Fransız impresionist rəssam Qustav Kaillebottenin əsərləri bu günə qədər gizli xəzinə kimi saxlanılırdı. Ancaq artıq onun rəsmləri xüsusi kolleksiyalardan çıxarılaraq Amerikada Milli Sənət Muzeyində “Rəssamın gözü” adlı sərgidə nümayiş olunmağa başlayıb.
“Rəssamın gözü” bu günə qədər Qustav Kaillebottenin ən böyük sərgisi hesab olunur. Onun bir çox əsərləri xüsusi kolleksiyalarda saxlanıldığı üçün sənətsevərlər onun rəsmlərini görməkdən məhrum olurdular.
Sərgidə rəssamın fotoqraf olmaq istəyinin gizli izləri hiss olunur.
Hüquq təhsili alan Kaillebotte daha sonra rəssamlığı seçir.O, məşhur rəssamlar Edqar Deqas və Aqüst Renuarın məsləhətləri və köməklikləri ilə bu sənətə yiyələnir.
Zəngin ailədən olan Kaillebotte, həyatını rəsm çəkməklə keçirir. Hətta bir sıra impresionist rəssamın əsərini alaraq, onlara maddi köməklik göstərir. Buna görə də, o, rəssamlıqla yanaşı kolleksioner kimi də məşhurlaşıb. Cavan yaşlarında dünyasını dəyişsə də, böyük bir rəsm kolleksiyası formalaşdıra bilir.
Kaillebottenin əsərləri XIX əsrin Parisindən bəhs edir. O, digər rəssamlardan fərqli olaraq sadəcə Parisin təbiətini deyil, küçələrini, kitab oxuyan gəncləri, ayaqqabı boyayan uşağı, satıcıları da təsvir edirdi.