Mədəniyyət və Turizm Nazirliyi kimləri mükafatlandırdı?

10 Baxış

yevgeniyaAzərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Yevgeniya Stepanovna Nevmerjitskaya 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Həyatının 50 ildən çoxunu səhnəyə, sənətə həsr edən Yevgeniya Nevmerjitskaya Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində 70-dən artıq rol oynayıb, xarakterik qadın rollarının ifaçısı kimi tanınıb.

Aktrisa 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür. 2016-cı il yanvarın 17-də aktrisanın 70 illiyi çalışdığı doğma teatrda yubiley tamaşası ilə qeyd edilib. Həmin gün P.Qladilinin “Afina axşamları” tamaşasının premyerasında səhnəyə çıxan aktrisanın oyunu alqışlarla qarşılanıb.

Zərnigar AğakişiyevaXalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva anadan olmasının 70 illiyi və teatr sənəti sahəsində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. Tanınmış aktrisa ömrünün 40 ildən çoxunu sənətə həsr edib.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb. Aktrisa həmçinin müxtəlif televiziya tamaşalarında (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və s.), filmlərdə (“Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) yaddaqalan obrazların, xarakterik rolların ifaçı kimi tamaşaçılar tərəfindən sevilib.

Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif olunub.

 

Rəfael DadaşovXalq artisti Rafael Dadaşov 70 illik yubileyi münasibətilə və teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində Klavdi “Hamlet” (Uilyam Şekspir), Paratov “Cehizsiz qız” (Aleksandr Ostrovski), Rövşən “Əliqulu evlənir” (Sabit Rəhman), Knyaz Xasay “Xurşudbanu Natəvan” (İlyas Əfəndiyev), Cəmil “Unuda bilmirəm” (İlyas Əfəndiyev), Vasif “İblis” (Hüseyn Cavid), Qiyas “Şəhərin yay günləri” (Anar), Fəxrəddin “Qılınc və qələm” (Məmməd Səid Ordubadi), Camal “Nişanlı qız” (Sabit Rəhman), Tesey “Fedra” (Jan Rasin), Özdəmir “Afət” (Hüseyn Cavid), Şeyx Nəsrullah “Ölülər” (Cəlil Məmmədquluzadə) və s. onlarla başqa tamaşada maraqlı obrazlar yaradıb.

Aktyorun televiziya tamaşalarında (Anar – “Ötən ilin son gecəsi” (Rüstəm), K.Holdoni – “Mehmanxana sahibəsi” (Sinyor Kavaler), Aslan Qəhrəmanov – “Səni axtarıram” və “Bağışla” (Vasif müəllim), Hüseyn Cavid – “Topal Teymur” (Orxan), İslam Səfərli – “Göz həkimi” (Rauf) və s .), filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”, “Dantenin yubileyi” və s.) oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb.

Rafael Dadaşov 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə Rafael Dadaşovun iştirakı ilə N.Qoqolun “Müfəttiş” əsərinin tamaşası nümayiş olunacaq.