Mədəniyyət və Turizm Nazirliyi MDB iştirakçı-dövlətlərin “Kitab incəsənəti” adlı XIII Beynəlxalq müsabiqədə

11 Baxış

Mədəniyyət və Turizm NazirliyiBişkek şəhərində keçirilən MDB iştirakçı-dövlətlərin “Kitab incəsənəti” adlı XIII Beynəlxalq müsabiqənin münsiflər heyətinin iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

Bu Beynəlxalq müsabiqə MDB iştirakçı- dövlətləri arasında hər il keçirilir. Müsabiqənin əsas məqsədləri MDB iştirakçı-dövlətlərin kitab naşirlərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, MDB iştirakçı-dövlətlərdə kitab nəşriyyatı mədəniyyətinin və kitab sənətinin inkişafı, MDB iştirakçı-dövlətlərin ən yaxşı nəşriyyat sistemlərinin populyarlaşdırılması, MDB iştirakçı- dövlətləri arasında maddi və mədəni dəyərlərinin qarşılıqlı mübadiləsinin aktivləşdirilməsidir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak etmişdir.

Beynəlxalq müsabiqənin Əsasnaməsinə uyğun olaraq müsabiqəyə son ildə MDB iştirakçı- dövlətlərdə nəşr edilmiş çap məhsulları təqdim olunur.

Müsabiqə ”Birlik”, “Mənim ölkəm”, “Uşaq və gənclər üçün kitab”, “Mədəniyyət dialoqu”, “Elm və innovasiya” və “Tədris ədəbiyyatı və təhsil”, “Art –kitab”, “Birlikdə nəşr edilib”, “Qələbə”, “Kitab incəsənəti” Beynəlxalq müsabiqənin Qran –Prisi və “İllüstrasiya incəsənəti” adlı 10 nominasiya üzrə keçirilir.

Ənənəvi olaraq hər il keçirilən bu müsabiqədə ölkəmizdə işıq üzü görmüş kitablar uğurla iştirak edir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Beynəlxalq müsabiqəyə cəmi 18 kitab təqdim edilmişdir, onlardan 10 ədədi uşaq ədəbiyyatı olmuşdur.

Beynəlxalq müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab – kataloq “Birlik”(«Содружество») nominasiyası üzrə I yerə (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Mədəniyyət dialoqu” nominasiyası üzrə akademik İsa Həbibbəylinin “Azerbaijani Literature” kitab – albomu I yerə (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Elm və innovasiya” nominasiyası üzrə T. Əhmədovun müəllifi olduğu “Mir Cəlal”   kitabı I yerə, “Art –kitab” nominasiyası üzrə Ç.Fərzəliyevin “Azərbaycan Dövlət İncəsənət Muzeyi” foto-albomu I yerə (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə Leyli Salayevanın “Dilbərin qaşıq səyahəti” (Azərbaycan və ingilis dillərində) II yerə, “Tədris ədəbiyyatı və təhsil” nominasiyası üzrə “Azərbaycan kitabxana ensiklopediyası” II yerə (Azərbaycan Milli Kitabxanasının nəşri), “İllüstrasiya incəsənəti” nominasiyası üzrə З.Халил “Зайчики, козлики и   другие” kitabı III yerə layiq görülmüşdür.

Beynəlxalq münsiflər heyətinin qərarı ilə S.Nuruqızının “Qədim Bakıya səyahət” (Azərbaycan və ingilis dillərində) Həvəsləndirici diploma layiq görülmüşdür.

Bundan başqa qeyd olunmalıdır ki, “Art –kitab” nominasiyası üzrə Rusiya Federasiyası tərəfindən müsabiqəyə təqdim olunmuş “Изобразительное искусство Азербайджана” foto-albomu III yerə layiq görülmüşdür.

“Birlik”(«Содружество») nominasiyası üzrə isə Qırğızıstan Respublikası tərəfindən təqdim olunmuş Yunus Oğuzun “Темирлан” 2 cildlik kitabı II yerə layiq görülmüşdür (Azərbaycan yazıçısıdır).

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan müxtəlif nominasiyalara üzrə müsabiqədə qalib gəlmiş kitablar Moskva şəhərində cari ilin sentyabr ayında keçiriləcək Beynəlxalq Kitab Sərgi-yarmarkasında diplomlarla təltif olunacaq və həmin diplomlar sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq.