Məhsəti Gəncəvinin heykəli – Fransada

7 Baxış

Əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği olan Heydər Əliyev Fondu Fransada “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində bir çox şəhərlərdə tədbirlər təşkil edib. Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsəti Gəncəvinin heykəlinin şəhər mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb.

XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli və xarici şərqşünasların diqqət mərkəzində olan və yüksək qiymətləndirilən Məhsəti Gəncəvinin ağ mərmərdən hazırlanmış heykəlinin açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ölkəmizin zəngin tarixi, mədəniyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.

Tədbir iştirakçıları Məhsəti Gəncəvinin heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.

Bölmə : Heykəltaraşlıq