Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib-FOTO

8 Baxış

Mukafatlandirma(4)Martın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsində xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının hər il imzaladığı sərəncamlarla müxtəlif sahələrdə çalışan insanlar fəxri adlara, dövlət təltiflərinə, mükafatlara layiq görülür.

Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif olunanların sayı daha çoxdur. Bu da mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Mədəniyyət və incəsənət ustalarının uğurları, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Nazir qeyd edib ki, hər bir mükafat, təltif yaradıcı insanlara böyük dəstək və təkandır. Bu, yaradıcı potensialın güclənməsinə bir avansdır. Bunun müqabilində həmin insanlar daha da şövqlə yaşayıb yaratmalıdır: “Bəzən yaradıcı insanlara yardım edən, dəstək olan insanların əməyi kölgədə qalır. Lakin dövlət başçımız bu insanları da diqqətdən kənar qoymur. Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə cənab Prezidentin imzaladığı sərəncamla nazirliyin bir neçə əməkdaşının əməyi də qiymətləndirilib. Dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində xidməti olan insanların qiymətləndirilməsi bizləri çox sevindirir”.

Sonra nazir ölkə Prezidentinin 28 yanvar 2016-cı il tarixli sərəncamı ilə təltif olunmuş mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini, Xalq artisti Aftandil İsrafilova “Şöhrət” ordenini təqdim edib. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar artist”, “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüş şəxslər də təltif olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Xalq artisti Aftandil İsrafilov və digər çıxış edənlər fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Əbülfəs Qarayev təltif olunan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin təbliğində yeni uğurlar arzulayıb. Nazir həmçinin yaz fəslinin ilk günü və Od çərşənbəsi münasibətilə bütün Azərbaycan xalqına xoş arzuları diləyib.