MƏTBUAT TARİXİMİZİN GÜZGÜSÜ: “MOLLA NƏSRƏDDİN” JURNALI

24 Baxış

elxan

2019-cu il.

Nəsimi ili.

Mirzə Cəlilin 150 illik yubileyi ərəfəsi.

 

Belə bir zamanda “Molla Nəsrəddin” mətbuat tariximizin üz qarasıdır” – Əvəz Qurbanlı ilə “Cümlə axşamı”nda adlı müsahibə başlığını görüb də təəccüblən­məmək olmur. Böyük şəxsiyyətlərin izi ilə böyük addımlar atmaq əvəzinə cılız düşüncələrin təsiri ilə kiçilirik, sahiblənmək hissimizi öldürürük. Təsəvvür edin ki, satirik şeirlər müəllifinin təpədən dırnağa satira ilə yoğrulmuş bir jurnal haqda bu cür fikirləri sadəcə təəccübləndirmir, həm də heyrətləndirir.

 

Həmin müsahibədən bir hissə:

 

– Siz daha çox satirik şeirlərinizlə məşhursunuz. Satiranı zərərli janr hesab edənlər də var. Siz bu barədə nə düşünürsünüz?

– Əgər satira “Molla Nəsrəddin” kimi milli düşüncə sistemimizə zərbə vuracaqsa, əlbəttə, ziyanlı olacaq…

 

– Bu fikirdəsiniz ki, “Molla Nəsrəddin” milli düşüncə sistemimizə zərbə vurub?

– Buna şübhə edənlər varsa, görünür, onlar “Molla Nəsrəddin”lə lazımi qədər tanış deyillər. Əlbəttə, Mirzə Cəlilin rəhbəri olduğu bu dərgidə maarifçilik məsələləri müntəzəm olaraq əks olunub, bunu inkar etmək olmaz. Dövrün dəyərli ziyalıları “Molla Nəsrəddin” səhifələrində cəhalətlə, xurafatla, sosial ədalətsizliklə mübarizə aparıblar.

Lakin elə məqalələr, elə karikaturalar da var ki, onları görəndə düşünürsən ki, “Molla Nəsrəddin” Azərbaycan mətbuat tarixinin üz qarasıdır… Açığı, mən də bu mətbu orqanın bütün saylarını gözdən keçirə bilməmişdim. Gənc dostumuz, yazar Miri Rəsulzadə mənə bu jurnaldan bir neçə karikatura göstərdi. Əvvəlcə çaşıb qaldım. Sonra mənbəyə baxanda hər şey aydın oldu.

Dərginin saylarını ardıcıl olaraq izləyəndə belə qənaətə gəlirsən ki, sanki hansısa qüvvə “Molla Nəsrəddin”in üzərinə Allahı, Peyğəmbəri çox biabırçı şəkildə təhqir etməyi, bununla da İslam dinini gözdən salmağı, müsəlman cəmiyyətinin fundamental dəyərlərini məhv etməyi bir vəzifə kimi qoyubmuş…

 

İnternet saytlarının birində müsahibənin müəllifi haqqında bu informasiya yer alıb:

…İctimaiyyət onu əsasən ANS TV-nin “Qulp” verilişindən tanıyır. 2005-ci ildən sonra həmin proqramda müntəzəm olaraq satirik şeirləri ilə çıxış edib. Demək olar ki, «Qulp”dakı bütün satirik mahnıların mətn müəllifi, bir çox səhnəciklərin isə birbaşa ideya müəllifi olub. “Məhəllə uşaqları”nın bütün meyxanalarının da sözləri Əvəz Qurbanlıya aiddir.

Şeirlərinə mahnılar yazılıb, musiqilər bəstələnib. Ən populyar mahnısı 2006-cı ildə ortaya qoyduğu “Sənsizləmişəm”dir və bu mahnı, müğənni Xatirə İslamı da populyar edib… (http://www.kaspi.az/az/az/evez-qurbanli-ile-irfan-shbeti/)

 

Mən müəllifin “Türkün sözü” adlı satirik şeirini də oxudum. Maraqlısı budur ki, həmin şeirdə Mollanəsrəddinçilik üslubu hiss olunur. Belə qənaətə gəldim ki, müsahibənin müəllifi Molla Nəsrəddin jurnalı haqqında olan fikirlərini Miri Rəsulzadə adlı dostunun göndərdiyi bir neçə karikaturanın təsiri ilə formalaşdırıb. Əks halda, Mirzə Ələkbər Sabirin davamçısı hesab edilən satirik şair “Molla Nəsrəddin” jurnalı haqqında bu qənaətdə olmaz.

Molla Nəsrəddin jurnalını inkar etmək, fəalliyətini bu cür qiymətləndirməklə dövrün tanınmış şair, yazıçı və karikatura ustalarınının – M.Cəlil, Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Razi, B.Abbaszadə, O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, X.Musayev, S.Behzad, B.Telinqator (Beno), İ.Axundov, Q.Xalıqov və başqalarının satirik mətbuatımızın formalaşmasında böyük əmək sərf etmiş şəxsiyyətlərin inkar etmiş oluruq.

