Məscidlərimiz – Cəlil Məmmədquluzadə

36 Baxış

images

Bizim məscidlərə cəm olanlara diqqət eləsək, görərik ki, məscidə gələnlər ancaq fəhlə, hammal, kankan, dilənçi, dəllək, pənəçi, nalbənd, çərçi və xırda-xuruş alış-verişçilər, baqqallar, kərbəlayı və məşədilər və kasıb hacılardır. Əgər əcnəbi millətin birinin yolu bizim məscidlərə düşsə, elə yəqin edər ki, müsəlman içində  bir dənə də rəğbətli, dövlətli, səliqəli, təmiz və nəcib adam, bir dənə də bəy, xan, qulluqçu, oxumuş və sahibmənsəb yoxdur; yəqin edər ki, bizim müsəlman camaatı ibarətdir məhz cırıq-mırıq, ac və kasıb fəhlə-fühlədən, avam məşədi və kərbəlayılardan.

Niyə xan və bəylərimiz, oxumuş və sahibmənsəblərimiz məsciddən qaçırlar?

Peterburqda on min müsəlman var. Bunların içində neçə-neçə mütəşəxxis sahib-mənsəblər, generallar, palkovniklər, obrazovannılar, təbiblər, tələbələr, xanlar və mülkədarlar var. Amma Peterburqun tək bir məscidinə yığılan ancaq kasıb tatarlardır ki, peşələri evləri gəzib köhnə paltar, köhnə qaloş və çəkmə və çirkli dava şüşələri alıb satmaqdır. Moskva həmçinin. Tiflisdə sünnü məscidinə gedənlər ancaq Qazan tatarlarıdır ki, peşələri fayton sürməkdir. Şiə məscidinə gedənlər İran fəhlələri və hammallarıdır. Bakıda milyonçular və oxumuşlar məscidə getməzlər. Danabaş kəndində məscidə gedənlər ancaq kasıb kəndlilərdir, mülkədarlar məscidə gəlməzlər.

Kimdir dövlətliləri, oxumuşları məsciddən qaçırdan?

Bunu mən bir neçə dəfə bəzi məscidə getməyənlərdən sual eləmişəm və bu barədə bir neçə cavablar eşitmişəm. Əgər başağrısı olmasa, həmin cavabları yazaram.

Bir dəfə bir cavan bəyzadədən soruşdum ki, niyə məscidə gəlmirsən? Cavan mənə belə cavab verdi:

- Ay Molla Nəsrəddin, Allah atana rəhmət eləsin, axır mən başıma nə daş salım? Şalvarım elə dardı ki, diz üstə oturmaq heç mümkün deyil. Məsciddə də ustul yoxdu ki, ustul üstə oturasan. Qalmışam məəttəl. Dəxi nə çarə qılım?

Bu bəyzadənin vavabı.

Bir dəfə bir dövlətli xandan soruşdum ki, niyə məscidə gəlmirsən? Xan da belə cavab verdi:

- Əzizim Molla Nəsrəddin baba, mənim bu barədə heç təqsirim yoxdu. Məscidə getməməyimin səbəbi budur ki, məscidə gedəndə bilmirəm cibimə nə qədər pul qoyum. Məscidlərimiz ibadətxanalıqdan çıxıb, dilənçixana olublar. Mən girən kimi dünya və aləmin ac seyidləri və mollaları gəlib sərçə kimi düzülürlər, minbərin pillələrinə və başlayırlar pul istəməyə.

Mən xana dedim ki, mollaların bir yandan məvacibləri yoxdur, bəs siz onlara pul verməyəndə , onlar hardan çörək tapıb yesinlər? Xan cavab verdi ki, bunun mənə dəxli yoxdur.

Bu da dövlətli xanın cavabı.

O ki, qaldı oxumuşlar, məscidə gəlməməklərinə bunlar da bir neçə səbəb qoyurlar. Əvvələn, deyirlər ki, məscidə cəm olanların çoxusu keçəl adamlardır və məlumdur ki, keçəllər həmişə başlarına quyruq yağı sürtürlər. Odur ki, məscidlərdən həmişə qovurma bozbaşının qoxusu gəlir. Bu səbəbdən oxumuşlar məscidə gəlmirlər.

Oxumuşların bir parası da bu cür deyir, bir parası da deyir ki, mən uşaqlıqdan adət eləmişəm çəkmə geyməyə, başmaq geyməyi öyrənməmişəm. Çəkməli gedirəm məscidə, məsciddə oturanlar tez qalxıb gəlirlər mənim yanıma və başlayırlar çəkmələrimə diqqət eləməyə və deyirlər ki, bu çəkmələr “Varşov” çəkmələridir, bunları urus tikib, cəhənnəm ol məsciddən çıx get, buraları murdarlama!

Oxumuşların bir parası da deyir ki, bizi məsciddən qaçıran mollaların moizəsidir. Məsələn, gedirik, otururuq, molla çıxır minbərə və başlayır:

- Ey müsəlmanlar, onu bilin ki, insanın qəlbində iki nöqtə olar. Biri ağ nöqtə, biri qara nöqtə. İnsan savab əməl tutduqca ağ nöqtə qara nöqtəni basar, amma günahkar bəndələrin qəlbində qara nöqtə ağ nöqtədən böyük olar və günah əməl tutduqca qara nöqtə ağ nöqtəni basar. Və cəmi xarici dərslərini oxuyanlar üçün heç bir nicat yolu yoxdur; çünki onların qəlbində olan qara nöqtə gündən-günə artıb, ağ nöqtəni basır. Allah xarici dərslərini oxuyanların üzünü hər iki dünyada qara eləsin! Amin, ya rəbbül-aləmin!

Budur oxumuşların cavabı.

Məscidə gəlməmək barəsində özgələr nə deyirlər desinlər, onlarnan işimiz yoxdur; amma oxumuşların bəhanələri nahaq və mənasızdır.

Əvvələn, tutaq ki, məscidə gələnlərin çoxusu keçəl adamlardır; tutaq ki, onlar başlarına quyruq yağı sürtürlər. Amma onların içində tək-tək eləridə tapılar ki, nə keçəldirlər və nə başlarına quyruq yağı sürtürlər. Və bir də məhz keçəlləri müqəssir tutmaq insafdan kənardır. Üfunətin çoxu corablardan və başmaqlardan gəlir, çünki məscidə gələnlərin çoxu corablarını ildə bir dəfə də yudurtmazlar və dəyişməzlər. Və bir də bunların nə eybi var?

Saniyən, çəkməli məscidə gedənlərin də sözləri əsilsizdir: nə eybi var, məgər mümkün deyil məscidə gedəndə bir özgəsinin təmiz başmaqlarını borc eləmək və məsciddn qayıdandan sonra sahibinə qaytarmaq?

Salisən, o ki qaldı əcnəbi dərsi oxuyanların barəsində mollanın vəzi, bu barədə də çox söz deyə bilərdim, o qədər söz deyə bilərdim ki, Avropanın kağız karxanalarında kağız tapılmazdı ki, mən sözümü yazıb tamam edim. Amma öz aramızdır, çox uzun-müşərrəf olduq…

İbrahim bəyin sözləri yadıma düşdü:

“Mürdəənd vəli zində – zindəənd vəli mürdə”.

 “Molla  Nəsrəddin”,  24 noyabr,  1906,  N 34.

KÖŞƏ YAZARLARI
TOP 10