“Məhəmməd Əmin Rəsulzadə” kitabı çap olunub

6 Baxış

895a13ca10072f0df9762aacd2b1b126Nizami adına Ədəbiyyat İnstitutu “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının nəşrinə başlayıb.

 İnstitutdan Senet.az saytına verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı I cildi işıq üzü görüb.

 “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” prezidentin 22 noyabr 2013-cü il tarixli sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

 İnstitutdan bildirilib ki, Rəsulzadənin həyatının ikinci mühacirət dövründə (1922-1955) qələmə aldığı bədii əsərləri, elmi-publisistik məqalələri, resenziyaları, “Azərbaycan Cümhuriyyəti”, “Qafqaziya türkləri” monografiyalarının uyğun fəsilləri və digər monoqrafiyaların toplandığı kitab təkcə mütəfəkkir ədibin yaradıcılığının öyrənilməsində deyil, eyni zamanda Azərbaycan ədəbiyyatının xaricdə araşdırılması məsələlərinin, bir çox ədəbi-tarixi faktların, ictimai-siyasi gerçəklərin tədqiqi üçün də dəyərli mənbədir.

 Kitaba yazdığı “Mühacirət elmi-ədəbi irsinə nümunə” adlı ön sözdə akademik İsa Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi dəyərləndirib. Filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının məsul redaktorluğu ilə hazırlanan kitabda xarici ölkə mənbələrindən, dövri mətbuat materiallarından istifadə olunub. Nəşrin tərtibçiləri Nikpur Cabbarlı və filologiya üzrə elmlər doktoru professor Şamil Vəliyevdir.

 Hazırda “Azərbacan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.

Bölmə : Əlfəcin