Hansı ki, buna haqqımız yoxdur.

 

Molla Nəsrəddin jurnalı cəmiyyətimizin güzgüsüdür.

“Molla Nəsrəddin” milli oyanışa və dirçəlişə xidmət edib. Ümumilikdə xurafata və fanatizmə qarşı satirik üslubda mübarizə aparan jurnalın müxtəlif saylarında yer alan karikaturaya bu cür qiymət vermək ədalətli deyil. Ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalı fəalliyəti ilə həm də Azərbaycan incəsənəti üçün karikatura sənətinin əsasını qoymuşdur.

Nəşrin ilk sayının üz qabığındakı məşhur karikaturanı yəqin ki, çoxları xatırlayır: Azərbaycan türkləri dərin yuxudadır. Bir kişi oyanıb gərnəşir… Bu karikatura jurnalın məşhurlaşmasında böyük rol oynadı. Əsərin müəllifi isə Oskar Şmerlinq idi.

Çap olunduğu 25 il müddətində jurnalın ətrafında satirik yazarlarla yanaşı, karikaturaçı-rəssamlar da yetişməyə başladı. Jurnalın populyarlıq qazanması, xalq arasında sevilməsi üçün baş redaktor, böyük ədib Cəlil Məmmədquluzadə karikaturanın əvəzsizliyini yaxşı anlayırdı. Ona görə də o, ilk növbədə jurnala satirik illüstrasiyalar çəkən rəssamları tapmalıydı. Bilirdi ki, millətin böyük hissəsi yazıb-oxumağı bacarmır, ona görə də karikaturanın maarifləndirmədə xüsusi rolu var. Doğrudan da, bu yolla “Molla Nəsrəddin” elə ilk sayından uğur qazanmağı bacardı. Jurnalın səhifələrinin tam yarısını karikaturalar tuturdı.

Jurnalın ilk buraxılışının üzündə Molla Nəsrəddinin şəkli vardı. O, “Şərqin yatmış millətlərini” oyatmağa gəlmişdi. “Sizi deyib gəlmişəm, ey mənim Müsəlman qardaşlarım” – bu, Molla Nəsrəddinin öz dinindən olan insanlara mesajı idi.

Növbəti illərdə o, yalançı din adamlarını, dünya siyasətinin hiylələrini, Şərqin əzilən qadınlarını müşahidə edəcək və bütün bunları karikatura və mətn vasitəsilə oxuyucularına çatdıracaqdı.

O zamanın daha bir ədəbi işığı – Əbdürrəhimbəy Haqverdiyev öz xatirələrində yazır: “Jurnalın ilk nüsxəsi bomba kimi partladı… Mollalar deyirdi ki, jurnal heç bir müsəlmanın evinə girməməlidir. Girsə, onu maşa ilə götürün və tullayın”.

Dövrün Anadolu türkcəsi, Rus və ya Fars dilinin təsirində olan digər nəşrlərindən fərqli olaraq, Molla Nəsrəddin təhsilsiz azərbaycanlıların dilində danışırdı: sadə dildə mətnlərdən başqa, jurnalda karikaturalar vardı və onları hər kəs anlaya bilirdi. Karikaturaların əsas hədəfi təhsilin və sekulyar cəmiyyətin düşməni kimi görünən dini fanatizm, savadsızlıq və cəhalət idi.

Molla Nəsrəddini zəmanə yaratdı, Mirzə Cəlil jurnalın çap olunmasına başlamasının səbəbini açıqlayanda demişdi: Bu o zamanlar idi ki, xalqın böyük hissəsi savadsız idi, Rusiya və Fars İmperiyaları tərəfindən idarə olunurdu və dini liderlər tərəfindən yönləndirilirdi.

“Molla Nəsrəddin”in ilk rəssamı alman Oskar Şimerlinq olub. O, ilk saydan 1917-ci ilə qədər jurnalın baş rəssamı kimi çalışıb. 1863-cü ildə Tiflisdə anadan olan rəssam Peterburq və Münhen rəssamlıq akademiyalarını bitirib. Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli, habelə tanınmış rəssamlar İsmayıl Axundov, Qəzənfər Xalıqov, Xəlil Musayev və başqaları Oskar Şmerlinqin rəhbərlik etdiyi Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinin yetirmələri idilər. Rəssamın “Sizi deyib gəlmişəm”, “Niyə məni döyürsünüz?”, “İran sərhəddindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və çoxlu başqa bənzərsiz əsərləri jurnalın uğur qazanmasında böyük rol oynayıb. Təbii ki, ona bütün mövzuları Mirzə Cəlil verir, rəssam da böyük ustalıqla tapşırığın öhdəsindən gəlirdi.

