də Azərin varislərindən biri, İmaməliyevlər nəslinin nümayəndəsi idi. Şairin vəfatından sonra ilk sanballı kitabı (“Seçilmiş əsərləri”) da 1996-cı ildə məhz onun fədakarlığı sayəsində çap olundu. Bu sətirlərin müəllifi həmin kitabın nəşrə hazırlanmasında yaxından iştirak edib. Bu haqda bir qədər sonra. Rəhimağa müəllimin xatirələrinə üz tutaq:

“1945-51-ci illərdə ona kiçikliyimi bildirmişəm, dükan-bazarına getmişəm, qulluğunda durmuşam. Bu, mənim böyüyümə kiçiklik borcum, vəzifəm idi. Deməliyəm ki, M.S.Ordubadi ilə Məşədi Azər arasında qasid idim: hər ikisinin məktubunu bir-birinə çatdırırdım, çünki M.S.Ordubadinin bağı evimizin yanında idi və mən bu yolun yolçusu olurdum. Tale belə gətirdi ki, hər ikisi təxminən bir ilin içində əbədiyyətə qovuşdu. Ordubadi 1950-ci ildə, Məşədi Azər isə 1951-ci ildə.

Lakin bir neçə görkəmli sima ilə tanışlıq məni kimlərlə üzləşdirməmişdi: yaz-yay aylarında Məşədi Azəri tez-tez yoluxan, onun yanına gələn S.Vurğun, R.Rza, S.Rüstəm, M.Rahim, M.M.Seyidzadə, Ə.Vahid, S.Ruhulla, Ələsgər Ələkbərov!.. Bu simaların hər birini sonralar orta məktəb illərinin son siniflərində bir daha ədəbiyyat kitablarından, səhnədəki tamaşalardan, radio dalğalarından tanıdım”.

Azəri canlı surətdə görmüş insanların böyük əksəriyyəti dünyasını dəyişib. Rəhmətlik atam danışırdı ki, Məşədi Azər kənddə görünəndə hamı baş əyib ona ehtiramla salam verirdilər. O da bu hörmət, ehtiramın müqabilində sıxılırdı, narahat olurdu, sifətinə utancaq bir təbəssüm qonurdu. Biz uşaqlar ondan çəkinirdik. Olduqca ağayana kişi idi. Kənd camaatı ona “Azər əfəndi” – deyə müraciət edirdilər. Doğrudan da Məşədi Azər sözün əsl mənasında Əfəndi idi. O, bu adı həyat tərzi, yaradıcılığı ilə qazanmışdı.

Azər haqqında çox qiymətli insanların xatirələri var. Əliağa Vahidin, akademik Əziz Mirəhmədovun, Azərbaycan radiosunun unudulmaz diktorlarından olmuş Soltan Nəcəfovun, xalq artisti Hacıağa Abbasovun, filologiya elmləri doktoru Ağarəfi Zeynalovun onunla bağlı xatirələri Azərin şəxsiyyət olaraq hansı məqamda yer tutduğunu öyrənmək baxımından olduqca qiymətli mənbələrdir. Rəhimağa İmaməliyev onların xatirələrini, mərhum alim Məmmədağa Sultanovun, filologiya elmləri doktoru Ədalət Tahirzadənin (Ədalət müəllim Azərin əsərlərini ərəb qrafikasından kiril əlifbasına çevirib), ədəbiyyatşünas Ramiz Fasehin Azər haqqında yazılarını şairin ilk irihəcmli kitabına daxil etdi. Kitab çapa hazırlananda biz onu bir neçə dəfə oxuduq, məlumdur ki, Azərin poemalarında, qəzəllərində həddən artıq ərəb, fars sözləri işlənib, bu sözlərin dəqiqliyini yoxlamaq üçün mətnləri təkrar-təkrar gözdən keçirirdik. Bu kitabın nəşrindən sonra Azər yaradıcılığına maraq artdı. Xatırlayıram, klassik ədəbiyyata maraq göstərən gənclər, elə yaşlı nəsildən olanlar da hər dəfə məndən soruşurdular ki, biz o kitabı necə tapaq? İmkan daxilində onlara yardım edirdim.

***

Azərin bitkin tərcüməçilik fəaliyyətindən söz açmasaq, natamamlığa yol vermiş olarıq. Onun Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” dastanının tərcüməsi böyük şairin 1000 illik yubileyində (1934-cü ildə) Azərnəşrin çap etdiyi kitaba salınmışdır. Eyni zamanda Məşədi Azər Firdovsinin yubileyini keçirən Dövlət Komissiyasının baş məsləhətçisi təyin olunmuşdu. Bundan əlavə, Sədinin “Bustan” əsərinin 1-3-cü bablarını, Nizaminin “Yeddi gözəl” poemasının bir hissəsini bizim dilə məharətlə tərcümə etmişdir. Bundan başqa, şair məşhur “Kəlilə və Dimnə” əfsanəsini nəzmə çəkmişdir. Azər, həmçinin, Türk ədəbiyyatının ənənəçi şairlərindən olan Faruq Nafiz Çamlıbelin “Çoban çeşməsi” kitabından müxtəlif məzmunlu şeirləri də dilimizə çevirib. Onun arxivindəki materiallardan görünür ki, şair türk ədəbiyyatının milli şairlərindən Əhməd Haşımin, Tofiq Fikrətin, Rza Tevfikin, Yəhya Kamal Bayatlının və digərlərinin yaradıcılığını yaxından izləyirmiş. Faruq Nafizin adını çəkdiyimiz kitabı Türkiyədə 1926-cı ildə nəşr olunub, amma 1928-ci ildə artıq Azər onun kitabını əldə edərək şeirlərini azəri türkcəsinə uyğunlaşdırıb. O, türk və Azərbaycan poeziyasının müxtəlif istiqamətlərini izləyirdi, öyrənirdi. Bununla belə klassik ənənəyə həddən artıq bağlı idi və öz poetik istiqamətini çoxdan müəyyən etmişdi.

Bu faktları sadalamaqda məqsəd Azər ömrünün müxtəlif istiqamətə şaxələnən qollarını oxucuya çatdırmaqdır. Onun ömür yolu və yaradıcılığı ləngərli və qüvvətli bir nəhrə bənzəyir. Ömrünün son illərində yaşıdlarını və sənət dostlarını bir-bir itirən Azərin tənhalıq çəmbəri daha da daralmışdı…

KÖŞƏ YAZARLARI
TOP 10