“Molla Nəsrəddin”in ikinci böyük rəssamı İosif Rotter idi. O da təhsilini Münhen Rəssamlıq Akademiyasında almışdı. XX əsrin əvvəllərində Tiflisdə yaşamış, müxtəlif jurnallarda çalışmışdı. 1906-1914-cü illərdə “Molla Nəsrəddin”in fəaliyyətində yaxından iştirak edib. “Bakı neft mədənlərində işsiz fəhlələr” rəsmində fəhlələrlə sahibkarların qarşı-qarşıya durması, “XX əsr. Qafqazda hürriyyət”, “Bir gün var idi, bir gün yox idi” karikaturalarında erməni-müsəlman münaqişəsini qızışdıran çarizmin müstəmləkəçilik siyasəti ifşa olunurdu. Rəssam “Ay Tehrani alan, ay şirin tehrani alan” karikaturasında İran hökmdarı Məhəmmədəli şahı gülünc vəziyyətdə təsvir etmişdi.

“Molla Nəsrəddin”in uğurlu fəaliyyəti özündən sonra bir sıra satirik-karikatura nəşrlərinin işıq üzü görməsinə səbəb oldu. Belə ki, onun nəşrindən sonra Bakıda Azərbaycan türkcəsində “Bəhlul” (1907), “Zənbur” (1909-1910), “Mirat” (1910), “Arı” (1910-1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-partan” (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919), “Məşəl” (1919-1920) kimi satirik illüstrasiyalı jurnallar çıxmağa başladı. Bu dövrdə Azərbaycanda rus dilində də satirik jurnallar – “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskie streli” (1910), “Baraban” (1912-1913) və digərləri nəşr olunurdu. Di gəl ki, bunların içərisində ən uzunömürlüsü elə “Molla Nəsrəddin” özü oldu.

“Əkinçi”dən başlayan milli mətbuatımız “Molla Nəsrəddin”də tamamilə fərqli, yeni bir istiqamətdə fəaliyyətini davam etdirdi. Jurnalın mövzu və ideya qaynaqlarının zənginliyi onun geniş miqyasda yayılmasına və məşhurlaşmasına gətirib çıxardı. Orijinal üslublu bu satirik jurnal Azərbaycan mətbuatının sonrakı inkişafına, təkamülünə geniş yol açdı və ədəbi məktəb səviyyəsinə qədər yüksələ bildi. “Molla Nəsrəddin” jurnalı cəmiyyətdə mövcud olan həyati problemlərin həllinə yönəldilmiş real gerçəklikləri satirik tərzdə, Ezop dili ilə xalqa çatdırdı.

“Molla Nəsrəddin” jurnalının çoxsaylı mövzu və problematikasında böyük azərbaycançılıq ideyası, öz xalqını azad, demokratik və müstəqil görmək istəyi bütün fəaliyyəti boyu davam etmişdir. Bu taleyüklü problemin həlli istiqamətində ardıcıl və prinsipial mübarizə aparan “Molla Nəsrəddin” jurnalı sonadək əqidəsinə sadiq qalmış, bir çox məhrumiyyətlərlə, təqiblərlə üzləşmişdir.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli azadlıq və dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin ədəbiyyatda və mətbuatdakı ilk sərkərdəsidir. Bu mübariz jurnal Azərbaycanın milli istiqlalına mütəşəkkil nizamlı bir ordu qədər xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının milli dirçəliş və azadlıq ideyalarından, vətəndaşlıq ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır. Azərbaycanda milli demokratik mətbuatın bayraqdarı da “Molla Nəsrəddin”dir… Azərbaycanda milli azadlıq, dövlət müstəqilliyi və demokratiya, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi uğrunda son yüzillikdə, müasir dövrdə də aparılan mübarizəni Cəlil Məmmədquluzadəsiz və “Molla Nəsrəddin” jurnalı olmadan təsəvvür etmək çətindir.

Molla Nəsrəddin jurnalı ilə bağlı istər sovet dövründə, istərsə də müstəqqillik dövründə sanballı tədqiqat əsərləri yazılmışdır. 2017-ci ildə jurnalın bütün nömrələrinin əhatə edən “Molla Nəsrəddin” satirik jurnal 10 cilddə” layihəsi uğurla başlamışdır. Akademik İsa Həbibəylinin redaktorluğu çap edilən bu layihənin artıq 6 cildi oxucuların istifadəsinə verilib.

xxxxxxxx Untitled-1 copy

 

Məlumdur ki, 17.01.2019 tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileynin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Bu sərəncam dövlət səviyyəsində Mirzə Cəlil irsinə və onun ədəbi fəaliyyətinin şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalına xüsusi diqqət hesab edilməlidir. Sərəncamda qeyd edilir ki, “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Azərbaycan ədəbiyatının XX əsrini Molla Nəsrəddinsiz təsəvvür etmək olmaz. 100 ildən artıqdır millətimizin xidmətkarı olan “Molla Nəsrəddin” jurnalı haqqında “mətbuatımızın üz qarası” ifadəsini işlətmək ədəbi məsuliyyətsizlikdir və olduqca cəfəngdir, elmdən uzaq yanaşmadır.

“Molla Nəsrəddin” Azərbaycan milli mətbuatımıza üz ağlığı qazandıran mətbuat orqanıdır.

 

Elxan Nəcəfov

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı